Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1409/2023 20.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2021-ci ilin iyun ayından istifadə etdiyi kommunal xidmətlərə görə 1425 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manatın cavabdehdən iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ideal-İnşaat Company” Mənzil - Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında 1 çoxmərtəbəli (17 mərtəbəli) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021 -ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqədar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirinin, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında "xxxx" MTK öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixində "xxxx" MTK ləğv olunur və onun hüquqi varisi "xxxx" MMC yaranır və qeydiyyatdan keçir. Lakin "xxxx" MTKnın varisi olaraq xərclədiyi kommunal pulları bəzi sakinlərdən ala bilmir. İddiaçı İdeal- İnşaat Company MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2005-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən, birinci tərəf Bakı şəhəri, Mir Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1 bloklu 1 nömrəli binanın 17 saylı mənzilin ikinciyə təqdim etmiş, cavabdeh payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib mənzili təhvil almışdır. Cavabdeh ilə həmçinin 2011-ci ildə “Kommunal Xidmətlərin göstərilməsi və ödənişi haqqında” müqavilə də bağlanmışdır. Həmin müqaviləyə əsasən 1 otaqlı mənzillər üçün aylıq kommunal xidmətlərə görə qış mövsümü üçün xərc 50 manat, yay mövsümü üçün xərc isə 25 manat olaraq müəyyən edilmişdir. Cavabdeh hazırda yaşadığı mənzilə görə xidmət haqqı bocunu 2010-cu ilin noyabr ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Hazırda cavabdehin iddiaçıya 770 manat kommunal xərclərə görə, 340 manat isə quraşdırılmış sayğaca görə, 315 manat antenə görə borcu yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə lazım olan kommunal xidmətlər cəmiyyət tərəfindən göstərilsə də, cavabdeh tərəfindən göstərilən xidmətlərin qarşılığında hər hansı ödəniş etməmişdir. Cəmiyyətin ümumi yığıncağı keçirilmiş, nəticədə idarəedici qismində iddiaçı təyin edilmişdir. Odur ki, iddianın əsaslı olması səbəbindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, iddiaya yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, o, 2015-ci ildə İddiaçı MTK-ya qarşı “arayışların verilməsi öhdəliyinin qoyulması, əsassız olaraq ödənilmiş pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh isə ona qarşı hazırki məzmunlu iddia ilə eynilik təşkil edən qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2015-ci il tarixli, 2(001)-2522/2015 saylı qətnaməsinə əsasən, onun iddiası qismən təmin edilərək, mülkiyyətində olan 17 saylı mənzildə qeydiyyatda olan şəxslərə lazımi formada arayışların verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması qərara alınmış, MTK-nın qarşılıqlı iddiası da qismən təmin edilərək, 01 yanvar 2012-ci il tarixdən 01 aprel 2015-ci il tarixə kimi olan dövr ərzində kommunal xidmətlərə görə yaranmış 60 manat məbləğində pul vəsaitinin ondan tutularaq MTK-ya ödənilməsi qərara alınmış, hər iki iddia qalan hissələrdə rədd edilmişdir. Bu qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş, onun tərəfindən 63 manat MTK-ya ödənilmişdir. 12 iyul 2021-ci il tarixdən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmış və "xxxx" MTK öz fəaliyyətini dayandırmış, kommunal ödənişlər "xxxx" MMMCyə ödənilir. İddia tələbinin 315 manat anten pulunun tutulasına gəldikdə isə, o, MTK ilə antenlərin quraşdırılması ilə bağlı heç bir müqavilə bağlamamış, bu xidmətdən istifadə etməmişdir. Hətta, bu barədə məhkəmədən öncə 07 fevral 2015-ci il tarixdə müqaviləyə “etiraz edirəm” qeydi etməklə müqavilədən imtina etmişdir. İddianın sayğacların quraşdırılması ilə bağlı 340 manat hissəsinə gəldikdə isə, əvvəlki məhkəmə qətnaməsi ilə bu tələbə qiymət verilmiş, onun əsassız olduğu öz əksini tapmışdır. Tələbin 770 manat kommunal xidmətlərin ödənilməsi hissəsinə münasibətdə bildirmişdir ki, əvvəlki qətnamə qəbul edildiyi vaxtdan MTK fəaliyyətini dayandırdığı vaxta, yəni 2021-ci ilin iyul ayına qədər onun iddiaçıya 770 manata qarşı 1550 manat ödənişləri mövcuddur. Buna dair qəbzləri var. İddiaçının iddia ərizəsinə əlavə etdiyi, tarixi göstərilməmiş “bağlanmış müqaviləyə dair əlavə” adlı sənəddəki imza ona məxsus deyil, iddiaçı saxtakarlıq edərək həmin sənədə onun adından imza etmişdir. O, yalnız 25 manat qeyd olunan müqaviləyə imza etmiş, buna uyğun ödənişlər etmiş, 30 manat qeyd olunan müqaviləni heç vaxt qəbul etməmişdir. Cavabdeh həmçinin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2015-ci il tarixli, 2(001)-2522/2015 saylı qətnaməsindən görünür ki:
1. 01 yanvar 2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK sakinlərə yaşayış yerindən lazımi formada arayışların verilməsini təmin etmək, Cavabdeh isə müəyyən edilmiş tarif əsasında aylıq xidmət haqqını (1 otaqlı mənzilə qış mövsümü üçün 50 manat, yay mövsümü üçün 25 manat mənzil haqqı) növbəti ayın 5-dən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. MA seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Binəqədi rayonu, X4 küçəsi, ev 1d, giriş 1, 117 saylı 1 otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır.
3. 23 iyun 2009-cu il tarixli, **********7291700 №-li kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı və təşkilatı hüquqi forması dəyişdirilərək "xxxx" MTK adlandırılmışdır.
4. 12 fevral 2013-cü il tarixli, **********5682700 №-li kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı və təşkilatı hüquqi forması dəyişdirilərək "xxxx" MTK adlandırılmışdır. - İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış borc bildirişində göstərilmişdir ki, “Sizin MMC-yə 2010-cu il üçün 28 manat, 2014-cü il üçün 57 manat, 2015-ci il üçün 70 manat, 2017-ci il üçün 60 manat, 2018-ci il üçün 60 manat, 2019-cu il üçün 60 manat, 2020-ci il üçün 285 manat, 2021-ci il may ayı da daxil olmaqla 150 manat, cəmi 770 manat kommunala, 315 manat antenaya, 340 manat sayğaca, ümumilikdə isə 1425 manat borcunuz yaranıb.” - İddiaçı ilə cavabdeh arasında bağlanması iddia edilən 01 yanvar 2020-ci il tarixli “Kommunal xidmətin göstərilməsi və ödənişi haqqında” müqavilədə 1 otaqlı mənzillər üçün kommunal xidmət haqqı 30 manat müəyyənləşdirilmiş, lakin həmin müqavilədə cavabdehin imzası mövcud deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Hazırki iddia tələbi cavabdehdən ümumilikdə 1425 manatın və dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi təşkil edir və bu məbləğ 2010-cu ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxtlarda Hazırki iddia tələbi cavabdehdən ümumilikdə 1425 manatın və dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi təşkil edir və bu məbləğ 2010-cu ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxtlarda ödənilməmiş kommunal ödənişləri kimi 770 manat, quraşdırılmış sayğaclara görə 340 manat, antenə görə 315 manat olmaqla əsaslandırılmışdır. Məhkəmə iddia tələbini cavabdehdən 2010-cu ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla kommunal xidmətlərin göstərilməsinə görə müxtəlif vaxlarda ödənilməmiş 770 manat tutulması ilə bağlı qeyd edir ki, iddiaçı daha öncə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2015-ci ilin aprel ayına kimi kommunal xidmətlərə görə olan borcu olaraq 205 manatın, sayğaclara görə 340 manatın tutulmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2015-ci il tarixli, 2(001)- 2522/2015 saylı qətnaməsinə əsasən, 01 yanvar 2012-ci il tarixdən 01 aprel 2015-ci il tarixə kimi olan dövr ərzində kommunal xidmətlərə görə yaranmış borc 60 manat müəyyənləşdirilmişdir. Hazırki halda iddiaçı 2010-cu ilin noyabr aprel aylarından kommunal xidmətlərə görə yaranmış borcu tələb etməsinə baxmayaraq, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün tərəflər arasında öhdəlik münasibəti yaranmış olmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki iş materiallarında iddiaçı tərəfindən 01 yanvar 2012-ci ildən əvvəlki tarix üzrə cavabdehə kommunal xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqaviləyə rast gəlinmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 01 yanvar 2012ci il tarixdən (kommunal müqaviləsinin bağlandığı tarix) öncəki dövr üzrə iddiaçının kommunal xidmətlərə görə cavabdehdən haqq tələb etməsi əsaslı deyildir. Habelə, tərəflər arasında kommunal ödənişlərin aylıq 25 manat deyil, daha çox olması ilə bağlı da hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə mövcud deyildir. 01 yanvar 2012-ci il tarixdən 01 aprel 2015-ci il tarixədək olan dövr üzrə kommunal xidmət haqqı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 60 manat müəyyən edilmiş, yəni bu tarixlər üzrə məhkəmə qətnaməsi mövcud olduğundan, məhkəmə xidmət haqqının hesablanmasının 01 aprel 2015-ci il tarixdən iddia tələbində göstərilən 2021-ci ilin iyun ayının sonunadək olan müddət ərzində aparılmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. İddiaçı tərəfindən cavabdeh ünvanlandırılmış borc bildirişində cavabdehin kommunal xidmətlərə görə 2015-ci ilin aprel ayından 2020-ci ilin aprel ayınadək hər ay 25 manat ödədiyi, 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayının sonunadək ödəniş edilmədiyi öz əksini tapmışdır. Belə olan halda, cavabdehin iddiaçıya hansı əsasla 770 manat kommunal xidmət haqqı borcunun olmasına dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən, iddia bu hissədə rədd edilməlidir. İddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2015-ci il tarixli, 2(001)-2522/2015 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən müəyyən edilir ki, iddiaçı daha öncə də cavabdehdən sayğaclara görə 340 manatın tutularaq iddiaçıya ödənilməsi və s. tələbi ilə məhkəməyə müraciət etmiş, iddia bu hissədə təmin edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev