Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1705/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin 09 oktyabr 2024-cü il tarixli qərarında 05 iyun 2024-cü il tarixdə saat 14:13 radələrində Binəqədi rayonu “Zirvə” şadlıq sarayının yanında “BMW 530” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada vurması ilə bədən xəsarətləri alan şəxsin olması qeyd olunmuşdur. Polisin adıçəkilən xx.xx.2024-cü il tarixli qərarında qeyd olunduğu kimi zərərçəkən xx.xx.2010-cu il təvəllüdlü X7 onun, yəni İddiaçı qızıdır. Həmin qərarda qeyd edilmişdir ki, materiala əlavə edilmiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən “CD” diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, qızı, yəni X7 yolu keçmək istəyən zaman Cavabdeh idarə etdiyi “BMW 530” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə vurularaq yerə yıxılmışdır. Həmçinin materiala əlavə edilmiş Cavabdeh idarə etdiyi “BMW 530” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokoldan görünür ki, avtomobilin ön alın şüşəsi çatlamış vəziyyətdədir. Avtomobilin sağqanad hissəsi də zərbədən əzilmiş vəziyyətdədir. Beləliklə, araşdırma zamanı müəyyən olmuşdur ki, baş vermiş bu yol-nəqliyyat hadisəsi zamanı X7 başın tüklü hissəsinin, alıntəpə nahiyyəsinin mərkəzinin və sol yarısının kəsilmiş yarası, sağ bazu oynağının yuxarı səthinin qançırı və sol saidinin yuxarı 1/3-nin arxa səthinin sıyrığı xəsarətləri almışdır. Qərara əsasən alınmış bədən xəsarətlərinin cinayət məsuliyyətinə səbəb olmadığından toplanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmişdir. Lakin hadisə sürücü Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verdiyindən, yəni əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X6 dəymiş maddi ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona, yəni Elmara izah edilsin. O, Binəqədi Polisinə verdiyi izahatında da qeyd etmişdir ki, bu yol-nəqliyyat hadisəsi zamanı yaralar almış qızını 1 saylı X10 çatdırmış, orada yaralıya müxtəlif tibbi yardımlar, müayinələr göstərmişlər və qızı X7 həmin Klinikada müxtəlif müalicələr də almışdır və bütün bunlara görə ona 3500 manat maddi ziyan dəymişdir. Cavabdeh ona vurduğu ziyanı Binəqədi RPİnin İŞ-nin baş müstəntiqi cənab Mehralı İmamverdinin hüzurunda da etiraf edərək ona vurduğu 3500 manatı ödəyəcəyini boynuna almış və müstəntiqin yanında ona 500 manat ödəmişdir. Lakin bu günə qədər o, boyun aldığı məbləğin qalan 3000 manatını ona ödəməmişdir. Həkimlər ona demişlər ki, sən azyaşlı zərər çəkmişi 3 il müddətində ildə birdəfə “KT”-dən hər ehtimal üçün keçirtməlisən. Şübhəsizdir ki, istər-istəməz maddi yaralar mənəvi sarsıntılara da səbəb olmuşdur. Bu hadisənin nəticəsində bütün ailə uzun müddətli sarsıntılar və stress içindədirlər. Bu səbəbdən o, hesab edir ki, onlara mənəvi ziyanın da dəymişdir və 14 yaşlı qızı bu hadisənin təsirindən hələ də yuxuda ara bir həyəcanlanaraq ayılır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, yol-nəqliyyat hadisəsi nəticəsində sürücü Cavabdeh onlara vurduğu 3500 manat ziyandan ödənilməmiş qalan 3000 manat maddi ziyanin və 5000 manat mənəvi ziyanın alınaraq ona, yəni İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, hadisənin baş verməsində özünü təqsirli bilməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, cavabdeh polis orqanlarında iddiaçı ilə ilk əvvəl 3500 manata, daha sonra 1500 manata razılaşdıqlarını, həmin məbləğdən 500 manat pul vəsaitinin onun tərəfindən iddiaçıya ödənildiyini, hazırda könüllü olaraq iddiaçı tərəfə 500 manat məbləğində pul vəsaitinin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Bakı şəhər Baş Polis İdarəsi Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi barədə toplanmış HK-1/531 saylı material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığına görə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmış və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X6 dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, X7 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində baş nayihəsindən xəsarətlər almış və onun baş nahiyəsinə müxtəlif sayda tikişlər qoyulmuşdur. İş materiallarında olan CD diskdən məlum olur ki, həmin CD diskdə baş vermiş yolnəqliyyat hadisəsinin video-görüntüsü əks olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-6537/2024 saylı xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 783/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadlarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə geri qaytarılmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin qərarda qeyd olunmuşdur ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13:38 radələrində idarə etdiyi “BMW 530” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən X5 vurmuş və o, yerə yıxılmışdır. Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilmiş, cinayət işinin başlanılmasının rədd edilməsinə əsas isə zərərin yüngül zərərvurmaya aid olması olmuş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsi və həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qızı X1 zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində qızı X1 dəymiş zərərin əvəzi olaraq 3000 manat pul vəsaitinin Cavabdeh tutulmasını tələb etsə də, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının uşağının sağlamlığına zərər dəyməsi işin mübahisəsiz halı olsa da, həmin xəsarətlərin müalicəsi üçün iddiaçı tərəfindən 3000 manat məbləğində pul vəsaitinin xərclənməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin ehtiyatsızlığı nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının övladının xəsarətlər alması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 5000 manat məbləğində qiymətləndirsə də, işin faktiki halları, iddiaçının övladının xəsarət almasına səbəb olmuş yol-nəqliyyat hadisəsinin ehtiyatsızlıqdan törədilməsi, cavabdehin mənəvi zərərin yetirilməsində rolu nəzərə alınaraq, Cavabdeh 1000 (bir min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1705/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1705/2025
01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver