Məhkəmə qərarları › İş №2(001)-1669/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1669/2021

20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1669/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Nağıyeva Məhbubə Tofiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müştərək qaydada pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Finoko” BOKT-dan 06.09.2019-cu il tarixdə 41700 manat məbləğində kredit götürmüşdür. Kredit götürdükdən sonra həmin kredit təşkilatının kredit şöbəsinin baş mütəxəssisi Cavabdeh1 dostu kimi özünü təqdim edən Cavabdeh2 ondan 8000 manat pul almış və Cavabdeh1 çatdıracağını bildirmişdir. Cavabdeh2 təklifindən şübhələnən zaman onu Cavabdeh1la danışdırmış və Zaurla danışdıqdan sonra sağollaşaraq telefonu qapatmışdır. Bütün bunlar onun dostu X1 yanında baş vermişdir. Sonradan Cavabdeh2 verdiyi 8000 manat pulun talehi ilə maraqlananda, Cavabdeh2 Zaurla əlaqə saxlamasını məsləhət görmüşdür. Həmin gündən onun cavabdehlərlə mübahisəsi başlamışdır. Cavabdehlər onun telefonlarına cavab vermir və məsələni bir birlərinin üstünə atırdılar. Onları 25 may 2020-ci ildə təsadüfən bir yerdə görmüş və onun zənglərinə niya cavab vermədiyini soruşmuşdur. Sonuncular ondan narahat olmamasını və tezliklə ona köməklik edilərək pulunu qaytaracaqlarını bildirmişlər. Cavabdeh1 pulu onun qaytaracağını təkidlə bildirərək onu inandırmışdır. Günlər, aylar keçdikdən sonra yenə də həmin aqibəti yaşamış və telefonlarına cavab ala bilməmişdir. Bundan sonra çıxış yolunu hüquq-mühafizə orqanlarına müraciət etməkdə görmüş və Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh2 8000 manatı aldığını etiraf etmiş və həmin məbləği Cavabdeh1 çatdırmalı olduğunu da bildirmişdir. Şahid qismində dindirilən Yadigarov Nemət də olanları olduğu kimi danışmışdır. Lakin Cavabdeh1 öz ifadəsində nəinki onu tanıdğını, hətta Cavabdeh2 belə tanımadığını bildirmişdir. Polis idarəsində aparılan araşdırılmanın nəticəsi olaraq ona mülki qaydada iddia vermək hüququnun olması izah edilmişdir. Bundan sonra Zaurun işlədiyi yerin rəhbərliyinə müraciət etdikdən sonra Zaur ona yenə vədlər vermiş və tez bir zamanda pulu qaytaracağına onu ikinci dəfə inandırmışdır. Lakin o yenidən aldadıldığından əmin olduqdan sonra məhkəməyə müraciət etmişdir. O eyni zamanda cavabdehlərin barəsində Xüsusi Qərardadın qəbul edilməsi barədə vəsatət vermişdir. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni məzmunlu ərizə təqdim etmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Bundan başqa o izahatlarında bildirmişdir ki, Ramin adlı şəxsi ilk dəfə Muğan bankın kassasından pulu götürdükdən sonra Bankın yanında görmüşdür. Lakin Zaurla bankda tanış olmuşdur və bank mütəxəssisi kimi ondan məlumat almışdır. Zaur özünü şöbə müdiri kimi təqdim edərək ona kredit almaqda köməklik edəcəyinə söz vermişdir. Əvvəllər aralarında səmimi münasibət yaranmışdır. O pulu Zaura borc kimi vermişdir. Banka olan borcunu ödəyə bilməyəndə Zaurdan borcunu tələb etmiş, Zaur isə ona köməklik edəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zaur ona köməklik edilməsi qarşılığında ondan borc istəmişdir. Cavabdeh2 məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, o, iddiaçını Nemət adlı şəxsin vasitəsilə ilə tanımışdır. Krediti götürənə qədər iddiaçını bir dəfə görmüşdür. Nemət adlı tanışı Bəhruzun dostu idi. Onun münasibəti Bəhruzla yox Nemətlə idi və şəxsi işləri var idi onunla. Götürülən 8000 manat pul komisyon xərci idi. Belə ki, götürülən kreditin 12.5 faizi komisyon xərci, 300 manatı kredit ipoteka təminatlı olduğuna görə qiymətləndirmə xərci, 200 manatı isə notarius xərci idi. Zaur ondan xahiş etdi ki, pulu özü götürə bilmədiyindən o götürsün. Pulu götürdükdən sonra 5750 manatını Zaura vermiş, qalanını isə Nemətin ona olan borcu ilə əvəzləşdirmişdir. Nemətin özü də bu halı təsdiq edə bilər. Cavabdeh1 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Bəhruzu 2019-cu ildə Bankda tanımışdır. Bəhruzu Raminin vasitəsilə tanıyır. Ramini isə 2014-215-ci illərdə Turan bankın iclaslarından tanıyırdı. Bəhruz kredit üçün onlara yaxınlaşmışdır və təsərrüfat məqsədli ona kredit ayrılmışdır. 1 il ödənişləri normal olmuşdur. Sonradan ödəmələrində gecikmələr olmuş və onla ona güzəşt dövrü təklif etmişlər. Krediti o rəsmiləşdirmişdir. Bəhruza kredit verilərkən ondan 8000 manat tələb edilməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, iddianı onun tərəfi qəbul etmir, deyilən məbləğdə pul onun hüquqlarını təmsil etdiyi şəxsə verilməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X2 ifadəsində bildirmişdir ki, Bəhruz onun qaynıdır. Space kanalının yanında Bəhruz pulu bankdan çıxardannan sonra Ramin onlara yaxınlaşmışdır. Ramini əvvəllər tanımış və bir dəfə ortaq tanışları ilə birlikdə çay içmişlər. Raminin harada işlədiyini təxminən bilirdi, lakin Zauru tanımır. Ramin Bəhruza yaxınlaşdıqdan sonra ondan Zaura çatmalı olan 8000 manat pulu tələb etdi. Bəhruz isə pulu verməyəcəyini bildirdi. Ramin Zaurla telefonla danışdıqdan sonra telefonu Bəhruza ötürdü.Onların nə danışdıqlarına fikir vermədim. Bundan sonra Bəhruz 8000 manat Raminə verdi. Bu hadisədən sonra Zauru 2 dəfə görmüşdür. Zaur barədə banka şikayət etdiklərində, belə məlumatın artıq onlarda olduğunu bankın adını dəqiq xatırlamadığı şəxs onlara çatdırmışdır. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, onun bankda işləyən yaxını vasitəsilə bir dəfə Raminlə oturub çay içmişlər. Zaur Raminə pulun verilməsinin səbəbini soruşmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Məhkəmə hesab edir ki, ilkin olaraq tərəflər arasında olan münasibətlərin xarakteri müəyyən edilməlidir. Mübahisənin qısa xülasəsi ondan ibarətdir ki, iddiaçı kredit götürmək üçün banka müraciət etmiş, cavabdehlərdən Cavabdeh1 onun işi üzrə kredit mütəxəssisi olmuş və rəsmişləşdirmişdir. İddiaçı bankdan kredit götürdükdən sonra digər Cavabdeh2 ondan 8000 manat pul almış və Cavabdeh1 çatdıracağını bildirmişdir. Cavabdeh2 iddiaçının dəlilləri ilə razılaşaraq həmin məbləğdə pulu qəbul etdiyini etiraf etmişdir və həmin məbləğin Komissiya xərci olduğunu ehtimal etmişdir. Cavabdeh2 8000 manatdan 5750 manatını Cavabdeh1 verdiyini, qalanını, yəni 2250 manatını iddiaçının qohumu olan və məhkəmə iclasında şahid qismində dindirilən N. Yadigarovun ona olan borcu ilə əvəzləşdirmişdir. İddiaçı iddia edir ki, Cavabdeh2 pulu ona görə vermişdir ki, Cavabdeh1 ondan həmin məbləği borc kimi istəmiş və o da 8000 manatı borc kimi Cavabdeh1 çatdırılması üçün vermişdir. Cavabdeh1 iddiaçıdan və digər cavabdehdən hər hansı məbləğdə pul almadığını bildirmişdir. Cavabdeh2 da həmin pulun borc kimi verildiyini təsdiq etməmişdir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsindən verilmiş sorğu əsasında əldə edilmiş materiallardan görünür ki, Cavabdeh2 polisdə verdiyi izahatında İddiaçı 06.09.2019-cu il tarixdə 8000 manat məbləğində pul almışdır və deyilən vaxta pulu qaytara bilməmişdir. Pulun əsas hissəsini Cavabdeh1 vermişdir və bu günə kimi də ala bilməmişdir. Pulu alan kimi tam şəkildə qaytaracağına söz vermişdir. Cavabdeh1 isə polisdə verdiyi izahatında İddiaçı ərizədə qeyd etdiklərinin yalan olduğu və onu 1 il əvvəl kredit verilərkən tanıdığını və krediti ödəmədiyi üçün məhkəməyə müraciət etdiklərini bildirmişdir. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması müəyyən edilmir. Belə ki, cavabdehlərdən Cavabdeh1 ümumiyyətlə nə iddiaçıdan, nə də digər cavabdehdən pul aldığını qəbul etmir. İddiaçı isə istinad etdiyi hallara dair sübut təqdim edə bilmir. Digər Cavabdeh2 isə iddiaçıdan 8000 manat pul aldığını, lakin həmin pulun borc kimi deyil komissiya kimi verildiyini bildirir. Həmin puldan isə 5750 manatını Cavabdeh1 ötürdüyünü qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilmir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh2 arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, cavabdeh pulu komissiya borcu kimi qəbul etdiyini bildirsə də, bununla bağlı onlar arasında hər hansı müqavilənin bağlandığı və ya digər hüquqi əsasın olduğu müəyyən edilmir. Odur ki, Cavabdeh2 iddiaçıdan 8000 manat pul alıb qaytarmamaqla hər hansı hüquqi əsas olmadan əsassız olaraq varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Odur ki, Cavabdeh2 8000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalıdır. Məhkəmə eyni zamanda Cavabdeh2 etirazı ilə bağlı hallara dair qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə zərər vurmuş üçüncü şəxslərdən reqres qaydasında tələb hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 8000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 8000(səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar