Məhkəmə qərarları › İş №2(001)-1443/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1443/2021

19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1443/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və pul ” tələbinə dair iddiası ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və qeyrilərinin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1F,mənzil 17-dən çıxarılması, cavabdehi onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1F,mənzil 11-dən 30 ay kirayə pulu ödəmədən istifadə etdiyinə görə cavabdehdən 5950 manat kirayə pulunu alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və digər şəxslər onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1F, mənzil 17-də 36 aydan çoxdur ki, ona pul ödəmədən yaşayır. Cavabdehin həmin mənzili tərk etməsini tələb edəndə Ramiz adlı şəxsə 36000 manat pul ödəməsini bildiriri ki, həmin şəxs Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum edilərək həmin məbləği mənimsədiyinin fakt kimi iki məhkəmə instansiyası hökmü və sonda Bakı Apellyasiya Məhkəməsi qərarı ilə təsdiq edilmişdir. Sözügedən mənzil çıxarışa əsasən onun mülkiyyətindədir. Digər tərəfdən cavabdeh 36 ay kirayə pulu vermədən həmin mənzildə yaşayır. Buda hər ayı 250 manat olmaqla vəmi 9000 manat pul edir. Ona 9000 manatdan 3050 manat məbləğində hissəsi ödənilmiş, lakin 5950 manat məbləğində qalıq borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Lakin digər bütün məhkəmə iclaslarında məhkəmə baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə 20.06.2019-cu il tarixində İddiaçı adına rəsmiləşdirilmişdir. 03.12.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir; İddiaçı tərəfindən X1 ünvanlanan 06.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, sonuncuya onunla bağlanmış alğı-satqı müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmədiyi 10 gün ərzində onunla əlaqə saxlanılaraq, öhdəliyin icrasının ondan xahiş edir, əks təqdirdə mənzildən çıxarılma tələbinə dair idia ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İddiaçı, X3 və X2 tərəfindən tərtib olunan aktdan görünür ki, X5 və qeyriləri İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, ünvan 2 ünvanında 24 aydan çox yaşamaları təsdiq edilmişdir. Ödəməli olduqları 6000 manat kirayə pulundan 3797 manat ödəniş edilmişdir. Qalıq 2203 manat borc qalmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə 20.06.2019-cu il tarixində İddiaçı məxsusdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin və qeyrilərinin ona məxsus olan ünvandan çıxarılmasını, əmlakına sahiblik etdiyi və istifadə etdiyi dövrdə ödənilməmiş kirayə haqqının onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin hüquqi əsasını AR Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. İddia ərizəsində göstərilən əmlakın iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sahibliyində olması və bununla da iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçıya aiddir. Beləliklə məhkəmə iddiaya münasibətdə hesab edir ki, hazırki iddia tələbinin əsası kimi çıxış edən MM-nin 157.2-ci maddəsində nəzərdə tutulan üç dispozisiya şərtinin ikisi mövcud deyil. Belə ki, iş materiallarından da göründüyü kimi ilk şərt yəni əmlak iddia irəli sürən şəxsin İddiaçı mülkiyyətindədir. Lakin mübahisə predmeti olan əmlakın cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz olması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki qeyd edilən maddənin dispozitiv şərtlərinin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçının özünə aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bundan başqa iddiaçı mənzildən çıxarılmasını xahiş etdiyi şəxslə iş materiallarında olan sübutlarda göstərilən şəxsin həqiqətən eyni şəxs olması ilə bağlı məhkəməyə kifayət qədər əsaslı dəlillər təqdim etməmişdir. İddiaçının “mülkiyyətində yaşayan qeyriləri” deməklə kimləri nəzərdə tutmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki iddiaçı Cavabdeh tərəfindən əmlakına qanunsuz sahiblik edildiyini bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Qeyd edilən şəraitin yaradılması üçün iddiaçıya işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən halların aradan qaldırılması üçün məlumat verilsə də, iddiaçı tərəfindən iddianın mahiyyəti üzrə baxılması üçün lazımi olan məlumatlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmədə iddianın iddaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması ilə bağlı şübhə yaranmışdır. İddia tələbinin cavabdeh tərəfindən ödənilməyən kirayə haqqının iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən əmlakdan istifadəyə görə kirayə haqqının ödənilməsini tələb etsə belə, tərəflər arasında daşınmaz əmlakdan istifadə ilə bağlı və ya cavabdehin daşınmaz əmlaka hüquqlarını təsdiq edən hər hansı müqavilə işin faktiki halları ilə müəyyən edilmir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və pul ” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və pul ” tələbinə dair iddiası rədd edilsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar