Məhkəmə qərarları › İş №2(001)-1463/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1463/2025

09.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1463/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdehlərin hər ikisini tanıyır. Belə ki, Mehriban xanım Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev 15 ünvanında yerləşən «E.M.Dakatos» gözəllik salonunun kosmetoloqu, digər cavabdeh X6 isə onda olan məlumata əsasən həmin gözəllik salonun sahibidir. Sözügedən gözəllik salonunu götürüb işlətməyi ona Mehriban xanım təklif etmiş və təklif ona uyğun olduğu üçün qəbul edərək salonu götürüb işlətmək qərarına gəlmişdir. Lakin salonun işlədilməsi ilə bağlı cavabdehlərlə aralarında hər hansı bir rəsmi razılaşma olmasa da, şifahi razılaşma olmuş, həmin razılaşmaya əsasən salon bütün əşyaları ilə birlikdə ona təhvil verilməli idi. Yerin sahibi olan X6 ona bildirmişdir ki, 1200 manat verin, girin salonu işlədin və o, da cavabdehlərin səmimiyyətinə inanaraq xx.xx.2024-cü il tarixdə aralarında hər hansı bir rəsmi sənəd imzalamadan 1200 manat pul vəsaitini yerin sahibi olan X4 məxsus kart hesabına, elə həmin tarixdə də 3000 manat pulu isə Cavabdeh kart hesabına köçürtmüşdür. Köçürtmə etdikdən sonra cavabdehlərdən Mehriban xanım salonu ona təhvil verməmişdir ki, bəs 1000 manat da əlavə pul verməlidir. 1000 manat pulu anası xanımın kart hesabına köçürtmüşdür. Ümumiyyətlə salonu götürüb işlətməyi üçün 1200 manat Fikrət Quliyevin kartına, 4000 manat isə Mehriban xanım Əmirəlizadənin kartına mədaxil edilmişdir. Cavabdehlərə ümumilikdə 5200 manat məbləğində pul verilmişdir. Cavabdehlərə pulu verdikdən 1-2 gün sonra o, salona gəlmiş, lakin salonun əşyalarının salonda olmamasının şahidi olmuşdur. Cavabdehlərlə əlaqə saxlamış, lakin onlar ona cavab belə vermək istəməmişlər. O, artıq onların onu aldatdıqlarını və pulu mənimsədiklərini başa düşmüşdür. Bu da onu göstərir ki, cavabdehlər onun səmimiyətindən istifadə edərək, onu aldadaraq aralarında olan razılığa məhəl qoymayaraq, salonu bütün əşyaları ilə birlikdə ona təhvil verəcəklərinə söz vermələrinə baxmayaraq, sözlərinə əməl etməmişlər, ondan 5200 manat məbləğində pulu aldıqdan sonra salonun bütün əşyalarını çıxarıb aparmışlar. Dəfələrlə cavabdehlərdən pulun qaytarılmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehlərin ona qarşı olan bu cür hərəkətləri ilə bağlı ərazi üzrə polisə müraciət etmişdir, lakin ona məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. O, da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hesab edir ki, cavabdehlərdən 5200 manat məbləğində pul vəsaiti alınaraq, ona ödənilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh X1 1200 manat və Cavabdeh 4000 manat olmaqla, cəmi 5200 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh X4 qarşı tələb olunan pul vəsaiti cavabdeh F.Quliyev tərəfindən ödənildiyindən, ona qarşı hər hansı iddia və tələbinin olmadığını, digər Cavabdeh qarşı olan iddia tələbinin qüvvədə olduğunu bildirərək, Cavabdeh 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə cavabdeh X6 cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı tərəfindən özünə məxsus Leobank kart hesabından 523915****3069 nömrəli kart hesabına 3010 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin məbləğin 10 manatı komissiya xərci olmaqla, iddiaçının hesabından tutulmuşdur. İş materiallarında olan Milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ödənilmiş qəbzdən görünür ki, Fi**** Gu***** Sə**** oğ** adına olan kart hesabına 1200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan kart hesabına köçürmə haqqında çıxarışdan görünür ki, ***3069 nömrəli kart hesabına 1851 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 15, 32 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan icarəyə verən X5 ilə icarəçi Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41.3 kv.m olan mənzilin 13 kv.m hissəsi Mehriban Qəhrəman qızına icarəyə verilmişdir. İcarə haqqı 150 manat müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı ərizəsində X4 qarşı hər hansı iddia tələbinin olmadığını və bu səbəbdən onun cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş X3 və İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, Ə.Əsgərova və İddiaçı ərizədə X6 tərəfindən onlara dəymiş 1200 manat maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını və gələcəkdə də heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacaqlarını qeyd etmişlər. İş materiallarında olan “Whatsapp” yazışmalarından və CD disk səs yazısından məlum olur ki, Cavabdeh ona məxsus və ya istifadəsində olan “Whatsapp” mesajlaşma mübadilə sistemində +**********88 mobil nömrə vasitəsilə qeydiyyatdan keçməklə həmin profildən istifadə etmiş, həmin yazışmalardan və səs yazılarından məlum olur ki, hazırki iş üzrə İddiaçı tərəfindən ****3069 nömrəli bank hesabına 1851 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin tarixdə 523915******3069 nömrəli kart hesabından 409858******8685 nömrəli kart hesabına 851 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, +**********88 mobil nömrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Leobank tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdən hesabın mövcudluğu haqqında arayışdan görünür ki, 4098********8685 nömrəli kart hesabı İddiaçı adınadır və hazırda aktivdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Polis şöbəsi tərəfindən İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, araşdırma aparılarkən ünvan 4 ünvanında yerləşən M.Dacosta adlı gözəllik salonunu icarəyə götürərkən Cavabdeh ilə aralarında yaranmış mübahisəli məsələnin mülki xarakterli məsələdir və bu səbəbdən də dəymiş maddi-mənəvi ziyanla bağlı mülki iddia formasında aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis polkovnik-leytenantı cənab Samir Haşımov tərəfindən izahatı alınmış Cavabdeh izahatından görünür ki, Cavabdeh izahatında İddiaçı tərəfindən onun kart hesabına 3000 manat və 1000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmişdir. Həmçinin izahatda qeyd edilmişdir ki, Cavabdeh əvvəllər tanıdığı Əfsanə adlı xanımla telefon vasitəsilə danışmış, daha doğrusu Əfsanə adlı xanım ona zəng edərək sözügedən salonu yenidən icarəyə götürmək istədiyini bildirmiş, Cavabdeh ilə Əfsanə adlı şəxs arasında olan razılaşmaya əsasən ona məxsus və salona aid əşyaları salonda qoymaq, özünə aid əşyaları isə çıxartmaq şərtilə 4000 manat müqabilində həmin salonun icarəyə verilməsini razılaşdırmışlar. 01 noyabr 2024-cü il tarixdə Əfsanə adlı xanımın qızı tərəfindən onun bank kartına 3000 manat ödəniş edilmiş, 5 gün keçdikdən sonra isə 1000 manat Əfsanə xanım tərəfindən ödəniş edilmişdir. Hazırda həmin pul vəsaiti geri tələb olunur, maddi imkanı olmadığından həmin pulu qaytara bilmir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, nümayəndə hesab edir ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı Banu xanım və cavabdeh Mehriban xanım arasında nə yazılı, nə də ki şifahi müqavilə mövcud deyildir və olmamışdır, bu hal Mehriban xanımın Polis Şöbəsində verdiyi izahatla da təsdiq olunur. İddiaçı tərəfindən şifahi razılaşma olduğu iddia edilsə də, bu razılaşmanın məzmunu, şərtləri və tərəflərin öhdəlikləri heç bir sübutla təsdiq edilmir. İddiaçı iddia edir ki, salon təhvil alınarkən içərisində əşyaların olmadığı müəyyən olunmuşdur. Halbuki, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Salon iddiaçının anası Əfsanə xanıma təhvil verilən zaman bütün avadanlıqlar yerində olmuşdur. O, salonu bir müddət idarə etdikdən sonra Banu xanımın anası Əfsanə xanıma 4000 manat müqabilində salonu ona qaytarmışdır. İddiaçı Banu xanımın cavabdeh Mehriban xanımdan hər hansı pul tələb etmək üçün heç bir hüquqi əsası yoxdur. Salonun bütün əşyaları təhvil verilən zaman yerində olmuş və iddiaçının anası orada təxminən bir ay fəaliyyət göstərmişdir. Bundan əlavə, mübahisəyə səbəb olan əşyalar hal-hazırda da salonda qalmaqdadır. Yuxarıda qeyd olunan hüquqi və faktiki əsaslar göstərir ki, iddiaçının məhkəməyə təqdim etdiyi tələbin heç bir hüquqi əsası yoxdur. Nəticə olaraq iddiaçı Banu xanım ilə onun arasında nə yazılı, nə də ki şifahi müqavilə yoxdur və olmamışdır. Salona aid əşyalar yerində qalmaqdadır. Şahid (Sevinc xanımın) ifadəsi cavabdeh Mehriban xanımın dediklərini təsdiq edə bilər. Bu səbəbdən, iddianın təmin olunmaması və cavabdeh Mehriban xanımın hüquqlarının qorunması tələb olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Cavabdeh yanında həmin salonda işlədiyini bildirməklə yanaşı, Əfsanə xanımı tanımadığını, işçilərlə danışarkən salonun işləməsi barədə ona məlumat verildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mülki işin materialları, tərəflərin məhkəmə iclasında verdiklər izahatlar, cavabdeh tərəfin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsində verdiyi izahat, cavabdehə məxsus whatsapp yazışmaları və səs yazıları ilə təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına 3000 manat və 1000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin cavabdeh tərəfindən həmin məbləğ hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Cavabdeh tərəf öz etirazında bir sıra dəlillər irəli sürsə də, həmin dəlilləri əsaslı edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi təmsil etdiyi şəxslə hazırki iddiaçı arasında hər hansı bir razılaşmanın olmamasına, iddiaçının anası Əfsanə xanımla Cavabdeh arasında sözügedən salonun icarəyə götürülməsi barədə razılığın olmasına, pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə göndərilməsinə baxmayaraq, tərəflər arasında hər hansı nə yazılı, nə də ki şifahi müqavilə münasibətlərin olmamasına əsaslanaraq, əslində iddiaçının əsl iddiaçı ilə, yəni anası ilə əvəz edilməli olmasını, hazırki iddia tələbinin iddiaçının anası tərəfindən irəli sürülməli olmasını bildirmişdir. Həmin hal, yəni iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi tərəflərlə müzakirə edilmiş, iddiaçı tərəf pul vəsaitinin məhz onun tərəfindən göndərilməsini və cavabdehlə onun arasında salonun icarəyə götürülməsi barədə razılığın olmasını əsas gətirərək razı olmadığını, cavabdehin nümayəndəsi isə əvəz edilmə olduğu təqdirdə belə iddianın əsaslı olmadığını, tərəflər arasında icarə deyil, biznes planın satışı müqabilində 4000 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsini bildirsə də, yenə də həmin halı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 72 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar