Məhkəmə qərarları › İş №2(001)-1411/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1411/2023

31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1411/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.354 manat əsas borca görə və 63 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4.417 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə əvvəllər birlikdə işləyirdi. Cavabdeh 2014-cü ilin əvvəllərində ona müraciət edərək kredit götürmək istədiyini, lakin bank tərəfindən ona kiminsə zamin durmalı olduğunu bildirdi və ona kömək etməyini xahiş etdi. O da ona inanaraq bir iş yoldaşı kimi bankda ona zamin durmağa razılıq vermişdir. Bundan sonra "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində 2 il müddətinə 10.000 ABŞ dolları məbləğində kreditin verilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. Həmçinin həmin gün onunla "xxxx" arasında bu kreditə görə zaminlik müqaviləsi də bağlanmışdır. Lakin Cavabdeh bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün bank tərəfindən məhkəməyə iddia ərizəsi verilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onlardan müştərək qaydada 5749 ABŞ dolları məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh yenə də bu qətnamənin icrasından yayınmış və bunun nəticəsində də həmin qətnamənin icrası onun əmək haqqına yönəlmişdir. 2015-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına kimi mütəmadi olaraq onun əmək haqqından tutulmalar aparılmış, bunun nəticəsində də ondan ümumilikdə 4354 manat məbləğində pul tutulmuşdur. O, dəfələrlə cavabdehdən ona vurduğu maddi ziyanın ödənilməsini tələb etsə də, o müxtəlif bəhanələrlə bundan yayınmış və bu günə kimi də həmin pulu ödəməmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3676,46 manat əsas borca görə, 402,43 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun) məbləğində icra ödənişinə görə və 63 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3738,46 manat və 402,43 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun) məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1411/2023 saylı qiyabi qətnaməsindən görünür ki, Cavabdeh 3676,46 (üç min altı yüz yetmiş altı manat, qırx altı qəpik) manat ödənilmiş borcun əvəzi və 402,43 (dörd yüz iki dollar, qırx üç sent) ABŞ dollarının (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məcburi icra ödənişinin əvəzi alınaraq İddiaçı ödənilməsi, Cavabdeh ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1411/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və işə onun iştirakı ilə baxılmasının təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun əlavə sübutları və məhkəmədə deyiləcək sözləri var. Ona məhkəmə baxışı barədə məlumat verilməmişdir. SMS telefonuna gələndə o təyin olunan iclaslarda ola bilməmişdir, çünki həmin vaxt işdə olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1411/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1411/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işin icraatı təzələnərək işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-6140/2016 saylı qətnaməsinin surətindən görünür ki, ödəniş gününə olan məzənnə üzrə 5250,72 ABŞ dolları əsas borc, 498,32 ABŞ dolları faiz borcu cəmi 5749,04 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manatı ilə və 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və İddiaçı oğlundan müştərək qaydada tutulub "xxxx" ASC-nin xeyrinə verilməsi, 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədə Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh İddiaçı arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən, iddiaçı qarşısında zamin olan cavabdeh İddiaçı borclu olan Cavabdeh ilə bərabər məsuliyyət daşıyır. Qətnamədə göstərilmiş iş materiallarında olan “Bank of Baku» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK/16079/40/27 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə, illik 28% olmaqla 0000 ABŞ dolları məbləğində kredit verilmişdir. Zamin İddiaçı borclu Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK/16079/40/27 saylı kredit müqaviləsi üzrə borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6140/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ümumilikdə 5749,04 ABŞ dolları pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh və İddiaçı müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsinə dair icra sənədi xx.xx.2016-cı il tarixdə Binəqədi Rayon icra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş tərəflərə və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə borclu Cavabdeh barəsində müvafiq orqanlara sorğu verilmiş, lakin müsbət nəticə verməmişdir. İcra sənədi nəzarətdə saxlanılır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, həqiqətən Binəqədi Rayon Məhkəməsinin 2(001)-6140/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin əməkdaşı İddiaçı "xxxx" ASC-yə olan bütün borc tutularaq ödənilmişdir. 2015-ci ilin noyabr ayı – 288.98 AZN 2015-ci ilin dekabr ayı – 219.22 AZN 2016-cı ilin yanvar ayı – 235.10 AZN 2016-cı ilin fevral ayı – 248.86 AZN 2016-cı ilin mart ayı - 235.10 AZN 2021-ci ilin dekabr ayı – 389.64 AZN 2022-ci ilin yanvar ayı – 315.44 AZN 2022-ci ilin fevral ayı – 315.44 AZN 2022-ci ilin mart ayı – 385.28 AZN 2022-ci ilin aprel ayı – 385.28 AZN 2022-ci ilin may ayı – 315.44 AZN 2022-ci ilin iyun ayı – 341.68 AZN Həmçinin, borcun 7%-i həcmində icra ödənişi olan 402.43 ABŞ dolları Hacıqabul rayon icra və probasiya şöbəsinin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur; 474.3-cü maddəsinə əsasən isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə bank cavabdehə 24 ay müddətinə, illik 28% olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı, borclu Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zamin bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-6140/2016 saylı qətnaməsinə əsasən ödəniş gününə olan məzənnə üzrə 5250,72 ABŞ dolları əsas borc, 498,32 ABŞ dolları faiz borcu cəmi 5749,04 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manatı ilə və 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və İddiaçı oğlundan müştərək qaydada tutulub "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6140/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin əməkdaşı İddiaçı "xxxx" ASC-yə 3676,46 manat borc, icra şöbəsinə isə 402,43 ABŞ dolları məcburi icra ödənişi tutularaq ödənilmişdir. İşin mübahisəsiz hallarını, yəni iddiaçının zamin kimi 3676,46 manat məbləğində kredit borcunu və 402,43 ABŞ dolları məcburi icra ödənişini ödədiyini nəzərə alaraq və Mülki Məcəllənin 475.1-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3676,46 manat ödənilmiş borcun əvəzi və 402,43 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məcburi icra ödənişinin əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 63 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3676,46 (üç min altı yüz yetmiş altı manat, qırx altı qəpik) manat ödənilmiş borcun əvəzi və 402,43 (dörd yüz iki dollar, qırx üç sent) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məcburi icra ödənişinin əvəzi alınaraq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar