Məhkəmə qərarları › İş №2(001)-1762/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1762/2021

19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1762/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə saat 14:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev (“Yeganə” şadlıq sarayından Moskva univermağı yolu istiqaməti) küçəsi ilə iddiaçıya məxsus olan “PRADO" markalı, **- RN-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə hərəkət edərkən avtomobil dayanması qadağan olunmuş ərazidə cavabdehə məxsus “Mersedes Eleqans" markalı, **- MR-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh maşının sol tərəf qapısını qəflətən açaraq hərəkətdə olan, iddiaçıya məxsus “Prado” markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin sağ tərəfini sıradan çıxarmışdır. Maşının əzilməsi nəticəsində yol bağlanmışdır. Cavabdeh iddiaçıya söz vermişdir ki, avtomobili təmir etdirəcək, şəxsiyyət vəsiqəsini və avtomobilin texniki pasportunu iddiaçıya vermişdir. Dekabr ayında cavabdeh iddiaçıya zəng edərək görüşməyi təklif etmişdir. Görüşəndə cavabdeh iddiaçıya bildirmişdir ki, cəmi 400 manat pensiya alır və ailəsini maşınla dolandırır. İddiaçıdan maşının sənədini qaytarmağı xahiş etmiş, iddiaçı imtina edəndə isə cavabdeh maşına dəyən ziyanı ödəyəcəyinə dair qəbz yazıb imzalamışdır. Eyni zamanda 1500 manatın 150 manat hissəsi də ona ödənilmişdir. Bundan sonra iddiaçı cavabdehin şəxsiyyət vəsiqəsini özündə saxlayaraq, avtomobilin sənədini cavabdehə qaytarmışdır. Cavabdeh sənədləri aldıqdan sonra bir daha iddiaçı ilə əlaqə saxlamamış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, baş verən hadisədə onun təqsiri olmamış, lakin iddiaçı ona hədə-qorxu gəldiyindən o, öz əli ilə 1500 manat məbləğində pulu ödəyəcəyinə dair öhdəlik kağızını yazıb imzalamışdır. Sonradan da iddiaçıya 150 manat deyil, cəmi 600 manat pul ödəmişdir. Pulları ödəyəndə bunu heç bir yerdə qeyd etməmiş, yalnız 150 manatın verilməsini yazdığı öhdəlik kağızında göstərmişdir. O, iddiaçıya inanmışdır, iddiaçı isə hal-hazırda ondan əlavə pul tələb edir. Hal-hazırda pulu ödəməsinə dair hər hansı sübutu yoxdur, lakin müharibə iştirakçısı kimi məhkəmə iclasında həqiqəti danışdığına and içir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli əlyazmanın mətnindən görünür ki, Cavabdeh “Prado” markalı, 10RN108 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı tam həcmdə ödəməyi öz üzərinə götürmüş, dəymiş ziyan 1500 manat təşkil edir və həmin pulun 150 manat hissəsi xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən ödənilmişdir. Qeyd olunan əlyazmanın Cavabdeh tərəfindən yazılıb imzalanması işin mübahisəsiz halıdır. Cavabdeh etirazı ondan ibarətdir ki, o, iddiaçıya 150 manat deyil, 600 manat ödəmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh iddiaçıya 600 manat ödədiyini bildirdiyi halda, bunu sübut etməli idi. Eyni zamanda məhkəmə iddiaçının da tələblərinin hüquqi yardıma görə ödədiyi 200 manat hissəsini də eyni əsaslarla təmin etmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1350 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 79,41% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 23,82 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 1350 (min üç yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 23,82 (iyirmi üç manat səksən iki qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6,18 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar