Məhkəmə qərarları › İş №2(001)-1669/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1669/2023

28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1669/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələri İdarəsinə və üçüncü şəxs Cavabdeh1nə qarşı “həbsin və qadağanın götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələri İdarəsinə və üçüncü şəxs Cavabdeh1nə qarşı “həbsin və qadağanın götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X10 prospekti, korpus E, 24 saylı mənzilin üzərinə cinayət işi ilə bağlı həbs qoyulması barədə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 5(001)-442/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli Qərarın ləğv edilməsi və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, 21 oktyabr 2016-cı il tarixli məktubu ilə qoyulmuş qadağanın götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 1(101)-72-2019 saylı hökmü ilə təqsirləndirilən şəxslər X5 AR CM-nin 178.3.2-ci və 32.5, 308.2-ci maddələri ilə, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu AR CMnin 178.3.2-ci və 308.2-ci maddələri ilə, X6, X7, X15 AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək müxtəlif cəzaları məhkum edilmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X10 prospekti, korpus E, 24 saylı mənzilə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* saylı xx.xx.2016-cı il tarixli məktubu ilə qadağa qoyulmuşdur. Sonradan müstəntiqin vəsatəti əsasında Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 5(001)-442/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarı ilə əmlaka həbs qoyulmuşdur. Birinci instansiya məhkəməsi mülki iddia və maddi sübutlar məsələsini həll edərkən iddiaçının əmlakı üzərində olan həbs və qadağanı ləğv etməmişdir. İddiaçı həmin cinayət işi üzrə proses iştirakçısı olmamışdır. Lakin "xxxx" MMCnin direktoru İlham Məhərrəmova ünvanlanmış, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, ********* nömrəli məktubunda Bakı şəhəri, Binəqədi Rayonu, X10 prospekti 3078 A məhəlləsində "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən və araşdırma predmeti olan yaşayış sahələrinin ünvanı və birinci mülkiyyətçiləri göstərilmişdir. Həmin məktuba və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 1(101)-72/2019 saylı hökmünə əsasən iddiaçının mülkiyyətində olan mənzil cinayət işi üzrə araşdırma predmeti olmamışdır. İddiaçı həmin mənzili xx.xx.2016-cı il tarixli, ******* saylı alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Beləliklə, o, bununla bağlı dəfələrlə məhkəmə nəzarəti qaydasında şikayət etsə də, nəticəsiz qalmışdır. Daha sonra iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cı il tarixli, 1(101)-72/2019 saylı hökmündən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərar mübahisələndirilsə də, Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-1469/2022 saylı iş üzrə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə mülki mühakimə qaydasında məsələnin həll olunması bildirilmişdir. Buna görə də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Cəlilov iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2016-cı il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X8 Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X10 prospekti, korpus E, mənzil 24 ünvanda yerləşən ümumi sahəsi 203.66 kv.m, yaşayış sahəsi 119.48 kv.m, yardımçı sahəsi 84.18 kv.m olan 4 otaqlı mənzili bütünlüklə alıcı İddiaçı 170000 manat məbləğində sataraq mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X10 prospekti, korpus E, mənzil 24 ünvanda yerləşən mənzil İddiaçı tam xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin MK0-nın 2(102)-3194/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, maraqlarına toxunan şəxs Həmzəyev Akif Daşdəmir oğlunun kassasiya şikayətinin yoxlanması zamanı müəyyən edilmişdir ki, Abbas Zeynalov MMC ilə bağladığı xx.xx.2013-cü il tarixli 541 saylı müqavilə əsasında “E” korpusunun 12-ci mərtəbəsində yerlşən 4 otaqdan ibarət ümumi sahəsi 214.14 kv.m olan mənzili mülkiyyətinə keçirərək onu xx.xx.2016-cı il tarixdə İddiaçı satmış, mənzilə Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078A, X10 prospekti, korpus E, mənzil 24 ünvanı verilərək xx.xx.2016-cı il tarixdə sonuncunun adına mülkiyyət hüququ üzrə qeydə alınmış, İddiaçıla Akif Həmzəyev arasında mənzillə bağlı məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Tofiq X4rşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin, Akif Həmzəyevin ona qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi rədd edilmiş, həm həmin qətnamədə, həm də digər mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsində Akif Həmzəyevə satılmış mənzilin 24 saylı olmadığı təsbit edilmiş, MMC-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə də Akif Həmzəyev 24 saylı deyil, “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214.14 kv.m olan 23 saylı mənzil üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışından görünür ki, həmin əmlak üzərinə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* saylı xx.xx.2016-cı il tarixli məktubuna əsasən qadağa və Binəqədi Rayon Məhkəməsinin 5(001)-442/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-4224/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 5(001)- 442/2016 saylı Qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A ünvanda inşa edilən yaşayış binasından Bakı şəhəri sakinləri X8 və onun oğlu Əbil Zeynalovun adına 0608132, 0608133, 0608146, 0608147,0608148, ******* və ******* №-li “Çıxarış” sənədləri ilə rəsmiləşdirilmiş 7 ədəd mənzil üzərinə həbs qoyulmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-95/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 72/2019 saylı hökmündən maraqlarına toxunan şəxslər X9 və İddiaçı tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7234/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadında əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iddianı təmin etmə barədə 2(001)- 4224/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 a ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının E korpusu, 12-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 214,14 kv.m, yaşayış sahəsi 117,66 kv.m olan mənzilin; Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti, 3078 a ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının B korpusu, 12-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 183,80 kv.m, yaşayış sahəsi 100,33 kv.m olan mənzilin; Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti, 3078 a ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının C korpusu, 15-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m olan mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, həbsdən azad olunması xahiş edilmiş əmlak iddiaçının mülkiyyətindədir və qeyd edilən əmlak cinayət işinin başlanmasına səbəb olan hadisələrdən əvvəl əldə edilmiş, habelə cinayət işi üzrə araşdırma predmeti olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əmlak tam xüsusi mülkiyyətindədir və həmin əmlak üzərində olan həbsin saxlanması iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından hesab edir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 5(001)-442/2016 saylı qərarı ləğv edilməli, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X10 prospekti, korpus E, mənzil 24 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş qadağa və məhdudiyyətlər götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 5(001)- 442/2016 saylı qərarı ləğv edilsin. Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X10 prospekti, korpus E, mənzil 24 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş qadağalar və məhdudiyyətlər götürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar