Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-176/2023 13.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ağ rəngli “Kia Optima” markalı 99LN675 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Hər zaman avtomobilini axşam evə gedərkən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşadığı "xxxx" MTK-ya məxsus binanın həyətində yol kənarında dayanacaqda saxlayır. 19 mart 2022-ci il tarixdə, saat təxminən 09 radələrində yaşadığı binada xidmətçi işləyən Arif adlı şəxs qapını döyüb həyətdə yol nəqliyyat hadisəsi baş verdiyini və iddiaçının avtomobilinin əzildiyini iddiaçıya demiş, həmin vaxt iddiaçı həyətə düşəndə M.Ə.Rəsulzadə küçəsində yaşadığı binanın həyətində yol kənarında saxlamış olduğu avtomobilin arxa hissəsinin əzilmiş vəziyyətdə olduğunu görmüşdür. Ətrafa nəzər saldıqda qırmızı rəngli KİA markalı 99VE120 dövlət qeydiyyat nişanlı avtomobilin M.Ə.Rəsulzadə küçəsində icra hakimiyyəti istiqamətində üzü at heykəli tərəfə yolun əks istiqaməti ilə hərəkət edərək həmin istiqamətdə yolun kənarında olan iddiaçının maşınından başqa bir neçə avtomobili əzdiyinin şahidi olmuşdur. Hadisə ilə bağlı Abşeron Rayon Polis idarəsində araşdırma aparılmış, Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən 29 mart 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, X3 327.4-cü maddəsi ilə protokol tərtib edilməsi üçün qərarın surəti Abşeron Rayon Polis İdarəsinin DYPŞ-yə göndərilmişdir. Abşeron DYPŞ-nin polis leytenantı X9 tərəfindən X3 İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Baş vermiş hadisə nəticəsində "xxxx" ASC tərəfindən iddiaçıya dəymiş zərərin məbləği 9780 manat müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən həmin ziyandan 1716,56 manat hissəsi iddiaçıya ödənilmişdir. Lakin, yerdə qalan məbləğ hadisənin baş verməsində təqsirli olan X7 tərəfindən iddiaçıya ödənilməmişdir. Bundan başqa iddiaçıya məxsus olan avtomobilin zədələnməsi nəticəsində real bazar qiyməti aşağı düşmüşdür. Belə ki, hadisədən əvvəl real qiyməti təxminən 25500 təşkil edirdi. Lakin hadisədə maşına vurulan zərər nəticəsində təmir edilmiş vəziyyətdə həmin avtomobilin real bazar qiyməti 18000-19000 manat təşkil edər. İddiaçı açıq ürək əməliyyatı olduğuna görə təqaüdə çıxmışdır. Hadisə nəticəsində ona mənəvi ziyan dəymiş, dəfələrlə narahatçılıqlar və əsəb keçirmişdir. Qeyd olunanlara əsasən, iddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 8063,44 manat, əldən çıxmış fayda kimi 7500 manat, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Polis İdarəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “ ... xx.xx.2022-ci il tarixdə vət. X7 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmin tarixdə idarə etdiyi “Kia” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Xırdalan şəhəri, “At heykəli” yaxınlığında 3-4 avtomobili vurduğunu, özünün xəsarət aldığı barədə məlumat vermişdir. Məlumat əsasında Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə tərəfimdən baxış keçirilərək, sürücü və avtomobillərinə ziyan dəymiş şəxslərin izahatları alınmış, fotoşəkillər çəkilmiş, müvafiq qaydada protokol tərtib olunaraq toplanmış materiala əlavə edilmişdir. İzahatı alınmış Bakı şəhəri, Binəqədi rayonu, Ağasadiq Gəraybəyli küçəsi, ev 39-da yaşayan X7 bildirmişdir ki, özünə məxsus “Kia Ria” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, H.Əliyev prospekti istiqamətində təxminən saatda 70 km/sürətlə hərəkətdə olarkən hava yağışlı olduğundan avtomobilinin idarəsini itirmiş və avtomobili yolun sol kənarında dayanmış avtomobillərə çırpılmışdır. Nəticədə avtomaşını və yolun kənarında dayanmış bir neçə avtomobil əzilmişdir. Hadisə zamanı avtomobildə ondan başqa şəxsin olmadığını, hadisə nəticəsində özünün xəsarət aldığını və özünü pis hiss etdiyinə görə kənar şəxslərin köməkliyi ilə şəxsi həkiminin yanına tibbi yardım almaq məqsədi ilə aparıldığını, baş vermiş hadisədən sonra sərxoşluq müayinəsindən keçdiyini, hadisənin onun ehyiyyatsızlığı nəticəsində yarandığını göstərmişdir. ... Sərxoşluq vəziyyətinin Tibbi müayinəsi aktından görünür ki, sürücü Cavabdeh hadisə vaxtı ayıq olmuş, onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Ağasadiq Gəraybəyli küçəsi, ev 39-da yaşayan X7 xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə idarə etdiyi “Kia Rio” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini və bu ərizəsinin nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ağasadiq Gəraybəyli küçəsi, ev 39-da yaşayan X7 idarə etdiyi “Kia Rio” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsuladə küçəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun sol kənannda dayanmış X8 məxsus ağ rəngli “Changan CS 75” markalı, **-PZ-*** d.q.n-lı avtomobilinə, X4 aid “Nissan Sunny” markalı **-CG-*** d.q.n-lı a/m-na, X2 məxsus “Hunday Sonata” markalı, **-BH-*** d.q.n-lı avtomobilinə, İddiaçı aid ağ rəngli, “Kia Optima” markalı, ** LN *** d.q.n-lı avtomobilinə və X5 məxsus gümüşü rəngli, “Hunday Accent” markalı, **-UU-*** d.q.n-lı avtomobilinə dəyərək sözü gedən avtomobillərə maddi ziyan dəymişdir. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində kənar şəxslərin sağlamlığına az ağır zərərvurmaya aid xəsarət almamışdır. Ona görə də, hadisədə günahkar sürücü X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibi yoxdur. X1 idarə etdiyi avtomobillə manevretmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olan halda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilməklə X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 09:00-da Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində “KİA Rio” minik markalı, 99VE120 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, CML-1516/2022-AKT2277/22 saylı sığorta aktından görünür ki, Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı 9780 manat məbləğində maddi ziyan dəymiş, həmin məbləğin 1716,56 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5122 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə "xxxx" tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Optima” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6950,0 manat müəyyən edilir”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8348 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə "xxxx" tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Optima” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6950,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/5122 №-li rəyin nəticəsi təsdiqlənir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8348 saylı rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və ekspert məhkəmə iclasına dəvət edilmişdir. Belə ki, ekspert təkrarən qərardadda qeyd olunmuş suallardan yalnız birinə cavab vermiş, digər iki suala ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak etmiş ekspert X10 məhkəməyə bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3964/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsi ona tapşırılmış, iş üzrə rəy verərkən ilin sonu olduğundan və işlərin çoxluğundan qərardadda göstərilmiş suallara diqqətsizlik edilmiş və suallar tam cavablandırılmamışdır. Həmin suallara cavab versəydi, avtomobillərin internet satış saytlarında olan məlumatlara əsasən “Kia Optima” minik markalı, 99LN675 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsinədək bazar dəyərini 22000 manat, yol-nəqliyyat hadisəsindən sonra təmir edilmiş vəziyyətdə isə dəyərinin təmir edilmə səviyyəsindən asılı olaraq 5%-dən 10%-dək düşməsini müəyyən edərdi. Əgər iş üzrə əlavə ekspertiza təyin edilərsə, həmin suallara cavab verməyə hazırdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-176/2023 saylı qərardadı ilə iş üzrə yenidən əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1707 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... “Kia Optima” markalı, 2014-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2022ci il tarixdən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 26000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla, əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% - 2600 manat aşağı olması istisna edilmir. Odur ki, “Kia Optima” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsindən sonra təmir edilmiş vəziyyətdə orta bazar dəyəri təxminən 23400 manat müəyyən edilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Baxılan iş üzrə yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə - Novruz bayramı ərəfəsində baş vermiş, nəticədə iddiaçının avtomobili yararsız vəziyyətə düşmüş və iddiaçı aylarla davam edən mübahisənin iştirakçısına çevirilmişdir. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: “ ... İddiaçı məndən əldən çıxmış fayda kimi 7500 manat və dəymiş mənəvi ziyan kimi 1000 manat məbləğində pulun tələb etməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əldən çıxmış fayda kimi 7500 manat və dəymiş mənəvi ziyan kimi 1000 manat məbləğində pulun tələb etməsinə baxmayaraq həmin tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. İddiaçının məndən dəymiş maddi ziyan kimi 8063,44 manat pulun tələb etməsinə gəldikdə isə, həmin məbləğ ilə razı deyiləm, “Kia Optima” markalı 99LN675 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği həddindən artıq şişirdilmişdir”. Ərizənin məzmunundan cavabdehin tutduğu mövqe aydındır. Nəticədə, hadisənin üzərindən 1 ildən artıq müddətin keçməsinə baxmayaraq, bu günədək zərərin ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İddiaçının yol-nəqliyyat hadisəsinin nəticələrini aradan qaldırmaq üçün səy göstərdiyi və çoxsaylı inzibati prosedurlara məruz qaldığı hamıya bəlli olan və sübuta ehtiyacı olmayan hallardır. Hadisə nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Heç şübhəsiz ki, bütün bunların nəticəsində iddiaçı ciddi mənəvi sarsıntı və iztirablar keçirmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə 500 manat məbləğində pul iddiaçıya dəymiş mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5122 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8348 saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 9/8348 saylı rəylərində qeyd olunanları, eyni zamanda dəymiş maddi ziyanın 1716,56 manat hissəsinin iddiaçıya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 5233,44 manat avtomobilə dəymiş ziyanın əvəzi, 2600 manat əldən çıxmış fayda və 500 manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 8333,44 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərinə gəldikdə məhkəmə hesab edir ki, cavabdehdən yalnız bir tədqiqatın dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları ekspertin qərardadda qoyulmuş suallardan yalnız birinə münasibət bildirməsi səbəbindən təyin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 5233,44 manat avtomobilə dəymiş ziyanın əvəzi, 2600 manat əldən çıxmış fayda və 500 manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 8333,44 (səkkiz min üç yüz otuz üç manat qırx dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilməli olan 103,33 (yüz üç manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-176/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-176/2023
13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver