Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1440/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı (Bakı şəhəri 27 saylı nhotariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 850 manat məbləğində pulun alınaraq ona ödənilməsi və onun tərəfindən cavabdeh X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 27 saylı Notariat ofisində verilmiş 7E-7098 nömrə ilə qeyd edilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmənin dəftərxanası vasitəsi ilə iddiaya qarşı yazılı etiraz ərizəsi təqdim etmiş və səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir (yalnız xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmişdir). Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 27 saylı notariat ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, cavabdehin və üçüncü şəxsin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, cavabdehin iddiaya qarşı etirazının məzmununu nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X5 İddiaçı anasıdır. İddiaçı xx.xx.2014-cü il tarixdə müəyyən hərəkətlərin edilməsini, həmçinin qanunla iddiaçıya, cavabdehə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetininin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüququna malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi cavabdehə etibar etmiş və bununla bağlı ona 20 il, yəni xx.xx.2034-cü il tarixədək qüvvəsi olan etibarnamə vermişdir. İddiaçının müraciəti əsasında həmin etibarnamənin qüvvəsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı 2014-cü ildə ölkə hüdudlarını tərk etməsi ilə əlaqədar zərurət yaranacağı təqdirdə onun göstərişi və iradəsinə uyğun olaraq onu təmsil etmək üçün cavabdehə etibarnamə, həmçinin saxlamaq üçün 850 manat məbləğində pul verdiyini, xaricdə olarkən hər hansı göstəriş verməməsinə baxmayaraq, cavabdehin etibarnamədən istifadə edərək, onun adından müəyyən addımlar atdığını, o cümlədən onun adından iddia qaldırdığını, lakin ona bu barədə hər hansı məlumat vermədiyini, bu barədə məlumat əldə edən kimi etibarnaməni ləğv etdirdiyini, həmçinin, tələb etməsinə baxmayaraq, həmin pulu dövlət rüsumu olaraq ödənildiyini bildirməklə cavabdehin 850 manat pulu qaytarmaqdan da imtina etdiyini bildirir və həmin etibarnamənin ləğv edilməsini, habelə cavabdehdən 850 manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddiaçının ziyanına hər hansı tədbir görmədiyini, iddiaçının müraciəti olmasa da, iddiaçının və uşaqlarının yaşayış yerinin olmaması və bununla bağlı onun əri tərəfindən hüquqlarının pozulması səbəbindən iddiaçının adından onun keçmiş ərinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia qaldırdığını, ona 850 manat məbləğində deyil, 770 manat məbləğində pulun verildiyini, həmin pulu iddiaçının uşaqlarına və məhkəmə xərclərinə sərf etdiyini, bu səbəbdən ondan həmin pulun tələb edilməsini əsassız hesab etdiyini, etibarnamənin ləğv edilməsinə isə etiraz etmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 365.1-ci və 365.1.3-cü maddələrinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 781-ci maddəsinə əssən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir; 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir; 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı Azərbaycan Respublikasından kənara getməsi ilə əlaqədar ölkə hüdudlarından kənarda olduğu müddət ərzində onun adından müəyyən hərəkətlərin edilməsini cavabdehə tapşırmış (etibar etmiş) və bununla bağlı ona xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən iddiaçı cavabdehə həmçinin, qanunla iddiaçıya verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi hüququna malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmaq və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Cavabdeh də məhz həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlərindən istifadə edərək, iddiaçının adından məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə, cavabdeh iddiaçının adından məhkəmədə iddia qaldırmaq üçün tam səlahiyyətli olmuşdur. Cavabdehin iddiaçıya bu barədə hər hansı məlumat verməməklə onun adından iddia qaldırması, habelə həmin iddianın təmin edilməməsi bu etibarnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Etibarnamənin rəsmiləşdirilməsi zamanı da qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının müraciəti əsasında həmin etibarnamənin qüvvəsinə artıq xitam da verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “etibarnamənin etibarsız hesab edilməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə xüsusilə o halı vurğulayır ki, iddiaçı konkret olaraq bir hala, yəni tapşırığı olmadan cavabdehin onun keçmiş ərinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia qaldırmasına və bu iddianın təmin edilməməsinə (bu barədə məhkəmə qətnamələri təqdim edilməsə də, hər iki tərəf bunu etiraf edir) istinad edərək, etibarnamənin etibarsız hesab edilməsini tələb edir. Hüquqi nəticə etibarı ilə iddiaçı bu tələbin təmin edilməsi yolu ilə keçmiş ərinə qarşı yenidən həmin tələbi irəli sürmək istəyir. Halbuki, artıq müəyyən edildiyi kimi, cavabdeh bu iddianı qaldırmaqda tam səlahiyyətli olmuşdur. Bu da öz növbəsində yalnız iddiaçının bu halı sübut etməklə cavabdehdən ona vurulmuş maddi zərərin əvəzini tələb etmək hüququnu yaradır. Məhkəmə iddia tələbinin “pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu pulu cavabdehə saxlamaq niyyəti ilə verdiyini bildirir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının hüdudlarını müəyyən müddətə tərk etməsi ilə bağlı cavabdehə etibarnamə verməklə yanaşı, həmin vaxt uşaqlarını (Salmanlı Məhəmməd Hicran oğlu və Salmanlı Zeynəb Hicran qızı) da cavabdehin himayəsində saxlamışdır. Müəyyən məbləğdə pulu da (iddiaçı həmin pulun 850 manat məbləğində olduğunu iddia etsə də, cavabdeh 770 manat məbləğində olduğunu bildirir) məhz həmin vaxt cavabdehə vermişdir. Cavabeh qeyd edilən pulu məhkəmə xərcləri ilə yanaşı, uşaqların saxlanılmasına sərf etdiyini bildirir. İddiaçı həmin vaxt ərzində cavabdeh tərəfindən uşaqlara lazımi və tələb olunan səviyyədə qulluğun göstərilməməsini bildirmir. Bu səbəbdən məhkəmə hesab edir ki, bu məsələdə də tərəflər arasında tapşırıq münasibətləri yaranmış və iddiaçı uşaqlarını cavabdehin himayəsinə verməklə onun ölkədə olmadığı müddət ərzində, müvəqqəti olaraq həmin uşaqlara qulluq göstərməsini cavabdehə tapşırmışdır. Pul vəsaiti də məhz cavabdeh tərəfindən uşaqlara tələb olunan səviyyədə xidmətlərin göstərilməsinin, o cümlədən bununla bağlı yarana biləcək xərclərin qarşılanmasının təmin edilməsi məqsədi ilə verilmişdir. Belə ki, bu xidmətin göstərilməsi (uşaqların qidalanması, tələb olunan yerlərə daşınması və sair), təbii ki, maddi vəsait tələb edir. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə verilmiş pul məhz uşaqlara xidmətlərin göstərilməsi barədə tapşırığın icra edilməsi zamanı çəkilən xərclərin əvəzi kimi qiymətləndirilməlidir. Bu da öz növbəsində iddia tələbinin bu hissədə də rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı “pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1440/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1440/2022
29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver