Məhkəmə qərarları › İş №2(001)-140/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-140/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-140/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Emin El MMC-yə qarşı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində inşa edilmiş 5 nömrəli binanın qarşısında inşa edilmiş, 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili barəsində Emin-EL MMC ilə Cavabdeh2 arasında, o cümlədən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə, Cavabdeh1, həmin evdə yaşayan hər hansı şəxsin məcburi qaydada ona məxsus yaşayış sahəsindən çıxarılmasına, evin boşaldılmasına, yaşayış sahəsinin ona təhvil verilməsinə, onun mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Emin El MMC-yə qarşı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində inşa edilmiş 5 nömrəli binanın qarşısında inşa edilmiş, 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili barəsində Emin-EL MMC ilə Cavabdeh2 arasında, o cümlədən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə, Cavabdeh1, həmin evdə yaşayan hər hansı şəxsin məcburi qaydada ona məxsus yaşayış sahəsindən çıxarılmasına, evin boşaldılmasına, yaşayış sahəsinin ona təhvil verilməsinə, onun mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X32 münasibətdə iddia qismən təmin edilərək, Bakı şəhəri 8-ci mikrarayon, Şövkət Məmmədova küçəsində inşa olunan 5 nömrəli binanın qarşısında inşa edilmiş, 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı mərtəbəsində ümumi sahəsi 130 kv.m olan mənzilin təhvil verilməsi vəzifəsi cavabdeh Emin-EL MMC-yə həval edilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015ci il tarixli qətnaməsi, iddiaçı X32 münasibətdə qüvvədə saxlanaraq, qüvvəyə minmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi xx.xx.2015-ci il tarixli icra vərəqəsi verərək, qətnamənin qanuni qüvvəyə mindiyindən, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərərk, icra olunması tələb olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi (icra məmuru Səvxan Abbasov), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsini icraata qəbul edərək, xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bundan sonra, icra məmuru X32 münasibətdə icra sənədinin icra olunmadan, xx.xx.2016-cı il tarixdə geri qaytarılması barədə qəbul etmişdir. İcra sənədi icra olunmadığından İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmə qərarı üzrə icra sənədinin, icra olunması üçün, yenidən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubu ilə, icra sənədi, icra olunması üçün yenidən, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. 6-cı Binəqədi MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubla qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, mənzilin başqa şəxsə satıldığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nın, 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən çıxarışın surəti və texniki pasportun surəti ilə, İddiaçı mülkiyyətində olan yaşayış evinin qanunsuz olaraq Cavabdeh1 satıldığı, ona verildiyi göstərilmişdir. Qanunu qüvvəyyə minmiş məhkəmə qərarı ilə, iddiaçının mülkiyyəti hesab olunan daşınmaz əmlak, qeyri-qanuni və qanunsuz üsullarla, sənədləşdirmələr aparılaraq, cavabdeh şəxslər arasında alqı-satqı müqavilələri bağlanaraq özgənkiləşdirilmiş, sonuncu dəfə isə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Ona görə də Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində inşa edilmiş 5 nömrəli binanın qarşısında inşa edilmiş, 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili barəsində cavabdehlər Emin-EL MMC ilə Cavabdeh2 arasında, o cümlədən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə, Cavabdeh1, həmin evdə yaşayan hər hansı şəxsin məcburi qaydada iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılmasına, evin boşaldılmasına, yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə, iddiaçının mülkiyyət hüququnun tanınmasına qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Azərbaycan Respublikası adından çıxarılan qərarlar, hökmlər, qətnamələr bütün dövlət orqanları üçün məcburi olduğu halda iddiaçının lehinə çıxan qərar icra olunmamışdır. Nəticədə iddiaçının mülkiyyət hüquqlarına qəsd olunmuşdur. Bununla əlaqədar iddiaçı məhkəməyə müraciət etmiş, sübutlarını məhkəməyə təqdim etmişdir. İddiaçının mənzilinin müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti, yəni əslinə bərabər surəti Bakı Apellyasiya Məhkəməsindən götürülən işin içindədir. Həmin müqavilə etibarlı formada məhkəmənin qərarının çıxarması üçün əsas olmuşdur. İki müqavilə olmuş, müqavilənin biri müdafiə etdiyi şəxsə münasibətdə keçərsiz olmuş, ikincisi isə iddiaçının xeyrinə qərar çıxarılması üçün əsas olmuşdur. Buna baxmayaraq iddiaçı çıxarılan qərara etiraz etməyərək mənzili qarşı tərəfə təqdim etmiş, yəni evi ona vermiş, özünə aid olan evi isə tələb etmişdir. Tələb etdikdə manelər və əngəllərlə qarşılaşmışdır. İddaçı, tələbkar dəfələrlə icra şöbəsinə getmiş və icra şöbəsində cürbəcür maraqlı məqamlarla rastlaşmışdır. İcra şöbəsi bir dəfə icra sənədini tam icra etməsini yazmışdır. İddiaçı yenidən evini tələb etmiş, ona ərizə yazmağı təklif etmişlər. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, yenidən məhkəmə icra vərəqini icraya göndərmişdir. İcra şöbəsi bu dəfə yeni qərar qəbul edib tələbkarın gəlməməsinə görə icra sənədinin icra oluna bilmədiyini qeyd etmişdir. İcra orqanının səlahiyyəti yoxdur ki, hansısa akt olmadan, hansısa əsaslandırma olmadan yazsın ki, icra yerinə tələbkar gəlməmişdir. Əgər gəlməyibsə bu barədə icra orqanının əməkdaşları tərəfindən, şahidlərin iştirakı ilə akt tərtib olunmalı icra qrumunun rəhbərinin möhürü ilə təsdiq olunmalı idi. İcra işində belə sənəd yoxdur. Birinci dəfə icra qrumu icra sənədinin icra olunmasını, ikinci dəfə isə tələbkarın gəlmədiyini demişdir. İddiaçı 3-cü dəfə müraciət etmişdir. Ardıcıl olaraq iddiaçı 2016-2017-2018-2019-2020-2021-ci illərdə icra sənədinin icrası ilə bağlı müraciətlər etmişdir. Yenidən 2020-ci ildə məhkəmə icra vərəqi göndərmiş, tələbkar vaxtlı-vaxtında icranı tələb etmişdir. 2015-də çıxan qətnamə dərhal icraya yönəldilmiş, lakin evin satılması 2019-cu ildə, yəni 4 ildən sonra baş vermişdir. Burda müəyyən vaxt var idi ki, müəyyən şəxslər lazımi tədbirlər görülsün. Amma bu boşluqlar, bu səbəblər imkan yaradıb ki, vəziyyətdən istifadə edilsin, mənzil digər formada başqa şəxslərə keçsin. Ona görə də iddiaçı haqlı olaraq müqavilənin etibarsız hesab edilməsinə görə müraciət etmişdir. Cavabdeh3 cavabdehlərdən biri olaraq qeyd edilməsinin səbəbi Cavabdeh3 verdiyi arayış əsasında mənizlin başqa şəxsin adına keçməsidir. Cavabdeh3 özü 2015-ci ildən bu işin içində olmuş, bütün qətnamə və qərarlardan xəbəri olmuş, Ali Məhkəməyə şikayət verənlərdən biri olmuşdur. Müddət məsələsi ilə bağlı iddiaçı hərəkətsiz qalmamışdır. İddiaçı aldadılmışdır. Məhkəmənin qərarında, gedişatında Elxan adlı adam olmamış, iddiaçıların, cavabdehlərin içində Elxan olmamış, Elxan Novruzla 2019-cu ildə əlaqəyə girib evi rəsmiləşdirmişdir. Qətnamənin icra olunması tələbindən 4 il sonra bu prosedur edilmişdir. Elxan olmamış, məhkəməyə cəlb edilməmiş, Elxan barədə məlumat verilməmiş, Novruz evin Elxana məxsus olmasını deməmişir. Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, şəxsə əmlakının əldə çıxması kimi qanunsuzluqlarla bağlı iddia vermək məsələsi hüquqi müddətlə bağlana bilməz və şəxsin əmlakının qaytarılması ilə bağlı müraciət etmək haqqı vardır. Eyni ilə müddətdən əlavə, iş materiallarında iki cild iş var və iki cild işin içində yetərincə məlumat var ki, bütün tərəflər məlumatlı olublar və orada proseslər gedibdir. Hətta Cavabdeh3 özü də həmin qətnamələrdən Ali Məhkəməyə şikayət vermişdir. Həmin evin 2009-cu ildə İddiaçı satılması ilə bağlı məlumatları olmuş, sadəcə olaraq həmin evin açarını dəyişib onu evə buraxmamış və iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Bununla bağlı 2015-ci il tarixli qətnamələr qərəzli olaraq bu vaxta qədər icra olunmamışdır. Cavabdehlərin təqsiri ucbatından iddiaçıya maneələr yaradılmış, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Ona görə də iddiaçının pozulmuş mülkiyyət hüququnun bərpa olunmasına, iddia ərizəsində göstərilən tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, onlar ilk dəfə məhkəməyə müraciət edərkən bir neçə iddiaçı olmuşlar. Digər şəxslərə mənzillər təhvil verilmiş, yalnız ona mənzili verilməmişdir. Novruz mənzilin ona veriləcəyini demişdir. Bir nəfər ona 2017-2018-ci illərdə zəng vuraraq Ali Məhkəmənin qərarı ilə evini ala biləcəyini demiş, 2017-218-ci illərdə o, Emin-El MMC-nin rəhbəri olan Tofiqi tapa bilməmiş, Novruza müraciət edərkən sonuncu ona evin səhv olmasını, evin başqasına aid olmasını, Tofiq gəldikdən sonra ona başqa ev veriləcəyini, gözləməsini demişdir. O, dəfələrlə icra şöbəsinə getsə də, ona qətnaməni icra edə bilmədiklərini demişlər. O, təmir işlərinə başlamış, lakin Bakir gələrək mənzilin ona aid olmasını demiş, məhkəmənin qərarına əsasən sahəsi 106 kv.m. olan mənzil Bakirə, sahəsi 130 kv.m. olan mənzil ona verilmişdir. Mənzil onun adına olarkən Elxanın adına heç bir sənəd olmamışdır. Mənzillərin hər ikisinin açarları onda olmuş, hər iki mənzilə qapı qoymuşdur. Komendant olan Novruzun ixtiyarı, hüquqları çox olmuş, binada mənzilləri çox olmuş, Novruz da, Tofiq də, hər iki mənzilin ona məxsus olmasını təsdiq etmiş, məhkəmə isə ona sahəsi 130 kv.m. olan mənzili vermişdir. Lakin mənzilin hər ikisi ondan alınmışdır. İcra məmuru icra vərəqənin icra olunmadan geri qaytarılmasının səbəbi kimi icra sənədini icra edə bilmədiyini demiş, həmin ərəfədə evdə adam olmasını görüb icra şöbəsinə getsə də, icra məmuru icra sənədini icra etməmişdir. O, evə qapı qoydurarkən Cavabdeh2 orada olmamış, o, hər iki evə dəmir qapı qoydurmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B, 18 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfındən verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Cavabdeh1 mükiyyətindərdir. Cavabdeh1 mənzili digər Cavabdeh2 AN-10828259 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdeh2 isə mənzili Emin El MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə əsasında almış, həmin mənzilə ödənişin olunması barədə xx.xx.2008-ci il tarixli arayış təqdim olunmuşdur. Bu sənədlərin və qanunvericliyin tələbləri əsasında Cavabdeh2 **********4 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış əldə etmiş və həmin mənzili Cavabdeh1 alqı-satqı yolu ilə satmış, mənzil artıq 2 ildən çoxdur ki, onun mülkiyyətindədir. İddiaçı iddia ərizəsində göstərilən qətnamə və qərarlardan ümumiyyətlə onların xəbəri olmamışdır. İddia ərizəsində göstərilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı özü bela razılaşmayaraq kassasiya şikayəti və hətta əlavə kassasiya şikayəti vermiş və şikayətlərinində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi icraya yönəldikdən sonra mənzillər təhvil verilərkən mübahisə etdiyi mənzilin Cavabdeh2 məxsus olmasını, ona sahəsi 106 kv.m olan mənzilin təhvil verilməsini etiraf etmişdir. Ona görə 130 kv.m. mənzil Cavabdeh2 vicdanlı alıcı kimi verilməli idi. Lakin Cavabdeh2 iş üzrə məhkəməyə maraqlı şəxs qismində cəlb olunmamış və işə onun iştirakı və xəbəri olmadan baxılamaqla onun prosessual və mülki hüquqları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnamasində qeyd edilən və xx.xx.2009-cu il tarixli müqavilədə göstərilən 6-cı mərtəbənin sol tərəfində dəyəri 84500 manat, sahəsi 130 kv.m olan mənzilin Cavabdeh2 məxsus olması Emin-El MMC-nin Qanuni nümayəndə tərəfindən tərtib edilmiş cədvəldə öz əksini tapmışdır. Göründüyü kimi İddiaçı bundan qabaq hal-hazırda mübahisə etdiyi mənzilin ona məxsus olmamasını özü etiraf edir və vicdanlı alıcı kimi Cavabdeh2 mülkiyyətində olduğunu da rəsmi şəkildə qeyd edir. Hətta işin halları və müqavilələrdən də müəyyən olunur ki, mənzilə dair ilk müqaviləni bağlayan həmin mənzilin mülkiyyətçisi Cavabdeh2dur. Cavabdeh2 ilə Emin El MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanılmış və eyni tarixli maliyyə arayışı verilmişdir. İddiaçı isə bildirdiyinə görə həmin mənzilə dair müqaviləni xx.xx.2009-cu il tarixdə bağlamışdır. Cavabdeh2 xx.xx.2008-ci il tarixdə müqavilə və eyni tarixli maliyyə arayışı əsasında hüquqların dövlət qeydiyyatına dair çıxarış əlda etmiş, daha sonra həmin çıxarış əsasında Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh2 ilə Emin El MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə ləğv edilməmiş və hal-hazırda qüvvədədir. Belə olan təqdirdə İddiaçı iddiası tam qanunsuz və əsassızdır. Bundan başqa iddia ərizəsindən göründüyü kimi qətnamə və qərarlar icra olunmadan geri qaytarılmışdır. Keçən bu dövr ərzində İddiaçı bu barəda Cavabdeh1 bu barədə nə yazılı nədə şifahi olaraq heçnə bildirməmiş və əsassız olaraq 7 ildən artıq müddət keçdikdən sonra belə bir iddia irəli sürmüşdür. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Emin El MMC-yə qarşı alqı-satqı müqaviləsi və onun əsasında yaranmış çıxarışın etibarsız hesab edilməsinə, cavabdehin ona məxsus yaşayış sahəsindən çıxarılmasına, evin boşaldılmasına, yaşayış sahəsinin ona təhvil verilməsinə və mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlunun məhkəməyə təqdim etdiyi yazılı izahatından müəyyən olunur ki, məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsinin cavabından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında mənzil hal-hazırda Cavabdeh1 mülkiyyətindədir. İddiaçının çıxarışın etibarsızlığını barədə tələbinin hansı meyarlara söykənməsi aydın deyildir. Cavabdeh2 xx.xx.2008-ci il tarixli Emin El MMC ilə bağlanmış müqavilə əsasında almış və ona həmin mənzilə ödənişin olunması barədə xx.xx.2008-ci il tarixli arayış təqdim olunmuşdur. Bu sənədlərin və qanunvericliyin tələbləri əsasında Cavabdeh2 xx.xx.2019-cu il tarixli çıxarış əldə etmiş və həmin mənzili Cavabdeh1 alqı-satqı yolu ilə satmışdır. Lakin iddia ərizəsində təkidlə iddiaçı qeyd edir ki, məhkəmə qərarı ilə mülkiyyəti hesab olunan əmlak qanunsuz üsullarla, sənədləşmələr aparılaraq, cavabdeh şəxslər arasında, alqı-satqı müqavilələri bağalanaraq özgəninkiləşdirilmiş sonuncu Cavabdeh1 mülkiyyətinə keçmişdir. İşin hallarından göründüyü kimi qanunsuz hərəkətlərə yol verilməmiş, Cavabdeh1 qanunvericliyin tələbləri əsasında mənzili almışdır. 2019-cu ilədək iddiaçı mübahisəli mənzillə bağlı dəfələrlə Binəqədi rayon İcra şöbəşində olmuş, dəfələrlə icra sənədi icra olunmadan geri qaytarılmış, İddiaçı icra sənədinin hansı səbəbdən geri qaytarılması izah olunsa da həmin vaxtda İddiaçı Cavabdeh2 qarşı heç bir iddia verməmişdir. Hətta iddia ərizəsində qeyd olunmuşdur ki, 6-cı Binəqədi MMC tərəfindən xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, mənzil başqa şəxsə satılmışdır. Hazırkı iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinə iddiaçının mənzilin başqa şəxsə satılmasını bildiyi gündən 2 il 6 ay sonra, yəni xx.xx.2022ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, mübahisə edilən əqd üzrə yeni müqavilə şəkilində bağlanmış alqı-satqı müqaviləsinin şərtlərin hər biri mövcuddur. Lakin iddia ərizəsində əqdin etibarsızlığı mübahisləndirilsə belə bu hissələr toxunulmadan keçilmişdir. Əjdər İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il və T.Qasımovanın şikayəti üzrə 01 dekabr 2020-ci il tarixli Konstitutsiya Məhkəməsinin Plenumunun Qərarlarına əsasən müqaviləni ödəlik hüququ münasibətlərinin digər yaranma əsaslarından fərqləmdirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlıq şərtlərindən biri tərəflərin qarşlıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. İşin hallarından göründüyü kimi Cavabdeh2 Emin-El MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli alqı-satıq müqaviləsini iddiaçı 14 ildən sonra yəni 2022-ci ildə mübahisələndirir. Göründüyü kimi iddia ərizəsi əqdin etibarsızlığı istənilsədə etibarsızlığa dair heç bir sübut təqdim olunmamış, iddia tələbi maddi hüquq normaları baxımdan etibarsızlığa dair hər hansı sübut göstərilməmiş, bundan başqa qanunvericiliyin tələbləri əsasında qoulmuş əqdin etibarsızlığının mübahisələndirilməsinə dair müddət ötürülmüşdür. Ona görə də iddia ərizəsinin rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlu iddia ərizəsini qəbul etməyib etirazının və yazılı izahatının məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, mənzili 2008-ci ildə Emin El MMC-dən, Tofiq adlı şəxsdən almış, maddi imkanı olmadığından mənzili alan kimi deyil, 2010-cu ildən başlamaqla yavaş-yavaş təmir etdirmişdir. Bu müddət ərzində, yəni istər təmir aparıldığı dövrdə, istərsə də evi satdığı dövrdə İddiaçı bir dəfə də olsun ona yaxınlaşıb mənzilin ona məxsus olmasını deməmiş, əksinə məhkəməyə müraciət edərkən mənzilin Elxana məxsus olmasını demişdir. Mənzili o, 2019-cu ildə 130 000 manata satmışdır. Həmin vaxt iddiaçı və ya icra məmuru ona yaxınlaşmamış, iddiaçının evlə bağlı mübahisəsinin olduğunu o, məhkəmədən bildiriş gələndən sonra bilmişdir. İddiaçı onu, həyat yoldaşını və qardaşını dəfələrlə mənzildə görmüşdür. O, da iddiaçını qonşuluqdakı mənzilə gəlib getməsini, həmin mənzildə təmir işləri aparmasını görmüşdür. O, binada mənzillərlə bağlı problemlər olduğunu bilsə də, öz mənzili ilə bağlı mübahisə olmasından xəbəri olmamışdır. Mənzilə qapı qoyulmasını o, görməmiş, evin dam örtüyündən tutmuş kanalzasiyasına qədər olan bütün işləri özü aparmış, iddiaçı bir dəfə olsun ona yaxınlaşmamış, onun mənzilə qapı qoyulmasını görməmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, iddiaçı ilə 2015-ci ildə məhkəmədə bir iştirak etmiş, qətnamə icra olunmuş, həmin sənədlərdə onun, iddiaçının və digər şəxslərin imzaları olmuş, onlar məhkəməyə müraciət edərkən 10 nəfər olmuşlar. İcra olunarkən sahəsi 106 kv.m. olan mənzil iddiaçıya verilmiş, iddiaçı həmin mənzildə təmir işləri aparmış, Elxan da iddiaçının yanında öz evini təmir etmiş, iddiaçı Elxanı yaxşı tanımış, Elxan evi 2008-ci ildə, iddiaçı isə 2009-cu ildə almışdır. İddiaçı Gənclikdəki maklerdən iki ev almışdır. Mənzilin pulunu makler vermiş, makler iddiaçıya sahəsi 106 kv.m. olan mənzilin ona aid olmasını demişdir. 2015-ci ildə Nərimanov Rayon Məhkəməsində mənzil və açarı iddiaçıya təhvil verilmiş, iddiaçı mənzili yarımçıq təmir etmişdir. Sonra Bakir mənzili 36000 manata almasını deyərək iddiaçını məhkəməyə vermiş, Akif mənzili 60000 manata almışdır. Tofiq mənzilin açarının birini Bakirə vermişdir. Elxan Akifi 2008-ci ildən tanıyır, 2008-də evi Elxan, 2009-da Akif almışdır. Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvəyə minib icraya göndərildikdən iki il sonra apellyasiya şikayəti verilmişdir. O, pul almamış, pul vermiş, ev satmışdır. İddiaçı Elxanı görmədiyini desə də, onlar Akiflə bir yerdə korrupsiyadada olmuşlar. 2013-cü ildən o, Akif və Elxanla bir yerdə olmuşlar. Məhkəməyə müraciət edərkən Akif sahəsi 106 kv.m olan mənzilin ona verilməsini yazmış, icra məmuru sahəsi 106 kv.m. olan mənzili Akifə vermişdir. Kassasiya şikayətində Akif sahəsi 130 kv.m. olan mənzilin Elxana məxsus olmasını, ona sahəsi 106 kv.m olan mənzilin verilməsini yazmışdır. Sahəsi 106 kv.m. olan mənzil Bakirdədir, o bu mənzili Tofiqdən 38000 manata almışdır. Akif Tofiqlə razılaşdıqdan sonra müqaviləsinin əslini Tofiqə vermiş, ona görə Tofiq sağ olarkən mənzili tələb etməmişdir. Mənzilin Akifə təhvil verilməsi Emin El MMC-yə həvalə olunmuşdur. Məhkəmənin qərarı ilə cəmiyyət yaradılmış və o, 6-cı Binəqədi MMMC-nin sədri seçilmişdir. O, Tofiqin Elxana yazdığı müqaviləsinin əslini və borcun olmaması barədə arayışı Elxana vermiş, sonuncu mənzilə dair çıxarış almışdır. Sahəsi 130 kv.m. olan mənzildə Akif heç bir təmir işi aparmamış, Tofiq sahəsi 130 kv.m. olan sənədi ləğv edib Akifə sahəsi 106 kv.m. olan mənzili vermişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Emin El MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Emin El MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X15 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Maddə 148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İcraçı Emin-El MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili hər kv.m. 650 manat, ümumi dəyəri 84.500 manat olmaqla tikinti işləri başa çatdıqdan sonra payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Emin-El MMC-nin xx.xx.2009-cu il tarixli arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sol mərtəbəsinin ümumi sahəsi 130 kv.m olan sahənin pay kimi verilməsi barədə İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, Emin-El MMC tərəfindən Qanuni nümayəndə 84500 manat məbləğində pul vəsaiti qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, maraqlı şəxslər X17, X5 və X1 apellyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı X33 iddiasının təmin edilməməsi, İddiaçı iddiasının qismən təmin edilməsi, iddiaçı X6, X18, Abbasov Sərraf oğlunun, X7, X19, Cavabdeh3, X8, X20, X23, X3, X10 və X24 iddialarının qismən təmin edilməsi, Emin-El MMC tərəfindən Bakı şəhəri 8 mkr, Şövkət Məmmədova küçəsində 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) 36 mənzildən ibarət binanın X11, X25, X21, X12, X26, Cavabdeh3, X13, X27, X29, X9, X22 və X30 bağlanmış müqavilələrə uyğun mənzillərin təhvil verilməsi vəzifəsinin Emin-El MMC-yə həvalə edilməsi, iddiaçı X6, X18, X14, X7, X19, Cavabdeh3, X4, X20, X23, X3, X10 və X28 iddialarının qalan hissədə təmin edilməməsi, İddiaçı ilə Emin-El MMC arasında bağlanılmış xx.xx.2009-cu il tarixli müqavilənin qismən İddiaçı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 106 kv.m. olan iki otaqlı mənzilin MMC tərəfindən verilməsinə münasibətdə etibarsız hesab edilməsi, Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 106 kv.m. olan iki otaqlı mənzilin X2 təhvil verilməsi vəzifəsinin cavabdeh Emin-El MMC-yə həvalə edilməsi, İddiaçı iddiası qismən təmin edilərək Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində 5 nömrəli binanın qarşısında inşa edilmiş10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m olan mənzilin təhvil verilməsi vəzifəsinin cavabdeh Emin-El MMC-yə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-3068/15 nömərli qərarından müəyyən olunur ki, iddiaçı X6, müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-93/2015 nömrəli işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi tam icra edildiyindən Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 17/68- 494 saylı məktubundan müəyyən olunur ki, ... icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2016-cı il tarixdə bildiriş tərəflərə göndərilmiş, xx.xx.2026-cı il tarixdə icra sənədində göstərilən Bakı şəhəri 8 mkr, Ş.Məmmədova küçəsində inşa etdiyi 5 nömrəli bianın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 106 kv.m. olan iki mənzili X2 təhvil verilmiş, bu barədə akt tərtib edilmiş və tələbkardan müvafiq qəbz alınmış, digər tələbkar İddiaçı Bakı şəhəri 8-ci mkr, Ş.Məmmədova küçəsində inşa etdiyi 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzilin təhvil alınması üçün icra yerinə gəlməmiş, bu səbəbdən icra sənədi xx.xx.2019-cu il tarixdə geri qaytarılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2019-cu il tarixdə təqdim etdiyi ərizəsinin surətindən müəyyən olunur ki, Binəqədi rayon İcra şöbəsinin icra məmuru S.Abbasov tərəfindən icra sənədi ona deyilmədən Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldığı üçün həmin icra sənədinin yenidən Binəqədi rayon İcra və probasiya şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-93/2015 saylı məktubundan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi tələbkar İddiaçı aid hissədə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılaraq borclu Emin-El MMC-yə icra sənədinin könüllü icrası üçün 5 gün vaxt təyin edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildirişi borclu Emin-El MMC-nin rəhbəri T.P.Əliyev xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. 6-cı Binəqədi MMC-nin Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-mkr, Ş.Məmmədova küçəsi 5 nömrəli binanın qarşısında inşa edilmiş 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində sahəsi 130 kv.m olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir və ona məxsusdur. İcraçı Emin-El MMC ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın Vİ sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili hər kv.m. 650 manat, ümumi dəyəri 84500 manat olmaqla tikinti işləri başa çatdıqdan sonra payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Binəqədi-6 MMC-nin xx.xx.2019-cu il tarixli 573006 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən binanın 6-cı sol mərtəbəsində sahəsi 130 m2 olan 18 saylı mənzilə dair Cavabdeh2 xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Emin- El MMC tərəfindən 84500 manat pul vəsaiti qəbul edilmiş, Binəqədi-6 MMC mövcud müqaviləyə əsasən payçının tam ödənişini təsdiq edir və borcun olmaması ilə dövlət reyestrdən çıxarışın alınmasına etiraz etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olur ki, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B, sahəsi 129,20 m2 olan 18 saylı mənzilə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 59, M6, m 2) dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla 12 saylı notariat ofisinin xüsusi notariusu R.İ.Bağırzadə tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5b, sahəsi 129,20 m2 olan 18 saylı mənzili (yeni qaydalarla AZ1124 Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 59, M6, m2) alıcıya 102000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olur ki, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B, sahəsi 129,20 m2 olan 18 saylı mənzilə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 59, M6, m 2) dair Cavabdeh1 xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, №3-21-3-30/2-7411/2023, **********11 nömrəli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 5B saylı evin 18 saylı mənzili Binəqədi-6 MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, ilkin olaraq 28.09 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş, Əmlak Xidmətlər Məkanında yerləşən 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-27 reyestr nömrəli daşınmaz əmlakın alqı-satıqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərin bağladıqları əqdlərin etibarsız olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdyi halları sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tələbkar olduğu icra sənədinin icrası ilə uzun müddət maraqlanmamış, təyin olunmuş icra yerinə gəlməmiş, məhkəmə aktına əsasən, ona təhvil verilməsi qət edilən mənzilə dair başaqa şəxslə bağlanmış müqavilənin olmasını, mənzilin başqa şəxs tərfindən təmir edilməsini bilmiş, lakin buna etirazını bildirməmiş, mənzili əldə edən mülkiyyətçilərə məhkəmə aktının mövcudluğu hər hansı bir məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, mənzili əldə edən cavabdehlər həmin əmlakın mübahisəli olmasını bilmədikləri üçün vicdanlı alıcı olduqlarından, iddiaçı mübahisəli mənzili əldə edən cavabdehin reyestrdəki qeydin qeyri-dəqiq olmasını bildiklərini sübuta yetirə bilmədiyindən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan və vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanıldığından, iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququ olduğundan iddia tələbləri təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Emin El MMC-yə qarşı Bakı şəhəri 8-ci mkr, Şövkət Məmmədova küçəsində inşa edilmiş 5 nömrəli binanın qarşısında inşa edilmiş, 10 mərtəbəli (9 yaşayış mərtəbəli) binanın 6-cı sol mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan mənzili barəsində Emin-EL MMC ilə Cavabdeh2 arasında, o cümlədən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə, Cavabdeh1, həmin evdə yaşayan hər hansı şəxsin məcburi qaydada ona məxsus yaşayış sahəsindən çıxarılmasına, evin boşaldılmasına, yaşayış sahəsinin ona təhvil verilməsinə, onun mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar