Məhkəmə qərarları › İş №2(001)-1756/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1756/2024

17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1756/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla 2019-cu ilin oktyabr ayının əvvəllərində ondan yəni, İddiaçı1 birbaşa yolla özü Töhfə adlı restoranda, 1 həftə sonra Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsi 32/15-də pulu götürərək bu günə kimi geri qaytarmamışdır. Belə ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla 2019-cu ilin noyabr ayının əvvələrində ondan yəni, İddiaçı2 pul alaraq bu günə kimi qaytarmamışdır. Cavabdeh barəsində cinayət işi açılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cavabdeh tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində olan xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək, həmin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi xaric edilmiş, Cavabdeh 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablandığından və hazırda 03 il 03 ay 08 gün müddətinə həbsdə olmaqla cəzasını çəkdiyi nəzərə alınaraq, cəzasını çəkmiş hesab edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bu günə qədər Cavabdeh aldadaraq onlardan aldığı 32000 manat məbləğində pulu onlara qaytarmaqdan imtina edir. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 33300 manat məbləğində pulun və həmçinin tərəflərindən ödənilmiş 190 manat məbləğində dövlət rüsumunun tutularaq onlara qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda İddiaçı1 və İddiaçı2 hər biri ayrıayrılıqda məhkəməyə ərizə ilə müraciət edərək, Samir Allahverdiyev cavabdehdən 20000 manat məbləğində pul vəsaitinin, digər İddiaçı2 isə 13300 manat məbləğində pul vəsaitinin alınaraq onlara verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, İddiaçı1 məxsus 20000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, Cavabdeh təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı2 məxsus 12000 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya 12000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Məmmədov Xəqanini təxminən 1998-ci ildən qonşu kimi tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Xəqanini təsadüfən 2019-cu ilin yay aylarında Bakı şəhərində görmüş və bir-biri ilə əlaqə saxlamaq üçün mobil nömrələrini vermişlər. Bundan təxminən bir ay sonra Xəqani zəng edib bildirmişdir ki, sələmə girovsuz pul istəyən olsa xəbər elə, ancaq inandığın insanlar olsun ki, səhər arada qalmayaq, bu işdə yaxşı xeyirləri də olacaq, çünki girovsuz pul olduğundan sələm (faiz) yüksəkdi, ordan onların də xeyri vardır. O, belə bir adam olsa xəbər edəcəyini demişdir. Təxminən 2019-cu ilin oktyabr ayının 3-5 aralığında o, idman layihələrinin təşkili ilə bağlı zərərə düşdüyündən Xəqaninin mobil nömrəsinə zəng edib 4000 dolların 3-4 günlük lazım olduğunu bildirmişdir. Təxminən bir neçə saat sonra Xəqani zəng edib 4000 dollar hazırdır deyərək, onu Mehdiabad qəsəbəsinə adını xatırlamadığı bir kafeyə çağırmışdır. X1 əmisioğlu olduğunu bildirdi və 4000 dollar Samirdən alıb sayaraq ona vermişdir. Daha sonra isə Xəqani bildirdi ki, “özün bilirsən ki, bu günkü gün heç kim heç kimə girovsuz pul vermir, bu məbləği də sənə girovsuz verdiyimizdən 3 gündən sonra tam olaraq 4000 dolları və əlavə 1500 dollar faizlə birlikdə qaytarmalı olacaqsan”. Arada olan razılaşmaya əsasən 3 gün tamam olduqda Xəqani zəng edib pulu istəyəndə bir az möhlət verilməsini istəmişdir. Xəqani 3 gün yenidən tamam olan kimi ardıcıl olaraq zəng edərək pulu tələb etməyə başlamışdır. Oktyabr ayının təxminən 20-si Xəqani zəng edərək demişdir ki, “gözün aydın, bunu istəyirdin?, dörd fara mercedesimi satıb sənin şişib 20000 manat olmuş borcunu bağladım.”. Bununla da, o, anlamışdır ki, “Xəqani onu yükləyir”. Oktyabr ayının sonları Xəqaniyə 5.000 dollar təklif etsə də razı olmamışdır. Əvəzində onu biabır edəcəyini bildirərək, əmisi, atasının adlarını da bu məsələyə qataraq saytlara verəcəyini bildirib, onu təhdid edərək özündən asılı vəziyyətə gətirməyə çalışmışdır. Noyabr ayının sonlarından artıq Samir də onu yığaraq pulu tələb etməyə başladı. O, isə onlara həmin 20000 manatı verməyəcəyini, yalnız götürmüş olduğu məbləği qaytaracağını bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayının ortaları Xəqani zəng edərək qohumu Əli adlı şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində seçilmiş olmuş həbs qətimkan tədbirinin məhkəmədə ev dustaqlığı ilə əvəz edilməsində köməklik etməyini bildirmişdir. Xəqani bu işi həll edəcəyi təqdirdə aralarında olan dırnaq arası şişirdilmiş 20000 manatın faizlərini sildirəcəyini demişdir. O, bir neçə vəkil tanışları ilə məsləhət etdikdən sonra Əlinin işinə məhkəmədə baxıldığı təqdirdə onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ehtimalının böyük olduğunu və bu məsələ üçün 12.000 manatın lazım olacağını bildirmişdir. Bir neçə gün sonra Xəqani zəng edərək onu Bakı şəhəri Məmməd Araz küçəsində yerləşən “Avesta” Holdinqin qarşısına çağırmışdır. Orada ona 10000 manat pul vermiş, qalan 2000 manatı isə 2 gün sonra verəcəyini demişdir. Təxminən 3-4 gün sonra Xəqani zəng edərək 2000 manatı da çatdırmaq istədiyini bildirmişdir, onun işi olduğu üçün taksi sürücüsü Zəfəri göndərmişdir ki, Xəqanidən 2000 manatı götürərək ona çatdırsın. Zəfər də pulu Xəqanidən götürüb ona çatdırmışdır. Aradan təxminən bir neçə həftə keçdikdən sonra Xəqaniyə zəng edərək bildirmişdir ki, Əlinin ev dustaqlığı məsələsi əmələ gəlmir, görüşək pulu sənə qaytarım. Xəqani bu sözlərdən əsəbiləşərək telefonu bağlamışdır. Təxminən 1 saat sonra Xəqani zəng edərək demişdir ki, “işi nəyin bahasına olursa olsun həll etməlisən, mən o, adamın yanında hörmət sahibiyəm, ev dustaqlığı alınmasa da məhkəmənin sonunda hansısa qaydada buraxılmalıdır.”. O, bu işin mümkün olmadığını israrla bildirdikdə, Xəqani bildirmişdir ki, “özün bil işi həll etməsən, Əlinin çatası 12000 manat puldan əlavə 8000 manat da tələb edir, ümumilikdə 20000 manat verəcəksən”. Sonradan izahat vermək üçün prokurorluğa gedəndə orada məlum olmuşdur ki, Xəqani Əlinin işinə görə 20000 manat pul alıb xərclədiyi 8000 manatı onun boynuna atır. X2 Nazirliyinin rayon üzrə yanğın söndürmə xidmətinə qohumunu düzəltmə təklifini dekabr ayında etmişdir. Xəqani bildirmişdir ki, onun qohumunun 6-7 min manat pulu var, onun həmin vəzifəyə düzəltməyə kömək etsə, o pulu borcdan çıxacaq, lakin öncədən pul verməyəcək. O, şişirdilmiş 20.000 manat pulun qaytarılmasına vaxt udmaq üçün yalandan guya bir nəfər hörmətli şəxsə bu işin həll edilməsində yardımçı olmasını dediyini, lakin həmin şəxsin Respublikadan kənarda olmasını, gələndə bu işi həll edə biləcəyini Xəqaniyə bildirmişdir. Xəqani mütəmadi vaxtlarda həmin adamın gəlməsi barədə zəng edib soruşduqda, o da müxtəlif bəhanələrlə vaxtı uzadırmış. O, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhqiqatçının çağırışı ilə idarəyə gedərək izahatını verdikdən sonra, Xəqani onunla əlaqə saxlayaraq telefonda bildirmişdir ki, Əli Məhərrəmovun yanında hörmətdən düşməmək üçün Əli Məhərrəmovu zərərçəkmiş kimi tanıyacaqlar və onun qarşısında etibardan tam düşməməsi üçün ifadəsində guya onun işi ilə bağlı pulu Bakı Apellyasiya məhkəməsində rəhmətə getmiş hakim Əflatuna verməsini desin, o da öz növbəsində Əlini razılığa gətirəcək ki, ondan 20000 manat əvəzinə 8000 manatı almaz, eləcə 12000 manat pul qaytararsan. O, Xəqaniyə inanıb ifadəsində Əli ilə bağlı epizodda Xəqani dediyi kimi ifadə vermişdir. Sonradan barəsində həbs qətimkan tədbiri seçildiyi üçün ondan öncə də üzləşmədə onun yalanlarla üzünə durmasından sonra anlamışdır ki, Xəqani onu inandıraraq aldatmışdır. Eyni zamanda hökmdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs Cavabdeh özünü təqsirli bilməyərək ifadəsində İddiaçı1 pulu faizlə borc alması, İddiaçı2 oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsinə söz versə də, bunun müqabilində hər hansı məbləğdə pul almaması, Əli Məhərrəmovun həbsdən azad edilməsi üçün 20000 manat deyil 12000 manat pul alması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən müəyyən olunmuşdur ki, onun həmin ifadəsi iş üzrə şahid ifadələri, üzləşdirmə istintaq hərəkətləri, məhkəmə-fonoskopik ekspertizasının rəyi, "xxxx" MMC-dən 13 avqust 2020-ci il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirilməsi protokolunda göstərilənlərlə və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs Cavabdeh məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2028/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmü təqsirləndirilən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş və həmin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi xaric edilmiş, təqsirləndirilən Cavabdeh təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin əvvəli 14 avqust 2020-ci il tarixdən hesablandığından və hazırda 03 il 03 ay 08 gün müddətində həbsdə olmaqla cəzasını çəkdiyi nəzərə alınaraq, cəzasını çəkmiş hesab edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçıların məhkəmə iclasında verdikləri izahatları və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-267/2021 saylı 12 mart 2021-ci il tarixli hökmündə cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı1 20000 manat məbləğində pul vəsaiti və İddiaçı2 12000 manat məbləğində pul vəsaiti alınmış və həmin məbləğlər hazırki günədək iddiaçılara geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 32000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən əlavə 1300 manat (sənədlərin bərpa olunması üçün çəkilmiş xərc) məbləğində pul vəsaitinin geri qaytarılması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20000 manat məbləğində pul vəsaiti İddiaçı1 və 12000 manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 190 manat dövlət rüsumunun 97%, yəni 184 manat Cavabdeh İddiaçı2 xeyrinə tutulsun, qalan 03%, yəni 6 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar