Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1513/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxaraq, Cavabdeh barəsində şikayət ərizəsi yazdığı yalan məlumatlara görə ondan vurulmuş mənəvi ziyana görə 2000 manat məbləğində pulun və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Lerik rayonu, Qılqılov kəndində anadan olmuşdur. İş üzrə cavabdeh olan Cuma X5 əvvəllər tanımamış, onunla heç bir iş birliyi və ya alveri olmamışdır. Buna baxmayaraq o, bu yaxınlarda zəng edərək bildirmişdir ki, “bəs sən şərikin Astara rayonu, Əsxənəkəran kənd sakini X1 ilə birlikdə mənim şərikim Suriya vətəndaşı Seide 10000 kq ağac kömürü göndərmisiniz və həmin ağac kömürdən 3000 kq eskik gəlibdir” ona görə də o, bildirdi ki, “ya əskik gələn 3000 kq ağac kömürü verin, ya da onun pulu olan 1800 manatı mənə verin.” O da, cavabdeha demişdir ki, ona heç bir borcu yoxdur, əksinə onun İmrana 4000 manat borcu var və həmin 4000 manat borcu bir həftəyə verməcəyi təqdirdə ondan 50000 manat pulu məhkəmə qaydasında tələb edəcək. Bundan sonra Cavabdeh bununla bağlı ondan əsassız yerə Lənkəran RPŞ-nə şikayət vermiş və orada onun şikayəti araşdırıldıqdan sonra əməlində hər hansı cinayətin tərkibi olmadığı üçün rədd edilmişdir. Beləliklə də, cavabdeh ona şər və böhtan ataraq əsassız yerə ondan polis şöbəsinə şikayət etmiş və nəticədə o, işindən olmuş və məcburi qaydada polisə getmiş, buna görə pulundan olmuşam, həm də polis şöbəsinə gedib-gəlmək üçün pul xərcləmişdir. Beləliklə də o, öz əsassız şikayəti ilə ona şər-böhtan ataraq şərəf və ləyaqətini alçaltmışdır. Baxmayaraq ki, nə cavabdehlə, nə də onun şəriki Suriya vətəndaşı Səidə heç bir alveri və ya aralarında ağac kömürü ilə əlaqədar hər hansı müqaviləsi yoxdur. Həmin 10000 kq ağac kömürü ilə müqavilə İraq vətəndaşı Nurəddinlə tanışı olan Astara rayonu, Əsxənəkəran kənd sakini X1 arasında olmuşdur və həmin miqdarda da ağac kömürü Lənkəran Gömürlüyü vasitəsi ilə İraqa yola salınmışdır və həmin sənədlərdə də göndərilən ağac kömürününü çəkisi qeyd edilmişdir və onun bu işdə heç bir iştirakı olmamışdır. Sadəcə olaraq İmran üçün bir fəhlə kimi həmin ağac kömürünün qablaşdırılmasında, daşınmasında və göndərilməsində iştirak etmiş və bunun müqabilində İmran on zəhmət haqqı ödəmişdir. Bütün bunlara baxmayaraq cavabdeh ona zəng edərək, onu narahat etdiyinə görə onun şikayət ərizəsində qeyd etdiyi sözləri demiş və bu əməldə də cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə də, cavabdeh bu hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. Həmçinin onun bu hərəkətləri onda əsəb və stres yaratmışdır. Eyni zamanda şikayətlə bağlı işdən icazə alarkən bütün kollektiv bilmişdir ki, onu nəyə görə və nə səbəbdən polis şöbəsinə çağırırlar. Bununla da o öz hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddia ərizəsində işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmiş və işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Lənkaran ŞRPŞ-nin TB-nın təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilən 21 dekabr 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə ilə Lənkəran ŞRPŞ-nə müraciət edərək, göstərmişdir ki, o ağac kömürü ticarətində şərikli iş görmüş və bu işə qanunsuz olaraq ağac emalı ilə məşğul olan Lənkəran rayonu, Şilavar kənd sakini Eldəniz adlı şəxsin şəriki Səidə göndərdiyi ağac kömüründən 3 ton kömür əskik gəldiyi üçün, o 2022-ci ilin noyabr ayının sonlarında xatırlamadığı gündə Eldənizlə əlaqə saxlayıb ona şərikinə 3 ton kömürü əksik verdiyini,ya kömürü, ya da, kömürün pulu olan 1800 manat məbləğində vəsaitin verilməli olduğunu demişdir. Eldəniz isə ona borcunun olmadığını, əksinin özünün 4000 borclu olduğunu, ona 1 həftə vaxt verildiyini, verməyəcəyi təqdirdə ondan 50000 manat pul alacağı ilə onu hədələdiyindən Eldəniz adlı şəxs barəsində tədbir görülməsini xahiş etmişdir.
7. Qərarda göstərilir: izahatı alınan Lənkəran rayonu Şilavar kənd sakini İddiaçı izahatında göstərmişdir ki, o hər hansı bir yerdə ağac kəsib kömür istehsalı ilə məşğul olmur və s.
8. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə ilə Lənkəran ŞRPŞ-nə müraciət etmiş və Lənkəran rayonu, Şilavar kənd sakini Eldəniz adlı şəxsin şəriki Səidə göndərdiyi ağac kömüründən 3 ton kömür əskik gəldiyi üçün Eldənizlə əlaqə saxlayıb ona şərikinə 3 ton kömürü əksik verdiyini,ya kömürü, ya da, kömürün pulu olan1800 manat məbləğində vəsaitin verilməli olduğunu demiş, Eldəniz isə ona borcunun olmadığını, əksinin özünün 4000 borclu olduğunu, ona 1 həftə vaxt verildiyini, verməyəcəyi təqdirdə ondan 50000 manat pul alacağı ilə onu hədələdiyindən Eldəniz adlı şəxs barəsində tədbir görülməsini xahiş etmişdir.
10. İddiaçı şikayət əsasında Lənkaran ŞRPŞ-nə çağırılmış və izahatı alınmışdır. Nəticədə Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
11. Hazırda İddiaçı cavabdehin onun barəsində əsassız şikayətinə görə Lənkaran ŞRPŞ-də izahat verməli olduğunu, bu səbəbdən şərəf və ləyaqətinin alçaldığını, özünə mənəvi zərər vurulduğunu iddia edir və zərərin məbləğini 2000 manat həddində müəyyən edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
14. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
15. 23-cü maddəsinə əsasən Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında məhkəmənin ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
18. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
19. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
20. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır.
21. Bundan başqa “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, Qanunla xüsusi şiayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn. Məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəçisi kimi baxıla bilər.
22. Həmin Plenum qərarında eyni zamanda göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.
23. Əvvəla hazırki mübahisə üzrə ilkin araşdırılmalı olan hal zərərvurduğu iddia edilən şəxsin hüquqazidd əməlinin olub-olmamasıdır. Halbuki şəxsin ehtimal etdiyi cinayət əməli barədə hüquq mühafizə orqanlarına müraciət etməsi hüquqazidd əməl hesab edilə bilməz. Belə ki, törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün əsaslardan biri də fiziki şəxslərin yazılı və ya şifahi məlumatlarıdır(CPM 204.1). Hansı ki, belə məlumatların hüquqazidd hesab edilməsi yalnız “Bilə-bilə yalan xəbərçilik etmə” və ya “Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə” halında mümkündür CM 296, 297). Bunun üçün isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı olmalıdır. Lakin işin halları ilə qeyd edilənlər müəyyən edilmir.
24. Bundan başqa iddiaçının sübut etməli olduğu hallardan biri də şəxsin şərəf və ləyaqətini alçaldan məlumatların yayılmasıdır. Lakin bununla bağlı da hər hansı sübut təqdim edilməmişdir.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar iddianın təmin və ya qismən təmin edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
32. Eyni zamanda iddia tələbi əsassız olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev