Məhkəmə qərarları › İş №2(001)-1552/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1552/2024

13.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1552/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştiakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 ünvan 2 mənzilə istifadə hüququnun itirilmiş(xitam edilmiş) hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 mənzil onun adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçirilərək, qeydiyyat vəsiqəsi verilmişdir. Bu ünvanda qeyd olunan şəxlərin şəxsi yaşayış yerləri var və həmin ünvanlarda da, yaşayırlar. ünvan 1 ünvanda yerləşən mənzil X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixində qeydiyyatdan keçirilərək, rəsmiləşdirilmişdir. Cavabdehlər artıq xeyli müddətdir ki, bu ünvanda yaşamırlar və bu mənzillə heç bir əlaqələri yoxdur. Lakin formal olaraq pasport qeydiyyatındadırlar. Cavabehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi hüquqlarının pozulmasına, mənzillə bağlı hüquqlarının həyata keçirilməməsinə səbəb olur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, cavabdehlərdən Zaur Əhmədov onun oğlu, Cavabdeh1 onun qızı, Cavabdeh3 isə nəvəsidir. Digər cavabdeh isə Cavabdeh2 onun keçmiş gəlidir. Həmin ünvanda oğlu və arvadı ilə birlikdə yaşayır. Arzu 20 ildir ki, həmin ünvanda yaşamır. Evlənəndən sonra evdən çıxmışdır. Boşanandan sonra da, həmin evdə yaşamamışdır. Hazırda Azadlıq metrosunun yaxınlığındakı yaşayış binalarında kirayə yaşayır. Oğlu ilə gəlini 2008-ci ildə rəsmi şəkildə nikaha daxil olmuşlar. Nikahdan sonra 10-11 il ərzində ünvan 2 mənzildə yaşamışlar. Daha sonra 2019-cu ildən evdən çıxaraq, Masazırda müqavilə ilə alınmış evdə yaşamışlar. Pandemiyadan sonra oğlunun adına olan ünvan 1 ünvanda 1 il yaşamışlar, sonra tərəflər arasında olan nikah pozulmuşdur. Cavabdeh1 və Cavabdeh3 məhkəməyə ərizə verərək, idida tələbini qəbul etmişlər. Gülay ümumiyyətlə həmin ünvanda yaşamamış, ata evində yaşamışdır.

4. İddia tələbi ona münasibətdə azaldılana qədər cavabdeh olan X17 izahatında bildirmişdir ki, nikahdan sonra arvadı ilə 10 il ünvan 2 mənzildə yaşamışlar. 2019-cu ildə pandemiyadan əvvəl Masazıra köçmüşlər, pandemiyadan sonra ünvan 1 ünvanında 1 il yaşadıqdan sonra aralarında olan nikah pozulmuşdur. Hazırda keçmiş arvadı ilə arasında əmlakla bağlı mübahisə yoxdur. Hazırda ünvan 2 mənzildə yaşayır. Əgər ev satılsa ordan qeydiyyatdan çıxacaq. Lakin hazırda həmin ünvanda yaşayır.

5. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, 2003-cü ildə ailə qurduqdan sonra, evdən köçmüş və 2022-ci ildə ərindən boşandıqdan sonra ata evinə qayıtmışdır. 2023-cü ildə isə yenidən nikaha daxil olmuşdur. Mənzildən istifadə hüququna xitam verilməsinə razıdır. Bu barədə yazılı ərizə təqdim etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, o, atasının evində doğulmuş, 2022-ci ilə kimi orada yaşamış, 2022-ci ildə valideynləri boşanandan sonra babasının evinə köçmüşdür. Babasının evində cəmi 1 il yaşamışdır. Daha sonra anası ilə birlikdə başqa ünvana köçərək yaşamağa başlamışdır. Mənzildən istifadə hüquqlarının itirilməsinə razıdır və bu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Teniki İnventarlaşdırlma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 mənzil İddiaçı adına xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 2 mənzildə xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1961-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.1983-cü il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 4320/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh2 ilə X14 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş və nikah pozulandan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 anaları Cavabdeh2 yanında saxlanılması və s. müəyyən edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən,İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı( 3-cü şəxs: X14, Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh3 Müşfiq qızı, X10, X11) “qeydiyyatdan çıxarılma” barədə tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, övladla bağlı servituta xitam əsaslarının olub-olmaması, gəlin və nəvələrlə bağlı ailə münasibətlərindən irəli gələn hallarda iddiaçının mülkiyyətində olan mənzilə həmin şəxslərin istifadə hüququnun olub-olmaması, olmuşdursa itirilmiş hesab edilibedilməməsi və ya xitam üçün əsasların olub-olmaması inzibati məhkəmə icraatı qaydasında yox, mülki icraat qaydasında aydınlaşdırılmalı bununla bağlı məhkəmə qətnaməsi cavabdehə təqdim edilməklə qeydiyyatdan çıxarılma məsələsi həll edilməli, cavabdeh tərəfindən qətnamədə müəyyən edilmiş hüquqi mövqe nəzərə alınmadığı təqdirdə isə iddiaçının inzibati məhkəməyə bu barədə müraciət etmək hüququ olması nəzərə alınmalıdır. Lakin iddiaçı aidiyyəti üzrə istifadə hüququ ilə bağlı məsələyə münasibət bildirilməsini təmin etmədən birbaşa inzibati orqana, daha sonra inzibati məhkəməyə müraciət etmişdir ki, həmin məsələyə münasibət bildirilməsi məhkəmənin səlahiyyətinə aid olmamışdır.

12. 26.12.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. ünvan 2 mənzil iddiaçının adına 1995-ci ildə xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.

14. Mənzildə qeydiyyatda olanlardan Cavabdeh1 iddiaçının qızı, Gülay, Günay və Aygün isə nəvəsi olmaqla Arzunun qızlarıdır. Cavabdeh3 yetkinlik yaşına çatsa da, digər nəvələr yetkinlik yaşına çatmamışlar. Cavabdehlərdən Arzu və Günay iddianı etiraf edirlər.

15. Cavabdeh2 iddiaçının oğlu X1 arvadıdır, Tunar və Tural isə onların uşaqlarıdır. Cavabdeh2 iddiaçının oğlu X14 ilə olan nikahları 2008-ci ildən 2023-cü ilədək davam etmişdir. 2008-ci ildən etibarən oğlu və gəlini ünvan 2 ünvanda 2019-cu ilə kimi yaşamışlar. Daha sonra ailəlikcə Masazıra köçsələr də, sonuncu dəfə ünvan 1 ünvanda bir ailə kimi 1 il yaşadıqdan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(001)-4320/2023 saylı qətnaməsi ilə nikah münasibətlərinə xitam verilmişdir. Nikah pozulandan sonra uşaqlar ananın himayəsində saxlanılmışlar. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Konstitusiyasının:

17. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

18. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur;

19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;

22. 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;

23. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

24. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın;

25. 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir.

26. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

27. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh2 gəlin kimi qaynatasının xüsusi mülkiyyətində olan mənzilə 2008-ci ildə köçmüş və 11 il bir yerdə yaşamışlar. Odur ki, həmin tərəflər arasında mübahisəli hüquq münasibəti Mülki Məcəllənin 228-ci maddəsinin təsir dairəsinə düşür.

28. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

29. Mülki Məcəllənin 228-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvləri, “birgə yaşayan ailə üzvləri”,“digər ailə üzvləri” və "digər şəxslər" prizmasından yanaşılır və Mülki Məcəllənin və Konstitusiya Məhkəməsinin bununla bağlı müvafiq qərarlarında formalaşmış mövqe ondan ibarətdir ki, həmin Məcəllənin 228.1-ci, 228.2-ci və 228.5-ci maddəsinin tələblərinə əsasən “digər şəxslər”,”digər ailə üzvləri” yaşayış sahəsindən istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun.

30. Cavabdehin iddiaçının gəlini olduğunu nəzərə alarsaq onun mülkiyyətçiyə münasibətdə "digər ailə üzvü" və ya “digər şəxs” kimi qiymətləndirmək mümkündür. Lakin bu halda onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşma və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur.

31. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud olmamışdır.

32. Odur ki, cavabdehlərdən Cavabdeh2 mübahisəli mənzilə münasibətdə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Onun himayəsində olan uşaqları Əhmədli Turan və Əhmədli Tural daimi olaraq anaları ilə birlikdə yaşadıqlarından onlar da, mübahisəli mənzilə istifadə hüququ olmayan hesab edilməlidirlər.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

35. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 iddianı etiraf edirlər və məhkəmə aşağıdakı hüquqi mövqedən yanaşaraq onların etirafını qanunauyğun hesab edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

37. Göründüyü kimi istifadə hüququnun hansı əsasla yaranmasından asılı olmayaraq, şəxsin uzun müddət mənzildə yaşamaması, yaşayış sahəsinə ehtiyacını digər formada təmin etməsi onun müvafiq əsaslarla həmin mənzilə istifadə hüququnun aradan qalxmasına əsas olur.

38. Hazırki mübahisədə də müəyyən edildiyi kimi Cavabdeh1 və Cavabdeh3 yaşayış sahəsinə ehtiyacları uzun müddətdir ki aradan qalxmışdır və bu səbəbdən onların istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bundan əlavə Cavabdeh1 himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X8 və X3 da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir;

42. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır;

43. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

45. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır;

46. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

47. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

48. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 himayəsində olan yetkinilik yaşına çatmayan uşaqları X8 və X7 ilə birlikdə və Cavabdeh3 ünvan 2 mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh2 himayəsində olan yetkinlik yaşlarına çatmayan uşaqları X12 və X13 ilə birlikdə ünvan 2 mənzilinə istifadə hüququ olmayan hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

49. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin Cavabdehlər Cavabdeh1 himayəsində olan yetkinilik yaşına çatmayan uşaqları X8 və X7 ilə birlikdə və Cavabdeh3 ünvan 2 mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh2 himayəsində olan yetkinlik yaşlarına çatmayan uşaqları X12 və X13 ilə birlikdə ünvan 2 mənzilə istifadə hüququ olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar