Məhkəmə qərarları › İş №2(001)-1769/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1769/2022

04.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1769/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 5.800 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 78 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2021-ci il tarixdə ondan 5.800 manat məbləğində borc almışdır. 03 dekabr 2021-ci il tarixdə ona 5.800 manat borcu olduğunu etiraf edərək bu barədə qəbz də yazmışdır. Lakin aradan müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu ödəməmişdir. Cavabdehdən dəfələrlə pulu tələb etsə də cavabdeh pulu geri qaytarmamışdır. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddiaçı ilə bir neçə ildir ki, tanışdır. Belə ki, o, Bakı şəhərində yerləşən Moskva uninvermağında zərgər olaraq işləyir, iddiaçı isə həmin univermağın qarşısında lombard işlədirdi. Onların əvvəldən çox yaxşı münasibəti olmuşdur. Təxminən 2019-cu ilin sentyabr ayında iddiaçıda özünə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq ondan hər ay üçün 5 faiz sələm hesablanmaqla 2.500 manat pul almışdır. Həmin pula görə hər ay fazini ödəyirdi, təxminən 6-7 ay sonra iddiaçıdan əlavə 800 manat pul faizə götürdü. Həmin məbləğə görə də fazini bir neçə ay ödədikdən sonra Covid 19 pandemiyası və ondan irəli gələn problemmlər ilə əlaqədar işləri dayandığı üçün ödənişlərini edə bilməmişdir. Ancaq ümumilikdə iddiaçıya 1500-1700 manat məbləğində aldığı məbləğin faizi olaraq pul vermişdir. Onu da qeyd edir ki, iddiaçı ilə arasında rəsmi hər hansı bir formada məsələ ilə bağlı sənədləşmə olmamışdır. Buna baxmayaraq iddaiaçı ona 5.800 manat borcunun olması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müracət etmiş və ərizəsində 03 dekabr 2021-ci il tarixdə ona 5.800 manat borcunun olmasını etiraf etməyi barədə qəbzi təqdim etmişdir. Həmin qəbzdə olan yazı və imza ona aid deyil və həmin qəbzdən heç bir məlumatı yoxdur. Qeyd edir ki, iddiaçı bilərəkdən onun onda olan qızılları barədə qəbzdə bir söz qeyd etməyib. Belə ki, o, iddiaçıya ümumilikdə 6.000 manat dəyərində bir ədəd 750 əyarlı ağ qızıldan olan briliant qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı brilliant klonlu boyunbağı, bir ədəd 900 əyarlı qızıldan nişan üzüyü, 750 əyarlı qızıldan və brilliant olan üç ədəd üzük və bir ədəd Allah yazısı olan klon, bir cüt 585 əyarlı qızıl sırğa, bir ədəd fil formasında və bir ədəd ürək formasın 585 əyarlı qızıl klonları girov olaraq vermişdir. Əlavə olaraq qeyd edir ki, qızıl-zinət əşyalarının iddiaçıda olması onunla arasında “Whatsapp” mesajlaşma proqramında olan yazışmalarda öz təsdiqini tapır. 03 avqust 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2.100 manat məbləğində borcun və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh sonuncu məhkəmə baxışından sonra iddiaçıya borclu olduğu 5.800 manat məbləğində puldan 3.700 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya borcu 2.100 manat təşkil edir. İddianın həcminin məhkəmə baxışında azaldılması ona görə mümkündür ki, iddianın azadılmasına əsas məhkəmə baxışı zamanı yaranmışdır. Odur ki, hazırda iddia tələbinin həcmini azaltmışdır. İddiaçının nümayəndəsi və vəkili eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: 03 dekabr 2021-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, onun İddiaçı borcu 5.800 manatdır. O, tez bir zamanda borcunu verəcəkdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(001)-1769/2022 saylı mülki işin 5-ci vərəqəsidə dama-dama qeyd dəftəri vərəqəsində Cavabdeh adından olan 03 dekabr 2021-ci il tarixli 5.800 manata dair borc qəbzinin mətni və həmin qəbzin sonunda “Ахмедов” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir; “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, +99***-***-**-** əlaqə nömrəsii Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh məxsus +99455-554- 10-10 əlaqə nömrəsi ilə iddiaçının “whatsapp” yazışmalarından görünür ki, iddiaçı cavabdehə 2.100 manat borcunun məhkəmə prosesinə qədər bağlanmasını xahiş etmiş, cavabdeh isə Bakı şəhərində olmadığını bildirərək, qayıtdıqda borcunu bağlayacağını bildirmişdir. 03 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 5.800 manat məbləğində borc götürmüş, borc məbləğindən 3.700 manat məbləğində ödəniş etsə də, qalan 2.100 manat borcunu qaytarmamış, bununla da üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2.100 manat məbləğində borc və ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində vəsait də cavabdehdən tutuaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2.100 (iki min bir yüz) manat məbləğində borc və ödənilmiş 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar