Məhkəmə qərarları › İş №2(001)-1565/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1565/2022

17.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1565/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı (MMC) Cavabdeh qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 16 noyabr 2021-ci il tarixli, 998 nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 550 manat əsas borcun 93 manat dəbbə borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında 16 noyabr 2021-ci il tarixdə 998 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satış obyekti olan “Sonia G5” avadanlığı həmin tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Satış obyektinin ümumi dəyəri 1100 manat olmuş, müqavilə bağlanarkən cavabdeh 550 manatı ilkin ödəniş kimi etmiş, növbəti 3 ay ərzində isə qalan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh 16 dekabr 2021-ci il və 16 yanvar 2022-ci il tarixlərdə hər dəfə 200 manat, 16 fevral 2022-ci il tarixdə isə 150 manat ödəniş etməlidir. Lakin, cavabdeh müqaviləni birtərəfli şəkildə pozaraq 16 dekabr 2021-ci il tarixdəki ödənişi də daxil olmaqla heç bir sonrakı ödənişləri aparmamışdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənişinin gecikdiriləcəyi halda dəbbə pulunun hesablanması qaydası müəyyən olunmuşdur. Borcun ödənilməsi ilə bağlı cavabdehə rəsmi bildiriş, xəbərdarlıq göndərilməsinə baxmayaraq, ödəniş olunmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda V.Ə.Xəlilov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin yaşayış ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 16 noyabr 2021-ci il tarixli, 998 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMX-dən dəyəri 1100 manat olan “Sonia G5” avadanlığını sifariş etmiş, müqavilə bağlanan tarixdə ilkin ödəniş kimi 550 manat ödəmiş, qalan 550 manat məbləği isə 16 dekabr 2021, 16 yanvar 2022 və 16 fevral 2022-ci il tarixlərdə müvafiq olaraq 200, 200 və 150 manat şəklində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - təhvil-təslim aktından görünür ki, “Sonia G5” avadanlığı 16 noyabr 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. - 18 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 noyabr 2021-ci il tarixli, 998 nömrəli müqavilə üzrə 550 manat əsas, 93 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh hissə-hissə ödəmə şərti ilə əldə etdiyi əşyanın dəyərini tam olaraq İddiaçı MMC-yə ödəməmiş, yəni, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Belə olan halda iddiaçının borcu tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilədə alğı-satqı predmeti olan əşyanın dəyəri və ödəniş qaydaları aşkar qeyd edildiyindən və əsas borcun məbləği müqavilədə tərəflərin imzaları, habelə maliyyə arayışı ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində iddia tələbinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 550 manat məbləğində əsas borca tənasübsüz olaraq 93 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 93 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 38,5 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında 16 noyabr 2021-ci il tarixdə bağlanmış müqavilənin müddəti 16 fevral 2022-ci il tarixədək müəyyən edilmişdir. Hazırda həmin müqavilənin müddəti bitdiyindən onun ləğv edilməsi hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 28 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 550 manat əsas borc, 38,5 manat dəbbə pulu və iddia ərizəsinin verilmədi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 manat olmaqla ümumilikdə 616,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar