Məhkəmə qərarları › İş №2(001)-1761/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1761/2021

22.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1761/2021 22.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın geri qaytarılması və ya dəyərinin tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus 2 ədəd Dubay istehsalı olan qolbağının, 1 ədəd brilliant qaşı üzüyün, 1 ədəd qızıl beşliyin, 1 cüt Dubay istehsalı olan sırğanın və 1 ədəd medalyonun (kulonun) və ya qızıl-zinət əşyalarının ümumi dəyəri olan 25.000 (iyirmi beş min) manat pulun, 2000 (iki min) ABŞ dollarının, eləcə də 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara qaytarılmasına dair qətnamə qəbul çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb, hesab edirəm ki, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia üzrə ümumi şəkildə 5 ədəd əşyanın qaytarılması və ya onların dəyərinin tutulması tələb edilsə də cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməmişdir. Nəticə etibarı ilə hansı iddiaçının, hansı cavabdehdən və hansı əşyanı və ya onun dəyərini tələb etdiyi qeyri-müəyyəndir. Bundan əlavə irəli sürülmüş tələbdə əşyaların ayrı-ayrılıqda dəyərləri də qeyd edilməmişdir. Halbuki, bu hallar dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədən tərtib edildiyindən, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçılara qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın geri qaytarılması və ya dəyərinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar