Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-173/2022 19.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 və 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsinə dair mülkiyyət hüququnun təsbiti haqqında Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşir. Həmin bina dövlət qeydiyyatına alınmış, bina mənzil mülkiyyətçilərinin idarəçiliyinə verilmişdir. Bina sakinlərinin ümumi yığıncağının qərarına əsasən MTK-nın bazasında İddiaçı MMMC yaradılmış və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra da, adı çəkilən yaşayış bina kompleksinin idarəçiliyi MMMC-yə keçmişdir. Qeydiyyata alınandan sonra bina kompleksinin başqa sahələri ilə yanaşı mübahisələndirilən mülkiyyət sənədi olan çıxarışın aid olduğu 603.1 kv.m. zirzəmi sahəsi də MMMC-nin maneəsiz istifadə və idarəçiliyinə alınmışdır, lakin 2020-ci ilin noyabr ayında cavabdeh gələrək, binanın zirzəmisinin ona aid olduğunu bildirmiş, adına olan çıxarışı təqdim edərək sahədən maşınların çıxarılmasını tələb etmiş və giriş-çıxış qapısını bağlamaq istədiyindən mübahisə çıxmışdır. Binanın zirzəmisi ümumi istifadə üçün nəzərdə tutulduğu, satılmasına və ya başqa yolla özgəninkiləşdirilməsinə yol verilmədiyindən, məsələnin həlli üçün çıxarışı vermiş digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, lakin nəticəsi olmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsivəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MTK-nın 30 oktyabr 2019-cu il tarixli maliyyə arayışında qeyd olunub ki, Cavabdeh2 Yasamal rayonu A.Abbasov 9B ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 613.44 kv.m. olan, nəqliyyat vasitələrinin saxlanması üçün ayrılmış dayanacaq üçün 450000(dörd yüz əlli min) manat ödəmişdir. - "xxxx" MTK-nın 30 oktyabr 2019-cu il tarixli, 29 saylı protokolundan çıxarışdan görünür ki, Cavabdeh2 kooperativin üzvü qəbul olunmaqla həmin qeyri-yaşayış sahəsinin payçısı olması qərara alınmışdır. - ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən Texniki Pasportda ümumi sahəsi 582.3 kv.m. olan qeyri-yaşayış sahəsinin hüquq subyekti kimi Cavabdeh2 qeyd edilmişdir. - ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, göstərilən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. - ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 9B ünvanında yerləşən, ümumi sahəsi 582,30 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/5513 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin həmin binanın zirzəmi sahəsində A-E və 1-6 oxları arasında yerləşdiyi və bütünlüklə yaşayış binasının tərkib hissəsini əhatə etdiyi, həmçinin, çıxarışa əsasən 582.3 kv.m. qeyd olunan sahəyə yalnız zirzəminin sahəsi (A-E və 1-6 oxları arasındakı) daxil olduğu, lift şaxtasının sahəsinin isə həmin 582.3 kv.m. sahəyə daxil olmadığı müəyyən olunmuşdur. Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi tədqiq olunan binanın tərkib hissəsi olmaqla binanın zirzəmisində yerləşdiyindən, həmin qeyri-yaşayış sahəsinin yaşayış binasından ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin onun qanuni sahibliyində olduğunu iddia edərək cavabdehin mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması. Hazırkı iş üzrə isə iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə qeyd edir ki, işdən iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair digər əmlak hüquqlarının olması da müəyyən olunmur. Belə ki, İddiaçı MMMC-nin xx.xx.2019-cu il tarixdən qeydiyyatdan keçməsinə baxmayaraq, onun idarə etdiyi binaya aid hansı əmlakın təhvil-təslim alması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, İddiaçı MMMC-nin fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və binanın ümumi istifadəsinə aid olan əmlak deyil. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2). Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli qeyri-yaşayış sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Belə ki, Mülki Məcəllənin: - 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. -139.1-ci madəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Beləliklə, müəyyən edildi ki, mübahisəli qeyri-yaşayış sahəsinin iş üzrə İddiaçı MMMC-nin mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı MMMC-dən tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-173/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-173/2022
19.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver