Məhkəmə qərarları › İş №2(001)-1713/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1713/2023

19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1713/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X6, Cavabdeh1 nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətini (ASC) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə, Cavabdeh1nə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müracitə edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində cavabdeh tərəfindən sağlamlığının pozulduğu və işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı nəzərə alınaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə ödəncin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin, ona etirazın əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri 2020-ci ilin mart ayının sonlarından başlasa da, əmək müqaviləsi rəsmi qaydada 16 aprel 2020-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı “operator” (qablaşdırıcı) vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövrdə cavabdehə məxsus “İceland” dondurma istehsalat sexində 07 may 2020-ci il tarixdə işdə olarkən hazır məhsulları liftə yükləmək üçün liftin düyməsini basdıqdan sonra liftin qapısı açılsa da, kabinə gəlməmiş, həmin vaxt döşəmə sürüşkən olduğu üçün iddiaçının ayağı sürüşmüş və ikinci mərtəbədən liftin şaxtasına yıxılmışdır. Tibb müəssisəsində müayinə olunmuş, sağlamlığına ağır zərər vurulduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında” 1/2020 nömrəli, xx.xx.2020-ci il tarixli iz aktı tərtib olunarkən qəsdən yanlışlıqlara yol verilmiş, ziyanla bağlı, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ödənişlər və müddətlə bağlı heç bir qeyd yer almamışdır. Həmin aktda bədbəxt hadisənin səbəbləri kimi “Liftlərin quruluşu və təhlükəsiz istismarı” Qaydalarının müvafiq bəndlərinə işəgötürən tərəfindən əməl edilməməsi göstərilmişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğuna müraciət etmiş, araşdırma zamanı tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 1277 nömrəli rəyinə əsasən, onun bədənində aşkar olunmuş xəsarətlər – 1-ci, 2-ci, 3-cü və 4-cü fəqərələrinin sınıqlarının bərk küt əşyanın təsirindən MRT müayinəsi üçün ilkin olaraq N.Tusi adına klinikaya müraciət etdiyi xx.xx.2020-ci il tarixdən bir qədər əvvəl əmələ gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020ci il tarixli 10/2412 nömrəli rəyində isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinəsi oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunmasının hadisəinin baş verməsini şərtləndirdiyi qeyd olunmuşdur. Daha bir xx.xx.2020-ci il tarixli ekspert rəyində isə iddiaçının 1-5-ci bel fəqərələrində kompression sınıq nəticəsində sağlamlığına az-ağır zərərvurmaya aid xəsarət aldığı qeyd olunmuşdur. Binəqədi Rayon Prokurorluğunda iddiaçının müraciəti əsasında qəbul olunmuş xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh1 direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraatın başlanması... barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-5341/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh1 direktoru X1 Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İddiaçı ağır bədən xəsarəti almış, sağlamlığı uzun müddətə pozulmuşdur. Bununla əlaqədar müalicə olunmağına və ömür boyu hər altı aydan bir fizioterapiya keçməyinə ehtiyac yaranmışdır. Bədənində yaranmış fiziki məhdudliyyətlərlə əlaqədar əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olunmuşdur. Artıq fiziki əməklə bağlı hər hansı iş görmək iqtidarında deyil. 10 yanvar 2022-ci il tarixdə iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha əvvəl məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 tərəfindən işdən çıxarılmağının qanunsuz hesab edilməsi, cavabdehin 18 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 81/ƏMX nömrəli əmrinin ləğv olunması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi və sağlamlığına vurulmuş zərərin kompensasiyası olaraq 50000 manat məbləğin, 10000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş, iddiası rədd edilsə də, iş üzrə məhkəmə proseslərində onun işçi kimi icbari qaydada güyə vaxtında sığorta olmağı faktı ortaya atılmışdır. Halbuki, Cavabdeh2 Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda iddiaçının barəsində cavabdeh şirkət tərəfindən xx.xx.2020-ci il tarixdə sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqı ödənilmiş və sığorta müqaviləsi xx.xx.2020-ci il, saat 00:01-dən qüvvəyə minmişdir. Həmin məktubda birbaşa olaraq göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış, iddiaçı sığorta olunan olmamışdır. Bu o deməkdir ki, iddiaçı ilə baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Halbuki, Bakı Apellyasiya Məkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 aprel 2020-ci il tarixli, **********89/19 nömrəli əlavədən görünür ki, qurğu operatoru (dondurucu/süd məhsulları) İddiaçı (sığorta olunan) 0,80000% sığorta tarifi ilə "xxxx" Şirkəti (sığortalı) tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-də (sığortaçı) sığorta olunmuşdur (təminat tarixi 19 aprel 2020-ci il, dəyişikliyin tipi təminata daxil olma, bir illik əmək haqqı fondu 3600, peşə riskinin dərəcəsi 4, sığorta məbləği 51422,77, geri qaytarılacaq ödəniş/sığorta haqqı 22.58). Qeyd olunan bu məlumat yanlış və həqiqətdən uzaq olmuşdur. Əmək müqaviləsi bağlanan andan cavabdeh şirkət iddiaçını icbari qaydada sığorta etdirməmişdir. Sığorta müqaviləsi saxtalaşdırılmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə iddianın şirkətə operator vəzifəsinə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmış, həmin tarixdə bu barədə əmr verilmişdir. İddiaçınin 18 may 2020-ci il tarixindən işdən azad edilməsi barədə ərizəsi nəzərə alınaraq, həmin tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı 07 may 2020-ci il tarixdə şirkətdə əmək vəzifələrini icra edərkən özünün kobud ehtiyatsızlığı nəticəsində yıxılaraq xəsarət almışdır. Yıxılandan sonra şirkət tərəfindən dərhal ona lazımi köməkliklər göstərilmiş, yüksək səviyyəli həkim müayinəsindən keçirilməsi üçün zəruri tədbirlər görülmüş, lazımi dərman vasitələri ilə təmin edilmi, aylıq əmək haqları ödənilmiş, digər zəruri xərcləri qarşılanmışdır. Cavabdeh yıxılarkən 5 fəqərə sınığı xəsarəti alması barədə verdiyi məlumatlar da həqiqəti əks etdirmir, əslində isə səhlənkarlığı nəticəsində yıxılarkən onun L-5 fəqərəsi zədə almış və həyata keçirilən yüksək keyfiyyətli müalicə nəticəsində sağalmış, sərbəst hərəkət edir. Cavabdeh tərəfindən iddiaçının müalicəsi üçün 15 dekabr 2020-ci il tarixə kimi 6483,73 manat pul xərclənmişdir. Cavabdeh2 Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilənlər əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh1 ilə bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlərin və ya xidmətlərin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürməklə, Cavabdeh1 ilə Cavabdeh2 Sığorta Şirkəti ASC arasında xx.xx.2020ci il tarixdə **********89 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. Cavabdeh1 ilə Cavabdeh2 Sığorta Şirkəti ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış **********89 nömrəli müqaviləyə 20 aprel 2020-ci il tarixdə edilmiş **********89/19 nömrəli Əlavənin 4-cü sırasına əsasən İddiaçı qurğu operatoru 0,8000 faiz sığorta tarifi ilə təminat tarixi 19 aprel 2020-ci il, dəyişikliyin tipi təminata daxil olma, bir illik ödəniş sığorta haqqı 22,58 olmaqla, Cavabdeh1 tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığorta olunmuş, həmin müqaviləyə Əlavə 20 aprel 2020-ci il tarixdən qüvvəyə minmiş, 07 may 2020-ci il tarixdə iddiaçıya münasibətdə sığorta hadisəsi baş verən zaman həmin müqavilə qüvvədə olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh şirkətə qarşı “dəymiş zərərə görə ödəncin verilməsi” tələbinə dair iddia ərizəsinin əsassız və qanunsuz olduğunu bildiyi halda məhkəməyə müraciət etmişdir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərilmişdir ki, iddia əsassızdır, təmin edilməməlidir. Belə ki, Cavabdeh2 Sığorta Şirkəti ilə Cavabdeh1 arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə **********89/019 saylı Əlavə sasında sığorta şikrətində sığorta olunmuşdur. Həmin Əlavə üzrə ödənilməli olan 143,02 manat sığorta haqqı 23 iyul 2020-ci il tarixdə ödənilmiş və nəticədə Əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçı 07 may 2020-ci il tarixdə, yəni Əlavə qüvvəyə minməmişdən qabaq iş yerində xəsarət almışdır. Göründüyü kimi, 07 may 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Əlavə qüvvədə olmamış və iddiaçı hadisə zamanı sığorta olunan olmamışdır. Baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin sığorta ödənişini vermək öhdəliyi yaranmır. Sonda iddianın rədd olunması xahiş olunmuşdur. İzahatlar: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq göstərmişdir ki, sığorta şirkətinin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında sığorta müqaviləsinin qüvvədə olmadığını, buna görə də sığorta ödənişinin onlar tərəfindən ödənilməsinə əsas olmadığını bildirsə də, sonuncu məhkəmə iclaslarında sığorta ödənişini etməyə razı olduqlarını bildirmişdir. O, məhkəməyə müraciət etməzdən əvvəl həm cavabdehə, həm də sığorta şirkətinə dəfələrlə müraciət etməsinə baxmayaraq, hər iki tərəf ona sığorta ödənişinin ödənilməsindən imtina etmişdirlər. Buna görə də, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda sığorta şirkəti ilə cavabdeh öz aralarında nə razılığa gəlmişdirlərsə, ona məlum deyil, buna görə də, mübahisənin barışıq yolu ilə deyil, məhkəmə qərarı ilə həll edilməsi tərəfdarıdır. Eyni zamanda, ona ödənilməli d sığorta pulu əlilliyin təyin edildiyi vaxtdan deyil, məlum qəzanın baş verdiyi vaxtdan hesablanaraq ödənilməlidir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddia ərizəsində göstərilənləri təsdiq edib, əlavə olaraq izahatında göstərdi ki, sığorta şirkətinin verdiyi məktubda göstərilmişdir ki, Cavabdeh1 LTD tərəfindən sığorta haqqı ödənilmədiyindən, iddiaçının sığorta olunmasına dair müqavilə qüvvədə olmamış, buna görə də, məlum hadisənin baş verməsi nəticəsində iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Belə olan halda, ödənilməli sığorta pulunun əvəzi cavabdehdən tutulmalıdır. İddiaçı mübahisənin məhkəmə qaydasında həll edilməsini istəyir. Sonda İ.R.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X10 iddianı qəbul etmədiklərini, etirazda göstərilənləri müdafiə etdiklərini bildirərək, izahatında göstərmişdir ki, iddiaçı ilə bağlı məlum qəza hadisəsi baş verməmişdən əvvəl şirkətlə sığorta şirkəti arasında müqavilə bağlanmışdır. Buna görə də, sığorta pulu sığorta şirkəti tərəfindən ödənilməlidir. Sığorta şirkətinin nümayəndəsi sığorta pulunu ödəməyə razı olduqlarını bildirdiyindən, iddia rədd edilməlidir. Məhkəmənin 01 mart, eləcə də 29 mart 2023-cü il tarixdə keçirilmiş iclasları zamanı Cavabdeh2 Sığorta Şirkətinin nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, icbari sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Məlum hadisə 07 may 2020-ci il tarixdə baş vermiş, Cavabdeh1 LTD tərəfindən sığorta haqqı və siyahı 23 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Buna görə də, iddia tələbində göstərilən pulu Cavabdeh1 LTD ödəməlidir. Lakin, 17 və 19 may 2023-cü il tarixlərdə keçirilmiş məhkəmə baxışı iclaslarında Vəkil iddiaçının tələbi ilə razı olduqlarını, iddiaçıya sığorta ödənişinin aylıq ödənclər şəklində sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirmişdir. Lakin, sığorta ödənişi iddiaçıya əlilliyin təyin edildiyi vaxtdan hesablanmaqla, aylıq ödənclər şəklində verilməlidir. Tədqiq edilən sübutlar: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixli 10 yanvar 2027-ci il, əmək qabiliyyətinin itirilməsi faizi 40 faiz göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 27 aprel 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondundan istehsalat zədəsi səbəbindən 3-cü dərəcə əlilliyə görə 120 manat məbləğində sosial müavinət alır. Təyinayın bitmə tarixi 31 yanvar 2027-ci ildir. - Cavabdeh2 Sığorta Şirkəti tərəfindən İddiaçı ünvanlandırılmış 03 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Sığorta Şirkəti ilə Cavabdeh1 arasında **********89-019 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır və 23 iyul 2020-ci il tarixdə həmin sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqı ödənilmiş və sığorta müqaviləsi 24 iyul 2020-ci il saat 00:01-dən qüvvəyə minmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış və İddiaçı hadisə zamanı sığorta olunan olmamışdır. - 30 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı istehsalatda xəsarət almasına görə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) inzibati icraat başlanmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 3(001)-5341/2020 saylı qərarına əsasən, X9 həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. - 20 aprel 2020-ci il tarixli, **********89/19 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə Əlavə”dən görünür ki, İddiaçı nəzərdə tutulmuş sığorta məbləği 51422,77 manatdır. - Cavabdeh1 iddiaçının müalicəsinə çəkilən xərclərə dair çıxarışdan görünür ki, 08 iyul 2020-ci il tarixdə iddiaçıya əmək haqqı qismində 420 manat pul ödənilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(001)- 3689/2021 saylı qətnaməsindən görünür ki:

1. Cavabdeh1 (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 16 aprel 2020-ci il tarixli, 1267 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, işçi operator (qablaşdırıcı) vəzifəsinə işə qəbul edilir. Müqavilənin 4.10-cu bəndinə əsasən işəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta ödənişi verilir. Müqavilənin 5.1-ci bəndinə əsasən əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarının qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi barədə razılığa gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Müqavilənin 11.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.

2. 16 aprel 2020-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx xxxxxxx 1995-ci il təvəllüdlü, orta təhsilli İddiaçı 16 aprel 2020-ci il tarixdə, 46 nömrəli əmrlə "xxxx" Şirkətinə istehsal sahəsinə operator vəzifəsinə işə qəbul olunmuş, 18 may 2020-ci il tarixli 81 nömrəli əmrlə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.

3. "xxxx" Şirkətinin direktoru tərəfindən tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında 1/2020 nömrəli aktın (İZ Forma) surətindən görünür ki, "xxxx" Şirkətinin operatoru (qablaşdırıcı) İddiaçı 07 may 2020-ci il tarixdə səhər saat 08:00-da işə gəlmiş, sex rəisi Oleksandr Pechorkin tərəfindən təlimatlandırıldıqdan sonra əmək funksiyasına uyğun olaraq 2-ci sexdə işə başlamışdır. Nahar fasiləsinə kimi işini bitirmiş, nahar fasiləsindən sonra təqribən 14:15 radələrində istehsal olunmuş hazır məhsulu paketlədikdən sonra yükləyici lift vasitəsilə anbara göndərmişdir. Sonra 2-ci hazır məhsulu paketlədikdən sonra lift birinci mərtəbədə olduğundan liftin yuxarı göndərməsini bildirmək məqsədi ilə liftin qapısını açmış, bu zaman ayağı sürüşərək təqribən 3 metr məsafə hündürlükdən liftin şaxtasına yıxılmışdır. Yaxınlıqda olan iş yoldaşıları X7, X11 və X4 tez ona yaxınlaşaraq liftin şaxtasından çıxarmışlar. Hadisə barədə sex rəisi O.Pechorkinə məlumat verildikdən sonra o, hadisə yerinə gələrək şirkətə məxsus avtomobil ilə M.X16 Mərkəzə aparmışlar. Bədbəxt hadisənin səbəbi – “Liftlərin quraşdırılması və təhlükəsizlik istismarı qaydaları”nın 4.2.13- cü (lift şaxtasının qapıları enmə meydançasından 150 mm aralanmazdan əvvəl bağlanan avtomatik qapılar kilidlərlə təchiz olunmalıdır), 4.2.14-cü (avtomatik qıfıl elə təchiz olunmalı və quraşdırılmalıdır ki, onu çöldən açmaq mümkün olmasın. Avtomatik kilidlərin çöldən açıla bilməsi üçün lift xidməti personalları üçün xüsusi avadanlıqlar nəzərdə tutulur) və 7.1.1-ci (yeni quraşdırılan lift istismara buraxılmazdan əvvəl texniki nəzarət orqanında qeydiyyata alınmalıdır) bəndlərinin tələblərinə əməl edilməməsidir. Əmək qanunvericiliyinin tələblərini pozan şəxs – Adil Məmmədovdur. Bədbəxt hadisənin şahidləri – Nahid Mehralıyev, Amil Babayev və Toğrul İsmayılzadədir. Bədbəxt hadisənin son nəticəsi – xəsarət. Təhqiqat aktı 11 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir.

4. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 may 2020-ci il tarixli, **********89/60 nömrəli Əlavədən görünür ki, qurğu operatoru (dondurucu/süd məhsulları) İddiaçı (sığorta olunan) "xxxx" Şirkəti (sığortalı) tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-dən (sığortaçı) sığorta təminatından çıxarılmışdır. (təminat tarixi 19 may 2020-ci il, dəyişikliyin tipi təminatdan çıxarılma, bir illik əmək haqqı fondu 3.600.0, peşə riskinin dərəcəsi 4, sığorta məbləği 0.00, sığorta tarifi 0.80000 %, geri qaytarılacaq /ödəniş sığorta haqqı -16.18). Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikasının Konstitusiyasının: - 12-ci maddəsinin birinci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 35-ci maddəsinin altıncı hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. - 884.3-cü maddəsinə əsasən, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. - 884.4-cü maddəsinə əsasən, sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. - 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. - 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. - 884.6–2-ci maddəsinə əsasən, şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır. - 885.1-ci maddəsinə əsasən, sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. - 897.3-cü maddəsinə əsasən, icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. - 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. - 903.4-cü maddəsinə əsasən, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. - 903.6-cı maddəsinə əsasən, hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. - 907.1-ci maddəsinə əsasən, icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. - 907.3-cü maddəsinə əsasən, sığortalı qismində sığorta etdirməli olan şəxsin, eləcə də sığortaçı qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. - 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 926.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. - 928-ci maddəsinə əsasən, şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. - 935.1 və 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin hüquqlarından biri kimi təsbit edilmişdir.

4. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1 və 15.2-ci maddələrinə əsasən, sığorta müqaviləsinin bağlanması üçün sığorta olunan müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı ərizə verir, yaxud bu niyyətli şifahi bildirir. Müqavilə sığorta olunanın ilk sığorta haqqı ödədiyi andan qüvvəyə minir, bu şərtlə ki, müqavilədə başqa hal nəzərdə tutulmuş olmasın.

5. “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.3.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz...

6. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşımaqla “Sığortalı” adlanırlar. - 7.2-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq; icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək... Sığortalının vəzifələri kimi müəyyənləşdirilmişdir. - 16.1-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: 16.1.1. aylıq sığorta ödənişi; 16.1.2. birdəfəlik sığorta ödənişi; 16.1.3. əlavə sığorta ödənişi. - 16.2-ci maddəsinə əsasən, aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. - 16.3-cü maddəsinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə; 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; 16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə. - 17.1-ci maddəsinə əsasən, aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. - 17.2-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 18.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 2.3. Zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). 3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə – mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. 3.3. Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işin mövcud faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia tələbində, ona etirazlarda qeyd olunanları nəzərdən keçirərək, habelə, qanunvericiliyin yuxarıda sadalanan müddəlarını əsas götürərək, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, işin halları ilə müəyyən edilir ki:

1. İddiaçı əmək müqaviləsi əsasında Cavabdeh1 LDF şirkətində işlədiyi vaxt 07 may 2020-ci il tarixdə səhər saat 08:00-da işə gəlmiş, sex rəisi tərəfindən təlimatlandırıldıqdan sonra əmək funksiyasına uyğun olaraq 2-ci sexdə işə başlamışdır. Nahar fasiləsinə kimi işini bitirmiş, nahar fasiləsindən sonra təqribən 14:15 radələrində istehsal olunmuş hazır məhsulu paketlədikdən sonra yükləyici lift vasitəsilə anbara göndərmişdir. Sonra 2-ci hazır məhsulu paketlədikdən sonra lift birinci mərtəbədə olduğundan liftin yuxarı göndərməsini bildirmək məqsədi ilə liftin qapısını açmış, bu zaman ayağı sürüşərək təqribən 3 metr məsafə hündürlükdən liftin şaxtasına yıxılmışdır.

2. Bədbəxt hadisənin səbəbi – “Liftlərin quraşdırılması və təhlükəsizlik istismarı qaydaları”nın 4.2.13- cü (lift şaxtasının qapıları enmə meydançasından 150 mm aralanmazdan əvvəl bağlanan avtomatik qapılar kilidlərlə təchiz olunmalıdır), 4.2.14-cü (avtomatik qıfıl elə təchiz olunmalı və quraşdırılmalıdır ki, onu çöldən açmaq mümkün olmasın. Avtomatik kilidlərin çöldən açıla bilməsi üçün lift xidməti personalları üçün xüsusi avadanlıqlar nəzərdə tutulur) və 7.1.1-ci (yeni quraşdırılan lift istismara buraxılmazdan əvvəl texniki nəzarət orqanında qeydiyyata alınmalıdır) bəndlərinin tələblərinə əməl edilməməsi olmuşdur. Buna görə Cavabdeh1 direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) inzibati məsuliyyətə cəlb edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 10 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixli 10 yanvar 2027-ci il, əmək qabiliyyətinin itirilməsi faizi 40 faiz göstərilmişdir.

4. Cavabdeh2 Sığorta Şirkəti İddiaçı ünvanlandırdığı 03 avqust 2022-ci il tarixli məktubda Sığorta Şirkəti ilə Cavabdeh1 arasında **********89-019 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqavilə üzrə sığorta haqqının 23 iyul 2020-ci il tarixdə ödənildiyini, buna görə də sığorta müqaviləsinin 24 iyul 2020-ci il saat 00:01-dən qüvvəyə mindiyini, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsinin qüvvədə olmadığını göstərmiş, buna görə də, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Eyni mövqeyi sığorta şirkətinin nümayəndəsi məhkəmənin əvvəlki iclaslarında da müdafiə etmiş, habelə, iddiaya yazılı etiraz da bu əsasla tərtib edilmiş, yalnız son məhkəmə iclasında (məhkəmə baxışı mərhələsində) şirkətin nümayəndəsi sığorta ödənişini verməyə razı olduqlarını bildirmişdir.

5. Cavabdehin nümayəndəsi isə keçirilmiş məhkəmə iclaslarında iddianı qəbul etmədiklərini, sığorta ödənişinin sığorta şirkəti tərəfindən verilməli olduğunu bildirmişdir. Məhkəmə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, hazırki mübahisənin əsaslı olaraq öz həllini tapması üçün sığorta şirkətinin nümayəndəsinin məhkəmə iclaslarındakı bir-birinə zidd izahatları deyil, onun rəsmi qaydada iddiaçıya ünvanlandırdığı xx.xx.2022-ci il tarixli məktubu əsas götürülməlidir. Sığorta şirkəti müvafiq sığorta ödənişini etməkdən imtina etmiş, bunu, sığortalı, yəni Cavabdeh1 LTD tərəfindən müvafiq sığorta haqqının ödənilməməsi nəticəsində sığorta müqaviləsinin qəza baş verdiyi anda qüvvədə olmaması ilə əsaslandırmış, bunu təkzib edən hər hansı sübut isə Cavabdeh1 LTD tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından da müəyyən edilir ki, sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Halbuki, Cavabdeh1 LTD iddiaçıya münasibətdə işəgötürəndir və onun faktiki müəyyən olunan hərəkətsizliyi nəticəsində iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində ağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”ninin 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); İşçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. İddiaçının istehsalat qəzası nəticəsində sağlamlığının pozulması işin mübahisələndirilməyən halıdır. Məhkəmənin qənaətinə görə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş Cavabdeh1 LTD bu vəzifəni yerinə yetirmədiyindən məlum hadisə ilə bağlı iddiaçının qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına vurulan zərərin əvəzi onun orqanizminin funksiyalarının 40 faiz pozulmasına görə sığorta məbləğinin 40 faizi nisbətində ödənilməlidir. İddiaçının əlilliyi növbəti müayinə müddəti göstərilməklə müəyyən edildiyindən, iddiaçı üçün nəzərdə tutulmuş sığorta məbləği kimi 51422,77 manatın 40 faiz nisbəti əlilliyin təyin olunduğu 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla, növbəti müayinə tarixi kimi 10 yanvar 2027-ci ilədək cavabdeh tərəfindən ona aylıq ödənişlər şəklində ödənilməlidir. İddia tələbi dəymiş zərərin əvəzinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulması olduğundan, iddia təmin edilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumundan azad edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 150 manat məbləğində dövlət rüsumu (51422,77x0.4=20569 manat; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsi) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddiaçının mediasiya sessiyasında iştirakla bağlı ödədiyi xərcin əvəzi kimi 50 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı üçün nəzərdə tutulmuş sığorta məbləği kimi 51422,77 manatın 40 faiz nisbəti 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla, 10 yanvar 2027-ci ilədək Cavabdeh1 tərəfindən İddiaçı aylıq ödənişlər şəklində ödənilsin. Mediasiya xərci kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. 150 manat məbləğində dövlət rüsumu Cavabdeh1ndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar