Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-148/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 24.02.2020-ci il tarixdə axşam saat 19:00 radələrində iddiaçı 188 yükdaşıma xidməti ilə Sumqayıt şəhəri, 3-cü mikrorayondan Corat bağlarına ev əşyalarının aparılması üçün razılaşmışdır. Həmin 188 yükdaşıma xidmətinin əməkdaşları iddiaçının evinə gələrək iddiaçının əşyalarını “İsuzu” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləməyə başlamışlar. Mənzildən “Bosch” markalı soyuducunu mənzildən götürərək aşağı düşürmüşlər, lakin yük avtomobilinin yanında ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən soyuducunu yerə yıxmışlar və həmin vaxt soyuducu yararsız vəziyyətə düşmüşdür. Soyuducunun təmiri ilə bağlı iddiaçı “Baku Service Company”-ə 18 manat ödəyərək müraciət etmiş, lakin soyuducunun “korpus”u əzildiyindən və həmin korpusu dəyişmək mümkün olmadığından soyuducunu təmir etməkdən imtina etmişlər. Soyuducunun yararsız hala düşməsi ilə bağlı 188 yükdaşıma xidmətinin əməkdaşları akt tərtib etmişlər və onu təmir edib iddiaçıya təhvil verəcəklərini vəd etmişlər. Buna görə də həmin soyuducunu özləri ilə aparmışlar. Rəhbərlik tərəfindən bir neçə dəfə soyuducunun təmir edilməsi və iddiaçıya qaytarılması ilə bağlı göstəriş verilsə də, soyuducu təmir edilməmiş və ona geri qaytarılmamışdır. Hadisə nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Həmçinin evdə soyuducunun olmaması nəticəsində ərzaq məhsulları xarab olmuşdur. Bununla yanaşı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əsəb və mənəvi sarsıntılar keçirmiş, yataq rejimində müalicə almışdır. Qeyd edilənlərə əsasən 2500 manat məbləğində maddi və 2500 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulub ona ödnilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC tərəfindən tərtib edilmiş “Yüklənməyə/Yükün təyinatı üzrə ünvana çatdırılmasına” dair 24.02.2020-ci il tarixli Təhvil-təslim aktına əsasən 188 yükdaşıma xidmətinin əməkdaşları “fəhlələr soyuducunu aşağıya düşürüb yerə qoyulub, küləyin təsiri ilə soyuducu yıxılıb və yararsız hala düşüb” qeydini aparmış və imzaları ilə təsdiq etmişlər. Sifarişçi/yükü təhvil alan şəxs tərəfindən isə göstərilən xidmətdən narazı qalması, işçilərin məsuliyyətsizliyi nəticəsində soyuducusunun yararsız hala düşməsi və digər qeydlər aparılmışdır. - İddiaçı cavabdehin 15.09.2020-ci il tarixli ərizəsinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 21.09.2020-ci il tarixli cavab məktubuna əsasən, ərizədə qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan material 1-ci PB-nin dəftərxanasında işə alınmışdır. - “Baku Service Company” tərəfindən verilmiş ******* №-li qəbzdə soyuducunun yoxlanılması, qapılarda, qapı dəstəklərində (ruçkalarda) və gövdədə (korpusda) məntəşə (petlə) hissəsində əzik olması, gövdə (korpus) əziyinin gövdə (korpus) göndərilmədiyi üçün təmir olunmaması qeyd edilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin 26.10.2021-ci il tarixli, 9/6097 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəridə yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən, internet saytlarında və Mərkəzdə olan məlumatlardan istifadə etməklə, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza tədqiqatına təqdim edilmiş “Bosch” markalı, KDN46Aİ32N/85 modeli soyuducunun təzəsi, 2021-ci ilin oktyabr ayına, respublikadaxili orta bazar qiyməti təxminən 2500.00 manat, 40% köhnəlməsini nəzərə alaraq təxminən 1500,00 manat müəyyən olunur. Keçirilmiş ekspert baxışı zamanı hər iki kamera qapısının və sağ yan hissəsinin səthi üzərində batıqlar, zədələr müşahidə olunmuşdur, gövdəsinin sağ yan yuxarı hissəsi üst kamera qapısının üst həncaməsi hissəsi aralanmış, qermetiklik pozulmuş, gövdənin sağ yan yuxarı hissəsi əzilib deformasiya olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus soyuducuya cavabdehin əməkdaşlarının ziyan vurması faktı iddiaçının izahatı ilə yanaşı işin materialları ilə sübuta yetirildiyindən, iddiaçın əmlakına vurulmuş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə, qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. - 859.2-ci maddəsinə əsasən daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, yük daşınması müqaviləsi ilə bağlı münasibətlərdə üç subyekt iştirak edir: daşıyıcı, yükgöndərən, yükalan. Əgər həmin subyektlər üstünə düşən vəzifələri yerinə yetirməsələr, yük daşınması müqaviləsi üzrə məsuliyyətin subyekti olurlar. Odur ki, subyektlərdən asılı olaraq, yük daşınması müqaviləsi üzrə məsuliyyət üç məsələni əhatə edir: - daşıyıcının məsuliyyəti - yükgöndərənin məsuliyyəti - yükalanın məsuliyyəti Yük daşınması müqaviləsi üzrə məsuliyyət subyektlərinə iki əsas formada mülkihüquqi məsuliyyət tədbiri tətbiq olunur: -zərərin əvəzi -dəbbə pulu Daşıyıcı yük daşınması müqaviləsi üzrə məsuliyyətin əsas və başlıca subyekti sayılır. Belə ki, daşıma prosesinin əsas məqsədi yükü müəyyən bir yerdən təyinat yerinə çatdırmaqdan ibarətdir. Yükü təyinat yerinə çatdırmaq, yəni bilavasitə yükdaşıma prosesini həyata keçirmək isə daşıyıcının üstünə düşən başlıca vəzifədir. Yükdaşıma öhdəliyinin icrası, sözsüz daşıyıcının öz başlıca vəzifəsini necə yerinə yetirməsindən, onun fəaliyyətindən asılıdır.Daşıyıcı öz üstünə düşən əsas vəzifəsini iki tələbə əməl etməklə icra etməlidir: birinci, daşıyıcı yükü təyinat yerinə salamat, yəni olduğu kimi çatdırmalıdır; ikinci, o, yükü təyinat yerinə müəyyənləşdirilmiş müddətdə çatdırmalıdır. Əgər daşıyıcı bu tələbləri (onlar yük daşınması müqaviləsinin əsas şərtləridir) pozarsa, onun üçün mülki-hüquqi məsuliyyət yaranır. Yükün təyinat yerinə salamat çatdırılmaması daşıyıcının mülki-hüquqi məsuliyyətə cəlb edilməsinə səbəb olan əsas haldır. Həmçinin daşıyıcı həmin hala görə yükün daşınmaya qəbul edildiyi andan onun yükalana təhvil verildiyi ana kimi məsuliyyət daşıyır; ona daşıyıcının məsuliyyət dövrü deyilir. Məhz bu dövr ərzində daşıyıcı yükün salamat qalmasına görə məsuliyyət daşıyır. Yükün salamat qalmaması dedikdə yükün itməsi, əskik çıxması, zədələnməsi və ya xarab olması başa düşülür. Yükün zədələnməsi odur ki, bunun nəticəsində yükün tamlığı fiziki cəhətdən pozulur, keyfiyyəti pisləşir, dəyəri azalır; lakin bərpa etməklə zədələnmiş yükdən təyinatı üzrə istifadə etmək mümkün olur. Şübhəsiz, yükün itməsi, əskik gəlməsi, zədələnməsi və ya xarab olması nəticəsində yük sahibinə əmlak zərəri vurulur. Odur ki, daşıyıcı yük sahibinə vurduğu zərərin əvəzini ödəməlidir. Bununla da o, zərərin əvəzini ödəmə formasında mülki-hüquqi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı dəymiş ziyanın həqiqi həcminin 2500 manat məbləğində deyil, 1500 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə-əmtəə ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, iddiaçıya vurulmuş ziyanın həqiqi həcmi 1500 (bir min beş yüz) manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəm (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edisin. Ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-148/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-148/2022
25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver