Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-144/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2687 manat məbləğində sığorta ödənişinin əvəzi və 47,27 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində Cavabdeh tərəfindən idarə edilən “Vaz 21014” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “Poladtökmə” zavodunun yaxınlığında X7 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Hyundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin İŞ-nin xx.xx.2014-cü il tarixli qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən “Hyundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi miqdarı 2987 məbləğində müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC “Hyundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə 300 manat azadolma məbləği çıxılmaqla 2687 manat sığorta ödənişini həyata keçirmişdir. Subroqasiya hüququ yarandığından iddiaçı yaranmış subroqasiya hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Səmədova iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqinə dair ərizəni müdafiə edərək, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2014-cü il tarixli zərərin qiymətləndirilməsi və xx.xx.2014-cü il tarixli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Hyundai Accent” markalı avtomobilə bağlı zərər 2987 manat məbləğində müəyyən edilmiş, sığorta şəhadətnaməsində razılaşdırılmış 300 manat azadolma məbləği çıxılmaqla 2687 manat təşkil etmişdir. - xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən X6 2687 manat ödəniş edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərara əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh, X8, X5, X1 və X2 xəsarət almaları faktı əsasında toplanmış təhqiqat materialında cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. - Cavabdeh tərəfindən Bakı şəhəri DYPİ-nə ünvanlanmış izahatdan görünür ki, hadisə baş verən an o, Binəqədi şossesi ilə öz hərəkət zolağında qoşa xəttə yaxın hərəkət edərkən, nə baş verdiyini bilməmiş, partlayış hiss etmiş, hadisə nəticəsində şoka düşmüş və yalnız ayıldıqdan sonra xəstəxanada olduğunu görmüşdür. Hadisə zamanı sərxoş olmamışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Accent” markalı, **- MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2890 manat təşkil edir. Həmçinin 2013-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 17000 manat müəyyən olunmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/173 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Accent” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2987 manat təşkil edir. Həmçinin 2013-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 17000 manat müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, “Hyundai Accent” Markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğini (2687 manat) təsdiq edən hər hansı sübut mövcud deyil. Həmçinin iş materiallarına əlavə olunmuş “Aktın” ümumiyyətlə hansı qurum (hüquqi şəxs, müstəqil ekspert və s.) tərəfindən və hansı tarixdə qəbul olunmasını müəyyən etmək mümkün deyil. Məhkəmə qeyd edir ki, iddia ərizəsində “ödəniş tapşırığı” qeyd olunsa da bununla da bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MM-nin: - 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. -925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddaçı tərəfindən “zərərin miqdarının qiymətləndirilməsi” “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq keçirilmişdir (tarix, qiymətləndiricinin vəzifəsi, iş yeri və s. qeyd edilməmişdir). Beləliklə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılığın əldə edilməsi və ya edilməməsi, ümumiyyətlə Cavabdeh dəyən zərərin qiymətləndirilməsində iştirak etməsi və məlumatlı olması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-avtotexniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları tədqiqatının ümumi dəyərini təşkil edən 150 (yüz əlli) manat ekspertiza xərcinin İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-144/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-144/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver