Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1623/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı məhkəmədən, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 maddi ziyana görə 12500 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, ümumilikdə 22500 manat məbləğində pulun və ödənilmiş 158 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 yanvar 2018-ci il tarixdə Yusif ilə evlənmişdir, övlad sahibi olmaq məqsədilə bir müddət Şirvan şəhər mərkəzi xəstəxanasında həkim ginekoloq işləyən Elvira tərəfindən müalicə olunsalar da müsbət nəticə olmamışdır. 02 oktyabr 2020-ci il tarixdə ultrasəs müayinəsi nəticəsində onda sağ yumurtalıqda kista aşkar olunmuşdur. Elvira həkim açıq əməliyyatla kistanın götürülməsinin vacibliyini bildirmişdir. Onlar maraqlanıb Şirvan Şəhər müalicə-diaqnostika mərkəzində cərrah həkim işləyən Cavabdeh2 tapıb 2020-ci ilin noyabr ayında müraciət etmişlər. Cavabdeh2 onu əməliyyat edəcəyini üzərinə götürüb 2020-ci ilin dekabr ayında əməliyyatı Şirvan şəhər mərkəzi xəsətəxanasında edəcəyini bildirmişdir. Lakin əməliyyata bir gün qalmış, yəni 01 dekabr 2020-ci il tarixdə o, koronovirus pandemiyası ilə əlaqədar əməliyyatın həmin xəsətəxanada deyil, Binəqədi rayonunda yerləşən Cavabdeh1 klinikasında edəcəyini bildirmişdir. Həkim Cavabdeh2 onu əməliyyat etmək üçün onun iştirakı ilə 02 dekabr 2020-ci il tarixdə onunla Cavabdeh1 MMC arasında müqavilə bağlanılmış və o ora ödəniş etsə də ona qəbz təqdim edilməmişdir. 02 dekabr 2020-ci il tarixdə o, Cavabdeh1 MMC-də Cavabdeh2 tərəfindən sağ yumurtalıqda aşkar olunan kistanın götürülməsi əməliyyatı olunmuş və səhərisi gün xəstəxanadan evə buraxılmışdır. Cavabdeh2 əməliyyatın uğurla nətiəcləndiyini bildirmişdir. Lakin əməliyyatın keçirilməsinə dair ona hər hansı tibbi sənəd təqdim edilməmişdir. Ondan tibbi sənəd təqdim edilməsini tələb etsələr də o bundan imtina etmişdir. 11 yanvar 2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Medlux” xəstəxanasında Mehman həkim tərəfindən müayinə olunmuşdur. Mehman həkim ona ana ola bilməyəcəyini bundan başqa sağ yumurtalığında kistanın yenə mövcud olması, sol yumurtalığının isə əməliyyatla götürülməsini bildirmişdir. O bu xəbərdən sarsılaraq əsəb keçirtmiş, bir neçə saat özünə gələ bilməmişdir. Müəyyən etmişdir ki, Cavabdeh2 səhlənkarlıq edərək əməliyyat zamanı kistanın əvəzinə onun sol yumurtalığını götürmüşdür. Lakin həkim tərəfindən kistanın sol yumurtalığın götürülməsi barədə ona hec bir məlumat verilməmiş və qərəzli olaraq gizlədilmişdir. Əgər o yoxlanış üçün Medlux xəstəxanasında Mehman həkimin yanına getməsəydi onun bundan xəbəri olmayacaq idi. O, hazırda müqəddəs olan ana olmaq hüququndan həkim səhlənkarlığı nəticəsində məhrum olunmuşdur. Tərəflərin izahatları:
3. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, Mehman həkim ona sol yumurtalığın atrofiyaya uğramasının mümkünsüz olduğunu və ekspertiza rəyinin əsassız olduğunu demişdir. Bundan əlavə Elçin həkim ona hara istəyirsən ora da şikayət et demiş və onlarla kobud rəftar etmişdir.
4. Lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh1 MMC-nin vəkili Vəkil isə mübahisə barədə yalnız elektron qaydada sənədlər əlavə etməklə kifayətlənmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
5. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər eyni məsələ barədə Binəqədi Rayon Prokurorluğuna müraciət etmişdir. Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X3 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan hazırki iddia ərizəsində qeyd edilən əsaslarla Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-201/2023 saylı qərarı ilə məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin edilməmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)- 201/2023 saylı qərarında qeyd edilmişdir ki, “Məhkəmə iclasında şikayətin dəlilləri 91C-23 saylı materialı əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, X1 Rayon Prokurorluğuna müraciət edərək həyat yoldaşı İddiaçı həkim Cavabdeh2 tərəfindən səhlənkarlıq edilərək əməliyyat edildiyini, nəticədə həyat yoldaşının ana olmaqdan məhrum olduğunu bildirmiş, Cavabdeh2 məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Daxil olmuş müraciət əsasında X4, İddiaçı, həmçinin həkim Cavabdeh2 izahatı alınmış, komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Keçirilmiş komisyon məhkəmə-tibb ekspertizası zamanı belə nəticəyə gəlinmişdir ki, İddiaçı diaqnozu düzgün təyin edilmiş, cərrahi əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmiş, sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmamış, cərrahi əməliyyatla əlaqədar İddiaçı hər hansı bir fəsad və ağrılaşma müəyyən edilməmiş, aparımış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuş, USM-də sol yumurtalığın aşkar olunmaması kistasın iri olması ilə əlaqədar yumurtalıq atrofiyaya uğraya bilərdi. Məhkəmə qeyd edir ki, şikayətçi tərəfindən xx.xx.2020-ci il tarixdə onda sağ yumurtalıqda kista aşkar olunması qeyd olunsa da, Cavabdeh1 tibb mərkəzi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktub və əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı əməliyyatı xx.xx.2020-ci il tarixdə baş tutmuş, İddiaçı sol yumurtalığın iri kistası diaqnozu ilə göndərilmiş, qəbul şöbəsinin diaqnozu da eyni olmuşdur. İddiaçı sol yumurtalığın iri kistası diaqnozu ilə cərrahiyə şöbəsinə qəbul edilmişdir. Həmçinin şikayətçinin cərrahi əməliyyatı xx.xx.2020-ci il tarixində həyata keçirilmiş, sol yumurtalıqda olan kista əməliyyat yolu ilə çıxarılmışdır. Əməliyyatdan sonra özünün məhkəmə iclasında təqdim etdiyi, xx.xx.2021-ci il tarixli Tibb Ərazi Bölmələrinin X9 X11 rayon Qadın Məsləhətxanasının ginekoloji USM protokolundan da (həkim Quliyeva Şərqiyyə) göründüyü kimi İddiaçı sağ yumurtalıq ölçüsü 43x39 mm, sol yumurtalıq ölçüsü 26X14mm ölçüdə olmuşdur. Qeyd edilən protokolda həkimin ad soyadı qeyd edilməsinə baxmayaraq onun tərəfindən imzalanmasa da şikayətçi məhkəmə iclasında həmin USM müayinəsinin nəticəsinə dair protokolun həkim Quliyeva Şərqiyyə tərəfindən ona təqdim edildiyini, həmin protokolun onun USM mayinəsindən keçedikdən sonra tərtib edildiyini bildirmişdir. Bundan başqa 02 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şirvan X2 müayinəsində (rəngli, energetik DOPPLER) (həkim Mustafayev Şahin) də 1982-ci il təvəlldülü Cəfərova (İsmayılova) Humay Meybulla qızının Sağ yumurtalıq ölçüsü 55x41x31 mm (n35x25x15mm), sol yumurtalıq ölçüsü 34x23x16mm (n35x25x15mm) olduğu, sağ yumurtalıqda yumurtalığı tamamən əhatə etmiş 25.0 mm, 23.7mm ölçüdə folikulyar kistalar izlənməsi qeyd edilmişdir. Göründüyü kimi, şikayətçi Cəfərova (İsmayılova) Humay Meybulla qızı xx.xx.2020-ci il tarixdə sol yumurtalıqda olan kistanın çıxarılması əməliyyatı olduqdan sonra keçirilmiş hər iki USM müayinəsində onun sol yumurtalığının ölçüləri göstərilmişdir. Əgər şikayətçi tərəfindən qeyd edilən kimi, həkim tərəfindən səhlənkarlıq edilərək kista əvəzinə olnun sol yumurtalığı götürülmüş olsaydı, əməliyatın icra edildiyi tarixdən sonra keçirilmiş USM müayinələrində onun sol ymurtalığının ölçülərinin yazılması mümkün olmazdı. Çünki çıxarılmış yəni olmayan yumurtalığın ölçülərinin dəqiq göstərilməsi və USM müayinəsi zamanı izlənməsi mümkün deyildir. Bundan başqa şikayətçi tərəfindən əməliyyatdan sonra uzun müddət dərman qəbulu edərək müalicə almışdır. Komisyon məhkəmə-tibb ekspertizasının KEŞ-125 nömrəli xx.xx.2023-cü il tarixli rəyində də “USM-də sol yumurtalığın aşkar olunmaması kistası iri olması ilə əlaqədar sol yumurtalıq atrofiyaya uğraya bilərdi” qeyd edilmişdir. Atrofiyaya isə normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir. Atrofiyalar, hüceyrə sayısının azalmasına (riyazi) və ya hüceyrə həcmlərinin kiçilməsinə bağlıdır, ikisi birlikdə ola bilər. Atrofiya səbəbilə həcmi kiçilən toxumanın yerini bağ toxuması ala bilər. Göründüyü kimi İddiaçı şikayət ərizəsində göstərdikləri, təni həkim tərəfindən sağ yumurtalıqda olan kista əvəzinə onun sol ymurtalığının ümumiyyətlə götürülməsi öz təsdiqini tapmamışdır”.
7. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon prokurorluğunun mütəntiqi X5 tərəfindən 17 mart 2023-cü il tarixdə qəbul edilmiş "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 6(001)-201/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(103)-450/2023 saylı qərarı ilə təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(103)-450/2023 saylı qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, Binəqədi rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən 17 mart 2023-cü il tarixdə qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, iş üzrə zəruri olan istintaq hərəkətləri keçirilmiş, tərəflərin izahatları alınmış, 28 fevral 2023-cü il tarixdə Cəfərova (İsmayılova) Humay Meybulla qızının əməliyyatında hər hansı həkimin və ya tibb işçisinin təqsirinin olub- olmamasını müəyyən etmək üçün komisyon məhkəmə-tibb eskpertizası təyin edilərək KEŞ-125 nömrəli 16 mart 2023-cü il tarixli ekspert rəyi alınmış, həmin rəyə əsasən İddiaçı əməliyyatında hər hansı həkimin və ya tibb işçisinin təqsirinin olması müəyyən edilməmiş, toplanmış 91C-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin hallarına əsasən birinci instansiya məhkəməsi İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi barədə düzgün qərara gəlmişdir.” Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
9. Qeyd edilməlidir ki, əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
10. Məhkəmə işin faktiki hallarını iddia tələbinin əsaslandırılması ilə məcmu halında qiymətləndirərək o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusundan(delikt) irəli gələn maddi və mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ; - 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. - 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
11. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
12. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
13. İşin halları ilə müəyyən edildiyi kimi iddiaçı həkimin səhlənkarlığı və ya səhv diaqnozu nəticəsində onun sağlamlığına zərər vurulduğunu və bunun nəticəsində ona maddi və mənəvi zərər dəydiyini iddia edir. Yuxarıdakı normaların tələbindən də göründüyü kimi delikt törədilməsi nəticəsinə gəlmək üçün 4 dispozitiv şərtin mövcud olması zəruridir. Hansı ki, mübahisənin mahiyyəti baxımından iddiaçıya ən azından əməliyyat xərci həcmində maddi zərər dəydiyi ehtimal olunsa belə, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması halı öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hansı ki, iddia tələbinin əsaslandırılmasından və iddiaçının dəlillərindən aydın olduğu kimi iddiaçı həkim səhvi nəticəsində ona sağ yumurtalığında kista olsa da, sol yumurtalığının kistası diaqnozu qoyulduğunu və bunun davamı olaraq sol kistası cərrahi əməliyyat nəticəsində götürüldüyünü iddia edir.
14. Halbuki işə baxan məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olan məhkəmə qərarında müəyyən edilmişdir ki, Cəfərova (İsmayılova) Humay Meybulla qızının əməliyyatında hər hansı həkimin və ya tibb işçisinin təqsiri müəyyən edilmir. Odur ki, məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən mülki hüquq pozuntusu törədilməmişdir və bu səbəbdən iddia əsassızdır.
15. Belə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Tətbiq edilən prosessual normalar:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
17. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
19. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;
20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
21. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Nəticə:
24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev