Məhkəmə qərarları › İş №2(001)-1706/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1706/2023

25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1706/2023 25.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “müqavilənin etibarsızlığı və hüquqi nəticələrinin tətbiqi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu dəfə isə dəqiqləşdirməklə, İddiaçı ilə cavabdeh tərəf Cavabdeh2 arasında cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xususi notariusu İlqar Məmmədov tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli “tapşırıq müqaviləsi”nin etibarsız hesab edilməsi, Cavabdeh2 ümumilikdə 70550 manatın və dövlət rüsumu olaraq ödənilmiş 315 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə, Cavabdeh2 əməlində cinayət tərkibinin (dələduzluq) olmasının nəzərə alınaraq onun barəsində “xüsusi qərardad” qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun etibarından sui istifadə edərək, iddia ərizəsində 3-cü tərəf kimi qeyd etdiyi Bakı şəhəri, 11 saylı notariat kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə ona məxsus 60.550 (altmış min beş yüz əlli) manat xx.xx.2022- ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən 11 saylı notariat kontorunda, daha sonra isə qısa müddət ərzində 10.000 (on min) manat, ümumilikdə 70.550 (yetmiş min beş yüz əlli ) manat pul vəsaitini ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.10 kv m olan hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29.60 kv+42.10 kv.m) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, AR ƏMDK yanında DƏDRX-da qeydiyyata alınaraq ümumilikdə 174 kv.m olan tikiliyə qeyri- yaşayış təyinatına uyğun iddiaçı X1 adına mülkiyyətdən çıxarışın verilməsini vəd edərək, ümumilikdə iddiaçıya məxsus 70.550 (yetmiş min beş yüz əlli ) manat pul vəsaitini mənimsəmişdir.Cavabdeh tərəf dələduzluq niyyətlərinin qanuni müstəvidə cinayət xarakterli əməli kimi tövsüf olunmaması üçün Bakı şəhəri, 11 sayli notariat kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə onu aldadaraq xx.xx.2022-ci il tarixində Bakı şəhəri, 11 saylı notariat kontorunda tapşırıq müqaviləsi adında sənədə imza etdirib, vədinə əməl etdirmək məqsədilə 60.550 (altmış min beş yüz ǝlli) manat pulunu mənimsəmişdir. Həmin vaxt notariat kontoru ümumilikdə xidmət haqqı olaraq 400 ABŞ dolları vəsait alaraq dövlət rüsumu adı ilə onun saf niyyətindən sui istifadə etmişlər. Qısa müddət sonra sənədinin hazır olduğunu va əlavə 10.000 manat vəsaitin gərəkli olduğunu qeyd edərək 2022-ci ilin fevral ayında 10.000 (on min manat) vəsaiti Yasamal rayon ərazisində yerləşən Nəlbəki restoranında ondan alaraq mənimsəiş, vədinə tam şəkildə əməl etməmişdir. Cavabdeh2 hiyləgər və dələduzluq niyyətini mülki müstəviyə daşımaq və cinayət məsuliyyətindən yayınmaq məqsədilə notariat kontorundakı səlahiyyətlinin köməkliyi ilə tapşırıq müqavilə imzalatmışlar. Cavabdehlə aralarında onun istifadəsində olan telefon nömrəsi vasitəsilə “whats up” yazışması və səsli mesajlarda Cavabdeh2 vəd etdiyi ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv m olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.10 kv m olan yaşayış sahəsini qeyri-yaşayış sahəsi ilə əvəz edilməsi, həmçinin hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29.60 kv+42.10 kv.m) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, AR ƏMDK yanında DƏDRX- də qeydiyyata alınaraq ümumilikdə 174 kv.m olan tikiliyə qeyri- yaşayış təyinatına uyğun İddiaçı adına mülkiyyətdən çıxarışın verilməsinə dair faktlar onun dələduz əməlini sübuta yetirir. Cavabdeh2 ona vəd etdiyi 174 kv.m deyil, elə hər iki mənzilimin toplam 71.70 kv.m uyğun sahəyə dair mülkiyyətdən çıxarış almağın real olmasından istifadə edərək ümumilikdə 70.550 manat pul vəsaitini mənimsəmişdir. Sözügedən "tapşırıq müqaviləsi"nin etibarsız sayılması, hər iki cavabdeh barəsində " xüsusi qərardad" in çıxarılaraq cinayət işinin başlanılması məqsədilə, Bakı şəhər Yasamal rayon Prokuroluğuna göndərilməsi və Cavabdeh2 ümumilikdə 70.550 manat pul vəsaitinin və ödədiyi dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi mütləq və zəruridir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, 83 saylı evin, 47 və 48 saylı mənzillərinin və əlavə 102 kv.m torpaq sahəsinin yaşayış sahəsindən qeyri yaşayış sahəsinə çevrilməsi və bu barədə özəlləşdirmə ilə bağlı sənədləşdirmənn aparılması üçün razılıq olmuşdur. İddiaçı tərəfindən də, həmin razılaşmaya görə cavabdehə 60550 manat + 10000 manat ödəniş edilmişdir. Belə ki, cavabeh özünü ilk olaraq əmlak xidmətində işləyən biri kimi, daha sonra isə həmin sahə üzrə dövlət qulluqçusu kimi təqdim etmişdir. Lakin məhkəməyə təqdim etdikləri sübutlarından aydın olur ki, ümumiyyətlə cavabdeh dövlət qulluqçusu deyil. Hazırki dövrdə vətəndaşlar arasında cinayət məsuliyyətindən yayınmaq üçün aidiyyəti olmayan məsələlərlə bağlı notarial qaydada müqavilələr bağlanır. Mahiyyəti düzgün olmadığından bağlanmış tapşırıq müqaviləsi etibarsız olmalıdır. Belə ki, tərəflər arasında hansı tapşırıqdan söhbət gedə bilər. Cavabdeh hazırda iddiaçıdan 10000 manat pul vəsaitini özünə çatacaq borc kimi tələb edir. Lakin tələbinin əsasının nə olduğu bilinmir və bunu əsaslandıra bilmir. İddia etdikləri 10000 manat pul vəsaitini isə iddiaçı cavabdehə Yasamal rayonunda yerləşən “Nəlbəki” restoranında verib. 10000 manat pulun verilməsi iş materillarına əlavə olunmuş səs yazıları ilə sübut olunur. Bu barədə iddiaçı ona məlumat vermişdir. Tərəflər arasındakı tapşırıq müqaviləsinə görə mənzillərin ikisi birləşdirilməli və digər əlavə sahə ilə birlikdə onlara qeyri-yaşayış sahəsi kimi çıxarış alınmalı idi. 47 və 48 saylı mənzillər birləşdirilərək, onlara çıxarış alınsa da, 102 kv.m sahəyə dair hər hansı iş görülməmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsi formal olaraq bağlanıb. Cavabdeh2 iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, 83 saylı evin, 47 və 48 saylı mənzillərini birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə, həm də layihə üzrə mövcüd olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınaraq ümumilikdə 174 kv.m olan tikiliyə qeyri yaşayış təyinatına uyğun iddiaçının adına mülkiyyətdən çıxarışın verilməsini vəd verərək ümumilikdə iddiaçıya məxsus 70550 manat pul vəsaitini mənimsəmişdir. Cavabdeh 70550 mantın 60550 manatını notarial qaydada almış, digər 10000 manatı isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən hazır sənədin götürülməsi üçün rüsum olaraq ödənilməsini bildirmişdir. Cavabdeh tərəf dələduzluq niyyətlərinin qanuni müstəvidə cinayət xarakterli əməml kimi tövsüf olunmaması üçün Cavabdeh1 rəisi İlqar Məmmədovun iştirakı ilə iddiaçını aldadaraq xx.xx.2022-ci il tarixində Cavabdeh1 tapşırıq müqaviləsi adında sənǝdǝ imza etdirib. Həmin vaxt notariat kontoru ümumilikdə xidmət haqqı olaraq 400 ABŞ dolları vəsait alaraq dövlət rüsumu adı ila iddiaçının saf niyyətindən sui istifadə etmişlər. Tərəflər arasında istifadələrində olan telefon nömrəsi vasitəsilə whatsapp yazışması və səsli mesajlarda Cavabdeh2 iddiaçıya vəd etdiyi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv m olan və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 42.10 kv m olan yaşayış sahəsini qeyri-yaşayış sahəsi ilə əvəz edilməsi, həmçinin hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29.60 kv+42.10 kv.m) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq ümumilikdə 174 kv.m olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun İddiaçı adına mülkiyyətdən çıxarışın verilməsinə dair faktlar Cavabdeh2 dələduz əməlini sübuta yetirir. İddiaçının deməsinə görə cavabdeh güya “hansısa İcra Hakimiyyətində işləyirəm, əlimin altında sənədlər var, yüzlərlə insana sənəd düzəltmişəm” kimi ifadələr işlədib.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildimişdir ki, tikinti işlərində sənədləşmələrin aparılması ilə bağlı savadlı adamdır. Lakin özü tikinti işi ilə məşğul deyil. Aili hüquqi təhsili də, yoxdur. Sadəcə olaraq texnikom üzrə keramika ixtisasına yiyələnib, memarlıqdan anlayışı vardır. Raminlə tanışlığı Qurban adlı şəxsin vasitəsi ilə olmuşdur. Belə ki, özü İİ qrup qazidir. Tərəfindən 2007-ci ildə əlillərə xidmət göstərilməsi ilə bağlı cəmiyyət yaradılıb. Lakin səhhətində olan problemlər cəmiyyətin fəaliyyətində iştirakına imkan vermədiyindən, cəmiyyətin idarə edilməsini notarial qaydada Qurbana təhvil vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Qurban özü dələduzdur. Bu barədə dost-tanışları da, ona irad bildirmişlər. Müəyyən müddət sonra Qurban Raminlə arasında olan borc münasibətlərinin həlli üçün ona müraciət etmişdir. Belə ki, onlarla görüşdə olarkən ona iddiaçıya məxsus və Binəqədi rayonunda olan tikiləcək iki mərtəbəli mansarlı qeyri-yaşayış sahəsi ilə bağlı layihələndirmə işləri tapşırıldı. Belə ki, özünün bu işlərlə məşğul olan şirkəti yoxdur. O həmin layihələrin təkliflərini hazırlayaraq, şirkətlərə təhvil verir. Həmin layihə üzrə ümumilikdə 35000 maat pul verilməli idi. Layihənin işləri görülüb, sənədlərin təhvili mərhələsində Ramindən xidmət haqqını istəmişdir. Ramin isə həmin xidmətlərə görə ona 15000 + 6000 pul verməli idi. Həmin puldan hissə hissə 3000 manat və 2000 manat ödəniş etmiş, 15000 manat borcu qalmışdır. Raminə gözəştə gedərək sənədləri ona vermiş, lakin yenə də, borclu olması barədə xəbərdarlıq etmişdir. Bundan sonra iddiaçı ona hazırki işlə bağlı təkliflə gəlmişdir. Belə ki, iki mənzil birləşdirilməli, yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilməli və bu barədə çıxarış alınmalı, 102 kv.m sənədi olmayan sahəyə isə qeyri yaşayış sahəsi kimi texniki pasport alınmalı idi. Hətta iddiaçıda evlərin texniki pasportu belə olmamışdır. Özü mənzillərə dair texniki pasportu almışdır. Həmin ünvanda olarkən məlum oldu ki, mənzillər binanın ən aşağı mərtəbəsində yerləşir, hətta iddiaçı mənzillərin altındakı zirzəmini də, qeyri-yaşayış sahəsi kimi (ofis ) istifadə edir. İddia edilən digər sənədsiz ərazini isə iddiaçı özü zəbt etmişdir. Həmin torpaq sahəsi dövlətə məxsus olduğundan o torpağa dair çıxarışın alınmasının mümkünsüzlüyü barədə tərəfə bildirmişdir. Həmin torpaq sahəsi ən yaxşı halda texniki pasportda göstərilə bilərdir. Belə olan halda, torpaq sahəsi şəxsə məxsus sayılır və sökülmür. Yəni müqavilədə göstərilən məbləğ iki mənzilin birləşdirilməklə qeyriyaşayış kimi çıxarışın alınması üçün verilib. Verilən pul isə tam həcmdə ona məxsus deyil. Belə aralarında notarial qaydada müqavilə bağlanadan sonra, notariusun ofisindən çıxmışlar. İddiaçının maşınında ona 40000 manatını qaytarmışdır. Həmin puldan 20550 manat puldan ona çatacaq 15000 manat pul idi ki, İ layihələndirmə işindən iddiaçı ona borclu qalmışdır. 5000 manat isə Qurbana çatmalı olan vəsait olmuşdur. Çunki ikisinin tanışlığı Qurban vasitəsi ilə olmuşdur. 5000 manat isə göstərdiyi xidmətlərə görə ona ödənilməli olan xidmət haqqı olmuşdur. Ramin özü xaricdə olduğundan ona sənədləşmə işlərinin aprılması üçün etibarnamə vermişdir. Mənzillərlə bağlı çıxarışların alınması isə onun öz adamı vasitəsi ilə olmalıydı. Belə ki, Ramin burada olmadığı vaxtlarda o dövlət idarələrinə layihələndirmə ilə bağlı ərizə ilə müraciət etmiş, sənədləri imza etməklə qəbul etmişdir. Onun bu münasibətdə rolu sadəcə sənədləri imzalamaqla əlaqədar olmuşdur. O, işi həll edəcək adam olmamışdır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Aqil müqavilə üzrə götürülən öhdəliyi tam olaraq icra edib. İddiaçının iş matariallarında olan polisə şikayəti cavabdeh tərəfindən ona təqdim edilməyən sənədlərlə bağlı olmuşdur. Həmin vaxt görünür ki, tərəflər arasında pul mübahisəsi olmamışdır. Əgər Ramin cavabdehin ona qarşı dələduzluq əməlindən şübhələnmişdirsə, polisə ona çatmalı olan sənədlərlə bağlı yox, sırf məruz qaldığı dələduzluq halı işə şikayət edərdi. Tərəflər arasında ona müqavilə notarial qaydada, tərəflərin sərbəst iradə ifadəsi nəticəsində bağlanmışdır. Mübahisənin hazırki xarakteri və tərəflər arasında olan gərginliyin müddəti nəzərə alınarsa, iddiaçının cavabdehə verdiyi etibarnamənin ləğv edilməsi üçü kifayət qədər vaxtı olmuşdur. Lakin həmin etibarnamə ləğv edilməmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Çünki, əlində qeyri yaşayış sahəsi ilə bağlı texniki pasport var. Tərəflər aralarında bağlanmış müqavilə var. Cavabdeh2 tərəfindən müqavilənin şərtlərinə əməl olunub. Bundan başqa cavabdeh gedib iddiaçını axtarıb tapmayıb, iddiaçıya göstərəcəyi xidmətlə bağlı hər hansı təkliflər verməyibdir ki, bügünki gün cavabdehin əməli ilə bağlı dələduzluqdan söhbət getsin. İddiaçı özü cavabdehi tapıb. Belə ki, Cavabdeh2 ixtisasca memardır və memar işləri ilə məşğuldur. Şəhərdə hündürmərtəbəli binaları layihələndirilməsi ilə məşğuldur. Bundan başqa həmin mənzillər qiymətləndirici şirkət tərəfindən 400000 manat dəyərində qiymətləndirilmişlər. Cavabdeh artıq tapşırıq müqaviləsini icra etmişdir. Bu barədə Texniki pasport və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim edir. Mübahisənin bu yerə çatmasının səbəbi odur ki, iddiaçı görülmüş işlərə görə cavabdehə pul borcu qalmışdır. Cavabdeh2 bunun əvəzi kimi hazır sənədlərin əslini iddiaçıya onun pulunu verdikdən sonra verə biləcəyini bildirmişdir. İddiaçı bununla bağlı müvafiq hüquq mühafizə orqanlarına şikayət etmiş, orada tərəflərin izahatı alınmışdır.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusunun vəkili Cavabdeh3 izahatlarında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Vəkili olduğu şəxs qanuna müvafiq qaydada tərəflər arasında onların istəyinə uyğun şəkildə müqaviləni təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. 17.01.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 onu Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarında, İcra Hakimiyyəti orqanlarında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, Fövqəladə Hallar Nazirliyində, Vergilər Nazirliyində və onun bütün idarələrində, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bütün fiziki və hüquqi şəxslər qarşısında , digər idarə, təşkilat və strukturlarda, Dövlət Arxivində təmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, sənədləri almağı və təhvil verməyi, ərizə verməyi, imza etməyi, adından sorğular verməyi, sorğuların cavablarını almağı, hesabat hazırlamağı, o cümlədən Memarlıq və İnşaat işlərinə dair layihələrə imza atmağı və s. hərəkətlər etməyi etibar etmişdir.

10. İddiaçı ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli tapşırıq müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Vəkalət alan” Cavabdeh2 “Vəkalət verən”-in İddiaçı tapşırığına əsasən 2 ay ərzində vəkalət verənə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********16- 05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 42.10 kv.m və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin tərəfindən xx.xx.2021 tarixdə verilmiş **********16- 05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan mənzillərin təyinatının qeyryi-yaşayış sahəsinə keçirilməsinə dair işlərin aparılması üzrə xidmət göstərilməsi ilə əlaqədar tapşırıq verir. Müqavilənin 1.2-ci bəndinə əsasən hazırki müqavilə üzrə vəkalət verən vəkalət alana 2 ay ərzində yuxarıda qeyd olunan mənzillərin təyinatının qeyriyaşayış sahəsinə keçirilməsi üzrə və işlərin aparılması ilə əlaqədar xidmətin göstərilməsi üçün muzd da daxil olmaqla, 60550 manat məbləğində pul verir. Müqavilənin 1.3-cü bəndinə əsasən vəkalət alan Cavabdeh2 yuxarıda qeyd olunan tapşırığa əsasən 2 ay ərzində muzd müqabilində xidmətlərin görülməsini öhdəsinə götürür.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 83, mənzil 47 ünvanında yerləşən, sahəsi 42.10 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixində qeydiyyatdan keçmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 83, mənzil 48 ünvanında yerləşən, sahəsi 29,60 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixində qeydiyyatdan keçmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 83, yeni qaydalarla ünvan 9 ünvanında sahəsi 71,70 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixində qeydiyyatdan keçmişdir.

14. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1385/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırlmış tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən İddiaçı Cavabdeh2 və 3-cü tərəf Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı pul tələbinə və xüsusi qərardadın çıxarılmasına dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 39 A ünvanında qeyri-yaşayış sahəsinə dair texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Tikilinin planına əsasən sahəsi 5 otaq nəzərə alınmaqla, 172,8 kv.m-dir.

16. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 39 A ünvanında qeyri-yaşayış sahəsi obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2022-ci il tarixinə bazar dəyəri 400000 manat təşkil edir.

17. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən təqdim edilən və İddiaçı ərizəsi əsasında təqdim edilən arayışın surətindən görünür ki, İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciəti əsasında toplanmış materialda heç bir cinayət tərkibi olmadığından toplanmış materialın 19-cu PŞ-nin dəftərxanasında işə tikilmiş, mülki mübahisənin həlli ilə bağlı tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

18. Arayışda göstərilir: xx.xx.2022-ci il tarixdə Yasamal r.2-ci alatava 4m ünvanda yaşayan İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-a ərizə ilə müraciət edərək, ünvan 13 ünvanda yerləşən 2 mənzilin qeyri yaşayış sahəsinə sənədləşdirilməsi üçün Cavabdeh2 ümumilikdə 70.550. manat pulu natarius vasitəsilə ödədiyini ancaq sənədlərin hazır olduqdan sonra ala bilmədiyi ilə əlaqədar köməklik olunmasını xahiş etmişdir. Cavabdeh2 19-cu PS-a dəvət olunmuş, izahatı alınaraq araşdırma aparılan zaman yuxarıda göstərilən işlərin görüldükdən sonra danışıqlara əsasən əlavə pul ödənişinin olunmaması səbəbindən hazır sənədləri İddiaçı təqdim etmədiyini bildirmişdir. Faktla bağlı Cavabdeh2 Nəsimi rayon prokurorluğuna etdiyi müraciət də materiala əlavə olunmuşdur.

19. İddiaçı Bahadur oğlu Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi Rəşad Əhmədzadəyə yazılan izahatında göstərir ki: Cavabdeh2 təxminən 1 il olar ki tanıyır. ünvan 13 ünvanda yerləşən 29.60 və 42.10 kv.m sahəsi olan mənzillərin qeyri-yaşayış sahəsi olması üçün və əlavə olaraq mövcud olan 102 kv.m sahənin özəlləşdirilməsi ilə əlaqədar olaraq Cavabdeh2 notariusda 60550 manat və əlavə olaraq 10000 manat əlbəəl pul vermişdir. Ancaq Aqil göstərilən işlə bağlı işi sona çatdırmamış və özünün ona ödədiyi 70550 manat pul vəsaitini mənimsəmişdir. Xahiş edir ki, sənədlərinin həmin şəxsdən alınıb qaytarılmasına köməklik göstərilsin.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ünvan 14 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Cavabdeh2 adına Bakı şəhəri 11 saylı notariat ofisində tapşırıq müqaviləsi rəsmiləşdirilmişdir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən ünvan 14 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir.

22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvan 14 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, dövlət reyestrində Cavabdeh2 hər hansı hüquqi şəxsin təsisçisi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyil.

23. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 82,40 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

24. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Cavabdeh2 2 ay ərzində ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 42.10 kv.m və ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan mənzillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsinə dair işlərin aparılması üzrə xidmət göstərilməsi ilə əlaqədar tapşırıq almış, qeyd olunan mənzillərin təyinatının qeyriyaşayış sahəsinə keçirilməsi üzrə və işlərin aparılması ilə əlaqədar xidmətin göstərilməsi üçün muzd da daxil olmaqla, 60550 manat məbləğində pul verilməli idi.

25. İddiaçı iddia edir ki, Cavabdeh2 ona münasibətdə dələduzluq etmiş, 70550 manat məbləğində pulu mənimsəmiş, lakin tələb olunan işi görməmiş və xidmətləri göstərməmişdir. Belə ki, əslində Cavabdeh2 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 42.10 kv.m və ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan mənzilləri birləşdirməklə, həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, ümumilikdə 174 kv.m olan tikiliyə qeyriyaşayış təyinatına uyğun iddiaçı X1 adına mülkiyyətdən çıxarışın verilməsini vəd etmiş, lakin işini təhvil verməmişdir.

26. Cavabdeh isə iddia edir ki, müqavilə üzrə öhdəliyini icra etmiş, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 83, yeni qaydalarla ünvan 9 ünvanında sahəsi 71,70 kv.m olan qeyri yaşayış sahəsi kimi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022ci il tarixində qeydiyyatdan keçmişdir. İddiaçının mənzillərin qarşısında özbaşına olaraq zəbt etdiyi 102 kv.m sahə isə iddiaçıya yox, dövlətə məxsus olduğundan onun özəlləşdirməsinin mümkünsüzlüyü barədə tərəfə məlumat vermişdir.

27. Ümumiyyətlə tərəflər arasında bağlanan müqavilədə 102 kv.m sahə ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır.

28. Tərəflər arasında olan mübahisənin bir digər tərəfi isə müqavilə üzrə göstərilən 60550 manat pul vəsaiti ilə bağlıdır. İddiaçı iddia edir ki, cavabdehə müqavilə üzrə 60550 manat bundan əlavə isə 10000 manat əlbəəl pul vermişdir. Cavabdeh isə həmin hissədə iddianı qəbul etmir və bildirir ki, tapşırıq müqaviləsi və ona verilən etibarnamə ilə əslində o, iddiaçının adından çıxış edərək sənədləşmə işlərinin aparılmasında iştirak etməli, dövlət idarələrinə ərizələrin verilməsi, sənədlərin alınmasında iştirak etməli idi. Çünki əslində iddiaçının digər işlərini öz tanışı həll edəcəkdir. Bu səbəbdən 60550 manat pulun 40000 manatını notariusdan çıxdıqdan sonra onun özünə qaytarmış, 15000 manat pul iddiaçının ona əvvəl gördüyü işlərindən qalan borcu, 5000 manat isə onları tanış etmiş Qurbana çatacaq vəsait olmuşdur. Tətbiq edilən hüquq:

29. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin etibarsızlığını ona görə tələb edir ki, o, əqd bağlanması məqsədilə aldadılmışdır. Belə ki, cavabdeh özünü tikinti, memarlıq sahəsində mütəxəssis kimi təqdim etmiş və tərəflərin razılığına görə qeyd edilən torpaq sahəsini də özəlləşdirməyə vəd versə də bunu etməmişdir. Eyni zamanda tərəflər tapşırıq müqaviləsini bağlayarkən müqavilədə nəzərdə tutulmasa da, iddiaçı 102 kv.m torpaq sahəsinin də özəlləşdirilməsinin nəzərdə tutulduğu müqavilənin bağlandığını güman etmişdir. Çünki yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi üçün 60000 vəsait tələb olunmur.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

33. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

36. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

37. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

38. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

39. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

40. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur.

41. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir.

42. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

43. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

44. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.

45. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

46. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

47. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:1) əqdin subyekt tərkibinə dair şərtlər; 2) əqdin məzmununa dair şərtlər; 3) əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; 4) əqdin formasına dair şərtlər.

48. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

49. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

50. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

51. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).

52. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. (“B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı)

53. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).

54. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: 1) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; 2) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.(“ M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı) Məhkəmənin mövqeyi:

55. Tərəflər arasında bağlanan tapşırıq müqaviləsinin məzmunundan görünür ki, vəkalən alan müqavilədə göstərilən mənzillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı işlərin aparılması üzrə xidmətlərin görülməsini muzd müqabilində öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən tapşırıq işin hallarından müəyyən edildiyi kimi artıq icra edilmişdir. Vəkalət verənin aldadılması ilə bağlı istinad etdiyi hallara dair iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Halbuki iddiaçı cavabdehin onun etibarından sui-istifadə edərək dələduzluq cinayətini törətdiyini bildirir və bunu onunla əsaslandırır ki, layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə, yəni ümumilikdə 174 kv.m olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun iddaçının adına çıxarışın alınmasına vəd verilsə də, bunu etməyərək onu aldatmışdır. Lakin təkrarən bildirilməlidir ki, tərəflər arasında belə razılığın olması nə müqavilədən, nə də təqdim edilmiş digər sübutlardan müəyyən olunmur. Beləliklə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün yuxarıda qeyd edilmiş hər hansı şərt işin halları ilə müəyyən edilmir.(bax 52-ci bənd)

56. Bundan başqa iddiaçı tərəf cavabdehin özünü bu işin mütəxəssisi kimi təqdim etməsi nəticəsində yanılmanın təsiri altında əqd bağlaması barədə dəlilləri də işin halları ilə sübut olunmur. Belə ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətləri mübahisələndirilən tapşırıq müqaviləsinin bağlanması üçün vacib əhəmiyyət daşımamışdır. Çünki qeyd edilən tapşırıq müqaviləsi üzrə istənilən şəxs müqavilənin subyekti kimi çıxış edə bilər və vəkalət almaqla həmin xidmətləri göstərə bilərdi. Yəni bağlanmış tapşırıq müqaviləsinin məzmunu spesifik xarakter daşımamış və xidmətin göstərilməsi üçün xüsusi bilik tələb olunmamışdır. Eyni zamanda həm bu müqaviləyə qədər, həm müqavilədən sonra da tərəflərin oxşar hüquq münasibətlərində olması barədə cavabdehin dəlilləri də iddiaçı tərəfdən mübahisələndirilməmiş və bu hal məhkəmədə işin mübahisəsiz halı kimi qənaət formalaşdırmışdır. Bu səbəbdən də iddiaçının kontragentin şəxsiyyəti barədə yanılması barədə dəlilləri əsassızdır.

57. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilədə nəzərdə tutulmuş muzdun məbləği barədə cavabdehin etirafı əqdin əhəmiyyətsizliyi ilə bağlı qənaət yaratmır. Çünki iddiaçı xx.xx.2022-ci ildə Polisə müraciət edən zaman şikayətində bildirmişdir ki, 2 mənzilin qeyri-yaşayış sahəsinə sənədləşdirilməsi üçün Cavabdeh2 umumilikdə 70550 manat pulu notarius vasitəsilə ödədiyini, lakin sənədlərin hazır olduqdan sonra ala bilmədiyi ilə əlaqədar köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh2 isə izahatında göstərilən işlərə görə aralarında olan danışıqlara əsasən İddiaçı ona əlavə pul ödənişi etmədiyinə görə hazır sənədləri təqdim etmədiyini bildirmişdir. Odur ki, qeyd edilən xüsusatlar tərəflərin müqavilə bağlamaq iradəsini, əqdin şərtlərini qəbul etdiklərini və onun mahiyyətilə razılaşdıqlarını təsdiq edir. Hansı ki, öhdəliyin tam icra olunmaması müqavilənin etibarsızlığı üçün əsas hesab edilmir. Cavabdehin müqavilədə nəzərdə tutulan muzdun hamısını ona çatmadığı və həmin muzdun bir hissəsinin əvvəlki borclara aid olması barədə etirafı isə vicdanlılıq və estoppel prinsipinin məqsədləri baxımından əqdin etibarsızlığı üçün əsas hesab edilə bilməz.

58. Odur ki, hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqd tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla müəyyən olunduğundan əqdin etibarsızlığı və onun hüquqi nəticələrinin tətbiqi barədə tələb əsassızdır.

59. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş halları baxımından xüsusi qərardadın qəbul edilməsinə dair hər hansı əsas müəyyən edilməmişdir. Tətbiq edilən prosessual normalar:

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

61. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

62. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

63. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

64. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

65. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “müqavilənin etibarsızlığı və hüquqi nəticələrinin tətbiqi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

66. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “müqavilənin etibarsızlığı və hüquqi nəticələrinin tətbiqi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar