Məhkəmə qərarları › İş №2(001)-1701/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1701/2025

14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1701/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 68a saylı fərdi yaşayış evində normal şəkildə yaşamağına mane olan cavabdehlər tərəfindən edilən hərəkətlərin qanunsuz hesab edilməsi və cavabdehlərin qeyd olunan qanunsuz əməlləri nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 8000 (səkkiz min) manat məbləğində mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər daxili işlər orqanlarında qüsursuz xidmət edərək, təqaüdə çıxmışdır. Bildirir ki, əri X4 daxili işlər orqanlarının əməkdaşı olmuş və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüşdür. Hazırda olduqca çıxılmaz vəziyyətdı olduğundan, həmçinin də haqlı şikayətlərinı hüquq-mühafizə orqanları tərəfindən baxılmadığı üçün məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 68 a saylı fərdi yaşayış evi onun mülkiyyətindədir, hazırda da həmin evdə yaşayır. Əgər ona yaşamaq deyilərsə. Belə ki, evinin qonşuluğunda yerləşən X3 məxsus evdə yaşayan şəxslər, cavabdehlər onu rahat yaşamağa qoymurlar. Ən çox da gecə saatlarında içki və eyş-işrət məclisləri təşkil edərək səs-küy salırlar, nalayiq ifadələr işlədərək evində normal yaşamağa imkan vermirlər. Normal şəkildə onlardan sakit olmalarını, bir-birlərinə hörmətlə yanaşmağı xahiş etsə də onlar ona məhəl qoymurlar. Onlardan 102 Xidmətinə müraciət edəndə isə deyirlər ki, sən köhnə polis «qə....sisən» 102-ni yığırsan ki, polis gəlib səni evində «si.......»? itkin düşmüş ərini, onun paqonlarını, çağırdığı polisləri küçə söyüşləri ilə təhqir edərək, əcəb elədiklərini söyləyirlər. Bütün gecə divarı döyüb deyirlər ki, «ay 5 manatlı qə....ə»yenə zəng vurmusan polislərə, küçədən gəldiyini görən kimi qışqırırlar ki, « 5 manatlı qə....ə» gəlir. Həmin şəxslər barəsində ərazi üzrə polis orqanına, Daxili İşlər Nazirliyinə çoxsaylı şikayətlər etsə də şikayətinə baxan olmamışdır. Bu hal isə onları ona qarşı daha da aqressivləşdirmişdir. Uzun müddətdir ki, xroniki ürək xəstəliyindən əziyyət çəkir. Yaş artdıqca xəstəliyi bir tərəfdən ağırlaşır, bir tərəfdən də qonşuların, cavabdehlərin mənəvi işgəncəsinə məruz qalır. Əgər bu cür vəziyyət uzun müddət davam edərsə o, çətin həyatda qalar. Beləliklə də cavabdehlərin qeyd olunan qanunsuz əməlləri nəticəsində həm mülkiyyətində olan mənzildə yaşaya bilmir, həm də ki, bu cür qanunsuz hərəkətlər onun psixi vəziyyətinə təsir etməklə psixi gərginlik və psixi sarsıntı keçirməsinə səbəb olmuşdur ki, bu hal da mənəvi ziyanın tələb edilməsi üçün əsasdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etmədiyini, iddianın əsassız olduğunu, cavabdehlərin iddiaçı ilə hər hansı bir münaqişələrinin olmadığını və iddiaçı tərəfindən bununla əlaqədar sübutlar təqdim edilmədiyini bildirib, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı onun dayısı qızıdır. Xədicə həmişə ona dəstək olub, kömək edib. O, Xədicəgildə olan zaman səs küy qalxdı və o, Xədicədən nə olduğunu soruşduqda isə ona əl atdıqlarına görə qonşuları qovduğunu bildirdi. Bununla əlaqədar olaraq o, Namiqə zəng etdikdə isə, Namiq həm ona, həm də Xədicəyə söymüşdür. Xədicə ilə qonşuların evinin arasında nazik divar var və onlar qəsdən hər gün səs-küy salırlar. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 06 yanvar 2022-ci il tarixli 46 nömrəli mətubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub və diaqnoz: Dissosiativ-konversion pozuntu F44.8. 25 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, hal-hazırda iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehlər tərəfindən onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 68a saylı fərdi yaşayış evində normal şəkildə yaşamağına mane olan hərəkətlərin etmələrinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İş üzrə dindirilmiş şahidin izahatına gəldikdə isə, həmin şəxsin iddiaçının yaxın qohumu olduğu müəyyən edildiyindən onun izahatını “əsaslı şübhədən kənar” sübut kimi qəbul etmək və yalnız həmin şəxsin izahatı əsasında iddianın təmini barədə qətnamə çıxartmaq düzgün hesab edilə bilməz. 03 noyabr 2008-ci il tarixli mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 8000 manat məbləğində mənəvi zərərin tutulması üçün əsaslar müəyyən edilmədiyindən, idda tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar