Məhkəmə qərarları › İş №2(001)-141/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-141/2022

06.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-141/2022 06.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Dağlar MTK-ya və Cavabdeh2 qarşı mənzilə çəkilən təmir xərclərinin tutulmasına və sair tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh2 Cavabdeh İddiaçı qarşı zərərin ödənilməsinə və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Dağlar MTK-ya və Cavabdeh2 qarşı mənzilə çəkilən təmir xərclərinin tutulmasına və sair tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı zərərin ödənilməsinə və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Dağlar MTK ilə İddiaçı arasında baglanılmış 039 saylı 07.08.2013-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 3 otaqlı 39 nömrəli mənzili təmirsiz vəziyyətdə, mənzilin dəyəri olan 119500 manatı tam ödəməklə İddiaçı Dağlar MTK-dan almışdır. Bundan sonra həmin mənzili İddiaçı Dağlar MTK-dan təhvil alaraq orada əsaslı təmir işləri aparmışdır. Təmir 2013- 2014-cü illərdə başa çatdıqdan sonra İddiaçı ailəsi ilə birlikdə mənzilə köçərək orada yaşamağa başlamışdır. ünvan 2 ünvanında yaşayarkən İddiaçı məlum olmuşdur ki, bu mənzili Daglar MTK ondan əvvəl 22.05.2007-ci il tarixdə Cavabdeh2 satmışdır. İddiaçı vicdanla aldığı evi əsaslı təmir etdirmişdir. Lakin cavabdeh Dağlar MTK sədri X10 İddiaçı mənzili satmaq adı ilə aldadaraq 119500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh2 arasında mənzil mubahisəsi başlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh2 mənzilin boşaldılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmuş, İddiaçı qarşılıqlı iddiası isə təmin olunmamışdır. Həmin qətnamə icra olunaraq iddiaçı ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmışdır. Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 unvanında yerləşən 3 otaqlı 39 nömrəli mənzilin təmirinə, material və avadanlıqlara İddiaçı 27215 manat xərcləmişdir. Həmçinin mənzildə İddiaçı tərəfindən quraşdırılmış mətbəx mebeli, kondinsionerlər, paltaryuyan maşın və texniki duxovka da mənzildə Cavabdeh2 qalmışdır. Mənzilin təmiri üçün İddiaçı çəkdiyi xərclər aşagıdakılardır: şpaklyovka 200 ədəd-900 manat, köşə 200 ədəd 200 manat, astar 30 ədəd 150 manat, 4 kub qum 320 manat, kərpic 450 ədəd 90 manat, sement 60 kq. 390 manat, alçipan 50 ədəd 1000 manat, profil 935 manat, şrup 8 ədəd 48 manat, emulsiya 3 ədəd 265 manat, rolik kist 35 manat, karniz 5 ədəd 70 manat, elektrik koropka 30 ədəd 1200 manat, məftil 18 top 960 manat, rozetka 12 ədəd 36 manat, vklyuçatel 7 ədəd 28 manat, lapma 45 ədəd 70 manat, domofon 1 ədəd 250 manat, spot 26 ədəd 250 manat, gizli işıq 60 ədəd 120 manat, elektrik şit 1 ədəd 60 manat, dikt 40 ədəd 900 manat, reyka 500 dənə 500 manat, mismar 10 kq. 25 manat, şrup 20 kq. 120 manat, dolğu 2 ədəd 90 manat, lak 180, pur kley 5 ədəd 35 manat, şkurka 10 ədəd 130 manat, parket 130 ədəd 4290, plintus taxta 130 ədəd 390 manat, unitaz 2 ədəd 800 manat, tualet 2 ədəd 270, guzgü 2 ədəd 160 manat, smestitel l ədəd 165 manat, cakuzi 800 manat, moydadır 1200 manat, su qızdırıcı 300 manat, su turbası 200 ədəd 800 manat, radiator 60 ədəd 840 manat, sement aradoldurucu 20 manat, hamada asma tavan 420 manat, divar kağızı 56 ədəd 2908 manat, kley 15 ədəd 105 manat, otaqların qapıları üçün 2750 manat, qapı seyfi 600 manat, kafel 800 manat, mata 240 manat olmaqla cəmi 27215 manat. Kondisionerə görə 2250 manat, mətbəx mebelinə görə 3000 manat, texniki duxovkaya görə 800 manat, paltaryuyan maşına görə 700 manat olmaqla cəmi 6750 manat. İşçiyə ödənilən vəsaitə görə 16000 manat olmaqla cəmi 49965 manat. Daglar MTK-nın vəzifəli şəxsinin cinayət əməli nəticəsində İddiaçı aldadılmış mənzilin təmirinə, məişət əşyaları ilə təmin edilməsinə böyük xərc və zaman sərf etmişdir. Cavabdeh2 isə hazırda mənzildə yaşayır. Bu səbəbdən İddiaçı hər iki cavabdehdən ona vurulan ziyanı tələb edir. İddiaçı iddia müddətini ötürməmişdir. Ona görə də bu barədə ərizə əsassızdır. Qarşılıqlı iddia ərizəsi də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı qanunla ona verilən məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, onunla bağlanan müqavilənin etibarsız olmasını bilməmiş, başqa yaşayış yeri olmadığından mənzili tərk edə bilməmişdir. Hal-hazırda pulunu tələb etdiyi əşyaları saxlamağa, qoymağa yeri olmadığından həmin əşyaların özünü deyil, pulunu tələb edir. Ona görə də Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanda yerləşən 3 otaqlı 39 nömrəli mənzilin təmiri üçün İddiaçı sərf etdiyi 27215 manat, 3 ədəd Gorenje markalı kondisionerə görə 2250 manat, mətbəx mebelinə görə 3000 manat, Ariston markalı qaz pilitəsinə görə 600 manat, Ariston markalı texniki duxovkaya görə 800 manat, Ariston BWMD 742 markalı paltaryuyana görə 700 manat, işçi üçün sərf olunmuş 16000 manat olmaqla cəmi 49965 manatın cavabdehlər Dağlar MTK-dan və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulmasına, qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 ilk iddia ərizəsini qəbul etməyib qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkaməsinə müraciət edərək, cavabdəhlər Xaməd Vəfa qızı ilə Dağlar MTK arasında 07.08.2013-cü il tarixdə bağlanılmış müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləsən 39 nömrəli mənzilin X11 tərəfindən boşaldılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İs üzrə cavabdəh Xaməd Vafa qızı Cavabdeh2 və Dağlar MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edilərək, Cavabdeh2 ilə Dağlar MTK arasında mənzilə dair bağlanmış əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını istəmişdir. Qeyd edilən hər iki tələbə baxan Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi ilə X11 ilə Dağlar MTK arasında 07.08.2013-cü il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmiş, Xaməd Vəfa qızı tərəfindən ünvan 3 ünvanında yerləşən 39 nömrəli mənzilin boşaldılması, 07.08.2013-cü il tarixli müqavilə üzrə Dağlar MTK-nın X4 almış olduğu 119500 manat pulun Dağlar MTK tərəfindən X6 qaytarılması və X5 Cavabdeh2 ilə Dağlar MTK arasında mənzilə dair bağlanmış əqdin etibarsız hesab edilməsi tələbi olan hissəsində rədd edilməsi qət olunmuşdur. X1 apellyasiya şikayəti verməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 24.07.2015ci il tarixli, 2(103)-3875/2015 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Mahkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış və mübahisənin hüquqi tənzim etməsində eyni yekun fikirdə qalmışdır. Bu dəfə də qətnamədan narazı qalan X11 Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Şikayətə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07.01.2016-cı il tarixli, 2(102)-64/2016 nömrəli qərarı ilə şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla da Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və işin mülki mübahisəsinin məhkəmə araşdırılması yekunlaşmışdır. Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi ilə əlaqədar, Nərimanov rayon İcra və probasiya şöbəsində müvafiq olaraq icra icraatı başlamışdır. İcra icraatı zamanı, borclu tərəf hər bəhanə ilə icradan yayınmaq, məhkəmənin qətnaməsinin dolayı yollarla icra etməmək və ya icra etməkdən yayınması və s., bu kimi digər hərəkətlər etməklə borclu olaraq üzərinə düşən öhdəliyi daim yerinə yetirməmişdir. Bu isə ona dəlalət etmişdir ki, 07.01.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və Dövlətin adından qəbul edilmiş məhkəmə qərarı müxtəlif bəhanə və ya əsaslarıdırmalar gətirilməklə qəsdən icra edilməmişdir. Bütün bu hərəkətlər nəticəsində mülkiyyətçi öz mənzilinə daxil ola bilməmiş və həmin mənzildən hazırki iş üzrə qarşlıqlı cavabdeh X11 qanunsuz olaraq yararlanmışdır. İlk olaraq, X11 icra məmuru ilə birlikdə, məhkəmənin 11.03.2015-ci il tarixli 2(005)-363/2015 nömrəli qətnaməsinə izah verilməsi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. İzahın icra məmuru tərəfindən istənilməsinin əsaslandırılması isə, 11.03.2015-ci il tarixli qətnamədə Dağlar MTK-nın X4 almış olduğu 119500 manat pulun Dağlar MTK tərəfindən X6 qaytarılması ilə X11 tərəfindən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləşən 39 nömrəli mənzilin boşaldılmasının eyni vaxtda icra olunub-olunmaması bərədə izah verilməsi istənilmişdir. Nərimanov Rayon Məhkəməsinin 20.06.2017-ci il tarixli 8(005)-807/2017 nömrəli qərardadı ilə icra məmurunun qətnaməyə izah verilməsi barədə təqdimatı təmin edilməmiş və bu qərardaddan da X11 tərəfindən Nərimanov Rayon Məhkəməsinə şikayət verilsə də, lakin şikayətin təmin edilməməsi barədə məhkəmənin növbəti, 10.07.2017-ci il tarixli 8(005)-807/2017 nömrəli qərardadı qəbul edilmiş, nəticədə 20.06.2017-ci il tarixli, 8(005)-807/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılması üçün birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyasına göndərilmişdir. Şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Mahkəməsinin 20.06.2017-ci il tarixli, 8(005)-807/2017 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması və şikayətin təmin edilməməsi barədə 02.08.2017-ci il tarixli, 2(103)-577/2017 nömrəli növbəti qərardadı qəbul etmişdir. Apellyasiya instansiyasının qərardadından narazı qalan X11 tərəfindən bu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinə müvafiq qaydada kassasiya şikayəti verilmişdir. Şikayətin verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 20.11.2017-ci il tarixli, 2(102)-7684/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 02.08.2017-ci il tarixli, 2(103)-577/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla da, icra məmuru tərəfindən Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsinə izah verilməsi barədə təqdimatı təmin edilməmiş və növbəti icra hərəkətləri davam etdirilməli idi. Qətnaməyə izah verilməsi barədə icra məmuru tərəfindən verilmiş təqdimatın məhkəmələr tərəfindən təmin edilməməsinin səbəbi kimi qətnamənin nəticə hissəsi ilə icra vərəqəsində qeyri-müəyyənliyin olmaması, qətnamənin səlist yazılması, qətnamənin nəticə hissəsinin göstərişlərinin aydın və başa düşülən olması birmənalı şəkildə sonuncu məhkəmələr tərəfindən qeyd edilmişdir. Həmçinin, o da müəyyən olunaraq öz əksini tam şəkildə tapmışdır ki, MTK tərəfindən pulun verilməsi ilə mənzilin eyni vaxtda boşaldılması barədə 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnamədə hər hansı bir göstəriş yoxdur və izahın məhkəmə qətnaməsində hər hansı bir fikir və ya göstərişin aydın ifadə olunmayacağı halında verilə bilməsi qeyd olunmuşdur. Beləliklə, qeyd edilən bütün bu hallar və məhkəmə mübahisələri bir daha onu sübut etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi üzrə borclu olan X11 tərəfindən icra olunmur və ümumiyyətlə icra etmək niyyətində olmamışdır. Qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan iki ildən çox vaxt keçdikdən sonra, icra məmuru icra hərəkətlərinin davam etdirilməsinin qeyri-mümkünlüyünü yenə də bildirmişdir. Səbəbini soruşduqda, artıq Nərimanov Rayon Məhkəməsinin müvafiq qərardadına görə icra hərəkətlərinin aparılmasının müvəqqəti dayandırılması bildirilmişdir. İsi yenidən arasdırıldıqda, müəyyən olunmuşdur ki, həqiqətən də 10.09.2018-ci il tarixli, 2(005)- 4267/2018 nömrəli qərardadla Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi üzrə icra hərəkətlərinin dayandırılması qərara alınmış və bu dayandırma öhdəliyi də Nərimanov rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. Qeyd edilən qərardad iddianın təmini tədbiri kimi qəbul edilmiş məhkəmə aktı olmuşdur. Belə ki, iddiaçı X12 tərəfindən Nərimanov Rayon Məhkəməsinə cavabdeh Nərimanov rayon İcra və probasiya şöbəsinə qarşı icra hərəkətlərinin qanunnsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi üzrə Dağlar MTK-nın X4 almış olduğu 119500 manat pulun Dağlar MTK tərəfindən X6 qaytarılması X11 tərəfindən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləşən 39 nömrəli mənzilin bosaldılması hissələrində eyni vaxtda icra edilməsi vəzifəsinin cavabdeh Nərimanov rayon İcra və probasiya şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən qərardadın qəbul edilməsi bir yana, hətta iddiaçı tərəfindən verilmiş bu iddia tələbi təmin edilmiş, Dağlar MTK-nın X4 almış olduğu 119500 manat pulun Dağlar MTK tərəfindən Xaməd Vəfa qızına qaytarılması ilə X11 tərəfindən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləşən 39 nömrəli mənzilin boşaldılması hissələrində eyni vaxtda icra edilməsi vəzifəsinin Nərimanov rayon İcra və probasiya şöbəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Bu mübahisə zamanı icra icraatı üzrə tələbkar işə cəlb edilməmiş, məlumat verilməmiş və hətta maraqlarına toxunmasına baxmayaraq, məhkəmənin özü belə məhkəmə proseslərinə cəlb etmək niyyətində olmamışdır. İcra məmuru həmin qərardadın mövcudluğu barədə məlumat verməsəydi, deməli həmin işdən V.V.Volxovanın ümumiyyətlə xəbər olmayacaqdı. Bu səbəbdən rəsmi qaydada məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli, 2(005)-4267/2018 nömrəli qərardadını və 11.10.2018-ci il tarixli, 2(005)-4267/2018 nömrəli qətnaməsini 30.10.2018-ci il tarixdə şəxsən əldə etmək mümkün olmuşdur. Daha sonra həmin qərardaddan və qətnamədən müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinə şikayətlər verilmiş, həm qətnamə, həm də qərardad yuxarı instansiya tərəfindən ləğv edilərək işin yenidən icra icraatına göndərilməsi baş tutmuşdur. Nərimanov Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(005)-4267/2018 nömrəli qətnaməsinin əsassız və qanunvericiliyin kobud pozuntusu ilə qəbul edilməsinə görə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edildikdən sonra, iş üzrə icra icraatı başlamış və icra hərəkətləri aparılmışdır. İlk olaraq, 23.10.2019-cu il tarixdə X11 mənzilin qapılarını açmasa da, məcburi icra hərəkətləri yerinə yetirilmişdir. Həmin tarixdə evdə olan bütün əşyaların bəziləri saxlanc olaraq tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Bir gün sonra, yəni 24.10.2019-cu il tarixdə saxlanca verilmiş əşyalar X5 yaxın qohumu Əliyev Etibar tərəfindən çıxarılmış və mənzil tam şəkildə boşaldılaraq tələbkara təhvil verilmişdir. Eyni zamanda, borclu ilə belə bir razılaşma olmuşdur ki, əşyaların daşınması üçün ona tələbkar köməklik edəcək və bir nəçə dəfə gün ərzində yük daşıma prosesi olmuş və bununla bağlı tələbkarın nümayəndəsi tərəfindən 680 manat məbləğində ödəniş olunmuşdur. Həmçinin, borclunun və orada yaşayan şəxslərin həmin vaxtda yaşayış yerləri olmadığından, tələbkar razılaşmışdır ki, onların iki aylıq kirayə haqqlarını ödəsin və bununla bağlı olaraq da kirayə ev tutulması üçün maklerə 100 manat, kirayə mənzil üçün isə iki aylıq kirayə haqqı kimi 800 manat pul ödənilmişdir. Nəticədə ümumilikdə borclunun mülkiyyətçinin mənzilindən çıxarılması zamanı ona çəkmiş olduğu xərclər ilk növbədə ümumilikdə 1580 manat olmuşdur. İcra hərəkətlərinin həyata keçirilməsi anında mənzildə olan şəxslərin qəsdən mənzili tərk etməmələri, qapını açmamaları və bu kimi digər hərəkətləri nəticəsində məcburi icra hərəkətləri aparıldığlından mənzilin giriş qapısı məcburən sındırılmışdır. İcra hərəkətlərinin tam yekunlaşmasından sonra, yəni giriş qapısı üçün 1719 manat məbləğində əlavə xərc çəkilərək yeni qapı qoyulmuşdur. Bütün bu yuxarıda qeyd olunanların hər biri icra məmuru tərəfindən icra hərəkətləri yerinə yetirilərkən çəkilmiş xərclər olmuşdur. İcra mərhələsində tələbkar bu xərcləri borcludan tələb etməmiş, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməsəydi Cavabdeh2 bu vəsaiti tələb etməyəcəkdi. İlkin iddia üzrə iddiaçının iddiası barədə 07.01.2016-cı il tarixdə yekun məhkəmə qərarı çıxarılmışdır. Artıq həmin tarixdən cavabdeh bilirdi ki, məhkəmə qətnaməsi icra olunmalı və mənzil Cavabdeh2 qaytarılmalıdır. X3 buna əhəmiyyət verməmiş və 23-24.10.2019-cu il tarixə kimi məhkəmənin qətnaməsinin icra olunmasını uzatmışdır. Bu müddət ərzində də Cavabdeh2 məxsus olan mənzildə qalmış, ondan istifadə etmiş, hətta mənzilin normal köhnəlməsinə gətirib çıxaran hərəkətləri etmişdir. Mənzilin yerləşdiyi ərazidə kirayə haqqı ortalama hər ay uçün 1000 manat təşkil etdiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.01.2016-cı il tarixli qərarından 23-24.10.2019-cu il tarixə kimi ümumilikdə 58 ay ərzində X11 qarşıqlı iddiaçıya məxsus olan əmlakdan heç bir dəyəri ödəmədən istifadə etməklə yaralanmışdır. Bu isə onu bildirir ki, əgər həmin əmlak vaxtında Cavabdeh2 qaytarılsaydı, həmin əmlak üzrə qanunvericiliklə qadağan olunmayan istifadə etməklə müvafiq gəlir əldə edərdi. Bu isə Cavabdeh2 MM-nin 21.2-ci maddəsinə əsasən zərər çəkməsinə gətirib çıxartmışdır. Odur ki, X5 qanunsuz və əsassız olaraq mənzili özündə saxladığına görə, vaxtında Cavabdeh2 qaytarmağına görə əşyanın sahibinə vurulmuş ziyanı ödəməlidir. Belə ki, MM-nin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda, əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Bu isə onu bildirir ki, mənzilin artıq mülkiyyətçisi Cavabdeh2dır və mənzilə görə əldə çıxmış bütün gəlirlərin ilkin iddiaçı X4 tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmalıdır. X2 MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadıldığından onun qarşısında məsuliyyətli şəxs Cavabdeh2 deyil, Dağlar MTK-dır. Belə ki, Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində X6 heç bir ziyan vurulmamışdır. X11 ilk iddia tələbini iddia müddətini ötürməklə verdiyindən də bu səbəbdən də tələb rədd edilməlidir. Belə ki, tərəflər arasında mübahisə hələ 2015-ci ilə qədər başlamış, Nərimanov Rayon Məhkəməsinin 2015-ci il tarixli müvafiq qətnaməsi ilə yekunlaşmış, həmin qətnamə 23-24.10.2019-cu il tarixdə icra olunmuşdur. Həmin tarixlərdə mənzildə olan bütün əşyalar çıxarılmışdır. Bu dövr ərzində X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edib adı çəkilən xərcləri tələb edə bilərdi. Bununla da X11 həmin tələbi irəli sürmək üçün iddia müddətini ötürmüşdür. Bu səbəbdən V.T.Xamədin iddiası iddia müddətinin ötürülməsi səbəbində də təmin edilə bilməz. Bundan başqa İddiaçı mənzildə saxladığı, dəfələrlə xəbərdarlıq edilsə də aparmadığı əşyaların dəyərini tələb edə bilməz. Belə ki, heç vaxt ona əşyalarını götürmək üçün manelər yaradılmamışdır. Ona görə ilkin iddiaçı X5 iddiasının rədd edilməsinə, qarşıqlılı iddia üzrə cavabdeh X4 Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzildən 07.01.2016cı il tarixdən 24.10.2019-cu il tarixə kimi qanunsuz və əsassız olaraq istifadə etdiyi üçün hər ay üçün 1000 manat olmaqla, 58 ay üçün 58000 manat məbləğində əldən çıxmış faydanın, zərərin, 24.10.2019-cu il tarixdə icra icraatı zamanı borcluya məxsus olan əşyaların daşınması üçün tələbkarın kömək məqsədi ilə yük daşımaya görə ödənilmiş 680 manat məbləğində ödənişin, borclu və onunla birgə mənzildən çıxarılmış digər şəxslərin iki aylıq kirayə haqqının ödənilməsi məqsədi ilə vasitəsi üçün ödənilmiş 100 manat, kirayə ev üçün ödənilmiş 800 manat, giriş qapısı üçün ödənilmiş 1719 manat əlavə xərc olmaqla ümumilikdə 3299 manatın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı cavabdeh X4 alınaraq qarşılıqlı iddiaçı Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlk iddia ərizəsi üzrə cavabdeh Dağlar MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Dağlar MTK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Dağlar MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.7.-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Dağlar MTK ilə İddiaçı arasında bağlanmış 07.08.2013-cü il tarixli 039 saylı müqavilənin surətindən müəyyən olunur ki, MTK Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 63-də inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 8 mərtəbəsində yerləşən ümumi sahəsi 121,1 m2 olan 3 otaqlı 39 saylı mənzili İddiaçı 119500 manata satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli 2(005)363\2015 saylı qətnaməsindən müəyyən olunur ki, ilin iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı ilə Dağlar MTK-nın icraçı direktoru X10 arasında bağlanmış 07.08.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləşən 3 otaqlı 39 saylı mənzilin cavabdeh İddiaçı tərəfindən boşaldılması, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Dağlar MTK-ya qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, 07.08.2013-cü il tarixli müqavilə üzrə Dağlar MTK-nın aldığı 119500 manatın Dağlar MTK tərəfindən İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.07.2015-ci il tarixli 2(103)-3875\2015 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli 2(005)363\2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.01.2016-cı il tarixli 2(102)-64/2016 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 24.07.2015-ci il tarixli 2(103)-3875\2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin 24.10.2019-cu il tarixli aktının surətindən müəyyən olunur ki, 23.10.2019-cu il tarixli akta əsasən siyahıya alınan əşyalar İddiaçı qohumu E.B.Əliyev tərəfindən könüllü olaraq mənzildən çıxarılmış, mənzil boşaldılaraq tələbkar Cavabdeh2 etibaranaməyə əsasən nümayəndəsi A.B.Nəbiyevaya təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.02.2019-cu il tarixli 2(103)-2268\2019 saylı qətnaməsindən müəyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(005)-4267\2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Nərimanov rayon İcra və probasiya şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsnə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2255 saylı 04.10.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə 63 saylı evin üç otaqlı 39 saylı mənzilinə baxış keçirilən zaman mənzilin yaşayış otaqlarının, dəhliz və mətbəx tikililərinin divarlarının divar kağızı ilə üzlənməsi, tavanı alçiban materialı ilə asma tavan şəklində yığılması, döşəmənin parketlə üzlənməsi, hamam və ayaqyolu tikililərinin divarlarının kafellə, döşəmələrinin metlaxla, tavanlarının isə aluminium materialı ilə asma tavan şəklində yığıldığı müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə 63 saylı evin üç otaqlı 39 saylı mənzilində aparılmış müxtəlif növ təmirtikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 19472 manat olduğu müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2196 saylı 01.11.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim olunan əşyaların, 3 ədəd kondisionerin, 1 ədəd mətbəx mebelinin, texniki duxovkanın hazırkı vəziyyətdə bazar dəyəri təxminən 3500 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, Tver şəhərində yaşayan qardaşı arvadı Cavabdeh2 etibarnaməsi əsasında o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin icrası zamanı tələbkarı təmsil etmişdir. Həmin vaxt mənzildə yaşayan borclunun qohumu olan Etibar Əliyevin yaşayış yeri olmadığından o, insanlıq naminə öz vəsaiti hesabına vasitəçiyə xidmətinə görə 100 manat ödəyərək E.Əliyev üçün iki ay müddətinə kirayəyə mənzil tutumuş, kirayə haqqı olaraq 800 manat ödəmiş, mənzildə olan əşyaların daşınması üçün 680 manat ödəmişdir. Mənzilin qapısı könüllü açılmadığından icra məmuru tərəfindən sındırıldığı üçün mənzilə yeni qapının quraşdırılmasına görə o, 1719 manat ödəmişdir. Ödədiyi pul vəsaitini Cavabdeh2 almamışdır. Mənzil boşaldıqdan sonra mənzildə heç kim yaşamamış, Cavabdeh2 pandemiya ilə bağlı Bakı şəhərinə gələ bilməmişdir. Mənzildə 2 və ya 3 ədəd kondisioner, 1 ədəd paltaryuyan maşın, 1ədəd qaz piltəsi, 1 ədəd Ariston soba, 1 ədəd unitaz, 1 ədəd rakvin, 1 ədəd mətbəx şkafı qalmışdır. Dəfələrlə Cavabdeh2 qohumu E.Əliyevə desə də, sonuncu yeri olmadığı üçün həmin əşyaları mənzildən götürməyəcəyini ona bildirmişdir. Cavabdeh2 mənzilini özü istədiyi şəkildə təmir etdirmək istədiyindən mənzildə aparılan təmir ona lazım deyildir. Mülki işə baxılan ərəfədə İddiaçı mübahisəni sülh yolu ilə həll edilməsi, mənzildə aparılan təmir xərclərinin dəyərinin ödənilməsi təklif olunsa da o, bu təkliflə razılaşmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktına əsasən İddiaçı ilə Dağlar MTK arasında bağlanmış 07.08.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləşən 3 otaqlı 39 saylı mənzilin İddiaçı tərəfindən boşaldılması qət edilmiş, həmin mənzil İddiaçı tərəfindən 24.10.2019-cu il tarixdə boşaldılaraq Cavabdeh2 təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə ev 63 ünvanında yerləşən 3 otaqlı 39 saylı mənzil İddiaçı tərəfindən təmir olunmuş, İddiaçıova təmir xərclərinə cəmi 43215 manat sərf etməsini iddia etsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı zamanı mənzildə aparılmış müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 19472 manat olduğu müəyyən edilmişdir. Məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimələrin surətlərinə münasibət bildirib qeyd edir ki, əksəriyyəti Etibar adlı şəxsin adına tərtib edilən bu qaimələr mənzildə aparılan təmir işlərinə sərf olunan vəsaitin məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Məhkəmə ilk iddiaçının mənzilin təmirinə çəkdiyi xərclərlə bağlı tələbi üzrə qeyd edir ki, araşdırma zamanı 2013-2014-cü illərdə mənzildə aparılan təmirin istismarı nəticəsində hazırda dəyərinin 19472 manat olması öz təsdiqini tapdığından, təmir işləri Cavabdeh2 məxsus mənzildə aparıldığından, ilk iddiaçı ona dəyən maddi ziyanın ödənilməsini tələb etdiyindən, bu hüququn müdafiəsi üçün ümumi iddia müddəti tətbiq edildiyindən, Cavabdeh2 nümayəndəsinin bu tələbə iddia müddətinin təbiq edilməsi barədə ərizəsi təmin edilməməli, ilk iddia ərizəsi təmir xərclərinə dair hissədə qismən təmin edilərək Cavabdeh2 İddiaçı xeyrinə təmir xərclərinə görə 19472 manat tutulmalıdır.Məhkəmə ilk iddia ərizəsi üzrə iddiaçının cavabdehlərindən, saxlamağa yeri olmadığı üçün mənzildə qalan məişət əşyalarının dəyərinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, ilk iddia ərizəsi üzrə cavabdehlərdən hər hansı birinin həmin əşyaların dəyərini İddiaçı ödəmək vəzifəsi, öhdəliyi olmadığından ilk iddia tələbləri bu hissədə əsassızdır, ona görə də təmin edilmir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09.07.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Qarşılıqılı iddia ərizəsi üzrə iddiaçı mənzildən istifadə nəticəsində cavabdehinin faydalanmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, əksinə məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh2 məxsus mənzili təmir etməsi öz təsdiqini tapdığından məhkəmə qarşılıqlı iddia tələbini bu hissədə əsassız hesab edib təmin etmir. Məhkəmə qarşılıqlı iddianın icra zamanı çəkilən xərclər və mənzilin qapısının dəyişdirlməsi ilə bağlı sərf olunan vəsait tələbi üzrə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdehi İddiaçı yaşaması üçün kirayəyə mənzil tutmasını, vasitəçiyə 100 manat ödəməsini, kirayə haqqı olaraq 800 manat ödəməsini, daşımaya görə 680 manat ödəməsini, yeni qapının quraşdırılması üçün 1719 manat ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən, bu tələb üzrə dinlənilən şahid isə ifadəsində mənzildə yaşayan E.Əliyev üçün insanlıq naminə öz vəsaiti hesabına kirayəyə mənzil tutmasını, əşyaların mənzildən çıxarılması, qapının dəyişdirilməsi üçün vəsait sərf etməsini, həmin vəsaitin Cavabdeh2 almadığını göstərsə də, sərf olunmuş vəsaitin məbləğini müəyyən edəcək ödəniş qəbzləri məhkəməyə təqdim edilmədiyindən, faktiki olaraq Cavabdeh2 heç kimə ödəmədiyi pul vəsaitini öz xeyrinə tələb etdiyindən qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır, ona görə də təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 təmir xərclərinə görə 19472 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 19502 manat İddiaçı xeyrinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı əldən çıxmış faydaya görə 58000 manat, çəkilən xərclərə görə 3299 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 61299 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Cavabdeh2 ekspertiza xərcinə görə 200 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar