Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1470/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh Şirkətinə qarşı vermiş olduğu iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh Şirkətinə qarşı vermiş olduğu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən yaşayış evinin tikintisi aparılarkən, cavabdeh tərəfindən həmin tikintilər sökülmüş və bununla da iddiaçıya maddi zərər vurulmuşdur. Hazırda da iddiaçı ona vurulmuş maddi zərərin ödənilməsini tələb etsə də, iddia ərizəsinin nəticə hissəsində, yəni “xahiş edirəm” hissədə tələb olunan zərərin məbləği qeyd edilməmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbi pozulmuşdur. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidir. Bu isə o halda mümkündür ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret olaraq iddia ərizəsində göstərsin və öz tələblərinin əsası kimi istinad etdiyi faktı və halları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə etsin. Bundan başqa, həmin Məcəllənin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 149.2.5-ci maddəsinə əsasən, ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, habelə ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməmiş, bununla yanaşı iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə olunmamışdır. Eyni zamanda qeyd olunan Məcəllənin: 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.1 və 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməli olduğu halda, iddiaçı tərəfindən nə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, nə də onun qanunvericiliyə uyğun olaraq dövlət rüsumunu ödəməkdən azad edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı Cavabdeh Şirkətinə qarşı vermiş olduğu iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1470/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1470/2022
24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver