Məhkəmə qərarları › İş №2(001)-148/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-148/2023

02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-148/2023 02.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər N-Turan MMC-yə və Olympus Park MMC-yə qarşı fərdi evin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər N-Turan MMC-yə və Olympus Park MMC-yə qarşı fərdi evin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi evin istismar müddəti Bakı şəhərinin digər evləri ilə müqayisədə heç də seçilmirdi. Evin texniki vəziyyətində və kommunikasiya xətlərində heç bir problem olmamışdır. Buna baxmayaraq fərdi evin yerləşdiyi ərazidə tikinti işlərinin layihələndirilməsi və aparılması üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə N-Turan MMC-yə icazə verilmişdir. Fərdi evin qarşısında yerləşən çoxmənzilli C.Hacıbəyli küçəsində 2 saylı binanın sakinləri öz mənzillərindən cavabdeh N- Turan MMC ilə qarşılıqlı razılaşma əsasında köçürülmüş və bina tam sökülmüşdür. Həmin binanın sökülməsindən sonra cavabdehlər İddiaçı məxsus, sökülən bina ilə heç bir əlaqəsi olmayan, fərdi yaşayış evini mülkiyyətçinin razılığı olmadan sökülmüşlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən evin söküntü işlərinin cavabdeh N-Turan MMC tərəfindən aparılması dayandırılmışdır. Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən 2 saylı evin 26 saylı mənzili İddiaçı anası X2 məxsus olmuşdur. X5 və N-Turan MMC arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən N-Turan MMC Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 2 ünvanda yerləşən 26 saylı mənzilin söküntüsünü və əvəzində digər yaşayış sahəsini iddiaçının anasının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh N-Turan MMC tərəfindən İddiaçı mülkiyyətində olan fərdi ev sökülərkən iddiaçı ilə heç bir razılaşma olmamışdır. Cavabdeh N-Turan MMC ilə iddiaçı arasında heç bir müqavilə bağlanılmamışdır. İddiaçı sökülmüş evinə görə cavabdeh N-Turan MMC tərəfindən inşa olunan evdə iki mənzil veriləcəyi halda cavabdehlərlə barışıq sazişi bağlaya bilər. Lakin cavabdehlər mübahisəni sülh yolu ilə həll etmək üçün heç bir cəhd göstərmir. Ona görə də N-Turan MMC tərəfindən sökülmüş iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu C.Hacibəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzilinin cavabdehlər tərəfindən bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında cavabdeh N- Turan MMC-nin nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsində iddiaçı qeyd edir ki, ona məxsus olan fərdi yaşayış evin istismara yararlılığı şəhərdə başqa evlərdən fərqlənməmiş, başqa sözlə istismara yararlı olmuşdur. Lakin məhkəmə iclasında təqdim edilmiş evin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərdən də görünür ki, evin istismarı müddəti ötmüşdür. İddiaçıya məxsus ev və digər ona yaxın mənzillər istismara yararsız olduğundan N-Turan MMC tərəfindən sökülmüşdür. Bu barədə iddiaçının özünün təqdim etdiyi Nərimanov Rayon İcra Hakimiyyətindən aldığı Tamara Əlimərdovaya və başqalarına başlıqlı cavab məktubunda da qeyd edilir. Məktuba istinad edərək demək olar ki, ev tam istismara yararsız olmuşdur. Həmin evlərin sökülməsi və yenidən inşası Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərarları əsasında və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 529 saylı Sərəncamı əsasında icra edilmişdir. İşlər icra edilərkən iddiaçının özünün də qeyd etdiyi kimi digər sakinlərlə yanaşı onun anası X5 ilə müqavilə bağlanmış və bundan sonra evlər sökülmüşdür. Əlimərdanova Tamara xarici ölkədə yaşayır və onun evi sökülməzdən əvvəl MMC ilə əlaqə saxlamış və onunla müvafiq müqavilə bağlanmışdır. Belə olan halda niyə iddiaçı Bakı şəhərində ola-ola MMC ilə əlaqə saxlamamış, qeyri-adi tələblər irəli sürərək müqavilə bağlamaqdan yayınmışdır. Sonradan iddiaçı özü və nümayəndəsi vasitəsilə N-Turan MMC-yə ona qarşı çoxsaylı şikayətlər etdikdən sonra yaxınlaşmış və müqavilə bağlamağı təklif etmişdir. Lakin müzakirə vaxtı mənzildən başqa məsələyə aidiyiyyəti olmayan tələblər irəli sürülmüşdür. Buna görə müzakirələr yarımçıq qalmışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Onda sual meydana çıxır əgər hazırki iş üzrə cavabdeh iddiaçı ilə müvafiq müqavilə şərtlərini müzakirə etməyə hazır olduğu halda niyə məhkəmədə iddia qaldırılmışdır. İddia tələbinin bir neçə dəfə verilməsi və onun geri qaytarılması, iddia üçün nəzərdə tutulmuş rüsumların müxtəlif məbləğlərdə hissə-hissə ödənilməsi, sonuncu iddianın isə forma və məzmunu deməyə əsas verir ki, iddiaçının müqavilə bağlamaq istəyi olmamış başqa sözlə cavabdeh N-Turan MMC-yə təziq göstərməklə onu əlverişsiz şərtləri qəbul etməyə sövq edir. Həmin ünvanda yerləşən evlərin sökülməsi qanunvericilik əsasında icra edilmişdir. İddiaçının tələbi isə düzgün formalaşdırılmamışdır. Belə ki, artıq sökülmüş və yerində inşa edilməkdə olan binanın yerində necə iddiaçının mənzilini bərpa etmək olar. Cavabdeh tərəfindən iddiaçıya inşa edilən binada bir mənzil təklif olunmuş, iddiaçı isə razılaşmamışdır. Ona görə də İddiaçı cavabdeh N-Turan MMC-yə qarşı fərdi yaşayış evinin bərpası tələbinə dair iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh N-Turan MMC-nin nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında hər hansı bir razılığın olmadığını, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin rədd edilməsini xahiş etmiş, məhkəmə işə cavabdeh N-Turan MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Olympus Park MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Olympus Park MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Olympus Park MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələbləri əks etdirən 3-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir və Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı № 109660 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu C.Hacibəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 589 saylı reyestr kitabında xx.xx.1997-ci il tarixdə 24860 nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan vətəndaş X8 yaşadığı 3 mərtəbəli binanın sakinləri tam köçürülmədən, söküntü və tikinti-quraşdırma işləri aparılan zaman təhlükəsizlik qaydalarına riayət olunmaması barədə Fövqəladə Hallar Nazirliyinə xx.xx.2019-cu il tarixli müraciətlər ünvanlamış və baxış zamanı müraciətdə göstərilən pozuntular qismən təsdiqini taparaq N-Turan MMCnin rəhbərliyinə tikinti-quraşdırma işləri aparılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi tapşırılmışdır. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Tamara Əlimərdanovanın və Mədinə Rəcəbovanın yaşadığı C.Hacıbəyli küçəsi 2 saylı bina söküntü zonasına düşdüyü üçün sifarişçi tikinti təşkilatı tərəfindən həmin şəxslərin mülkiyyətinə və rahat yaşam tərzinə zərər vurulması barədə Vəkil1 ərizəsinə baxılaraq əvəzləndirmə prosedurunun hər iki tərəfin qarşılıqlı razılaşması əsasında bağlanmış müqaviləyə uyğun aparıldığı, belə bir razılaşma əldə olunmadığı təqdirdə, hüquq və mənafelərinin, həmçinin qanunla qorunan maraqlarının təmin olunması üçün mülkiyyət sahibləri qismində məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə olunmuşdur. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Tamara Əlimərdanovaya və başqalarına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, binanın yerləşdiyi ərazidə tikinti işlərinin layihələndirilməsi və aparılması üçün Nərimanov RİH başçısının xx.xx.2017 il tarixli 529 №-li sərəncamı ilə N-Turan MMC-yə icazə verilmişdir. Uzun müddət əvvəl inşa edilmiş istismar müddəti bitmiş, dörd mərtəbəli binanın texniki vəziyyətini müəyyən etmək üçün Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri tərəfindən texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, heç bir antiseysmik və şəhərsalma tələbləri nəzərə alınmadan çox primitiv şəkildə binaya bitişik, metal borular və şvellerlər üzərində inşa edilmiş əlavə tikililər (artırmalar) konstruktiv cəhətdən əsaslandırılmamış üslubda, nizamsız, layihəsiz, əsasən də, qanunsuz tikildiyindən, binaya memarlıq baxımından xələl gətirmiş və əlavə yüklənmə dayanıqlıq nöqteyi-nəzərdən binanın möhkəmliyinin zəifləməsinə zəlzələ təkanlarında təhlükəli olmasına səbəb kimi ehtimalı artırmışdır. Nəticədə binanın texniki vəziyyətinin qəzalı olduğu barədə akt tərtib edilmişdir. Binanın yerləşdiyi ərazidə tikintisi nəzərdə tutulan yeni binanın eskiz layihəsi müvafiq qaydada razılaşdırılmış, torpaq ayrıc aktı tərtib edilmiş, ərazi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmışdır. Göstərilənləri, tikinti üçün ayrılmış ərazidəki evlərdə yaşayan sakinlərin əksər hissəsinin, yəni 126 ailədən 86-nın heç bir təzyiq olmadan, qarşılıqlı razılaşma əsasında artıq köçürüldüyünü nəzərə alaraq N-Turan MMC ilə razılaşma əsasında yaşadıqları mənzillərin müqabilində şirkət tərəfindən yeni inşa olunacaq binada mövcud ölçülərdən artıq (20-25%) tam təmirli mənzillər veriləcək və həmin müddət ərzində kirayə haqları ilə təmin olunacaqları və bu tədbirlərin bütövlükdə həyata keçirilməsinə ciddi nəzarətin təmin ediləcəyi bildirilmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nəzirlər Kabinetinin xx.xx.2016-cı ıl tarixli 86 №-li Qərarına uyğun olaraq C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən qəzalı evlərin sökülərək həmin ərazidə yeni binaların layihələndirilməsi və tikintisi üçün Nərimanov RİH başçısının xx.xx.2017-ci tarixli 529 №-li sərəncamı ilə N-Turan MMC-yə (Olympus Park) icazə verilmişdir. Uzun müddət öncə inşa edilmiş, istismar müddəti bitmiş dörd mərtəbəli həmin binaların qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsiziyə Nəzarət Dövlət Agentliyinin Azərinşaatlayihə Dövlət Baş Layihə X4 tərəfindən xx.xx.2018-ci il tarixli rəy verilmişdir. Qeyd edilən ünvanda 130 ailənin köçürülməsi planlaşdırılmış, hazırki tarixə şirkət tərəfindən qarşılıqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə həmin ailələr köçürülmüşdür. Məsələ ilə bağlı şifah sorğuya əsasən şirkət rəhbərliyindən əldə edilmiş xx.xx.2021-ci il tarixli 88 №-li rəsmi məlumatda bildirilmişdir ki, Ayrıc aktına əsasən N-Turan MMC-yə (Olympus Park) ayrılmış torpaq sahəsində sakinləri köçürülmüş evlərin söküntüsü həyata keçirilən zaman C.Hacıbəyli küçəsi 18 ünvanında mövcud olmuş 20 №-li mənzil ehtiyatsızlıq səbəbindən uçmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, dəfələrlə tərəflərindən həmin mənzilin mülkiyyətçisi X3 axtarılmasına baxmayaraq, onunla əlaqə yaradılması mümkün olmamışdır. Sonradan ailəsinin X7 yaşadığı məlum olmuşdur. Hazırda şirkət rəhbərliyi rəsmi nümayəndəsi ilə görüşüb dəymiş maddi ziyanın kompensasiya şəklində ödənilməsini və əvəzləndirilməsini öhdəlik olaraq üzərinə götürmüşdür. xx.xx.2021-ci tarixdə şirkət rəhbərliyi nümayəndə ilə görüşmüş C.Hacıbəyli küçəsi 18 ünvanında mövcud olmuş vətəndaş X1 mülkiyyətində olan sahəsi 43 kv.m olan mənzilin və sahəsi 11,0 kv.m əl damının ümumilikdə 54 kv.m sahənin əvəzində 72 kv.m sahənin verilməsini təklif etmişdir. Lakin nümayəndə mənzilin kompensasiya şəklində dəyərinin ödənilməsi tələbini irəli sümüş və eyni zamanda şirkətin təklifini müzakirə edəcəyini bildirmişdir. Məsələ Rayon İcra Hakimiyyətinin nəzarətindədir və qarşılıqlı razılaşma əsasında narazılıqlar aradan qaldırıldıqdan sonra həlli Rayon İcra Hakimiyyətindən asılı olan tədbirlər görüləcəkdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz, C.Hacıbəyli və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə 0,92 ha torpaq sahəsi N-Turan MMCnin daimi istifadəsinə verilmiş, rayonun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə N-Turan MMC-yə ayrılmış torpaq sahəsinin yerində qəbul edilməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə N- Turan MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə etməsi, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması, tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, rayonun Təbriz 16, C.Hacıbəyli 2, 4, Ü.Bünyadzadə 1, 3 və C.Zeynalov 28 nömrəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinəuyğun olaraq rayonun Təbriz 16, C.Hacıbəyli 2,4, Ü.Bünyadzadə 1,3 və C.Zeynalov 28 nömrəli yaşayış binasının sökülməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4697 saylı rəyindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda mövcud olmuş 20 saylı evin bütünlüklə Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə N-Turan MMC-yə ayrılmış torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 4 evin 20 saylı mənzilinin tikinti norma və qaydalarına əməl edilməklə əvvəl yerləşdiyi ünvanda yenidən inşa edilərək bərpa edilməsi, yalnız həmin sahədə inşa edilmiş tikililər söküldükdən, həmçinin özül çalası doldurularaq torpaq sahəsi ilkin vəziyyətinə gətirildikdən sonra mümkün ola bilər. Rəydən daha sonra müəyyən olunur ki, tədqiq olunan yaşayış evinin tikinti norma və qaydalarına əməl edilməklə əvvəl yerləşdiyi ünvanda yenidən inşa edilərək bərpa edilməsi mümkün olduğundan, mənzilinin sökülməsi nəticəsində İddiaçı vurulan maddi ziyanın müəyyən edilməsi sualı üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh N.Turan MMC-yə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə C.Hacıbəyli küçəsində yerləşən 2 saylı çoxmənzilli yaşayış binasının, qarşılıqlı razılaşma əsasında sakinləri köçürüldükdən sonra, sökülməsi həvalə edilsə də, iddiaçının mülkiyyətində olan, 2 saylı binanın həyətində, yəni Bakı şəhəri Nərimanov rayonu C.Hacibəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzili cavabdeh N.Turan MMC tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Maddə 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 2001-ci il 19 iyun tarixli Qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 2010-cu il 29 mart tarixli Qərar, § 83). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu C.Hacibəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzilinin cavabdehlərdən N-Turan MMC tərəfindən söküldüyündən, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə sökülmüş fərdi yaşayış evinin bərpa olunmasının mümkün olması müəyyən olunduğundan, cavabdeh N-Turan MMC-nin öz hərəktlərinə görə iddiaçıya vurulmuş ziyanı öz maraqlarına uyğun həlli qaydasını iddiaçıya təklif etdiyi üçün tərəflər arasında qarşılıqlı razılaşma əldə edilmədiyindən, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 529 saylı sərəncamı ilə C.Hacıbəyli küçəsində yerləşən 2 saylı çoxmənzilli yaşayış binasının sakinlərinin qarşılıqlı razılıq əsasında köçürüldükdən sonra həmin binanın sökülməsinə icazə verildiyindən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan İddiaçı cavabdeh N-Turan MMC-yə qarşı fərdi yaşayış evinin bərpa edilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin qalan hissədə isə təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdeh N-Turan MMC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu C.Hacibəyli küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzilinin bərpa edilməsi vəzifəsi N-Turan MMC-yə həvalə edilsin. N-Turan MMC-dən dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. N-Turan MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar