Məhkəmə qərarları › İş №2(001)-153/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-153/2021

11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-153/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdr. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-ci ildə iddiaçının qardaşı Cavabdeh “xxxx” ASC-dən kredit götürmək istədiyini, lakin ona rəsmiyyət üçün zamin lazım olduğunu və iddiaçıdan onun bu krediti götürməsinə kömək edərək zamin durmağını xahiş etmişdir. İddiaçı da qardaşı olduğu üçün cavabdehin xahişini nəzərə almış və həmin kredit müqaviləsində iddiaçının adı zamin kimi rəsmiləşdirilmişdir. Lakin cavabdeh bank qarşısında olan öhdəliyini yerinə yetirmədiyi üçün bank ona qarşı məhkəməyə iddia ərizəsi vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək borclu və zamindəm 1907 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar tutma hazırkı iş üzrə iddiaçının pensiyasına yönəlmiş və ondan ümumilikdə 750 manat məbləğində pul tutulmuşdur. Cavabdehə dəfələrlə ona görə ödədiyi pulun geri qaytarılmasını xahiş etsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı məhkəməyə bildirdi ki, hazırkı mülki işin çərçivəsində iddia ərizəsi və digər ərizə və şikayətlərin verilməsi üçün ümumiyyətlə 250 manat hüquqi yardıma xərc çəkmiş və buna dair qəbzlər mövcuddur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ona görə hər hansı şəxsin maddi ziyan çəkməsini istəməzdi. Hazırkı iş üzrə iddiaçının da maddi ziyan çəkməsi ondan asılı olmayan səbəblərdən olmuşdur. Belə ki, o, kredit borcunun ödənilməsi üçün hər ay pulu tanıdığı bir şəxsə vermiş, həmin şəxs isə pulu banka keçirməyərək mənimsəmişdir. Pulun nəticə etibarı ilə qardaşının pensiyasından tutulmasını bilir. Lakin hazırkı vəziyyətdə o, özü də zərərçəkmiş hesab olunmalıdır. Pulu verdiyi şəxsin adı yadında deyil. Belə ki, o, keçirtdiyi xəstəlikdən sonra yaddaşını qismən itirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-1478/2012 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh və İddiaçı müştərək qaydada 1.907,31 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı pensiyasından 750,16 manat borc “xxxx” ASC-nin xeyrinə tutulub. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı hüquqi xidmətlərə görə “xxxx” MMC-yə cəmi 250 manat pul ödəmişdir. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı pensiyasından 750,16 manat borc “xxxx” ASC-nin xeyrinə tutulmaqla o, zaminlik müqaviləsindən irəli gələn vəzifələrini icra etmişdir. Öhdəliyi icra etmiş zaminin hüquqları Mülki Məcəllədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zamin (İddiaçı) banka ödədiyi pulun ona qaytarılması üçün borcluya (Cavabdeh) qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır. Bundan əlavə məhkəmə iddiaçının hüquqi yardım görə ödədiyi 250 manat məbləğində pulun cavabdehdən tələb edilməsini ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borca görə 750 manat və hüquqi yardıma görə iddiaçı təfəfindən ödənilmiş 250 məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borca görə 750 (yeddi yüz əlli) manat və hüquqi yardıma görə iddiaçı təfəfindən ödənilmiş 250 (iki yüz əlli manat) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar