Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1404/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2022-ci ildə ondan 5000 manat məbləğində borc pul almışdır və pulu almasına görə öz xətti ilə qəbz yazmışdır. Dəfələrlə pulların qaytarılması ilə bağlı müraciət etsə də borcu ödəməkdən imtina etmişdir. Buna görə də Bakı şəhəri, Binəqədi rayonu Polis İdarəsinin 7-ci Bölməsinə şikayət vermişdir. Lakin 7-ci Polis bölməsi ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə işin mülki xarakterli olmasını və məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə ailə qurmaq məqsədilə tanış olmuşdur, lakin sonradan münasibətləri pozulmuşdur. Cavabdeh ondan başqa şəxslərə borcunu qaytarmaq üçün 2022-ci ilin yanvar-fevral aylarında hissə-hissə olmaqla borca pul vermişdir. Belə ki, o cavabdehə 2000, 2300, 5000, iki dəfə 2500 olmaqla borca pul vermişdir. Məsələni cavabdehin qardaşına danışdıqdan sonra həmin şəxs borcun 10000 manatını öz üzərinə götürdü, digər 5000 manatın isə cavabdehin özü tərəfindən qaytarılacağını bildirdir. Bu barədə cavabdehlə borcun olmasına dair onun bacısının, cavabdehin qardaşının iştirakı ilə müqavilə tərtib edilmişdir. Bundan sonra nə cavabdeh, nə də qardaşı borcu qaytarmamışdır. O pulu cavabdehə faizə verməmişdir, cavabdehi döyməmişdir. Bundan başqa cavabdeh ondan başqa əşyalar da almış və onları qaytarmışdır.
4. Məhkəmə iclaslarında iddiaçının vəkili iddia tələbinin və iddiaçının dediklərinə uyğun izahat vermiş və cavabdehin etirazını əsassız hesab etmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, cavabdeh etirazının dəlillərinə uyğun hər hansı sübut təqdim etmir.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı faizə pul verən şəxsdir, o başqa şəxslərə də faizə pul vermişdir. İddiaçı ilə ailə qurmaq fikri olmuş, lakin iddiaçının evi olmadığından və başqa qadınlarla xəyanət etdiyindən fikrindən daşınmışdır. İddiaçı münasibətdə olduqları müddətdə ona nə vermişdirsə hamısını qaytarmışdır. İddiaçı onu döyərək zor tətbiq etmiş və onu qorxudaraq, savadsızlığından istifadə edərək həmin əlyazmaya qol çəkdirmişdir. Bundan başqa iddiaçı hətta onun bacısı gili, qardaşını və dayısını da bu məsələ barədə narahat etmişdir. Ona görə də o, həmin kağıza qol çəkmişdir. O iddiaçıdan pul almamışdır, əgər iddiaçının pulu olsaydı özünə ev tikdirər və o, da ayrılmazdı. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:
6. İddiaçı ilə cavabdeh arasında şəxsi münasibətlər olmuşdur. Onlar ailə qurmaq məqsədilə təxminən 2019-cu ildə tanış olmuş və bir müddət münasibət saxlamışlar.
7. Sonradan müxtəlif səbəblərə görə onların münasibətləri pozulmuş və nikaha daxil olmamışlar.
8. İddiaçı iddia edir ki, müxtəlif vaxtlarda cavabdehə borca pul vermişdir və nəticədə onun 5000 manat borcunun qaldığını iddia edir. Bunu onunla əsaslandırır ki, cavabdeh şahidlərin yanında xx.xx.2022-ci il tarixdə ona 5000 manat borcunun olmasına dair əlyazma tərtib etmiş və ayın 1-dən 400 manat ödəniş edəcəyinə dair öhdəlik götürmüşdür.
9. Bundan başqa iddiaçı cavabdeh barədə bir neçə dəfə polisə müraciət etmiş və cinayət işinin başlanması rədd edilmişdir.
10. Cavabdeh həmin əlyazmanın onun tərəfindən və şahidlərin iştirakı ilə tərtib edilməsini qəbul etsə də, bunu təzyiq, hədə altında etdiyini bildirməklə etiraz etmişdir. Belə ki, cavabdeh məhkəmə iclaslarında müxtəlif fortoşəkillər göstərməklə etirazını sübut etməyə çalışmışdır. Eyni zamanda cavabdeh etiraf etmişdir ki, əlyazma tərtib edildikdən sonra yox, iddiaçı ondan polisə şikayət etdikdən sonra o da iddiaçı barədə polisə şikayət etmişdir. Lakin bu barədə hər hansı sübut təqdim etməmişdir.
11. Bundan əlavə cavabdeh polisə vaxtında şikayət etməməsini savadsızlığı və qorxması ilə əsaslandırmışdır.
12. Eyni zamanda iddiaçı tərəf cavabdehin qardaşının şahid qismində məhkəməyə dəvət edilməsi təklifinə, cavabdeh qəti etiraz etmişdir. Hansı ki, həmin şəxs tərəflərin mübahisələndirdikləri prosesin iştirakçısı olmuşdur.
13. Bundan başqa Bİnəqədi RPİ-nin baş müstəntiqinin xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qəbul edilmiş, həmin vaxt izahatı alınan iddiaçı və cavabdeh məhkəmə iclaslarındakı izahatlarına uyğun məzmunda izahat vermişlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
16. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
17. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
18. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
20. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
22. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
23. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi öhdəliyin yaranması üçün ya tərəflər arasında müqavilə bağlanmalı, ya zərər vurulması halı müəyyən edilməli, ya əsassız varlanma baş tutmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması isə müqavilə sayılır və müqavilə onun tərəfləri üçün hüquq və vəzifələr yaradır. Öhdəliyini icra etməyən borclu isə kreditor qarşısında məsuliyyət daşıyır.
24. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflərin xx.xx.2022-ci il tarixdə tərtib elədikləri yazılı sənəd mövcud borcun etirafı ilə bağlı mücərrəd müqavilədir. Hansı ki, həmin yazılı sənədin cavabdeh tərəfindən tərtib edilməsi və imzalanması mübahisə doğurmur. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflərin əvvəlki münasibətləri mövcud borcun etirafı barədə müqavilə bağlandığı andan həmin məsələ ilə bağlı əhəmiyyətini itirir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MMnin) 882.1-ci maddəsinin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu ifadələrdən aydın olduğu kimi, mövcud borcun etirafı haqqında müqavilənin həmin müqavilənin bağlanmasına qədər aralarında hər hansı səbəbdən öhdəlik münasibətləri yaranmış şəxslər arasında bağlanmasından söhbət gedir. Təsadüfi deyildir ki, MM-nin 882.4-cü maddəsində "Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir" ifadələri qeyd edilmişdir. Yəni, əgər aralarında əvvəllər öhdəlik münasibətləri yaranmış şəxslər arasında müqavilə bağlanırsa, onda mövcud borcun (öhdəliyin) etirafından söhbət gedir; əgər şəxs başqasına aid öhdəliyi öz üzərinə götürürsə, burada MM-in 882.4- cü maddəsində təsbit edilmiş öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə bağlanmış olur. Nəzərə alınmalıdır ki, maddənin mətnində "borcun etirafı"-ndan söhbət getsə də, bunu, yalnız MM-nin 37-ci fəslində nəzərdə tutulmuş borc müqaviləsindən irəli gələn öhdəlik mənasında deyil, daha geniş mənada, yəni müqavilə, delikt, özgə işlərini tapşırıqsız aparma və ya əsassız varlanmadan irəli gələn öhdəlikləri əhatə edəcək şəkildə təfsir etmək lazımdır.
26. Məhkəmə iddiaçının tələbinin əsaslılığını cavabdehin etirazının dəlilləri konteksində belə qiymətləndirir ki, iddiaçı cavabdehlə onun arasında mövcud borcun etirafı barədə müqavilə bağlandığını sübut edir və həmin müqaviləyə əsasən cavabdeh 5000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin həmin müqavilə bağlandıqdan sonra hər hansı ödəniş etməməsi işin mübahisəsiz halıdır. Cavabdeh isə öz növbəsində müqavilənin etibarsızlığı ilə bağlı dəlillərini sübut edə bilmir. Belə ki, cavabdeh həmin müqaviləni zorakılıq, hədə təsiri altında təsdiq etdiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. O cümlədən cavabdehə etirazının dəlilləri ilə bağlı sübut təqdim edilməsi üçün şərait yaradılmış, lakin cavabdeh bununla bağlı prosessual hüquqlarından istifadə etməmişdir.
27. Odur ki, işin halları ilə müəyyən edilənlər tərəflər arasında müqavilədən(mövcud borcun etirafı ilə bağlı mücərrəd müqavilə) irəli gələn öhdəlik münasibətlərinin yarandığını təsdiq edir və bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış 5000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
31. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın;
32. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
33. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;
34. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;
35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
36. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat pul tutularaq İddiaçı verilməlidir.
38. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 5000(beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70(yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev