Məhkəmə qərarları › İş №2(001)-168/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-168/2022

18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-168/2022 18.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* nömrəli Çıxarış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12.11.2009) əsasında paylı mülkiyyət hüququ ilə, İddiaçı və Cavabdeh1 məxsusdur. Həmin mənzilin paylı mülkiyyətçisi olan Cavabdeh1 nə iddiaçını, nə iddiaçının uşaqlarını həmin mübahisəli mənzilə uzun illər buraxmamış və iddiaçı məcbur olub Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə hüquqi qiymət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 786/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 304-cü keçid, 11 nömrəli evin 108 saylı mənzilinə köçürülməsi, həmin mənzildən istifadə etməsinə Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməklə işə qatılan üçüncü şəxs Cavabdeh1 tərəfindən maneələrin yaradılması qadağan edilməsi, mənzildən Cavabdeh1 ilə İddiaçı eyni hüquqlarla və vəzifələrlə birgə istifadə edə bilməkləri formasında istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Lakin, qeyd olunan qətnamənin icrası ilə əlaqədar icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarı ilə icraata xitam verilmişdir. Ona görə ki, 17 iyul 2019-cu il tarixdə icra sənədinin icrası ilə bağlı mübahisəli mənzilə gedilmiş, İddiaçı həmin mənzilə köçürülmüş, mənzildən istifadə hüquqları müəyyən edilmiş, mənzildən istifadəyə maneə yaradılması borclulara qadağan edilmiş və mənzilin giriş qapısının qıfılının açarı İddiaçı təqdim edilmiş, bu barədə müvafiq akt tərtib edilmiş, o cümlədən İddiaçı öz imzası ilə aktda mənzilə köçürülməsini və giriş qapısının açarını təhvil almasını təsdiq etmişdir. Qeyd olunan qərardan İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-4/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadırovun icra sənədi üzrə icraata xitam verilməsinə dair 17.07.2019-cu il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli 2(001)-786/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraatın təzələnməsi barəsində qərar qəbul edilmişdir. Əlavə olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X18 Rayon İcra və Probasiya Şöbəsinin rəisi İlham Həsənova 23.11.2020-ci il tarixli məktubunda icra vərəqəsini göndərərək işi dərhal icra etmək və bu barədə tələbkara və məhkəməyə məlumat verilməsini xahiş etmişdir. Buna baxmayaraq, indiyənədək icra hərəkətləri həyata keçirilməmiş və cavabdehlər tərəfindən maneələr davam edir. İddiaçı və beş azyaşlı uşaqları mübahisəli mənzildə uzun illərdir pasport qeydiyyatındadırlar. Mülkiyyətində olan həmin mənzilə iddiaçı və azyaşlı uşaqlarının istifadə və sahiblik hüquqlarına uzun illər maneələr yaratdıqlarına görə cavabdehlər kompensasiya ödəməlidir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən xahiş etmişdir ki, iddia ərizəsinin təmin edilməsi, ünvan 2 ünvanda yerləşən mənzilə və övladları X6, X2, X5, X1 və X4 mənzildən istifadə hüquqlarına uzun illər maneələrin yaradılmasına görə kompensasiya məbləğinin 45000 manat məbləğində müəyyən edilməsi və cavabdehlərdən tutularaq nəfinə ödənilməsi barədə qətnamə qəbul edilsin. 27.04.2021-ci il tarixdə İddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli 2(001)-786/2018 saylı qətnaməsi əsasında iddiaçının hüquqları tanınmış və həmin mənzilə köçürülmə barəsində qərar qəbul edilmişdir. Lakin cavabdehlər tərəfindən maneələrin törədilməsi davam etmiş, nəticədə mənzildə yaşamaq mümkün olmamış və yenidən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli 8(001)-4/2020 saylı qərardadına əsasən icra sənədi üzrə icraat təzələnmişdir. Lakin, cavabdehlər maneələri davam etmək üçün həmin qərardaddan şikayət vermiş və Bakı Apelyasiya Məhkəməsinin Mülkü Kollegiyası düzgün olaraq 8(103)-102/2020 saylı 20 fevral 2020-ci il tarixli qərardadı əsasında borcluların şikayətini rədd etmişdir. Həmin qərardadda Məhkəmə müəyyən etmişdir ki, “işdəki materiallardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(001)-786/2018 saylı qətnaməsi əsasında verilən icra sənədi icra olunduqdan sonra icra sənədi üzrə borclular tələbkarın mənzildə yaşamasına maneələr yaratdığından sonuncu qanuni qüvvəsi alan məhkəmə aktı ilə bərpa olunmuş hüquqlarından istifadə edə bilmir," yəni apellyasiya məhkəməsi tələbkar İddiaçı hüquqlarının pozulması faktlarını tanımışdır. Bakı Apelyasiya Məhkəməsinin qərardadı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (hakim Səadət Səlimova) 23.11.2020-ci il tarixli məktubu ilə icra vərəqəsi icra hərəkətlərinin davam etdirilməsi üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Cavabdehlər Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarından yenidən şikayət vermiş və həmin işlə bağlı məhkəmə iclası 07 aprel 2020-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində keçirilmişdir (hakim Səadət Səlimova). İddiaçının və onun ailə üzvlərinin həqiqətən ünvan 3 ünvanında yerləşən mənzildə yaşamasına cavabdehlər tərəfindən törədilən maneələrə görə həmin mənzildə 2014-cü ildən yaşamadıqları qonşuların imzaladığı aktın (notarial qaydada təsdiq edilmiş) və Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş rəsmi arayışın məzmunlarında öz əksini tapır. Əlavə olaraq, cavabdehlərin məhkəməyə təqdim etdikləri 06 aprel 2021-ci il tarixli etiraz ərizəsindən də aydın görünür ki, onlar iddiaçının və azyaşlı uşaqlarımın həmin mənzilə gəlib-getməyimə maneələr törədir və müxtəlif bəhanələrlə şantaj edirlər. Ərizələrində özləri qeyd edirlər ki, “dəfələrlə mənzilimə hücuma gəliblər, qonşuların yanında münaqişə yaratmaq istəyiblər, saq olsun polis əməkdaşları... İddiaçı ərazidən uzaqlaşdırıblar... Onların niyyəti münaqişə yaradıb, mənim evimə girib məni öz mülkiyyətimdən məhrum etməkdir” - bu yazılı ifadələrdən aydın görünür ki, cavabdehlərin real niyyətləri nədir və onlar əlindən gələni edirlər ki, iddiaçını məhkəmə tərəfindən tanınmış hüquqlarından məhrum etsinlər. Beləliklə birinci hal, yəni maneələrin davam edilməsi və 2014-cü ildən iddiaçının və ailə üzvlərinin ünvan 3 ünvanında yerləşən mənzildə yaşaması mümkün olmadığı sübuta yetirilmiş hesab olunur. Digər tərəfdən, cavabdehlərin iddiaçının beş azyaşlı uşaqlarına qarşı təhdidi, fiziki zorakılığı və maneələrin törədilməsi nəticəsinə iddiaçı məcburən ailə üzvlərini Macarıstana köçürməli olmuş və orada rəsmi müqavilə və qəbzlər əsasına kirayə pulunu ödəmişdir (kirayə və kommunal xərcləri nəzərə alaraq orta hesabla ayda 700 ABŞ dolları). Lakin xaricdə uzun müddət qalmaları üçün maddi vəsaitlər kifayət etmədiyindən, Azərbaycana geri dönmüş və məcburən uşaqların getdiyi məktəbə yaxın yerləşən iki otaqlı mənzili 08 noyabr 2017-ci ildə qohum və dostlardan borc alaraq almışdır. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova küçəsi, ev 9 C, mənzil 199 (çıxarış üzrə: ünvan 4 ünvanında yerləşən həmin mənzili cavabdehlər mənə üçüncü şəxs vasitəsilə (makler və digərləri) rəsmi alqı-satqı müqaviləsi əsasında 144,820 manat məbləğinə satmışlar. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən xahiş etmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzilə onun, yəni İddiaçı və övladları X6, X2, X5, X1 və X4 mənzildən istifadə və yaşama hüquqlarına uzun illər maneələrin yaradılmasına və nəticə etibarilə ona küllü miqdarda maddi ziyan vurduqlarına görə kompensasiya məbləğini 208000 manat həcmində müəyyən edilməsi və cavabdehlərdən tutularaq nəfinə ödənilməsi barədə qətnamə qəbul edilsin. Cavabdeh1 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu İddiaçı və onun yoldaşı Török Timea qızı ilə əlbir olaraq, artıq 6 ilə yaxındır ki, onunla mülk mübahisəsi aparır. Belə ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Abşeron Rayon Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin, X10 və Ali Məhkəmənin qərarlarından narazı olaraq, dolayı yollarla onu məhkəməyə verərək əsasız iddialarla onu və qızını narahat edir. Onun mübahisələndirdiyi mənzil cavabdehin mərhum yoldaşı ilə evlilik müddətində 1989-cu ildə əldə olunmuşdur. Cavabdeh1 X13 ilə 1976-ci ildə rəsmi nikaha daxil olmuş və 1989-ci ildə ünvan 1 ünvanında yerləşən mənzili almışlar. 2009-cu ildə Cavabdeh1 həyat yoldaşı rəhmətə getmiş və o, vərəsəliyi qəbul etmişdir. İddiaçı atası rəhmətə gedəndən sonra anasının adından verilmiş etibarnamə əsasında bu evi rəsmiləşdirmiş və anasının etibarından sui-istifadə edərək, həmin mənzili biznes qurmaq adı ilə Banka qoymaqla Bankdan 50000 manat pul götürmüş və hal-hazırda ödəməkdən imtina edir. Cavabdeh1 bankdan bildiriş gələndən sonra o, bundan xəbər tutmuşdur. Sonra qızı onun çöldə qalacağından narahat olaraq, Beynəlxalq Banka pul ödəyir ki, anası çöldə qalmasın. İddiaçıla əlaqə saxlayanda isə o, bildirmişdir ki, götürdüyü pulu ödəmiyəcək və anasını qocalar evinə qoyacaq. Cavabdeh1 bundan xəbər tutduqdan sonra oğluna verdiyi etibarnaməni notariat qaydasında ləğv etmişdir. 2014-cü ildə İddiaçı uşaqların Avropada təhsil almasına görə ailəsi ilə birlikdə Macarastına gedir və Macarıstandan gələndən sonra İddiaçı və onun həyat yoldaşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əsasız mülk mübahisələri yaratmışlar. Onların hüquqlarını kobud surətdə pozaraq, onları hər şeydən məhrum etməyə çalışmışlar. İddiaçı iddia ərizəsi bir mənali olarq əsasızdır. Belə ki, sözügedən mənzildən onu heç kim məhrum etməyib, o hər dəfə həmin mənzilə gələrək onu təhqir edir və ona əl qaldırır. Cavabdeh1 səhhətində ciddi problemlər var, ürəyindən və böyrəklərindən daim müalicə alır. Yaşlı adamdır, normal yaşamaq istəyir, oğlu isə onun normal yaşayışına maneə törədir. İddiaçı göndərdiyi iddia ərizəsinin əlavəsində göstərilən sübutlar əsasız və yalandır. İddiaçı vurğulayıb ki, guya o, Ş. Məmmədova küçəsi, bina 11, mənzil 108 ünvanında olan mülkiyyətindən istifadə edə bilmir və yaşamağa yeri olmayıb. Bu şər və böhandır. O, özü İddiaçı anası olaraq İddiaçı adına ev rəsmiləşdirmişdir. Belə ki, "xxxx" MMC tərəfindən tikilmiş binada 67.8 kv.m. olan 198 saylı mənzilə dair Cavabdeh1 adına 07 aprel 2010-cu il tarixdə yazılmış müqavilə 13 aprel 2012-ci il tarixdə İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı mənzili hal-hazırdada mövcuddur. Bundan əlavə İddiaçı göstərdiyi qəbz əsasızdır. Belə ki, sözügedən mənzil həmin binada cavabdehin mülkiyyətində olub, oğlu ilə qonşuluqda yaşamışdır. İddiaçı təqhir və böhtanlarından uzaq durmaqdan ötrü o, qərara gəlmişdir ki, həmin mənzili satsın. İddiaçı bunu bilir və alıcılara problemlər yaradaraq, onu və qızını məhkəmələrə verərək, narahatçılıqlar yaratmışdır Ali Məhkəmə qərar qəbul etmişdir ki, bu mənzilə İddiaçı heç bir ixtiyarı yoxdur. İddiaçı biləndə ki, onun cavabdehin mülkiyyətində olan mənzilə heç bir hüququ yoxdur qərara gəlir ki, mənzilin sahibi ilə münaqişə yaratsın və belə də edir. Sonra İddiaçı Cavabdeh1 satdığı evi o öz adına rəsmiləşdirir. Sözü gedən məbləği Cavabdeh1 İddiaçı vermişdir ki, mülkiyyətçilərlərə narahatçılıqlar olmasın. Ev alan şəxs evi qaytarır və İbrahim həmin mənzildə yaşayır. Cavabdeh1 bir ana kimi çalışmışdır ki, hər şeyi yoluna qoysun, ancaq İddiaçı bundan sui-istifadə edir və daim ona təzyiqlər edir. Öz qanunsuz hərəkətlərindən və şər və böhtanlarından əl çəkmir. Bunların qanunsuz hərəhətlərindən bütün məhkəmələr xəbərdardı. İddiaçı yoldaşı boşananda uşaqlar ana himayəsində qalmışıdır və X25 o mənzildən pay və kompensasiyya istəmişdir. Ali Məhkəmə qərar qəbul etmişdir ki, Timea Tibor qızı və onun himayəsində olan uşaqların həmin mənzildə nə payı, nə də ki, yaşamaq hüququ yoxdur. Cavabdeh1 iddiaçının mənzildən istifadəsinə hər cür şərait yaratmış və onun iddia ərizələrində yazılanlar şər və böhtandır. Özü və uşaqları gəlir və İddiaçı gələndə onu evdə təhqir edir gedir. Hətta mənzilin qarşısında qurlaşdıran kameraları da söküb aparıb ki, onun evə gəlib-getməsi sübut olunmasın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, onun hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınıb. Belə olan halda onun nə əlavə nəsə sübut etmək, nə də ki, icra məmurlarından həmin qətnamənin icrasını tələb etmək kimi öhdəliyi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, oğlu İbrahim hər dəfə evə gələndə onu təhqir edir, ona əl qaldırır. Belə vəziyyətdə onların bir evdə yaşaması mümkün deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, İddiaçı mübahisəli mənzili 2012-ci ildə “banka qoyub”, 50000 manat pul götürüb və həmin borcu qərəzli şəkildə ödəməmişdir ki, anası çöldə qalsın. O, özü ümumiyyətlə mübahisəli mənzildə yaşamır. Sadəcə anası xəstə olduğuna görə, ona baxmaq üçün gedib-gəlmək məcburiyyətindədir. Anası heç vaxt iddiaçının evə girməsinə maneə törətməyib. Uşaqları ilə birlikdə gəlib-gedib, lakin yaşamaq üçün başqa yerləri olduğuna görə, iddiaçı həmin mənzilə yaşamaq üçün yox, ancaq mübahisə yaratmaq üçün gəlirdi. İddiaçının mənzildən istifadəsinə hər hansı məhdudiyyətin olmaması icra işinin materiallarından da görünür. Hal-hazırda bütün bunları mübahisələndirməyin ümumiyyətlə mənası yoxdur. Belə ki, "xxxx" ASC-nin iddiası məhkəmələr tərəfindən təmin edilmiş, mənzilin açıq hərracdan satılmalı olması müəyyən edilmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(001)-786/2018 saylı qətnaməsi ilə İddiaçı mübahisəli Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304-cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzilinə köçürülməsi, həmin mənzildən istifadə etməsinə Cavabdeh3 və Cavabdeh2 tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi; mübahisəli Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304-cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzilindəki yaşayış sahəsindən Cavabdeh1 ilə İddiaçı eyni hüquqlarla və vəzifələrlə birgə istifadə edə bilməkləri formasında istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli, 8(103)-102/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli 8(001)-4/2020 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadırovun icra sənədi üzrə icraata xitam verilməsinə dair 17.07.2019-cu il tarixli qərarının ləğv edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli 2(001)-786/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraat təzələnmiş və həmin qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 212076/2020-4 saylı İcra işinin materiallarından görünür ki, 08.12.2020-ci il tarixdə icra məmuru X20 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclulara 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri təklif edilmiş və həmin qərardan şikayət vermə hüquqlarının olması izah edilmişdir. Borlcu Cavabdeh2 qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etmiş və həmin vaxtdan icra məmuru tərəfindən hər hansı icra hərəkətinin həyata keçirilməsi və ya iddiaçının icra sənədinin icra edilməməsindən narazı olması icra işinin materiallarından görünmür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsindən görünür ki, “ ... - tərəflər arasında bağlanmış 11.04.2012-ci il tarixli 3117 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı 120 ay müddətinə, illik 13% hesablanmaqla 50000 manat kredit verilmiş, sonuncu həmin məbləği 11.05.2012-ci il tarixdən 11.04.2022-ci il tarixədək hər ay 747 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - 11.04.2012-ci il tarixli, 025/12 nömrəli İpoteka Müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil "xxxx" ASC-də mülkiyyətçi tərəfindən ipotekaya qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.04.2012-ci il tarixli, MA ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyyət hüququ ilə cavabdehlər İddiaçı və Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. - 16.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı banka əsas borc üzrə 19558.09 manat, faiz borcu üzrə 11161.99 manat, 102.98 manat komissiya haqqı olmaqla, cəmi 25415.25 manat borcu vardır. ... İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, İddiaçı və X21 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat (otuz min yeddi yüz iyirmi manat səkkiz qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ İddiaçı və Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın, mənzilin ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən edilsin və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçı "xxxx" ASC-yə ödənilsin. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər İddiaçı, Cavabdeh1, X25, X11, X7, X9, X3 və X8 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.12.2021-ci il tarixli, 2(103)-12185/2021 saylı qətnaməsi ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak 13.04.2012-ci il tarixdən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304-cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzilindən istifadəsinə cavabdehlər tərəfindən maneələr törədildiyinə görə onun 208000 manat məbləğində maddi ziyan çəkməsini iddia etdiyi halda, maneələrin və maddi ziyanın mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür. İddiaçının iddia ərizəsindən və iddia ərizəsinə əlavədən göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçının mübahisəli Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 304-cü keçiddə yerləşən 11 saylı evin 108 saylı mənzilindən istifadəsinə törədilən maneələr cavabdehlərin Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun qərarlarından şikayət verməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, məhkəməyə şikayətlə müraciət edilməsi – konstitusyon hüquqdur və tərəfin həmin hüququndan istifadə etməsinə görə cəzalandırılması yolverilməzdir. Çəkilmiş maddi ziyanın sübutu olaraq isə iddiaçı mənzilin alqı-satqısına dair 08.11.2017-ci il tarixli ilkin müqavilənin və 2014-2015-ci illərdə Macarıstanda mənzil kirayəsinə görə ödədiyi pulların qəbzlərinin surətlərini məhkəməyə təqdim etmişdir. İddiaçının hüquqları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(001)-786/2018 saylı qətnaməsi ilə tanındığı və mübahisənin həmin qətnamənin icra edilməməsi ətrafında olduğu halda, qətnamənin qüvvəyə mindiyi tarixədək çəkilmiş xərclərin hazırkı işə aidiyyəti iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmunundan aydın deyil. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün iddia tələbinin əsaslılığı sual altına düşür. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tairxli qərarında aşağıdakılar göstərilmişdir: “ ... hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, cavabdehlər tərəfindən iddiaçının ünvan 2 ünvanından istifadəsinə maneələrin törədilməsi və bunun nəticəsində iddiaçının maddi ziyan çəkməsi iş materialları ilə öz təsdiqini tapmadığından, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 200 (iki yüz) manat dəyəri İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA**********6000000000, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar