Məhkəmə qərarları › İş №2(001)-1521/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1521/2023

22.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1521/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Baş Dövlət Yol Polis İdarəsinə qarşı “nəqliyyat vasitəsinə dair müqavilənin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh2 və Baş Dövlət Yol Polis İdarəsinə qarşı “vicdanlı alıcı hesab edilməklə avtomaşının üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “Volkswagen Caddy” markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə iddiaçının vicdanlı alıcı hesab edilməklə avtomobilin üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi X9 alqı-satqı müqaviləsi əsasında dəyəri 23 000 ABŞ dolları məbləğində olan 2017-ci il buraxılışlı WV2ZZZ2KZJX027912 ban nömrəsi, ağ rəngli, “Volkswagen Caddy” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, həmin vaxtdan qeyd olunan avtomobil İddiaçı MMC-nin mülkiyyətində və sahibliyində olmuşdur. Avtomobil alınarkən oğurluq olması və İnterpolda axtarışda olması barədə iddiaçının məlumatı olmamışdır. X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciəti əsasında müəyyən edilmişdir ki, AR DİN-nin İNTERPOL-un Milli Mərkəzi Bürosunun Binəqədi RPİ-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, WV2ZZ2KZJX027912 ban nömrəsi, ağ rəngli, “Volkswagen” markalı, 6AM9102 dövlət qeydiyyat nişanlı Çexiyada oğurlanmış nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, **-PF-*** dövlət qeydiyyat nişanlı həmin avtomobil ilk dəfə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına idxal olunaraq gömrük qeydiyyatından keçmiş və xx.xx.2020-ci il tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən İddiaçı MMC-nin adına AD860420 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2021-ci il tarixdə isə həmin avtomobil İNTERPOL tərəfindən axtarışa verilmiş, avtomobil Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanında və AR DİN BDYPİ Qİİdə qeydiyyata alınarkən axtarışda olmamış və avtomobil axtarışa verilməsi ilə X4, X7 və İddiaçı MMC-nin hərəkətləri arasında hər hansı əlaqə olmamışdır. Belə olan halda əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmuş, İddiaçı MMC-nin vicdanlı alıcı hesab edilməklə avtomobilin üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəməyə müraciət etməsinə dair hüququnun olması iddiaçıya izah edilmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddiaçının vicdanlı alıcı olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Qasımov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 “Volkswagen Caddy” markalı, **-PF-*** (**-SO-***) dövlət nömrə nişanlı minik avtomobilini xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə 20000 manata satmışdır. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Volkswagen Caddy” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. - Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, X3 21 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, rəis müavini olduğu İddiaçı MMCnin Elçin adlı şəxsdən 23000 ABŞ dolları məbləğində aldığı 2017-ci il buraxılışlı, WV2ZZZ2KZJX027912 ban nömrəsi, ağ rəngli, “Volkswagen Caddy” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə satarkən avtomobil oğurluq və İNTERPOL tərəfindən axtarışda olması müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2017-ci il buraxılışlı WV2ZZZ2KZJX027912 ban nömrəsi, ağ rəngli, “Volkswagen Caddy” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilk dəfə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına idxal olunaraq gömrük qeydiyyatından keçmiş və xx.xx.2020-ci il tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən İddiaçı MMC-nin adına AD860420 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2021-ci il tarixdə isə həmin avtomobil İNTERPOL tərəfindən axtarışa verilmişdir. Həmin avtomobil Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanında və AR DİN BDYPİ Qİİdə qeydiyyata alınarkən axtarışda olmamış və avtomobil axtarışa verilməsi ilə X4, X7 və İddiaçı MMC-nin hərəkətləri arasında hər hansı əlaqə olmamışdır. Belə olan halda əməldə cinayət tərkibi olmadığı üçün aparılmış yoxlamanın nəticələsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29cu maddəsinin tələblərinə görə isə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İslifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, iddiaçı özünün qanunla qorunan hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmçinin qeyd olunmalıdır ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülkiyyət hüququ həm Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi və digər normaları ilə qorunur və müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-ci maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. - 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC vicdanlı əldə edən (alıcı) hesab edilməklə Cavabdeh2 ilə bağlanmış nəqliyyat vasitəsinin alqısatqısına dair xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC vicdanlı əldə edən (alıcı) hesab edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar