Məhkəmə qərarları › İş №2(001)-1420/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1420/2022

23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1420/2022 23.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş maddi zərərin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 1.436 manat maddi zərərin, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 4.000 manat məbləğində pulun, etibarnamənin alınması üçün notariusa rüsum kimi ödədiyi 11,5 manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 85 manatın, ümumilikdə 5.532,5 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı dişlərinin müalicəsi ilə bağlı cavabdeh klinikaya ilk olaraq 28 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Bütün görüləcək işlərin qiyməti barədə məlumat almaq məqsədi ilə müayinədən sonra bir “planmala” qrafiki tərtib olunmuşdur. Həmin sənəddə görüləcək işlərin qiyməti 1.958 manat göstərilmişdir. Həmin ay dişlərinin müalicəsinə başlanmasına baxmayaraq müalicə bir neçə ay uzanmış, həmçinin görülən işlərin nəticəsi də olmamışdır. Görüləcək işlər dişlərin bir-bir müalicə edilməsi üçün planlaşdırılmamışdır. Əksinə, müalicənin vaxtı uzadıla-uzadıla eyni anda bir neçə dişin üstü açılır, lakin müalicəsi tamamlanmırdı. 28 avqust 2021-ci il tarixdə növbəti təyin olunmuş gündə klinikaya gəldikə ona öncədən verilən “planmala” siyahısına əlavə olaraq yeni bir siyahı (1.068 manat məbləğində əlavə işlər) təqdim olunmuş və bildirilmişdir ki, Bəxtiyar həkim 20 günlük Türkiyəyə istirahətə gedib və gələn ayın 15-i ölkədə olacaq. Bu cür laqeyd və qeyri-peşəkar yanaşma ilə narazı olduğunu bildirmiş və həyat yoldaşına zəng vurmuşdur. Həyat yoldaşı klinikaya gəldikdə, qalıq borcları varsa ödəyib ambulator kağızı götürmək istəmiş və digər klinikaya müraciət etmək qərarlarını bildirmişdir. Lakin, klinikanın mühasibi Nərmin xanım bildirmişdir ki, görülən işlər barədə sənədi (ambulator kağızı) təqdim etmək yalnız Bəxtiyar həkim ölkəyə qayıtdıqdan sonra mümkün olacaqdır. Beləliklə də, ambulator kağız vaxtında verilmədiyinə görə onlar həmin sənədi geri ödəmək üçün sığorta şirkətinə təqdim edə bilməmişlər, çünki sığorta müqaviləsinin şərtlərinə görə müvafiq sənədlər 1 aydan gec olmayaraq təqdim edilməli idi. Daha əvvəl bu barədə cavabdeh klinikaya bildirsələr də, yalnız Bəxtiyar həkimin ölkəyə qayıtmasından sonra verə biləcəklərini bildirmişdirlər. Klinika ilə aralarında olan mübahisələrə baxmayaraq yoldaşı qalıq məbləği (167) manat ödəmək istədiyini bildirsə də, klinikanın əməkdaşları post terminalın işləmədiyini bildirmişlər. Bu hal isə cavabdeh klinikada normal bir hal kimi qarşılanır. Hər ödəniş zamanı məbləğin yalnız nəğd şəkildə ödənilməsi üçün post terminalın işləmədiyi bildirilmişdir. 15 sentyabr 2021-ci il tarixində o, həm telefon zəngi vasitəsi ilə, həm də “WhatsApp”la cavabdeh klinika ilə əlaqə saxlayaraq həyat yoldaşının gəlib sənədi götürəcəyini və qalıq məbləği də ödəyəcəyini bildirmişdir. Lakin 15 sentyabr 2021-ci il tarixdə həyat yoldaşı klinikaya getsə də, yenə də ambulator sənədi ona verilməmişdir. Nəticədə dəfələrlə müraciət etmələrinə baxmayaraq onlardan dişlərin müalicəsi başlamadan alınmış 1.436 manat (əslində ödənilən məbləğ daha çox olsa da ödənilən pulların bir hissəsi nəğd qaydada verildiyinə və müvafiq qəbz verilmədiyinə görə, yalnız ödənilən pullara dair olan qəbzləri hesablamaqla 1.436 manat pul ödənildiyini qeyd edir) məbləğində pulla bağlı heç bir məlumat və ya sənəd verilməmişdir. Həmin məbləğ üzrə nəzərdə tutulmuş işlərin heç 30%-i belə başa çatdırılmamışdır. Bundan sonra o, məcbur olub dişlərinin müalicəsi ilə bağlı digər klinikaya – "xxxx"-a müraciət etmişdir. Nəticədə cavabdehin görməli olduğu işlərin əksəriyyəti "xxxx" klinikası tərəfindən həyata keçirilmişdir. Belə olan halda aydın olur ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəlik yerinə yetirilməmiş, ondan aldığı 1.436 manat məbləğində pul müqabilində cavabdeh tərəfindən demək olar ki, heç bir iş görülməmişdir. Həmçinin, görülən işlərə dair ambulator sənədi cavabdeh onlara təqdim etmədiyinə görə o, ödədiyi pulu sığorta şirkətindən geri almaqdan məhrum olmuşdur. Tərəfindən 28 dekabr 2021-ci il tarixli pretenziya ilə cavabdehə müraciət edilərək, dişlərin müalicəsi üçün ödədiyi 1.436 manat məbləğində pulu 3 gün ərzində ona qaytarılması təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh tərəfindən müraciətinə tamamilə əsassız cavab verilməklə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Yuxarıda qeyd qeyd edilənlərdən də göründüyü kimi, cavabdehə qeyd etdiyi məbləğdə pul ödəməyinə baxmayaraq cavabdeh tərəfindən verdiyi pulun müqabilində görülməli olan işlər görülməmiş, ona görə də o, həmin işlərin görülməsi üçün "xxxx" klinikasına müraciət etməklə əlavə vəsait ödəməyə məcbur olmuşdur. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edərək hesab edir ki, cavabdehə ödədiyi 1.436 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. O, cavabdehə müraciət etməklə, dişlərinin müalicə edilməsinə nail olmaq istəyirdi. Lakin, cavabdeh klinikanın müalicəni əsassız yerə uzatması, bu azmış kimi, görməli olduğu işləri demək olar ki, görməməsi, müvafiq sənədləri ona təqdim etməkdən əsassız yerə imtina etməsi, onu get-gələ salması, əsassız yerə ondan aldığı pulu geri qaytarmaması, hüquqlarının müdaliə olunması ilə bağlı məcbur olub məhkəməyə müraciət etməyi və s. hallar onu mənən alçaltmış, özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmış, onun narahatlıq hissi keçirməyinə səbəb olmuşdur. Odur ki, cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona həm də mənəvi zərər vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri simvolik olaraq 4.000 manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Cavabdehin nümayəndəsi iddiaya etiraz göndərərək bildirmişdir ki, iddiaçi klinika ilə ilk dəfə 28 aprel 2021-ci il tarixdə müayinə üçün müraciət etmişdir. Müayinə zamanı onun dişlərində hansı işlərin görüləcəyi ilə bağlı ilkin müayinə planı tərtib edilmişdir. O, planlalama ilə tanış olduqdan sonra düşünəcəyini və qərar verdiyi təqdirdə klinikaya müraciət edəcəyini bildirmişdir. Bu zaman iddiaçıya hansı işlərin görüləcəyinə dair planlama sənədi verilmişdir. İddia ərizənizdə qeyd edilmiş “Həmin ay, yəni apreldə dişlərimin müalicəsinin başlamasına baxmayaraq, müalicə bir neçə ay uzandı, həmçinin görülən işlərin nəticəsi də olmadı" fikirləri həqiqəti əks etdirmir. Çünki, iddiaçı aprel ayında yalnız müayinədə olmuşdur və həmin ay dişlərin heç birində iş görülməmişdir. İddiaçının dişlərinin müalicəsinə başlamaq üçun klinikaya gəlməyi 4 ay sonra, 19 avqust 2022-ci il tarixindədir. İddiaçı həmin tarixdə klinikaya yaxınlaşmış, diş daşlarının təmizlənməsi və kompozit restovrasiya xidmətilərindən keçmişdir. Həmin gün ona 14, 15, 16, 17, 24, 25-ci dişlərdə əlavə kanal müalicəsinin lazım olduğu bildirilmiş, bununla əlaqədar 1.068 manat məbləğində əlavə planlama tərtibi verilmiş, lakin kanal müalicələrinin başlanmasına yalnız endodontun karantin müddətinin bitməsindən dərhal sonra mümkün olacağı barədə məlumat verilmişdir (endodont doktor Saiq Qəhrəmanov 19 avqust 2021 – 02 sentyabr 2021-ci il tarixləri arası Covıd-19 virusu ilə əlaqədar 14 gün müddətində karantində olmuşdur). Bu müddət ərzində çox vaxt getməsin deyə iddiaçının kanal müalicəsi tələb edilməyən dişlərinin plombları (26, 27, 45 və 47-ci dişlər) va kanal müalicəsi tələb edilən dişlərinin divarları (14, 15, 16, 17, 24, 25-ci dişlər) şəxsən onun tərəfindən düzəldilmişdir. Tərəfindən 19 avqust 2021-ci il tarixində 24, 25-ci dişlərin divarları, 20 avqust 2021-ci il tarixində 26, 27-cı dişlərin plombları tam, 21 avqust 2021-ci il tarixində 16, 17-ci dişlərin divarları, 23 avqust 2021-ci il tarixində 14, 15-ci dişlərin divarları, 26 avqust 2021-ci il tarixində 47-ci dişin plombu tam, 01 sentyabr 2021-cı il tarixində 45-ci dişin plombu tam icra edilmişdir (əlavədə görülən işlərin icra sənədləri təqdim edilir). İddia ərizənizdə qeyd edilən “Nümayəndə 20 günlük Türkiyəyə istirahətə getməsi” fikirləri düzgün tarixlərdə göstərilməmişdir və burada iddiaçıya qarşı heç bir qeyri-peşəkar və laqeyd yanaşmanın sözü gedə bilməz. Belə ki, o, 04 sentyabr 2021 – 14 sentyabr 2021 tarixlər arası 10 günlük məzuniyyətdə olmuşdur. Onun olmadığı bu müddət ərzində iddiaçının kanal müalicəsi tələb edilən dişlərin müalicəsi endodont-mütəxəssis tərəfindən tamamlanmalı və o, ayın 15-i işə çıxan kimi natamam plombların icra edilərək yekunlaşmasını planlaşdırmışdır. Lakin iddiaçı 03 sentyabr 2021-ci il tarixində doktor Saiqin qəbulunda olduqda kanal müalicəsinin baha olduğunu və müalicənin onlarda icra edilməsindən imtina etdiyini bildirmişdir. Onlar iddiaçının bu fikrinə etiraz etməmiş, istəmədiyi halda başqa klinikada kanal müalicələrini edib plomblar üçün onlara gəlməyini bildirmişlər. Klinikaya müraciəti zamanı iddiaçıya sığorta ilə işləmədiyi, lakin istərsə ödənişləri özünün edib yekunda sığorta üçün sənədlərin verilməsinin mümkün olduğu bildirilmişdir. İddiaçı bunu qəbul edərək həmin ödənişləri özünün edəcəyini bildirmiş və yekunda sığortaya təqdim etmək üçün sənədləri istəmişdir. İddiaçıya sənədləri istədiyi vaxt direktorun uzun məzuniyyətdə olduğu və sənədlərin ona verilməsinin yalnız doktor Bəxtiyarın işə çıxmasından sonra mümkün olacağı barədə məlumat verilmişdir. Buna səbəb rəsmi sənədlərin yalnız direktorun imzası və möhürü ilə təsdiq olunmasıdır. İddia ərizəsində qeyd edilmiş "sığorta şirkətinə müqavilənin şərtlərinə görə müvafiq sənədləri 1 aydan gec olmayaraq təqdim edilməli idi" sözlərinə əlavə etmək istəyir ki, iddiaçı bununla bağlı onlara heç bır məlumat verməmiş və iddiaçının sığortası ilə arasında hansı şərtlərlə müqavilə bağladığından xəbərləri olmamışdır. İddiaçı dişlərinin müalicəsi üçün klinikaya 19 avqust 2021-ci il tarixində gəlmiş və onlar klinika olaraq sığortaya sənəd təqdim edilməsi üçün məzuniyyət müddətinin bitməsini gözləməklə heç bir vaxt itkisinə yol verməmişlər. İddia ərizənizdə qeyd edilən “klinika ilə aramızda olan mübahisəli məsələlərə baxmayaraq, yoldaşım qalıq məbləği (167 manat) ödəmək istədiyini bildirsə də, əməkdaşlarınız post terminalın işləmədiyini bildirdilər. Bu hal “Smile by Dr Bakhtiyar" MMC klinikasında normal bır hal kimi qarşılanır. Hər ödəniş zamanı məbləğin yalnız nəğd şəkildə ödənilməsi üçün post terminalın işləmədiyi bildirilirdi" fikirləri ilə heç bir halda razılaşmır və bu yazılanı klinikaya böhtan atılması kimi qəbul edir. Çünki, iddiaçı etdiyi bütün ödənişlər üçün rəsmi çek almışdır (19 avqust 2021 və 26 avqust 2021 tarixlərindəki ödənişlər bank kartı vasitəsi ilə, 28 yanvar 2021 və 21 avqust 2021 tarixlərindəki ödənişlər nəğd şəkildə olunmuşdur) və rəsmi çeklərin hər birinin üzərində klinikanın VÖEN-i və adresi tam şəkildə qeyd olunmuşdur. Klinikada post terminalın işləmədiyi qısa bir müddət 4-7 sentyabr tarixləri arasıdır. Bununla bağlı əməkdaşlıq etdikləri “Rabitəbank”a və NBA-ya məlumat verilmiş və 7 sentyabr tarixində post terminal tam işlək vəziyyətdə klinikaya təhvil verilmişdir. İddiaçının klinikaya qalıq borcu 167 manat deyil, 164 manatdır. 15 sentyabr 2021-ci il tarixində iddiaçının yoldaşı bu borcu ödəmək, ona və özünə aid sənədləri (sığorta şirkətinə təqdim etmək üçün) götürmək üçün klinikaya yaxınlaşmışdır. Onlar yoldaşına ancaq öz sənədlərini verə biləcəyini bildirmiş və özünə aid müalicə sənədlərim təqdim etmişlər (əlavə sübut olaraq X3 icra sənədi və ödəniş qəbzləri təqdim edilmişdir). Bunu qəbul etməyən yoldaşı klinikaya olan borcu ödəməkdən imtina etmiş və özünə aid rəsmi sənədləri götürərək klinikanı tərk etmişdir (bu zaman resepsionda direktora qarşı hədə qorxu gəlmiş və klinikadan şikayət edəcəyini bildirmişdir). Borcun ödənilməməsinin səbəbi post terminalın işləməməsi deyil, iddiaçının yoldaşının ödənişdən imtina etməsidir. Yoldaşına təqdim etdikləri sığorta sənədlərindən da görünür ki, onlar sənədlərin verilməsində heç bir problem yaratmırlar. Onların iddiaçıya aid sənədləri yoldaşına təqdim etməməklərinin səbəbi ondan ibarətdir ki, klinikada rəsmi sənədlər digər şəxslərə verilən etibarnamə əsasında təqdim edilə bilər. Yoldaşında etibarnamə olmadığı üçün iddiaçıya məxsus heç bir rəsmi sənəd ona təqdim edilməmişdir. İddiaçı sənədləri sığorta şirkətinə təqdim edib ödənmiş vəsaiti geri alacağından hər hansı problemlə rastlaşmamaq üçün sənədləri digər şəxsə verə bilməzlər. Bütün pasientlərin sənədləri məxfi şəkildə saxlanılır və digər şəxslər tərəfindən götürülməsi klinikada etibarnamə əsasında həyata keçirilir. İddia ərizənizdə “Nəticədə dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizdən dişlərimin müalicəsi başlamadan alınmış 1.436 manat (əslində ödədiyimiz məbləğ daha çox olsa da ödədiyimiz pulların bir hissəsi nəğd qaydada verildiyinə və müvafiq qəbz verilmədiyinə görə, yalnız ödədiyimiz pullara dair əlimizdə olan qəbzləri hesablamaqla 1.436 manat pul ödədiyimizi qeyd edirik) məbləğində pulla bağlı heç bır məlumat və ya sənəd verilmədi. Həmin məbləğ üzrə nəzərdə tutulmuş işlərin heç 30% belə başa çatdırılmamışdı" fikirlərinin tamamilə klinikaya atılan böhtan olduğunu nəzəriə çatdırmaq istəyir. Çünki, iddiaçı klinikaya gəldikdə hansı işlər görülmüşdürsə, yalnız onun ödənişini etmişdir. Bu zaman ödənişlər nağd və yaxud bank kartı vasitəsi ilə olunmuşdur və o, ödədiyi hər hər ödəniş üçün çeklər götürmüşdür. Yazılanların şər və böhtan xarakterli olduğunu iddiaçı özü iddia ərizəsinin başlanğıcında qeyd etdiyi fikirlərlə kifayət qədər təsdiqləyir. Belə ki, iddiaçı görülən işlər və ödədiyi məbləğlər əsasında onlardan sığorta üçün sənəd istəmiş və onlar bu sənədin hazırlanmasında heç bır maneə yaratmamışlar. Sadəcə olaraq həmin sənədləri şəxsən onun gəlib götürməyini və yaxud həyat yoldaşının gələcəyi təqdirdə yalnız etibarnamə əsasında gəlib götürməyini xahiş etmişlər. Əgər o, artıq ödəmə etmiş və bununla əlaqədar heç bir qəbz əldə etməmişdirsə, sığorta üçün sənədi hansı sənədlərin və qəbzlərin əsasında tələb edə bilər? Özünün dediyi kimi 1.436 manat məbləğində olan qabzlərinmi? Əgər iddiaçı artıq ödəmə etmiş olsaydı, ən azından sığortanı bəhanə edərək mütləq ki, bunun üçün onlarda qəbz tələbi etmiş olacaqdı. Ödədiyi məbləğ üzrə işlərin demək olar ki, 80%-i başa çatdırılmışdır. Başqa klinikaya, "xxxx"ə getməyi ilə bağlı o, iddiaçının yoldaşı ilə telefonda danışmış, şikayətinin kanal müalicəsinin qiymətlərindədirsə əgər, kanal müalicələrini orada elətdirə biləcəklərini, plombları üçün isə klinikaya gəlməyini bildirmişdir. Buna səbəb natamam olunan plombların tərəfindən yekunlaşdırılmağının istənilməsidir. İddiaçının yoldaşı buna etiraz edərək bir daha klinikaya gəlməsinə ehtiyac olmadığını bildirmişdir. Yəni, başqa klinikaya getməyinə səbəb onlar yox, iddiaçının yoldaşı olmuşdur. Nəzərə çatdırmaq istəyir ki, iddiaçı digər klinikaya getdikdə demək olar ki, kanal müalicəsi xaric bütün işləri yekunlaşdırılmışdır. Məhkəməyə təqdim edilən sənədlər içərisindən “Real Dental" klinikasına aid müalicə sənədlərini nəzərdən keçirmiş və görmüş ki, burada olunan müalicələrinin əksəriyyətinin onların müalicə etdiyi dişlərlə əlaqəsi yoxdur. Onların müalicə etdiyi dişlərdən yalnız 24-cü dişdə yenidən plomb olunmuşdur va o, pretenziya məktubu daxil olmaqla bu məktubda bununla bağlı məlumat vermişdir ki, bəzi dişlərdə kanal müalicəsi lazım olduğundan ancaq dişlərin divarları plombla yığılmışdır. Əlavə olaraq bildirmək istəyir ki, “Real Dental" klinikasında 14, 15, 25ci dişlərdə plomb yox “vkladka” olunmuşdur, "vkladka” plomb deyil, ortopedik prosedurdur və bu o zaman icra edilir ki, diş tacı çox dağılır. O, pasientin bu üç dişində ancaq terapevtik prosedurlar etmiş (plombla bərpa). Plomb edilmiş dişlərə sonradan vkladka və ya qapaq düzəldilə bilər və bunun üçün ilk öncə diş tacı plombla bərpa olunmalıdır (plomb olmasaydı vkladka düzəldilə bilməzdi). İddia ərizəsində qeyd edilmiş fikirlərə cavab olaraq bildirir ki, klinika üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, gördüyü işlərin məsuliyyətini daşıyır, iddiaçıya heç bir maddi zərər vurulmamışdır. Onlara ödənilmiş 1.436 manat məbləğin qarşılığında tərəfindən iddiaçıya 80%-lik müalicə işi görülmüşdür. İddiaçı sadəcə qiymətlərindən narazı olaraq onlara qarşı bu iddiaları səbəb göstərir. Yuxarıda qeyd etdikləri əsasında iddiaçıya 6 dişin (14, 15, 16, 17, 24, 25-ci dişlər) ödənişlərinin 50%-nin ödənişlərini geri iadə edə bilər. Yerdə qalan ödənişlərin iadəsi qeyri-mümkündür. Çünki müayinə tam olunmuş və iddiaçıya planlama verilmişdir (30 manat), dişlərin gigiyenası (120 manat) və 26, 27, 45, 47-ci dişlərin kariesləri təmizlənərək kompozit restovrasıyaları tam şəkildə edilmişdir (4x144=576 manat). İddia ərizəsində qeyd edilmiş fikirlərə əsasən (ambulator sənədin təqdim edilmədiyi üçün sığortadan ödənilmiş vəsaitin alınmamağı ilə bağlı) təkrar bildirmək istəyir ki, onlar sənədləri yalnız iddiaçıya təqdim edəcəklərini bildirmiş və bununla bağlı həm iddiaçının özünə, həm də yoldaşına dəfələrlə məlumat vermişlər. İddiaçının yoldaşına təqdim edilmiş sığorta sənədlərindən də görünür ki, sənədlərin verilməsində heç bır problem yaratmırlar. İddiaçının yoldaşında etibarnamə olmadığı üçün iddiaçıya məsxus heç bir rəsmi sənəd ona təqdim edilməmişdir. Tərəfindən iddiaçının göndərdiyi 28 dekabr 2021-ci il tarixli pretenziya məktubuna əsaslı cavab verilmiş və aşağıda qeyd olunan məbləği ödəməyə hazır olduğunu bildirmişdir. Onlar iddiaçıya natamam icra edilmiş dişlərin ödənişinin 50%-ni geri qaytarmağa hazırdırlar (6x144=864 manat, 864-50%=432 manat). İddiaçının qalıq borcunu da nəzərə alaraq (432-164=268 manat) yekunda ona ödəyəcəkləri məbləğ 268 manatdır və iddiaçı ödənişini özünün şəxsiyyət vəsiqəsi ilə gəlib götürə bilər. İddiaçı daha sonra məhkəməyə yazılı mülahizlərini göndərərk bildirmişdir ki, etiraz məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən də aydın olur ki, onun fikri öz təsdiqini tapır. Əvvəla qeyd etmək istəyir ki, iddia ərizəsinə etirazda çoxsaylı bir-birinə zidd olan fikirlər səslənmişdir. Belə ki, etirazda qeyd edilmişdir ki, guya hansı işlər görülmüşdürsə iddiaçıdan yalnız o işlərin ödənişi alınmış və tamamlanmamış işlərə görə öncədən pul alınmamışdır. Halbuki, pretenziyaya cavab məktubunda, eləcə də etirazda natamam olan işlərin (864 manat) 50%-ni qaytarmağı təklif edirlər. Eləcə də, özü etiraf edir ki, edilən ödənişlərə görə bütün işlər görülməmişdir. Daha sonra etirazda qeyd edilir ki, guya cavabdeh klinika olaraq üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirmişlər və iddiaçıya heç bir ziyan vurmamışlar. Halbuki, bunun əksinə olaraq etirazda cavabdeh özü etiraf edir ki, 14, 15, 16, 17, 24 və 25-ci dişlərə görə görülməli olan işlər görülməmişdir. Göründüyü kimi, cavabdeh tərəf ən azı 6 dişin (14, 15, 16, 17, 24, 25) tamamlanmadığını qəbul edir. Lakin cavabdeh klinika görülməli olan, lakin faktiki olaraq görülməmiş işlərin bir qismini etiraf edir. Belə ki, cavabdeh klinika tərəfindən 35, 36, 45 və 48-ci dişlərə görə də hər hansı bir iş görülməmişdir. Bu, "xxxx" klinikası tərəfindən verilmiş sənədlərlə də öz təsdiqini tapır. Əgər doğrudan da cavabdeh tərəfindən qeyd olunan dişlər müalicə olunmuş olsaydı, heç bir klinika bir həftə sonra “sağlam” dişləri yenidən müalicə etməzdi. Yəni "Smile by Dr.Bakhtiyar” klinikası tərəfindən qeyd olunan işlər görülmüş olsayı, həmin işlər "xxxx" klinikası tərəfindən təkrar görülməzdi. Ziddiyyətli məqamlardan biri də odur ki, cavabdeh tərəf post terminalın işləməməsi barədə fikirlərin həqiqətə uyğun olmadığını qeyd etdikdən sonra doğrudan da post terminalın 3-4 gün ərzində işləmədiyini özü etiraf etmişdir. Daha sonra etirazda belə bir fikir qeyd edilmişdir ki, guya “plomb olmasaydı vkladka düzəldilə bilməzdi”, halbuki, bunlar sadəcə diş müalicəsinin iki fərqli üsuludur (diş tacının vəziyyətindən asılı olaraq). Həqiqət odur ki, cavabdeh tərəfindən nə plomblar qoyulmuşdur, nə də diş divarları düzəldilmişdir. Hal-hazırda isə cavabdeh ona təqdim edilməmiş ambulator kartını istədiyi kimi doldurararaq məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf "xxxx" klinikasında müalicə olunmuş dişləri, görülmüş işləri bildikdən sonra hazırda məhkəməyə təqdim etdiyi ambulator kağızda istədiyini qeyd edə bilərdi. Qeyd etmək istəyir ki, ona verilmiş planlamada 17-ci dişin kompozit restavrasiyası nəzərdə tutulmadığı halda indi təqdim olunmuş “işlərin icra sənədi”ndə bu əlavə olunmuşdur. Görünür "xxxx" klinikasının təqdim etdiyi sənədlərdə qeyd olunmuş dişlərdən fərqli olması üçün sağlam olan 17-ci dişi belə cavabdeh siyahıya əlavə etmişdir. Həmin dişdə hər hansı bir problem olmuş olsaydı, hər halda bu cavabdehin təqdim etdiyi planlama siyahısında əks olunardı. Cavabdeh tərəfin qeyd etdiyi özünün istinad etdiyi tarixlərə istinad etsək belə, yarımçıq da olsa görülən işlərin ambulator sənədi ona 04 sentyabr 2021 tarixində klinikaya gəldikdə təqdim olunsaydı, işlərin 19 avqust 2021 tarixində başlandığını (cavabdehin qeyd etdiyi kimi) nəzərə alaraq, o, sığortaya müraciət edə bilərdi. Həmçinin həmin sənəd cavabdeh tərəfindən klinikaya 15 sentyabr 2021 tarixində gələndə təqdim olunsaydı, yenə də o, sığorta məbləğini ala bilərdi. Lakin cavabdeh klinikanın qərəzli mövqeyi səbəbi ilə o, sığortadan ala biləcəyi geri ödəmədən də məhrum olmuşdur. Necə olur ki, cavabdeh klinika onun yoldaşının bank kartı ilə ödənişləri qəbul edir, həmçinin ona göndərilən SMS-ləri yoldaşının nömrəsinə (+**********90) göndərir, görülmüş işlərə dair sənədləri isə onun təkidli mövqeyinə baxmayaraq yoldaşına təqdim etməkdən imtina edir? Cavabdehin özünün təqdim etdiyi “WhatsApp” yazışmalarından da göründüyü kimi, o, hətta müvafiq sənədlərin onun email ünvanına göndərilməsini xahiş etsə də, bu xahişi də yerinə yetirilməmişdir. Bir məsələni də qeyd etmək istəyir ki, nə o, nə yoldaşı "Smile by Dr.Bakhtiyar” klinikasının hər hansı bir əməkdaşı ilə heç vaxt guya hansısa qiymətlərin baha olması barədə söhbət aparmamışlar. Bunu məhkəməyə təqdim etdiyimiz "xxxx" klinikasının tərtib etdiyi ödədikləri məbləğlərdən də görmək olar ki, (həmin klinikaya onların qeyd etdikləri qiymətlərdən də artıq pul ödənilmişdir). Belə olan halda etirazda qeyd edilmiş “qiymət baha olduğundan başqa klinikaya getmək istədiniz” ifadəsi "Smile by Dr.Bakhtiyar” klinikasına bildirdiyimiz haqlı iradlara bəraət qazandırmaq cəhdindən başqa bir şey deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın aparılmasında iştirak edən ekspertlərdən biri üz-çənə cərrahı, digəri isə ümumiyyətlə stomatologiyaya aidiyyəti olmayan şəxslərdir. Odur ki, onlar tərəfindən verilmiş rəylər sübut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək iddiaya etirazda göstərilən məmzunda izahat verdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, iddiaçının 26, 27, 45 və 47-ci dişlərində kompozit restavrasiya, həmçinin 27 və 45-ci dişlərində güdülün (ştiftin sökülməsi) sökülməsi işlərini tam olaraq icra etmiş, 14, 15, 16, 17, 24 və 25-ci dişlərində isə kompozit restavrasiya işlərini qismən, 50% icra etmişdir. Çünki, həmin işləri iddiaçı "xxxx" klinikasında görüləcək işlərdən sonra icra edə bilərdi. İstənilən pasientə dair onlarda olan sənədləri yalnız həmin pasientin özünə və ya etibarnamə ilə etibar edilmiş şəxsə verə bilərlər. Həmçinin, iddiaçının kifayət qədər vaxtı olmuşdur ki, gəlib özü sənədləri götürüb sığortaya təhvil versin. İddiaçı məhkəmə iclasına "xxxx" Klinikasında onun dişlərini müalicə edən həkimləri dəvət edə bilərdi ki, o, gördüyü işlərə də aydınlıq gətirsin, lakin bunu etməmişdir. Həmçinin, iddiaçının dişlərinə baxış keçirilərək ilkin olaraq planlama hazırlanır, daha sonra isə dişlərin müalicəsi zamanı yeni işlərin görüləcəyi müəyyən oluna bilər və onlar ilkin planlamada əks olunmaya da bilər. 19 avqust 2021-ci il tarixdən başlayaraq cavabdehin üzərində görüləcək işlərin ümumi dəyəri 1.600 manat təşkil etmiş, cavabdeh cəmi 1.436 manat ödəniş etmiş, 164 manat borcu qalmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və ekspertlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasına dəvət edilmiş ekspert X7 rəylərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ştifttin sökülməsi işləri qismən icla edilmişdir. Belə ki, bəzi dişlərdə ştiftlər sökülüb, bəzilərində isə yox. Cərrahi ağırlaşmalar yoxdur. Görülmüş işlərlə bağlı hər iki klinikanın tibbi sənədləri olmalı, kartoçkalar yazılmalı idi. Praktikada belədir ki, adətən işi görən ikinci həkim işləri görməyə yenidən özü başlayır. Cavabdeh tərəfindən görüşmüş işlərdə qüsurlar yoxdur. İş yarımçıq idi, lakin qüsurlu deyildi. Kanal genişlənməsi qüsur deyil, ştift olan yerdə kanal genişlənməsi olması normaldır. Ştiftin sökülməsi endodontik müalicə olunması məsləhətlidir. Lakin oluna da bilər, olunmaya da. "xxxx" və "xxxx" kliniklarının gördüyü işlər üst-üstə düşmür. "xxxx" klinikasında görülən işlər "xxxx" klinikasında görülən işlərin davamıdır. Burada yenidən işlər görülməyib, işlər davam etdirilib. Kompozit restavrasiya və kanalın müalicəsi (doldurulması) ayrı-ayrı işlərdir. Məhkəmə iclasında iştirak edən ekspert X10 rəylərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hər iki klinikada görülmüş işlərin tibbi sənədləri tam olaraq onlara təqdim edilməmişdir. Rentgen şəkilləri olduğu təqdirdə işlərin görüldüyünü müəyyən etmək olur. "xxxx" klinikasının stomatoloqu dəqiq deyi bilər hansı işləri icra etmişdir. Ştiftin, plombun, vkladlanın nə olduğunu dəqiq olaraq stomatoloq deyə bilər. İş materiallarında olan: "Smile by Dr.Bakhtiyar” MMC tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli “Planlama”dan görünür ki, həkim stomatoloqun müayinəsinin qiyməti 30 manat, 24, 25, 26, 27, 14, 15, 16, 47, 45, 34, 35, 36-cı dişlərdə kompozit restavrasiyanın hər diş üçün 144 manat, 48 nömrəli ağıl dişinin çəkilməsi 80 manat, iki dəfə ağız boşluğunun gigiyenasının qiyməti 120 manat, ümumilikdə görüləcək işlərin qiyməti 1.958 manat təşkil edir. "Smile by Dr.Bakhtiyar” MMC tərəfindən tərtib edilmiş 01 fevral 2022-ci il tarixli “İcra sənədi”ndən görünür ki, İddiaçı 28 aprel 2021-ci il tarixdə həkim stomatoloqun müayinəsində olmuş (xidmətin qiyməti 30 manat); 19 avqust 2021-ci il tarixdə 2 dəfə ağız boşluğunun gigiyenası icra edilmiş (ümumi 120 manat); həmin tarixdə 24 və 25-ci dişlərin kompozit restavtasiyası, 20 avqust 2021-ci il tarixdə 26 və 27-ci dişlərin kompozit restavrasiyası, 27-ci dişdə güdülün (ştiftin) sökülməsi; 21 avqust 2021-ci il tarixdə 16 və 17-ci dişlərin kompozit restavrasiyası; 23 avqust 2021-ci il tarixdə 14 və 15-ci dişlərin kompozit restavrasiyası; 26 avqust 2021-ci il tarixdə 47-ci dişin kompozit restavrasiyası; 01 sentyabr 2021-ci il tarixdə 45-ci dişin kompozit restavrasiyası və güdülün (ştiftin) sökülməsi icra edilmişdir. Borcun məbləği 164 manat göstərilmişdir. "Smile by Dr.Bakhtiyar” MMC tərəfindən tərtib edilmiş 01 fevral 2022-ci il tarixli “İcra sənədi”ndən görünür ki, 19 avqust 2021-ci il tarixdə X4 2 dəfə ağız boşluğunun gigiyenası (ümumi 120 manat); 21 avqust 2021-ci il tarixdə 37 və 44-cü dişlərin kompozit restavrasiyası, 34-cü dişin fissur sealant işləri icra edilmişdir. Borc yoxdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Medreestr”lərdən görünür ki, Şəfa Qurabovaya göstərilmiş tibbi xidmətlər aşağıdakılardır: 2 kanallı dişlərin mexaniki işlənməsi 24, 2 kanallı dişlərin doldurulması 24, anesteziya, karies 24, anesteziya, metal keramik qapaq 35, anesteziya, 1 kanallı dişlərin mexaniki işlənməsi 45, periodontit zamanı 1 kanalın pasta ilə doldurulması 45, anesteziya 37, karies orta boşluq 36, 37, anesteziya 15, 1 kanallı dişin doldurulması 15, 2 kanallı dişin doldurulması 14, 1 kanallı dişin doldurulması 45, 1 kanallı dişlərin mexaniki işlənməsi 35, anesteziya kapsul 48, ağıl dişinin çəkilməsi 48, kompozit vkladkalar 14, 15, 25, anesteziya kapsul 35, boyunətrafı karies 1 diş 35, rentgen OPQ, Anesteziya kapsul, periodontit zamanı 2 kanalın boşaldılması 14, 15, periodontit zamanı 2 kanalın pasta ilə doldurulması 14, 15, 2 kanallı dişlərin müxaniki işlənməsi, 1 kanallı dişin doldurulması 35-ci diş, periodontit zamanı 1 kanalın pasta ilə doldurulması, periodontin zamanı 1 kanalın boşaldılması. Görüləcək xidmətlərin ümumi qiyməti 2.530 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən cəmi 3.130 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən "Smile by Dr.Bakhtiyar” MMC-yə ünvanlanmış 28 dekabr 2021-ci il tarixli pretenziyadan görünür ki, sonuncuya 3 gün ərzində ödənilmiş 1.436 manat məbləğində pulun qaytarılması təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdalıq edilmişdir. "Smile by Dr.Bakhtiyar” MMC tərəfindən İddiaçı ünvanlanmış 29 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, sonuncuya natamam icra edilmiş dişlərin ödənişinin 50%-nın geri qaytarılması, qalıq borcun məbləği nəzərə alaraq 268 manat məbləğində vəsaitin qaytarılması təklif olunmuşdur. “X13” adlı sığorta sənədindən görünür ki, proqram həkim-stomatoloqun müayinəsini; diaqnostika tədqiqatları (rentgen-diaqnostika və s.); anesteziya; pulpitin və kariyesin müalicəsi (səthi, orta, dərin); plomblama; dişin çəkilməsi; periodontitin müalicəsi; qinqvit, parodontit, parodontozun müalicəsi (Vector sistemi ilə müalicə istisna olmaqla); stiftlərin qoyulması; diş daşlarının təmizlənməsi – ildə 1 dəfə; airflow – ildə 1 dəfə (limit müqavilə üzrə 20 hadisə), üz çənə nahiyəsində fleqmon və absesin yayılması xidmətlərini əhatə edir. Sığorta olunanın ərizəsi tibbi xidmətlərin göstərildiyi vaxtdan 1 aydan gec olmayan müddətdə sığortaçıya təqdim edilir. İddiaçı ilə "Smile by Dr.Bakhtiyar” MMC-nin əməkdaşı arasında “Whatsapp” yazışmalarından görünür ki, İddiaçı Bəxtiyar doktorun müayinəsində olduğunu və müalicə üçün gəlmək istədiyini 16 avqust 2021-ci il tarixdə bildirmiş, 15 sentyabr 2021-ci il tarixdə ********** mobil nömrə ilə əlaqə saxlanılmasını bildirmiş, klinikanın əməkdaşı tərəfindən İddiaçı bildirilmişdir ki, doktorun dediyinə görə yoldaşı gələcəyi təqdirdə notarusdan sənəd gətirməli, çünki sənədlər ancaq onun özünə verilə bilər. Nümayəndə məxsus pasportun surətindən görünür ki, o, 03 sentyabr 2021-ci il tarixdə X11 Aeroportundan ölkəni tərk etmiş, 14 sentyabr 2021-ci il tarixdə geri dönmüşdür. Saiq Qəhrəmanova məxsus imunitet pasportunun surətindən görünür ki, o, 16 avqust 2021-ci il tarixdə COVİD-19 virusuna yoluxmuşdur. Caspian Marine Services BV şirkəti tərəfindən "xxxx" MMC-yə göndərilmiş 05 mart 2022-ci il tarixli məktubdan görünür ki, şirkətə məxsus olan +99***-***-**-** nömrəsini həqiqətən də X2 tərəfindən istifadəyə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X18 tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, 187/KEŞ nömrəli rəydən görünür ki, 1985ci il təvəllüdlü İddiaçı 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45-ci dişlərində kompozit restovrasiya, həmçinin 27 və 45-ci dişlərdə güdülün (ştiftin) sökülməsi prosedurları icra edilmişdir. Ortopantoqrammaya əsaslanaraq həmin dişlərin kök kanallarında güdülün (ştiftin) yerləşməsinə müvafiq kanalın genişlənməsi izlənilir. Ortopantoqrammada metal ştiftlərin olmaması ştiftlərin sökülmüş olduğunu göstərir. Dr.Bakhtiyar” və "xxxx" Klinikalarında tibbi sənədlər olmadığından kompozit restavrasiya və güdülün (ştiftin) sökülməsi prosedurların hansı səbəbdən icra edilməsi haqqında fikir söylənilməsi mümkün olmadı. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X18 tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 413/KEŞ nömrəli rəydən görünür ki, 1985ci il təvəllüdlü İddiaçı 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45-ci dişlərində kompozit restovrasiya, həmçinin 27 və 45-ci dişlərdə güdülün (ştiftin) sökülməsi prosedurları icra edilmişdir. Ortopantoqrammaya əsaslanaraq həmin dişlərin kök kanallarında güdülün (ştiftin) yerləşməsinə müvafiq kanalın genişlənməsi izlənilir. Ortopantoqrammada metal ştiftlərin olmaması ştiftlərin sökülmüş olduğunu göstərir və bu da bəzi dişlərdə yenidən endodontik müalicəyə səbəb olmuşdur. "Smile by Dr.Bakhtiyar” və "xxxx" Klinikalarında tibbi sənədlər tərtib edilməli olduğu halda, edilmədiyindən kompozit restavrasiya və güdülün (ştiftin) sökülməsi prosedurların hansı səbəbdən icra edilməsi haqqında dəqiq fikir söylənilməsi mümkün olmadı. 13 dekabr 2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən xidmət haqqı olaraq notariusa 11.5 manat məbləğində vəsait ödənilmişdir. 12 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 28 aprel 2021-ci il tarixdə cavabdeh klinikada müayinədə olmuş, 19 avqust 2021-ci il tarixdən isə dişlərinin müalicəsinə başlamış, klinikanın həkimi Bəxtiyr Əliyev tərəfindən iki dəfə ağız boşluğunun gigiyenası (hər biri 60 manat qiymətində), 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45 dişlərində kompozit restavrasiya (bir diş ücün qiymət 144 manat), həmçinin 27 və 45-ci dişlərində güdülün (ştiftin) sökülməsi (bir diş üçün qiymət 20 manat) işləri icra edilmişdir. Görülmüş işlərin dəyəri ümümilikdə 1.600 manat təşkil etmiş, iddiaçı tərəfindən 1.436 manat məbləğində cavabdehə ödəniş edilmiş, 164 manat borc qalmışdır. Daha sonra iddiaçı dişlərinin müalicəsini “Real Dentalal” Klinikasında davam etdirmək qərarına gəlmiş, bunun üçün 15 sentyabr 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı iddiaçıya məxsus tibbi sənədləri cavabdeh klinikadan götürmək istəsə də, ona həmin sənədlər verilməmiş və cavabdehin imtinası belə əsaslandırılmışdır ki, həmin sənədlər yalnız iddiaçının özünə və ya etibarnamə əsasında nümayəndəsinə verilə bilər. Hazırda iddiaçı cavabdeh tərəfindən ona ödənilmiş məbləğ müqabilində dişlərinin müalicəsinin həyata keçirilmədiyini, həmçinin ona tibbi sənədlərin verilməməsi səbəbindən sığorta şirkətindən ödənişin geri ala bilmədiyini əsas gətirərək dişlərinin müalicəsi üçün cavabdehə ödənilmiş 1.436 manat məbləğində vəsaitin, ona vurulmuş 4.000 manat məbləğində mənəvi zərərin əvəzinin və 95,5 manat məbləğində məhkəmə xərclərinin əvəzinin ödənilməsini tələb edir, cavabdeh isə iddianı qismən qəbul etdiyini bildərərək cəmi 6 dişdə kompozit restavrasiya işlərinin 50% icra edildiyini, həmin işlərin iddiaçının "xxxx" Klinikasında müalicəsinin bitməsindən sonra tam olaraq yekinlaşdıra biləcəyini, qalan işlərin isə tam icra edildiyini, iddiaçının borc məbləğini nəzərə alaraq 268 manat məbləğində ödənişin geri qaytarılmasına razı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsainə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun: 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 16-cı maddəsinə əsasən xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək, həkim sirrinə əməl etmək və s. özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona ödənilmiş məbləğ müqabilində dişlərinin müalicəsinin həyata keçirilmədiyini iddia etsə də, işdə olan hər iki klinika tərəfindən təqdim edilmiş sənədlərlə, ekspert rəyləri və məhkəmə iclasında iştirak edən ekspertin bildirdikləri ilə müəyən edilir ki, iddiaçının 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45-ci dişlərində kompozit restovrasiya, həmçinin 27 və 45-ci dişlərdə güdülün (ştiftin) sökülməsi prosedurları icra edilmiş və görülmüş işlərdə qüsurlar olmamışdır. "xxxx" və "xxxx" kliniklarının gördüyü işlər üst-üstə düşmür. "xxxx" klinikasında görülən işlər "xxxx" klinikasında görülən işlərin davamı olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona tibbi sənədlərin verilməməsi səbəbindən sığorta şirkətindən ödənişin geri ala bilmədiyini iddia etsə də, qanunverciliyin yuxarıda istinad olunan müddəalarından göründüyü kimi, cavabdeh həkim sirrini təşkil edən məlumatları iddiaçının özünə vermək vəzifəsini daşıyır. Bundan başqa, iddiaçı dişlərinin müalicəsinə 19 avqust 2021-ci il tarixdə başlamış və sığorta şərtlərinə əsasən 19 sentyabr 2021-ci il tarixədək, yəni tibbi xidmətlərin göstərildiyi vaxtdan 1 aydan gec olmayan müddətdə ona aid tibbi sənədləri sığortaçıya təqdim edə bilərdi. Göründüyü kimi, iddiaçının 15 sentyabr 2021-ci il tarixdən, yəni onun həyat yoldaşına tibbi sənədlərin verilməsindən imtina edildiyindən sonra bir neçə gün imkanı olmuşdur ki, ona aid tibbi sənədləri cavabdeh klinikadan götürsün. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “vurulmuş 1.436 manat maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, iddiaçının cavabdehə 164 manat məbləğində borcunun qaldığını, 6 diş üzərində 50% işlərin icra edildiyini (144x6=864 manat) nəzərə alaraq cavabdehdən 268 (864/2=432; 432–164=268) manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 4.000 manat məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə cavabdehin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi müəyyən edilməmişdir ki, onun nəticəsi olaraq iddiaçı mənəvi sarsıntı və iztirab keçirtsin. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 268 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 5 manatı tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 268 (iki yüz altmış səkkiz) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 5 (beş) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar