Məhkəmə qərarları › İş №2(001)-1763/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1763/2024

28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1763/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər X2, X5 və Cavabdeh3 qarşı (Bakı şəhəri 20 saylı notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə) mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər X2, X5 və Cavabdeh3 qarşı (Bakı şəhəri 20 saylı notariat ofisi 3cü şəxs qismində cəlb edilməklə) mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı X7 xx.xx.2022-ci il tarixdə ölmüş atasının yas mərasimlərinin xərcini çəkmiş, dəfn üçün müəyyən edilmiş müavinəti iddiaçı almışdır. Atasının ölümündən sonra miras olaraq Nazlifan minik (Xetçbek) markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil qalmışdır. Atası vəfat etsə də avtomobil iddiaçının istifadəsində olmuş, o, nəqliyyat vasitəsini öz mülkiyyəti kimi idarə etmişdir. Miras qoyan X3 vərəsələri sırasına iddiaçıdan başqa onun anası Cavabdeh3, bacıları X6 və Muradova (Nərimanova) Əfsanə Siyasət qızı daxildir. İddiaçının anası və bacıları ərizələrində qeyd etdikləri kimi mirası qəbul etməmiş və qəbul etmək niyyətində də deyillər. İddiaçı mərhum atasından qalmış mirası faktiki qəbul etsə də, qanunla müəyyən edilmiş müddət keçdikdən sonra mirası qəbul etmək üçün notariusa ərizə vermiş, lakin Bakı şəhəri 20 saylı notariat ofisi iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də İddiaçı mərhum atası X1 miras qalan Nazlifan minik (Xetçbek) maraklı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirası qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Nazlifan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəl onun babasının mülkiyyətində olmuş, babası vəfat etdikdən sonra onun atası mirası qəbul edərək avtomobili öz adına keçirmişdir. Atası vəfat etdikdən sonra isə avtomobil onun istifadəsindədir. Mirası faktiki qəbul etsə də, rəsmi qaydada öz adına sənədləşdirə bilmir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, 1978-ci ildə nikaha daxil olmuş, Nazlifan markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəl onun qaynatasına məxsus olmuş, sonuncunun ölümündən sonra avtomobili onun əri miras olaraq qəbul etmişdir. S.N.Hüseynov 2022-ci ildə dünyasını dəyişdikdən sonra nəqliyyat vasitəsi onun oğlunun istifadəsindədir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X6 iddia ərizəsini qəbul edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edib təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 20 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə 3-cü şəxs Bakı şəhəri 20 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat:

99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmş xx.xx.2022-ci il tarixli AZ-İİ № 304823 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydlər kitabında 1497 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli № 364 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı atası X4 ölümündən sonra mirası qəbul etməsinə dair müraciətinə müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olması bildirilərək, buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. xx.xx.2022-ci il tarixli BA191482 nömrəli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-DG-*** qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı Nazlifan minik (Xetçbek) markalı avtomobil X3 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı atasının ölümündən sonra miras qalan nəqliyyat vasitəsini yaşadığı evin həyətyanı sahəsində saxlamaqla, ona qulluq etməklə əmlaka faktiki sahiblik etdiyindən həmin əmlaka dair mirası faktiki olaraq qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, miras qoyan X3 mülkiyyətində olan 2012-cü il buraxılışlı **-DG-*** dövlət qeydiyyat nişanlı Nazlifan minik (Xetçbek) markalı nəqliyyat vasitəsinə dair mirası iddiaçının faktiki olaraq qəbul etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, qəbul edilmiş miras, mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, miras iddiaçı tərəfindən qəbul edildiyi halda müddətin buraxılması mümkün olmadığından, vərəsələr arasında iddiaçı tərəfindən mirasın qəbul edilməsi ilə bağlı heç bir mübahisə olmadığından iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı miras qoyan X3 mülkiyyətində olan 2012-cü il buraxılışlı **-DG-*** dövlət qeydiyyat nişanlı Nazlifan minik (Xetçbek) markalı nəqliyyat vasitəsinə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar