Məhkəmə qərarları › İş №2(001)-1587/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1587/2022

14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1587/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Binəqədi Rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilməklə) özgənin torpağına müdaxilənin qarşısının alınması və qonşu əmlakına qanunsuz təsirin aradan qaldırılması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı özgənin torpağına müdaxilənin qarşısının alınması və qonşu əmlakına qanunsuz təsirin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh tərəfindən mülkiyyətində olan M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bitişik tikilmiş otaqların hər birinin pəncərəsinin cavabdeh hesabına ləğv olunması və torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsində hasarın cavabdehin hesabına geri çəkilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı ilə ümumilikdə 600 kv.m (6 sot) torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixində vətəndaş X2. Sonradan xx.xx.2020-ci il tarixində X13 ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X8 məxsus M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin 300 kv.m (3 sot) hissəsi X1. Və həmin tarixdən torpaq sahəsi onun mülkiyyətində və istifadəsindədir. Məlumat üçün bildirir ki, ona məxsus torpaq sahəsində yerli icra hakimiyyəti orqanından zəruri icazələr aldıqdan sonra ailə üzvləri ilə birlikdə yaşamaq üçün fərdi yaşayış evinin tikintisinə başlamış və tikinti hal-hazıradək davam edir. Bu müddət ərzində qonşusu Cavabdeh ona evin tikintisi zamanı və həyətyanı sahəsində istifadə zamanı dəfələrlə müdaxilələr etmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş fotolardan göründüyü kimi, qonşu Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə bitişik öz torpaq sahəsində icarəyə verilməsi məqsədilə təxminən 4-5 ədəd özbaşına tikinti işləri apararaq otaqlar düzəltdirmiş və həmin otaqların hər birinin pəncərəsini ona məxsus həyətyanı sahəyə baxacaq şəkildə düzəltdirərək onun həyətyanı sahəsindən istifadə hüququnu pozmuşdur. Həmçinin bildirmək istəyir ki, o, Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndəsini torpaq sahəsinə hər-hansı bir müdaxilənin olub olmaması ilə ölçü aparması üçün dəvət etdiyində məlum olmuşdur ki, Cavabdeh təxminən 50 sm (yarım metr) onun torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ilə bağlı qərar Kazımova Matanın adınadır. O da, bacısına torpaq sahəsi ilə bağlı etibarnamə verib. Özü hərbiçi olduğundan ev növbəsinə dayanmışdır.Bu səbəbdən də, torpaqla bağlı etibarnamə bacısının adına verilmişdir. X15 hər hansı tanışlığı yoxdur və harada olması ona məlum deyildir. Cavabdehin tikdiyi evlərin 7 ədəd pəncərəsi onun həyətinə baxır ki, hazırda həmin pəncərələrin bağlanmasını istəyir. Onun tikintiyə dair hər hansı hüquqmüəyyəndici sənədi yoxdur.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin həyətində 8 ədəd fərdi tikili mövcuddur ki, evləri kirayə vermişdir. Öz evi isə ayrıdır. Cavabdehin ona qarşı qaldırdığı və tərəfindən zərər vurulduğunu iddia etdiyi ev özünün istifadəsində olan ev deyil. Cavabdehin tikdirdiyi evlərin pəncərələri, həmin evlərin sobalarından çıxan borular və kanalizasiya borularından çıxan tullantılar hazırda tikinti apardığı evin həyətinə tökülür. Dəfələrlə bu barədə cavabdehə məlumat versə də, cavabdeh tərəfindən hər hansı tədbir görülməmişdir. Əksinə qarşılığında evləri ondan qabaq tikdirdiyini bildirmişdir. Bələdiyyənin memarı həyətdə ölçü apardıqdan sonra məlum olmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsini 50 sm hissədə mənimsəmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Buna baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər nümanyəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və məhkəmə iclasında iştirakını təmin etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar

7. Binəqədi Rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 207 nömrəli qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən, əvvəllər bataqlıq olmuş, sonradan bələdiyyənin vəsaiti hesabına doldurularaq yararlı vəziyyətə gətirilmiş ərazidən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X7 mülkiyyətinə verilmişdir.

8. Torpaqların alğı-satqısına dair 22 iyul 2003-cü il tarixli aktdan görünür ki, X13 25 iyun 2003-cü il tarixində torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə 04 iyul 2003-cü il tarixli 207 saylı qərar qəbul edilmişdir.

9. Bunun müqabilində 22 iyul 2003-cü il tarixli, 029776 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X13 tərəfindən torpaq alğı-satqısı üçün ******* manat ödəniş edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 177558 saylı etibarnamədən görünür ki, X5 rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsindən xx.xx.2003-cü il tarixdə verilmiş 207 saylı qərara əsasən M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 600 kv.m-dən ibarət torpaq sahəsinin 300 kv.m-dən ibarət hissəsini özəlləşdirməyi, müvafiq sənədləri topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında nümayəndəsi olmağı, adından imza etməyi, sənədləri aidiyyəti üzrə dövlət orqanlarına verməyi, DƏDRX Bakı şəhər Əİ-dən reyestrdən çıxarışı almağı, alğı-satqı üçün bütün sənədləri topladıqdan sonra torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bununla əlaqədar adından ərizə verməyi, adından imza etməyi, lazım olarsa həmin torpaq sahəsini bir addan başqa ada keçirilməsi üçün bələdiyyə orqanlarında onun nümayəndəsi olmağı, adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi xx.xx.2099-cu ilədək X6 etibar etmişdir

11. xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 469894 saylı etibarnamədən görünür ki, X3 Matan Əjdər qızı tərəfindən verilmiş Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsindən xx.xx.2003-cü il tarixdə verilmiş 207 saylı qərara əsasən M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 600 kv.m-dən ibarət torpaq sahəsinin 300 kv.m-dən ibarət hissəsini özəlləşdirməyi, müvafiq sənədləri topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında nümayəndəsi olmağı, adından imza etməyi sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, DƏDRX Bakı şəhər Əİ-dən reyestrdən çıxarışı almağı, adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi xx.xx.2099-cu ilədək İddiaçı etibar etmişdir

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2022-ci il tarixli, 10/2115 saylı ekspert rəyindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinə tərəf cavabdehin inşa etdiyi tikililərdən 5 ədəd pəncərə boşluğu açılmışdır. Həmin tikililər sərhəd hasara bitişik formada inşa edilmişdir. Sözügedən tikililərə dair hər hansı hüquqmüəyyənedici və ya texniki sənəd mülki iş materiallarında aşkar edilmədiyindən, həmin tikililərin şəhərsalma və tikinti normalarına uyğun inşa edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

13. Binəqədi Rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən X8 M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə 04 iyul 2003-cü il tarixli 207 saylı qərar qəbul edilmiş və M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən, əvvəllər bataqlıq olmuş, sonradan bələdiyyənin vəsaiti hesabına doldurularaq yararlı vəziyyətə gətirilmiş ərazidən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X7 mülkiyyətinə verilmişdir. Bundan sonra X13 xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 469894 saylı etibarnamə ilə M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 600 kv.m-dən ibarət torpaq sahəsinin 300 kv.m-dən ibarət hissəsini özəlləşdirməyi, müvafiq sənədləri topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında nümayəndəsi olmağı, adından imza etməyi və.s səlahiyyətləri xx.xx.2099-cu ilədək X6 etibar etmişdir.

14. X10 da, xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 469894 saylı etibarnamə ilə ona ötürülmüş səlahiyyətləri xx.xx.2099-cu ilədək İddiaçı etibar etmişdir. İddiaçı isə bacısına verilmiş etibarnamədən istifadə etməklə, həmin ərazidə fərdi yaşayış evi inşa etmişdir.

15. Həmin evə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur.

16. Hazırda isə iddiaçı faktiki sahibliyində olan torpaq sahəsindən istifadə etməsinə qonşu torpaq sahəsinin istifadəçisi və sahibi tərəfindən mane yaradıldığını və qonşunun onun həyətinə baxan pəncərələrinin, onun həyətinə axan kanalizasiya borularının və digər çıxıntıların onun hüquqlarını pozduğunu iddia edir.

17. Yaranmış mübahisənin həlli üçün mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2022-ci il tarixli, 10/2115 saylı ekspert rəyi alınmışdır.

18. Rəyə əsasən iddiaçıya məxsus torpaq sahəsinə tərəf cavabdehin inşa etdiyi tikililərdən 5 ədəd pəncərə boşluğu açıldığı, həmin tikililərin sərhəd hasara bitişik formada inşa edildyi və sözügedən tikililərə dair hər hansı hüquqmüəyyənedici və ya texniki sənəd mülki iş materiallarında aşkar edilmədiyindən, həmin tikililərin şəhərsalma və tikinti normalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

21. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

22. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

25. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;

26. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

27. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

28. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir;

29. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;

30. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir;

32. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

33. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

34. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

35. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir.

37. İddia tələbindən görünür ki, mübahisə mahiyyəti sahiblik hüququnun həyata keçirilməsinə törədilən maneənin aradan qaldırılması və sahiblik hüququnun müdafiəsi ilə bağlıdır.Yəni iddiaçı sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsində sahiblik hüququnun cavabdeh tərəfindən qadağan edilmiş özbaşınalıq yolu pozulduğunu iddia edir. Lakin yuxarıda sadalanan normaların məzmunundan və Konstitusiya Məhkəməsi plenumunun hüquqi mövqeyindən də göründüyü kimi daşınmaz əmlaka münasibətdə sahiblik hüququnun müdafiəsi ilə bağlı iddia irəli sürmək üçün iddiaçı əvvəla subyektiv hüququnun olduğunu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ kimi elementlərin olduğunu sübut etməlidir.

38. Lakin işin hallarından da müəyyən edildiyi kimi iddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 207 saylı qərarı ilə X7 mülkiyyətinə verilməsi üçün alqı-satqı edilmiş torpaq sahəsi ilə bağlı iddia qaldırmışdır və həmin torpaq sahəsinin əvvəlcə X11, sonra X4 isə özünə etibarnamə ilə satıldığını iddia edir. Halbuki etibarnamə mülki qanunvericilikdə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılır və alqı-satqı müqaviləsini rəsmiləşdirən sənəd hesab edilmir. Yəni təmsilçi təmsil edilən adından onun mənafeyinin müdafiəsi üçün hərəkət edir. Lakin işin hallarından göründüyü kimi iş üzrə iddiaçı X13 deyildir və əsl iddiaçı kimi əvəz edilməmişdir. Belə ki, iddiaçı həmin şəxsi tanımadığını və onunla hər hansı bağlılığının olmadığını və harada olmasında məlumatsız olduğunu bildirmişdir.

39. Baxmayaraq ki, sözügedən torpaq sahəsində yerləşən tikilinin faktiki sahibinin iddiaçı olması mübahisələndirilməmişdir, lakin torpaq sahəsinin iddiaçı ilə hüquqi bağlılığı müəyyən edilmədiyindən iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmiş kimi qiymətləndirilməli və əsl iddiaçının əvəz edilməsi ilə bağlı prosessual qaydaya əməl edilməsi hazırki icraat çərçivəsində mümkün olmadığından iddia təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Nəticə:

44. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Binəqədi Rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilməklə) özgənin torpağına müdaxilənin qarşısının alınması və qonşu əmlakına qanunsuz təsirin aradan qaldırılması tələbi barədə iddiası təmin edilməməlidir.

45. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı Cavabdeh qarşı (Binəqədi Rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilməklə) “özgənin torpağına müdaxilənin qarşısının alınması və qonşu əmlakına qanunsuz təsirin aradan qaldırılması” tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar