Məhkəmə qərarları › İş №2(001)-163/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-163/2023

01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-163/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Te Dent MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Te Dent MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı 2021-ci ilin fevral ayında dişlərinin implantı ilə bağlı ünvan 1 ünvanında yerləşən X13, bu klinikanın direktoru və baş həkimi olan Cavabdeh2 yanına müayinə üçün getmiş, müayinədən sonra həkim ona işin planlaşdırılmasını və onunla əlaqə saxlayacağını demişdir. Elə müayinə vaxtı həkim dişlərinin çəkilməsi və implan qoyulduqdan 3 ay sonra implantüstü dişlərin qoyulacağını, dişsiz qalmaması üçün iddiaçıya müvəqqəti dişlərin də qoyulacağını bildirmişdir. İddiaçı Cavabdeh2 iyul ayının sonunda oğlunun toyu olacağını deyib həmin vaxtadək dişlərinin hazır olacağını dəqiqləşdirdikdə, həkim həmin vaxtadək çatdıracağını demişdir. Bu səbəbdən də iddiaçı razılaşamış, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 tərəfindən implant əməliyyatı olunmuş, həkim yenə də müvəqqəti dişlərin qoyulacağını bildirmişdir. İddiaçı həkim müayinəsinə prosedurlar üçün gedərkən həkim hər şeyin yaxşı olduğunu bildirmiş, müvəqqəti dişlər qoyulmamışdır. Pandemiya vaxtı toylara icazə verilən kimi avqustun ayının əvvəlində iddiaçı oğlunun toyunun tarixini dəqiqləşdirib bu haqda Cavabdeh2 məlumatlandırmış, iyul ayının 30-31-i tarixlərində son olaraq iddiaçının implantüstü dişləri qoyulmuşdur. İddiaçı dişlərinin dəmir karkasını yoxlamaq məqsədi ilə qoyduqda həkimə dişlərinin görünməcəyəni bildirdikdə həkim dişlər taxıldıqdan sonra belə olmayacağını demişdir. Dişlər qoyulduqdan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı həkimə whatsapp vasitəsi ilə, üst çənəsini hiss etmədiyini, sanki dişsiz kimi göründüyünü, üst çənəsinin sanki havada olmasını yazaraq bildirmişdir. Həkim isə keçecək cavabını yazmışdır. İddiaçı da həkimdən çox bilməyəcəyini düşünərək keçəcəyini fikirləşmişdir. Təzə əməliyyat olunduğundan iddiaçı ağzını da aça bilməmiş, amma güzgüyə baxdıqda üst çənə dişlərinin assimetrik olduğunu görmüş, klinikaya gəlib həkimə bu haqda demişdir. Həkimin qeyri-peşəkar kimi özünə deyil, ona suallar vermiş, bütün günahları iddiaçının üzərinə atmağa başlamış, iddiaçının çənəsinin deffektli olmasını, onu tələsdirməsini, problem axtarmasını iddiaçıya demişdir. İddiaçı özünün günahsız olduğunu bilmək üçün müxtəlif klinikalara gedib, müayinələrdən keçmiş, bir çox həkim rəyləri almış, həkimlər dişlərinin sökülərək yenidən işlənməsini bildirmiş, iddiaçı assimetriyanı görən həkimlərin çox təəccübləndiklərinin şahidi olmuşdur. O, Cavabdeh2 bu haqda məlumat vermiş, onunla birgə həkimlərin müayinəsinə gedib özünün də bu rəyləri eşitməsini təklif etmiş, cavabdeh isə əməliyyatı yenə özü etməsini demiş, iddiaçı isə dişlərinin pulunu qaytarılmasını, həmin pula yenidən başqa bir həkim tərəfindən əməliyyat olunaraq normal vəziyyətin bərpa olunmasını istədiyini bildirmişdir. Həkim cavabında xərci qarşılayaram desə də buna əməl etməmiş, elə yenə də özünün əməliyyat edəcəyini bildirmişdir. Çənəsi deformasiyaya uğradığından, danışığında belə problem yarandığından, ağzını açarkən dişsiz birisi kimi göründüyündən, bu azmış kimi dişlərinin də assimetrik, yöndəmsiz qoyulmasına görə iddiaçı cavabdeh tərəfindən yenidən əməliyyat olunmasına israrla imtina etmişdir. Cavabdeh2 tərəfindən iddiaçının üst çənəsinə 6 implant İsrail istehsalı - Cl, 13 ədəd diş qoyulmuş, alt çənəsinə 7 implant İsrail istehsalı - Cl, yenə 13 diş qoyulmuşdur. Ümumilikdə 13 ədəd implant, 13 implantüstü diş və 13 ədəd ara dişlər (metalkeramika) qoyulmuşdur. Bir implantın qiyməti 450 manat, implantüstü dişin qiyməti 150 manat, ara dişlərin qiyməti isə 100 manat təşkil etmişdir, ayrıca ondan sümük artırılması və s. üçün də həkim pul almışdır. Dişlərinin pulunu iddiaçı şəxsən Cavabdeh2 özünə ödəmiş, həkim bu barədə iddiaçıya çek təqdim etməmişdir. Həkim bütün pasiyentlərlə gördüyü işlərin hesabatını ayırdığı kitabçasında aparır və bu qeydlər onda vardır. O, həkimin faktiki göstərdiyi xidmətin çekini verməməsini isə vergidən yayınmaq məqsədi ilə etdiyini düşünür. İlk olaraq həkim ondan 5400 manat almış, çünki həkim əvvəl ona 12 implantın qoyulmasını desə də, sonradan 13 implantın qoyulmasına qərar vermişdir. Daha sonra həkim iddiaçıya 13 implantın və sümük əməliyyatı üçün qalan 600 manatı verməsini və proses getdikcə qalan pulun ödənilməsini demişdir. İddiaçı 600 manatın klinikaya müayinə üçün getdikdə yadından çıxıb evdə qalmasını həkimə bildirdikdə sonuncu narazılığını bildirmişdir. O, həkimin bu hərəkətini görüb, ətrafdakı bankomatların birindən 600 manat çıxarıb həkimə vermişdir. İddiaçı həkim Cavabdeh2 təxminən cəmi 9500 manat ödəmişdir. Pulun bir qismini bacısı X1 almışdır. Cavabdeh2 tərəfindən keçirilən ilk əməliyyatdan artıq 2 il vaxt keçdiyindən hal-hazırda qiymətlərdə artım olmuşdur. Məhkəmənin təyin etdiyi məhkəmə-tibbi ekspertizanın rəyində də üst konstruksiyasının düzgün olmadığı və yenidən bərpa olunması qeyd edilmişdir. O bir neçə diş klinikasına və həkimlərə müraciət etmiş və dişlərinin üst konstruksiyasının bərpası üçün qiymətlərlə maraqlanmışdır. Sonuncu müayinədə X5 həkimi Aynur Əliyevanın yanında olmuş və həkim məhkəməyə müayinə və qiymətlər haqqında yazılı açıqlama da vermişdir. Açıqlamada konstruksiyanın üstünə ölçüsündən aslı olaraq 24-28 ədəd arasında dişin qoyula biləcəyini qeyd etmişdir. Əvvəlki həkimin, Cavabdeh2 ümumi 26 ədəd, 13 implanüstü və 13 aralıq dişləri qoymasını nəzərə alaraq orta 26 dişin qoyulması nəzərdə tutulur. Odur ki, həkim Aynur Əliyevanın təqdim etdiyi qiymətlərə əsasən 26 diş üçün (1 diş-250 manat) olmaqla, 26x250=6500 manat, 1 abatment (diş qapağı)- 65 ABŞ dolları olmaqla, 13 implantüstü diş üçün 13x65 ABŞ dolları x1,70= 1436,5 manat təşkil edir. 3D rentgen - 80 manat. Ümumi dişlərin üst konstruksiyasının bərpası üçün tələb olunan məbləğ 6500+1436,5+80=8016,5 manat təşkil edir. Ona görə də cavabdehlərdən maddi zərərə görə 8016,5 manatın, mənəvi zərər görə 10000 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Te Dent MMC-nin qanuni təmsilçisi Cavabdeh2 iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddiaçının dişləri müalicə olunarkən implantın C1 deyil, mis seven növündən istifadə edilmişdir. İmplantın C1 və mis seven növləri arasında qiyməti fərqi mövcuddur. İddiaçının diş konstruksiyası quraşdırılarkən mis seven implantından istifadə edildiyi üçün, yenidən bərpası zamanı Cl implantından istifadə edilə bilməz. Bundan başqa X12 Care Centre tərəfindən verilən açıqlamada diş konstruksiyasının bərpa edilməsi üçün multi abatmentdən istifadə olunacağı göstərilmişdir. Lakin iddiaçının diş kontruksiyasının quraşdırılması üçün sement bərkidilməsindən istifadə olunmuşdur. Multi abatment konstruksiyası ilə sement bərkidilməsi konstruksiyaları arasında fərqlər mövcuddur. Bu da onlar arasında qiymət fərqinin yaranmasına səbəb olur. Belə ki, Vest Estetik MMC tərəfindən verilən arayışdan da göründüyü kimi dişdə yaranmış problemlərin aradan qaldırılması zamanı mis seven implantının quraşdırılması, sement bərkidilmə üsulundan istifadə edilməsi üçün əl modirovkası üsulu ilə bağlı 1560 manat, digital (toxunma metal) üsulu ilə 1820 manat ödənilməlidir. Caspident MMC tərəfindən verilmiş arayışdan da göründüyü kimi mis implantın qiymətlərində 2 il (2021-2022) ərzində heç bir artım olmamışdır. Quraşdırılmış diş konstruksiyasında mərkəzi xəttin kənarda olması istisna olmaqla qeyd olunan bütün qüsurlar həqiqəti əks etdirmir. Bu iddiaçının daha yüksək məbləğdə maddi ziyan vurulduğunu göstərmək üçün irəli sürdüyü bəhanələrdir. Mərkəzi xəttin kənarda olması barədə öncədən iddiaçıya məlumat verilmiş, o, oğlunun toyu olduğu üçün tələsdiyini, quraşdırılmış konstruksiyasının normal olduğunu, heç bir problem hiss etmədiyini bildirmişdir. Hazırda iddiaçı olmayan halları problem kimi qabardaraq müəyyən məbləğdə pul qazanmaq niyyətindədir. Bu da bir daha təsdiqləyir ki, iddaçı ona qarşı qərəzli mövqe nümayiş etdirib hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmamasına dair qətnamə çıxarılması xahiş olunur. Mülki iş üzrə xx.xx.2022-ci il tarixli hazırlıq məhkəmə iclasında cavabdeh Te Dent MMC-nin qanuni təmsilçisi Cavabdeh2 izahatında iddiaçı ilə tibbi xidmət göstərilməsi barədə müqavilə bağlamadığını, ödənişi alması barədə qəbz vermədiyini, yaranmış problemi özü aradan qaldıra biləcəyini, iddiaçı oğlunun toyuna hazırlaşdığı üçün gözləməyə ehtiyacın olmadığını bildirib dişlərini bir dəfə qoyulmasını xahiş etdiyini, rəydə görülməsi qeyd olunan işlərin dəyəri barədə rəsmi sənədi məhkəməyə təqdim edə bilməyəcəyini, işlədiyi klinikada göstərilən tibbi xidmətlərin dəyərini müəyyən edən hər hansı bir sənədi olmadığını, qiymətləri özü müəyyən etdiyini, İsraildə istehsal olunan implantın iddiaçıya qoyulduğu vaxt qiymətinin 500 manat olmasını, alt-üst dişlərə görə konstruksiyanın 3250 manat olmasını, qiymətləri laboratoriya tərəfindən müəyyən edilməsini, bu barədə sənəd verilmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh Te Dent MMC-nin qanuni təmsilçisi Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya qoyulan implant C1 deyil, İzrail implantıdır. İddiaçının üst çənə konstruksiyasının dəyişməsi ilə problemi həll etmək mümkündür. Alt çənə konstruksiyasında heç bir problem yoxdur. İddiaçı ilə ən minimal qiymətlə razılaşıblar. 100 manata aralıq hissələri, 150 manata isə implantüstü hissələri düzəldilib. 6 ədəd implantüstü dişi, 7 ədəd implantarası dişi var. Cəmi üst çənə üçün 1600 manat pul ödənilib. İddiaçı təkidlə dişini tez sementləməsini və bir də klinikaya təkrar qayıtmaq istəmədiyini bildirmişdir. Dişinin qiymətindən artıq məbləği, yəni, 3000 manatı ödəməyi iddiaçıya təklif etsə də, xanım razılaşmamışdır. Ona görə də iddia ərizəsinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etirazın məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının 4 dişində əyrilik olmuş və bərpası mümkündür. Dörd dişə görə 8000 manat istənilməsi qeyri-realdır. Ona görə də iddia əizəsinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 41. İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəyyən olunur ki, xx.xx.2012ci il tarixdən dövlət qeydiyyatına alınmış Te Dent MMC-nin qanuni təmsilçisi Cavabdeh2dur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 447/KEŞ saylı rəyindən müəyyən olunur ki, 1963-cü il təvəllüdlü İddiaçı adına Te Dent diş klinikasında tərtib olunmuş AZS № 043 saylı stamotoloji xəstənin tibbi kartından müəyyən olunur ki, iddiaçı dişsizlik diaqnozu ilə klinikaya müraciət etmişdir. Şikayətləri qidalanmada olan çətinlikdəndir. xx.xx.2021-ci il tarixdə xəstə müayinə olundu. Sağalma başlıqları açıldı, implantüstü dişlərin düzəldilməsi üçün ölçü götürüldü və texniki laboratoriyaya göndərildi. xx.xx.2021-ci il tarixdə xəstənin növbəti gəlişi və implantüstü dişlərin karkus hissəsi, yəni, metal əsası, yoxlandı. Karkasın abbatmentlərə oturmağı və dişləmi tam uyğundur. xx.xx.2021-ci il tarixdə implantüstü konstruksiyanın keramika hissəsi qismən hazırlanmışdır. Bu vəziyyətdə yenidən yoxlandı, yenə implantüstü konstruksiya abbatmentlərə tam uyğun oturur və dişləm uyğundur. Dişlərin rənginə, formasına və ölçülərinə xəstə baxdı və razılığını bildirdi. xx.xx.2021-ci il tarixdə dişlər tam hazırdır. Abbatmentlər antiseptik işləndi və implantların üzərində bağlandı. Vintlərin baş hissələri işləndi və implantüstü konstruksiyanı kontrol yoxlandı. Dişlər implant üzərində tam sərbəst oturur, dişləm uyğundur. Pasient dişləri bəyəndi. Pasientə konstruksiyaların müvəqqəti sementlə bərkidilməsini təklif edilsə də pasient dişləri bəyəndiyindən daimi sementlə bərkidilməsini istəmişdir. Bunu nəzərə alaraq implan üstü konstruksiyanı daimi sementlə sementlənmişdir. Rəydən daha sonra müəyyən olunur ki, 1963-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq qərardadda qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: X10 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə dişsizlik diaqnozu ilə klinikaya müraciət etmiş, implantasiya üçün müvafiq müayinələr aparılmış və xx.xx.2021-ci il tarixdə implantasiya aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda icra olunan implantlarla əlaqədar problemlərin olmadığı, ortopedik konstruksiya ilə əlaqədar obyektiv görüntüdə düzləm konstruksiyasının düzgün hazırlanmadığı müəyyən edilmişdir. Bu da təkrar ortopedik konstruksiya ilə aradan qaldırıla bilər. Aparılmış stomatoloji prosedur zamanı İddiaçı çənə sümüyünə 13 süni diş kökü implantasiya edilmişdir. X5 xx.xx.2023-cü il tarixli açıqlamasından müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X8 klinikasında Dr.Aynur Əliyevanın qəbulunda olmuş, pasientin şikayətləri öncədən ağız boşluğuna hazırlanmış implantüstü konstruksiyanın yaratdığı narahatlıq olmuş, müayinə zamanı ağız boşluğunda olan ortopedik konstruksiyanın düzgün hazırlanmadığı görülmüşdür. Belə ki, konstruksiya həm çeynəmə, həm də danışıq zamanı diskomfort yaradır. Normal okkluziya təmin edilməmişdir. Bundan əlavə pasientin danışıq zamanı üst dişləri görünmürdü. Pasienti əlavə olaraq 3D müayinəyə göndərdi. Növbəti gəlişdə 3D müayinənin nəticələrinə baxdı. 3D müayinədə pasientin ağız boşluğunda 13 ədəd daha öncədən yerləşdirilmiş implantların sümüklə münasibətini aydınlaşdırdı. Alt çənədəki 7 implantın ətrafında demək olar ki, sümük rezorbsiyası (sümük əriməsi) görünmür. Üst çənəyə yerləşdirilmiş 6 ədəd implantın ətrafında isə rezorbsiya görülür. Pasientǝ bu haqqda məlumat verdi. Pasient yeni ortopedik konstruksiyanın hazırlanmasını istəyir. Yeni konstruksiya üçün: 24, 26, 28 metal-keramik qapaq hazırlanmalıdır. 24x250 = 6000 manat, 28x250 = 7000 manat, 26x250 = 6500 manat. 13 ədəd C1 firmasının multi abatmenti lazımdır. 13x65$ = 845$x1,7 = 1436 manat. Caspident MMC-nin arayışdan müəyyən olunur ki, mis implantının qiymətlərində 2 il (2021-2022) ərzində heç bir artım olmamışdır. Vest Estetik MMC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, dişdə yaranmış problemlərin aradan qaldırılması zamanı mis seven implantının quraşdırılması, sement bərkidilmə üsulundan istifadə edilməsi üçün əl modirovkası üsulu ilə bağlı 26 ədəd üçün 1560 manat, digital (toxunma metal) üsulu ilə 26 ədəd üçün 1820 manat tələb olunur. İddiaçı məhkəməyə təqdim etdiyi A.N.N.N.MMC-nin ödəniş qəbzindən müəyyən olunur ki, 80 manat ödəniş edilmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, əmək müqaviləsi bağlanmaqla 2016-cı ildən tibb bacısı vəzifəsində işə qəbul olunmuş, həm asistent kimi, həm də sterelizasiya işləri ilə məşğul olur. Kəmalə xanımı pasient kimi tanıyır. Kəmalə xanıma implant işi və implantüstü işlər edilmiş, dişləin qoyulma müddəti yadında deyildir. Kəmalə xanım nəticədən razı olmuş, pasientin razılığı olmadan dişlər sementlənmir. Razılıq alınana qədər müvəqqəti dişlər qoyulur. Kəmalə xanım övladının toyuna tələsirdi. O, həkimlə Kəmalə xanım arasında olan söhbətləri xatırlamır. Kəmalə xanım tələsdiyindən sementlətdirmək istəmiş, həkim Kəmalə xanıma sementləməzdən əvvəl xəbərdarlığını etsə də, Kəmalə xanım etirazını bildirərək tələsdiyini demişdir. 2 il əvvəl olduğundan Kəmalə xanımın dişinin qoyulma prosesi dəqiq yadında deyildir. O, əməliyyatlarda asistent kimi iştirak edir, həkimə tibbi alətləri verir. Klinikada kassa aparatı var və pasientlərə çek verilir. Klinikada o, Xəyalə həkim, Teymur həkim olmaqla 3 işçi var. Nuridə klinikaya kurs keçmək üçün müvəqqəti olaraq gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ona tibbi xidmət göstərilməsi üçün X13 müraciət etmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdə dişsizlik diaqnozu qoyularaq implantasiya üçün müvafiq müayinələr aparılmış və xx.xx.2021-ci il tarixdə implantasiya aparılmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh X11 həkimi Cavabdeh2 tərəfindən göstərilən tibbi xidmət nəticəsində iddiaçının ağız boşluğunda ortopedik konstruksiyanın düzgün hazırlanmaması səbəbindən iddiaçı çeynəmə və danışıq zamanı diskomfort yaşayır. Məhkəmə araşdırması zamanı tərəflərə mövcud qüsurun aradan qaldırılması üçün tələb olunan vəsaitlə bağlı sübutlarını məhkəməyə təqdim edə bilmələri üçün kifayət qədər vaxt verilmiş, cavabdeh iddiaçıya həmin qüsurun özü tərəfindən aradan qaldırılmasını təkilf etmiş, iddiaçı bu təkliflə razılaşmamış, cavabdeh isə öz fəaliyyəti sferasına daxil olan işlərin real dəyərini müəyyən edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi X5 həkimi A.Əliyevanın mütəxəssis rəyinə əsasən yeni konstruksiya üçün hazırlanması tələb olunan 24, 26, 28 metal-keramik qapaqların dəyərinin 24 x 250 = 6000 manat, 28 x 250 = 7000 manat, 26 x 250 = 6500 manat, 13 ədəd C1 firmasının multi abatmenti üçün 13 x 65$ = 845$ x 1,7 = 1436 manat tələb olunması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Vest Estetik MMC-nin xx.xx.2023cü il tarixli arayışına məhkəmə münasibət bildirib qeyd edir ki, cavabdeh arayışda qeyd olunan qiymətlərə uyğun işin özünün fəaliyyət göstərdiyi tibb müəsisəsində və ya hər hansı bir tibb müəsisəsində görülməsinin mümkünlüyü ilə bağlı sübutunu məhkəməyə təqdim etmədiyindən arayışda qeyd olunan qiymətlər maddi ziyanın məbləğini müəyyən edə biləcək mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyindən, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyaraq əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğundan, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənildiyindən İddiaçı cavabdeh Te Dent MMC-yə qarşı maddi ziyana görə 8016,5 manat tələbi əsaslıdır. Ona görə də iddia ərizəsi maddi ziyan tələbinə dair bu hissədə, yəni cavabdeh Te Dent MMC-dən maddi ziyana görə İddiaçı xeyrinə 8016,5 manatın tutulması hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə sağlamlığına ziyan vurulmuş iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Koinq Almaniyaya qarşı işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X3rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə cavabdeh Te Dent MMC-nin həkimi Cavabdeh2 göstərdiyi tibbi xidmət nəticəsində pozulmuş sağlamlığının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalan iddiaçının stres, narahatlıq, məyusluq hissləri keçirməsini istisna etmədiyindən iddiaçının mənəvi ziyan tələbini də əsaslı hesab edir. Məhkəmə mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb, cavabdeh Te Dent MMC-dən İddiaçı xeyrinə mənəvi ziyana görə 1500 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbini bu hissədə təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Te Dent MMC-dən maddi ziyana görə 8016,5 manat, mənəvi ziyana görə 1500 manat, dövlət rüsumuna görə 135 manat olmaqla cəmi 9651,55 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar