Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1476/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pulun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-dan mənzil alarkən faktiki 90,2 kvadrat metr olan 3 otaqlı mənzilin qeyri-qanuni olaraq 105,5 kvadrat metr göstərilməklə ondan alınmış 9036 (doqquz min otuz altı) manat əlavə pulun cavabdehdən alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ikinci qrup Qarabağ əlili atası X1 ilə 02.10.2012-ci il tarixində "xxxx" Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə bina nömrə 3, mənzil 100, 7-ci mərtəbədə yerləşən, 17 mərtəbəli tikilmiş binadan 346 nömrəli müqavilə əsasında təmirsiz 105,26 kv.metr 3 otaqlı mənzil almış və təmir edərək, 18.02.2013-cü tarixdən 5 nəfər ailə üzvü ilə bərabər yaşamağa başlamışlar. Həmin mənzili alarkən "xxxx" Mənzil Tikinti Kooperativinə 63156 (altmış üç min bir yüz əlli altı) manat nəğd pulu atası ilə ödəmişlər. Onlardan evin hər kvadrat metrinə görə 600 manat pul alınmış və "xxxx" Mənzil Tikinti Kooperativinə maliyyə borcunun olmaması barədə arayış verilmişdir. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev cənablarının 2019-cu ilin əvvəlindəki yeni tikilmiş binaların sənədləşdirilməsinə dair sərəncamından sonra, aldıqları bina və mənzil də sənədləşdirilmişdir. 04.12.2019-cu il tarixdə mənzili özəlləşdirmək üçün "xxxx" Mənzil Tikinti Kooperativinə müraciət etdikdə, ona maliyyə borcunun olmaması barədə arayış və "xxxx" MTK-nın 06 nömrəli protokolundan çıxarış verilmiş və həmin sənədlərdə də aldıqları və yaşadıqları mənzilin ümumi sahəsi 105,26 kv.metr göstərilmişdir. Mənzili özəlləşdirmək üçün mənzilin sənədlərini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə təqdim etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinin, ünvan: ünvan 2 AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, bina 325, M7, mənzil 1-ə verilən Texniki Pasportda və çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 90,2 kvadrat metr göstərilmişdir. "xxxx" MTKdan 02.10.2012-ci il tarixdə 3 otaqlı mənzil alarkən, ümumi sahəsi 90,2 kv.metr olan 3 otaqlı mənzilin ümumi sahəsi "xxxx" MTK rəhbərliyi tərəfindən saxtalaşdırılaraq 105,26 kv.metr göstərilmiş və onlardan 54 120 (əlli dörd min yüz iyirmi) manat əvəzinə, 63 156 (altmış üç min yüz əlli altı) manat pul alınmışdır. Yəni, ondan 9036 (doqquz min otuz altı) manat artıq pulu qeyri-qanuni alaraq ona qarşı cinayət törətmişlər və ailəsinə külli miqdarda ziyan vurmuşlar. Dəfələrlə "xxxx" MTK-nın rəhbərliyinə müraciət etsə də, ona rədd cavabı verərək deyiblər ki, "xxxx". Ona görə də MTK-nın rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikasının Baş Prokuroruna, DTXnin rəisinə rəsmi ərizə ilə müraciət etmişdir. Xətai rayon baş prokuroru, ədliyyə müşaviri Sərdar İmanovun imzası ilə onun ərizəsinə cavab məktubunda ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi (vəkili) iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli mənzil 2012-ci ildə yerində ölçülərək iddiaçıya təhvil verilmişdir. Əgər təhvil-təslim zamanı sahə düz gəlmirdisə, iddiaçı bunu bilməli və buna dair pretenziya irəli sürməli idi. Lakin bunu etməmişdir. Deməli, mənzil müqavilədə göstərilən ölçüdə olmuşdur. Bundan başqa əvvəlki məhkəmə iclasında iddiaçı mənzili 2013-cü ilin fevral ayında təmir etdirib qurtardığını bildirmişdir. İddiaçı təhvil zamanı mənzilin sahəsindəki əskikliyi bilməsə belə, təmir zamanı bunu bilməli idi. Ona görə ki, təmir zamanı ölçü işləri aparılıb, buna uyğun mal-material alınıb və ustalarla hesablaşmalar aparılıb. Mülki Məcəlləyə görə müavilədən irəli gələn tələblər 3 il ərzində irəli sürülməlidir. İddiaçı isə həmin müddət keçdikdən sonra iddia qaldırmışdır. Ona görə də iddaçı iddia müddətini ötürmüşdür və bu əsasla iddia rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 02.10.2012-ci il tarixdə “kooperativ mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə adı çəkilən MTK, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci saylı məhəllədə inşa etdiyi yaşayış binasındakı 105,26 kv.m-dən ibarət 3 otaqlı, 100 saylı mənzili payçıya təhvil verməyi, payçı (iddiaçı) isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 06 saylı, 04.12.2019-cu il tarixli protokolundan çıxarışın iş materiallarına əlavə olunmuş surətindən görünür ki, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, Xudu Məmmədov küçəsi 43C saylı kooperativ yaşayış binasında 3/2 giriş, 7 mərtəbə, ümumi sahəsi 105,26 kv.m., yaşayış sahəsi 47,44 kv.m. olan 3 saylı otaqlı, 111 saylı mənzilin verilməsi, o cümlədən sənədlərin mənzilin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri ərazi idarəsinə təqdim edilməsi qərara alınmışdır. "xxxx" MTK-nın surəti iş materiallarına əlavə edilmiş 04.12.2019-cu il tarixli maliyyə arayışına görə, ünvan 3 ünvanında inşa edilən "xxxx" MTK-ya məxsus kooperativ yaşayış binasının 3/2 giriş, 7 mərtəbəsində, tikili sahəsi 105,26 kv.m., yaşayış sahəsi 47,44 kv.m. olan 3 otaqlı, 111 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarından aydın olur ki, ünvan 4 ünvanında yerləşən 111 saylı mənzil (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 325, M7, mənzil 1) "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 06 saylı, 04.12.2019-cu il tarixli protokolundan çıxarışa və eyni tarixli maliyyə arayışına əsasən 28.12.2019-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyata alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasport verilmişdir; həmin çıxarış və texniki pasportda mənzilin ümumi sahəsi 90,2 kv.m. olaraq göstərilmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçı “..."xxxx" MTK tərəfindən ona müqavilədə göstəriləndən daha kiçik sahəli mənzilin verilməsi və nəticədə 9036 manat artıq pul alınaraq aldadılması” barədə ərizəsinə Xətai rayon prokurorluğunda baxılmış, nəticə etibari ilə mübahisənin mülki xarakterli olduğu müəyyən edilərək ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli 10/1756 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, ev 43C, korpus 3, 111 saylı mənzilin (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 325, M7, 1 saylı mənzilin) ümumi sahəsinin 90,2 kv.m. təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 325, M7, 1 saylı mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən müəyyən edilmiş sahəsi (90,2 kv.m.) ilə müqavilədə göstərilən sahə (105,26 kv.m.) arasındakı fərqin yaranmasının səbəbi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nda nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələr olduğu müəyyən olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmənin sorğusu əsasında əldə edilmiş 30 dekabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi (VÖEN **********) 18.12.2018-ci il tarixli qərara əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə (VÖEN **********) qoşulması nəticəsində ləğv edilmişdir. 24.12.2019-cu il tarixli protokola əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinin yenidən təşkil olunması nəticəsində tərkibindən “Stil Tikinti 2019" Mənzil Tikinti Kooperativi ayrılmışdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdeh MTK-nın onlar arasında bağlanmış müqavilədə göstəriləndən daha kiçik sahəli mənzili ona verdiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, cavabdeh MTK-nın nümayəndəsi isə, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməklə həmin tələb üzrə iddia müddətinin keçmiş olmasına istinadən iddiaya etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünkü tərəflər arasında daha kiçik sahəli olduğu iddia edilən mənzilə dair müqavilə 02.10.2012-ci il tarixdə bağlanmış və iddiaçı tərəfin bildirdiyinə görə, elə həmin il ona təhvil verilmişdir. Eyni zamanda o, mənzili təmir etdirərək, 18.02.2013-cü tarixdən 5 nəfər ailə üzvü ilə bərabər orada yaşamağa başlamışdır. İşin qeyd edilən halı iddia ərizəsi və tərəflərin (nümayəndələrinin) izahatları ilə də öz təsdiqini tapmışdır. Bununla belə iddiaçı həmin tarixlərdən sonra cavabdehə qarşı mənzilin sahəsinin əskik olduğuna dair (başqa sözlə, cavabdeh tərəfindən müqavilənin lazımınca icra edilməsinə dair) hər hansı tələb irəli sürməmiş, yalnız 10.12.2020-ci il tarixdə (müqavilənin bağlanmasından və mənzilin təhvil verilməsindən təxminən 8 il 2 ay, mənzilin təmirinin yekunlaşmasından təxminən 7 il, 10 ay sonra) hazırkı iddia tələbi ilə çıxış etmişdir. Məhkəmənin qənaətinə görə, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 28.12.2019-cu il tarixdə alınmış olması da fərqli qənaətə gəlməyə əsas vermir. Çünki məcəllənin mənasına görə, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsində sadəcə şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, bilməli olduğu vaxt da xüsusi əhəmiyyət kəsb edir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzili 2012-ci ildə təhvil alarkən və ya təmir işləri zamanı onun ölçüsündəki əskikliyi bilməli idi. Nəzərə alınmalıdır ki, mənzilin sahəsinə dair əskikliyin təxminən 15 kv.m. – yəni, təxminən bir əlavə otaq ölçüdə olduğu iddia edilir və bunun təhvil-təslim və təmir zamanı müəyyən edilməməsi mümkün deyildir. Xüsusilə nəzərə almaq lazımdır ki, mənzillərin təmiri sahəsində ümumən qəbul olunmuş işgüzar adətlərə görə, təmir zamanı mənzildə ölçü işləri aparılaraq buna uyğun tikinti materialları alınır və mənzilin təmirini həyata keçirən şəxslərlə (podratçı, usta, fəhlə və s.) hesablaşmalar aparılır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Bu mənada məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən və iddiaçı məcburi köçkün olduğundan, tərəflərdən iş üzrə dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan digər məsrəflər tutulmamalıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pulun ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1476/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1476/2021
11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver