Məhkəmə qərarları › İş №2(001)-1628/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1628/2021

04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1628/2021 04.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-2015-ci illərdə tərəflər arasında hazır boyaların alqı-satqısı ilə əlaqədar əməkdaşlıq olmuşdur. Göstərilən müddət ərzində İddiaçı tərəfindən Cavabdeh 158262,26 manat məbləğində mal-material nisyə olaraq satmış, cavabdeh isə həmin məbləği ağlabatan müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 2013-cü il ərzində 5000 manat, 2014-cü il ərzində 18.000 manat, 2015-ci il ərzində yenə də 5000 manat və son olaraq 11.05.2016-cı il tarixdə 10.000 manat pul ödəmişdir. Ümumi olaraq ödənilmiş məbləğ 38000 manat təşkil etmişdir. 16.05.2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 001HM/2017 saylı müqavilə bağlanmış və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Cavabdeh xahişinə əsasən müqavilədə həmin müqavilənin icra müddəti 30.09.2017-ci il kimi qeyd edilmiş, lakin Cavabdeh müqaviləyə əsasən üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 13.11.2017-ci il tarixdə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.01.2021-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadı ilə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadı ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini, 120263,24 manat əsas borc və 3126,84 manat cərimə borcunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, iddia ərizəsi baxılmamış saxlandıqdan sonra tərəflərindən məhkəməyə vəsatətlə gec müraciət edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, hazırkı işi məhkəmədə aparan İddiaçı nümayəndəsi qəflətən Türkmənistana köçüb getmiş və işdən çıxarkən icraatında olan sənədləri lazımi qaydada yeni nümayəndəyə təhvil verməmişdir. Hakim tərəfindən onların vəsatətdə qeyd etdikləri bu səbəb üzrlü hesab edilmiş və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad ləğv edilmişdir. İş yenidən məhkəmə tərəfindən baxıldıqda isə 2020-ci ildə “SOBSAN” boya fabrikində baş vermiş yanğınla əlaqədar hər hansı əlavə sənədin təqdim edilməsi iddiaçının imkanları xaricində olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.05.2017-ci il tarixli “Borc müqaviləsi” aldatma yolu ilə bağlanmış əqddir. Belə ki, tərəflər arasında hər hansı əməkdaşlıq olmamış, cavabdeh iddiaçıdan mal-material götürməmiş və həmin müqaviləni sadəcə yaxşı münasibətdə olduğu İddiaçı sahibinin xahişi ilə imzalamışdır. Həmin şəxs Cavabdeh bildirmişdir ki, şərikləri onu sıxışdırır və hal-hazırda onunla yalandan müqavilənin bağlanması işləri düzəldə bilər. Sonradan həmin müqavilə üzrə müddət ötəcək və ondan heç kim heç nə tələb etməyəcək. Əslində isə borc bir vəzifəli şəxsin borcudur, hazırkı iş üzrə cavabdehə heç bir aidiyyəti yoxdur. Cavabdeh ona qarşı 2017-ci ildə iddianın qaldırılmasından məlumatı olmuş, o, məhkəmə iclasında iştirak etmiş, lakin sonradan iddia ərizəsi baxılmamış saxlandıqda arxayın olmuşdur ki, artıq ona qarşı iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmışdır. Qeyd olunan müqavilə Cavabdeh tərəfindən bu illər ərzində mübahisələndirilməmişdir. Belə ki, ilkin olaraq cavabdeh iddiaçı şirkətin sahibi ilə aralarında olan razılaşmaya əsasən ondan pulun tələb edilməsini gözləməmiş, sonradan isə artıq qanunvericilikdə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş bir ay kəsici müddəti ötürmüşdür. Hazırkı işdə ümumiyyətlə borc müqaviləsindən söhbət gedə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, mədaxil və məxaric qəbzləri mövcud deyil. Bu cür qəbzlər isə mövcud olmadığı təqdirdə borcun mövcudluğundan söhbət gedə bilməz və ümumiyyətlə belə müqavilənin notarius tərəfindən təsdiq edilməsi qanunsuz və əsassız olmuşdur. Hər bir halda tərəflər arasında müqavilənin mövcud olması məhkəmə üçün məcburi xarakter daşımır. Bu barədə Konstitusiya Məhkəməsi qərar da qəbul etmiş və həmin qərarda deyilir ki, cavabdeh hətta gəlib məhkəmə iclasında borcun olmasını etiraf etsə də, məhkəmə borcun yaranma əsaslarını və mübahisənin digər hallarını araşdırmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisələndirilməmiş müqavilə olsa da, həmin müqavilə etibarsızdır. Belə ki, tərəflər arasında mövcud olan faktiki münasibətləri özündə əks etdirmir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən 04.11.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdehin nümayəndəsi iddia müddəti keçdiyindən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.05.2017-ci il tarixli, 001HM/17 saylı Borc müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, “ ... bu müqaviləyə əsasən “Borc verən” tərəfindən 02.10.2013-09.05.2015-ci il tarixlərdə 120263,24 manat məbləğində “Borc alana” təhvil verilən mal-materialın pul vəsaitini “Borc alan” Müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür”. Müqavilənin 2.2.1-ci bəndində göstərilmişdir ki, “ ... borc məbləğini 30 sentyabr 2017-ci il tarixədək tam həcmdə geri qaytarmaq” Cavabdeh öhdəliyidir. Müqavilənin 7.1-ci bəndində qeyd olunmuşdur ki, “ ... bu müqavilənin 1.2 və 2.2.1-ci bəndlərinin şərtlərinin pozulması və ödənişlərin gecikdirilməsi halında “Borc alan” “Borc verən”ə hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,01%-i miqdarında (lakin “Borc” məbləğinin 10%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir”. İş materiallarında olan 30.09.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən tərəflər arasında yaranmış mübahisəni danışıqlar vasitəsilə həll edilməsinə cəhd edilmiş, lakin həmin məktub Cavabdeh tərəfindən qəbul edilsə də, danışıqlar bir nəticə verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 04.12.2020ci il tarili qərarında göstərilmişdir ki, “ ... həmin cinayət işi 04 iyul 2020-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən İddiaçı MMC-yə məxsus “SOBSAN” boya fabrikində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 2,4 ha olan boya fabrikinin 9500 kv.m. ərazisində olan inzibati bina, anbar və istehsal sahələrinin içərisində olan mallar və avadanlıqlarla birlikdə yanğının təsirindən yanaraq məhv olması faktına görə ... başlanmış”dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddənin məzmunundan göründüyü kimi, mövcud borcun etirafı haqqında müqavilənin həmin müqavilənin bağlanmasına qədər aralarında hər hansı səbəbdən öhdəlik münasibətləri yaranmış şəxslər arasında bağlanmasından söhbət gedir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 882.4-cü maddəsində "Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir" ifadələri qeyd edilmişdir. Yəni, əgər aralarında əvvəllər öhdəlik münasibətləri yaranmış şəxslər arasında müqavilə bağlanırsa, onda mövcud borcun (öhdəliyin) etirafından söhbət gedir. Nəzərə alınmalıdır ki, maddənin mətnində "borcun etirafı"-ndan söhbət getsə də, bunu, yalnız Mülki Məcəllənin 37-ci fəslində nəzərdə tutulmuş borc müqaviləsindən irəli gələn öhdəlik mənasında deyil, daha geniş mənada, yəni müqavilə, delikt, özgə işlərini tapşırıqsız aparma və ya əsassız varlanmadan irəli gələn öhdəlikləri əhatə edəcək şəkildə təfsir etmək lazımdır. Bundan əlavə Mülki Məcəllənin 882.1-ci maddəsindən göründüyü kimi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin qüvvəsinin olması üçün iki şərt nəzərdə tutulmuşdur. Onlardan birinci şərt borc öhdəliyinin yazılı şəkildə etiraf olunması, ikici şərt isə mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilməsidir. Yəni, “borc öhdəliyinin yazılı şəkildə verilməsi” ifadəsi mücərrəd borcun etirafı haqqında müqavilənin də yazılı formada bağlanmasını nəzərdə tutmaqdadır. Lakin, qanunvericilik mücərrəd borcun etirafı haqqında müqavilənin yazılı şəkildə bağlanmasını birmənalı olaraq şərtləndirsə də, mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilməsində istisna müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 882.5-ci maddəsinin tələbinə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırkı iş üzrə isə borcun etiraf olunması yazılı şəkildə verilsə də, həmin müqavilədə mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş formaya riayət olunmamışdır. Yəni, etiraf edilən borc məbləğinin tərəflər arasında hansı münasibətlərdən yarandığını müəyyən etmək mümkün deyildir. Bununla belə, qeyd olunan müqavilə Mülki Məcəllənin 882.5-ci maddəsinin tələbinə əsasən razılaşma yolu ilə etiraf olunduğundan hüquqi qüvvəyə malik olmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 404.1-ci maddəsinə müvafiq olaraq, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Beləliklə, hazırkı işin materiallarından göründüyü kimi, iş üzrə əsas sübut - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.05.2017-ci il tarixli, 001HM/17 saylı müqavilədir. Həmin müqavilə Cavabdeh tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatın müxtəlif hissələrində həmin müqavilənin Cavabdeh tərəfindən aldatmanın və vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasını qeyd etsə də, buna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, ... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, tərəflər arasında 16.05.2017-ci il tarixdə bağlanmış müqavilədə müqavilənin icra müddəti 30.09.2017-ci il olaraq göstərilmiş, iddiaçı tərəfindən isə məhkəməyə 13.11.2017-ci il tarixdə müraciət edilmişdir. Həmin iş 10.01.2018-ci il tarixədək məhkəmənin icraatında olmu, həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasında iştirak etmiş Cavabdeh ərizəsinə əsasən baxılmamış saxlanılmış, 09.02.2020-ci il tarixdə isə iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadının ləğv edilməsi barədə vəsatət məhkəməyə daxil olmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.01.2021-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadı ilə işin icraatı təzələnmişdir. Bundan əlavə məhkəmə iddia ərizəsinin 3126,84 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 120.263,24 manat məbləğində əsas borc və 1.046,76 manat cərimə olmaqla, cəmi 121310 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 120.263,24 manat məbləğində əsas borc və 1.046,76 manat cərimə olmaqla, cəmi 121310 (yüz iyirmi bir min üç yüz on) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 29,49 (iyirmi doqquz manat qırx doqquz qəpik) hissəsi İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 0,51 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar