Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1702/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13000 manat məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 60 manat və 130 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçı tanışı olan cavabdehə 13000 manat faizsiz borc pul vermiş və həmin borc 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Notariat Ofisində rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh xx.xx.2022-ci il tarixədək borcu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, o, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bu səbəbdən də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıya 13000 manat məbləğində borcunun olmasını etiraf etməklə iddia tələbini qəbul etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 13000 manat məbləğində pul borc vermişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqavilələri üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448 və 739.1-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqavilələri əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Məhkəmə idda tələbinin hüququ yardım üçün iddiaçının ödədiyi 60 manat maliyyə vəsaitinin cavabdehdan alınaraq ona ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə sübutları təqdim edərək, şəxsi maddi durumu barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul vəsaiti və 130 (bir yüz otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1702/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1702/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver