Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1735/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Sığorta şirkəti ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 məxsus olan və “xxxxxxx” Sığorta Şirkəti ASC-də sığortalanmış “Hyundai İX” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1.155 manat sığorta ödənişinin və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun, cəmi 1.185,40 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixdə idarə etdiyi “HOWO” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospektində manevr qaydasını pozaraq özündən sağda olan X4 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai İX” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X4 maddi ziyan vurulmuşdur. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan “HOWO” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla icbari qaydada sığorta edilməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin BYP 214377 nömrəli X6 Protokolunda öz əksini tapmışdır. “Hyundai Service”-nin təqdim etdiyi xx.xx.2013-cü il tarixli baxış aktına uyğun olaraq, “Hundai İX” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.555 manat zərər təyin edilmişdir. MİP-122825-B20 saylı sığorta müqaviləsinin 1341/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 400 manat azadolma məbləği çıxmaqla 1.155 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan “HOWO” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2013-cü il tarixdə etibarnamə ilə idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində X4 məxsus olan və xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək (400 manat azadolma məbləği müəyyən edilməklə) İddiaçı Sığorta şirkəti ASC-də sığortalanmış “Hundai İX” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər yetirmişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazriliyi Baş Dövlət X7 Nərimanov rayon Dövlət yol Polis şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş X6 protokola və onun əsasında qəbul edilmiş qərara əsasən Cavabdeh2 yola çıxmadan manevr qaydasını pozaraq özündən sağda olan “Hundai İX” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Aparılmış qiymətləndirmə nəticəsində “Hundai İX” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin 1.555 manat təşkil etdiyi müəyyən edilmiş və müqavilə üzrə razılaşdırılmış 400 manat azadolma məbləği çıxılmaqla, qalan 1.155 manat məbləğində pul İddiaçı Sığorta şirkəti ASC tərəfindən X4 ödənilmişdir. Hazırda iddiaçı ödədiyi 1.155 manat məbləğində pulun subroqasiya qaydasında hər iki cavabdehdən tutulmasını tələb edir. İş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası nəticəsində 2012-ci il buraxılışlı “Hundai İX” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1.491 manat olduğu müəyyən edilmiş və bu barədə rəy tərtib edilmişdir. Məhkəmə iddia tələbinin “Cavabdeh2 subroqasiya qaydasında pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixdə idarə etdiyi “HOWO” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində məhz Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli olması Bakı şəhəri Nərimanov rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş X6 protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla təsdiq olunur. Bu səbəbdən, həmin nəqliyyat vasitəsinin vurduğu zərərlə bağlı sığorta ödənişi vermiş sığortaçı İddiaçı Sığorta şirkəti ASC-nin hadisəni törətmiş Cavabdeh2 qarşı subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, “HOWO” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh2 qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh1 subroqasiya qaydasında pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “HOWO” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən onun mülkiyyətçisi Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixədək Cavabdeh2 istifadə və sahibliyinə verilmişdir. Cavabdeh2 da qeyd edilən nəqliyyat vasitəsini məhz həmin etibarnamə əsasında idarə etmişdir. Bu barədə X6 qərarda da qeyd edilmişdir. Başqa sözlə, hadisə baş verən günü bu şəxs qeyd edilən nəqliyyat vasitəsinə qanuni əsasla sahiblik edir və onu idarə edirdi. Belə ki, Mülki Məcəllənin 1.108.1-ci maddəsində qanunverici yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik etməsinin müxtəlif hüquqi əsaslarını müəyyən etmiş və yüksək təhlükə mənbəyinə icarə hüququ, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında sahiblik etməsinin mümkünlüyünü təsbit etmişdir. Bu da öz növbəsində pulun Cavabdeh1 tutulmasını istisna edir. Cavabdeh1 nəqliyyat vasitəsini qanunvericiliyin tələblərinə uyğun olaraq sığortalamaması isə ödənilmiş sığorta məbləğinin ondan da tələb edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən qüsur aktında göstərilmiş ehtiyat hissələrinin və təmir-bərpa işlərinin qiymətlərinin hansı mənbələrdən götürüldüyünü, hansı məlumatlara əsasən müəyyən edildiyinin, habelə real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1230 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş məbləğin bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, habelə reklam və digər müvafiq mənbələrin məlumatlardan istifadə edilməklə müəyyən edildiyini nəzərə alıb və zərər məbləği ilə bağlı məhz bu rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “Hyundai İX” minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər məhz 1.491manat məbləğində müəyyən edilməli, həmin məbləğdən də 400 manat azadolma məbləği silinməli və qalan (1.491-400= 1.091) manat məbləğində pul Cavabdeh2 İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, ödənilmiş zərərin əvəzi qismində 1.091 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı Cavabdeh2 İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Belə ki, zərər qismində iddiaçı tərəfindən tələb edilən və məhkəmə eksperti tərəfindən müəyyən edilən məbləğlər arasında məbləğ etibarı ilə fərq azdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilmiş zərərin əvəzi qismində 1.091 (bir min doxsan bir) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh2 İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1735/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1735/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver