Məhkəmə qərarları › İş №2(001)-1781/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1781/2022

24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1781/2022 24.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X13 qarşı Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq Y/M, küçə 18, 104 saylı fərdi yaşayış evinin tikintisinə və avadanlıqlarına çəkilmiş 25000 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X13 qarşı Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq Y/M, küçə 18, 104 saylı fərdi yaşayış evinin tikintisinə və avadanlıqlarına çəkilmiş 25000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2001-ci il tarixdə öz zəhməti ilə Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq Y/M küçəsi 18, 104 saylı fərdi yaşayış evini tikib qurtarmış, ikinci dəfə nikaha daxil olduğu X18 ilə birlikdə orada yaşamışdır. Belə ki, həyətdə bir mərtəbəli ev olmuş, o, evin üstünü bağlamış, 2 otağı suvamış, həyətdə mağaza inşa etmiş, evə pəncərə qoymuş, hamam tikmişdir. 2003-cü ilin martında tikinti işlərini bitirib evə köçmüşlər. Evin onun tərəfindən inşa edilməsini qonşuları təsdiq edə bilər. Evdə divan, kreslo, stol, 12 ədəd stul, qabqaşıq, çarpayı, televizor, 2 ədəd soyuducu olmuşdur. Daha sonra yoldaşından ayrılmış, bir neçə müddətdən sonra həyat yoldaşı öz bacısı ilə əlbir olaraq onu aldatmış və evin sənədlərini X5 adına keçirmişdir. Bundan sonra baldızı X8 ona qarşı məhkəmədə iddia qaldıraraq, onu minbir əziyyətlə tikib qurduğu və yaşadığı evindən çıxarmışdır. Həmin evin tikintisinə, həmçinin avadanlıqlarla təmin edilməsinə tərəfindən 25000 manat pul vəsaiti xərclənmişdir. X8 vəfat etdiyinə görə onun hüquqi varisi qismində çıxış edən cavabdeh X19 həmin evə sahiblənmiş və bu səbəbdən də pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, sözügedən fərdi yaşayış evinə və onun avadanlıqlarına çəkilmiş xərcin cavabdeh X10 tutulanaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq Y/M, küçə 18, 104 saylı fərdi yaşayış evinin tikintisinə və avadanlıqlarına çəkilmiş 25000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X19 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.1997-ci ildə aldığı torpaq sahəsində övladları üçün 104 və 105 saylı evləri tikmişdir. Bundan sonra onun həyat yoldaşı X5 Abşeron rayon Dövlət texniki inventarlşadırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq yaşayış massivi 18-ci küçədə yerləşən 104 saylı evə dair mülkiyyət hüquqları qeydə alınmışdır. 105 saylı evə isə onun mülkiyyət hüquqları qeydə alınmışdır. Onun həyat yoldaşının bacısı X2 rayonundan məcburi köçkün kimi 1993-cü ildə əvvəl Biləsuvar rayonunda daha sonra 1997-ci ildə onun yaşadığı Binəqədi rayonu Ə.Ağayev küçəsi məhəllə 3205 ev 124, mənzil 68-də yerləşən evdə məskunlaşmışdır. Müəyyən müddətdən sonra X3 rayonu Zeytunluq deyilən ünvanda yerləşən köçkünlərin məskunlaşdığı yarımçıq tikilidə bir otaqda yerləşdirilmişdir. Orada yaşayış bərbad vəziyyətdə olduğundan o, həyat yoldaşı ilə birlikdə tək daşdan, özülü beton olmayan yeni inşa etdikləri 104 saylı evə X14 müvəqqəti yerləşdirmişlər. Evi Xırdalanda yaşayan, onun qonşuları olan ustalar inşa etmiş, həmin vaxtdan 2018-ci ilədək evdə əlavə tikinti işləri görülməmişdir. 2019-cu ilin yayında o, həmin ustalarla evin hasarının hündürlüyünü 40 sm, uzunluğunu 1,20 m artırmış və bu işlərin görülməsinə 1000 manat xərcləmişdir. X18 həmin ünvanda toyuq saxlamaq üçün hin tikmiş, xırda alverlə məşğul olmaq üçün mağaza kimi istifadə etməsi üçün inşa etmişdir. Bütün tikililər inşa edildikdən, X18 bir müddət 104 saylı evdə yaşadıqdan sonra təxminən 1998-ci ildə Ramazanla tanış olmuş, bundan sonra onlar nikaha daxil olmuşlar. O, Ramazana da müvəqqəti 104 saylı evdə yaşamağa icazə vermişdir. Ramazan həmin evdə yaşadığı müddətdə hər hansı bir tikinti işləri aparmamış, bu işləri aparmağa onun maddi imkanı da olmamışdır. Belə ki, həmin vaxt Ramazan onun köməkliyi ilə işə düzəlmiş, qazncı isə ev tikməyə imkan verməmişdir. Ramazan birinci nikahından olan oğlunu 104 saylı evə gətirmək istə də, Minayə icazə verməmişdir. 2016-cı ildən Minayə ilə Ramazanın ailə nikah münasibətləri, 2017-ci ildə isə nikahları pozulmuşdur. Minayə axır xəstə olduğundan son günlərini onun ailəsi ilə yaşamışdır. Minayənin ölümündən sonra onun həyat yoldaşı 2018-ci ildə Ramazanın evdən çıxarılmasına dair məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı icra edilərkən Ramazan bütün əşyaları ilə birlikdə evdən çıxarılmışdır. Hal-hazırda Ramazana məxsus evdə hər hansı bir əşya yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X11 nümayəndəsi X20 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, övladlarını gələcəkdə evlə təmin etmək məqsədi ilə 1997-ci ildə onun atası iki torpaq sahəsi alımış, həmin torpaq sahələrində onlar ayrı-ayrı evlər inşa etmişlər. Məcburi köçkün olan Biləsuvar rayonunda məskunlaşan xalası Minayə 1995-ci ildən onların evində yaşadığından ev tikilib başa çatdıqdan sonra həmin evə köçürülmüşdür. Bundan sonra xalası bəzi işlər görmüş hamamı emusiya ilə rəngləmiş, həyətdə xırda alverlə məşğul olması üçün köşk kimi sahə düzəltmiş, toyuq saxlamaq üçün hin tikmişdir. Təxminən 1997-2000-ci ilədək evin bütün işləri tam başa çatmışdır. Daha sonra xalası Ramazanla tanış olub ailə qurmuşlar. Ramazan təxminən 2002-2003-cü illərdə ikinci dəfə nikaha daxil olduğu Minayənin yaşadığı onun anasının mülkiyyətində olan evə köçmüşdür. Həmin vaxt Ramazanın heç bir imkanı olmamış, heç bir yerdə işləməmişdir. Ramazanın birinci nikahından dörd uşağı olmuş, birinci nikahı pozulandan sonra heç bir əmlakı, işi olmamışdır. Onun atası Ramazana işə düzəlməsində köməklik etmişdir. Ramazan birinci nikahından olan oğlunu onların evinə gətirmək istəmiş, lakin xalası Minayə buna razılıq verməmişdir. 2017-ci ildə Ramazanın Minayə ilə nikahı pozulmuşdur. Minayə axır xəstə olduğundan son günlərini onların ailəsi ilə yaşamışdır. Minayənin ölümündən sonra onun anası 2018-ci ildə Ramazanın evdən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı icra edilərkən Ramazan bütün əşyaları ilə birlikdə evdən çıxarılmışdır. Hal-hazırda Ramazana məxsus evdə hər hansı bir əşya yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Abşeron rayon Dövlət texniki inventarlşadırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq yaşayış massivi 18-ci küçədə yerləşən sahəsi 16 m2 olan bir yaşayış otaqlı 104 saylı evə dair Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 66 saylı sərəncamına əsasən X5 mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 18-ci küçə 104 saylı fərdi yaşayış evi X11 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi küçə 18, 104 nömrəli fərdi yaşayış evinin hüquqi rejimi barədə məlumat verilməsi ilə bağlı sorğuya cavab olaraq keçmiş Abşeron rayonu X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 2 ünvanı üzərində X5 adına mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixdə 22380 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və X1 adına mülkiyyət hüququna dair xx.xx.2002-ci il tarixdə 23596 reyestr nömrəli qeydiyyat vəsiqəsinin verilməsi, hal-hazırda mülkiyyətlərində olması ( iki müxtəlif fərdi yaşayış evipnə eyni ünvan verilmişdir), X5 vərəsəsi X11 1 saylı Bakı Asan xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-841 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməsi və sənədin hal-hazırda dövriyyədə olması bildirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-669/2018 saylı qətnaməsindən müəyyən olunur ki, X5 İddiaçı qarşı mülkiyyətində olan evdən çıxarımasına dair iddiası təmin edilərək İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 18-ci küçə 104 saylı evdən çıxarılması qət edilmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, Ramazan onun qohumu olduğundan bilir ki, evin və torpağın pulunu Ramazan arvadı ilə birlikdə vermiş, birlikdə orada ev tikmiş, meyvə ağacları əkmişlər. O, 2000-ci ildə tamet, sement alıb həmin ünvana aparmışdır. Çingizin qonşuluqda evi vardır. Ramazanın birinci nikahından olan oğlu Fərhad da 2002-2003-cü illərdə həmin ünvanda yaşamışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində İddiaçı ilə qonşuluqda yaşamışdır. Ona görə də bilir ki, İddiaçı arvadı ilə birlikdə yaşadığı evi almışdır. O, həmin evdə Ramazanın və arvadının tapşırığı ilə tikinti işləri aparmışdır. Ev iki otaqlıdır, mətbəxi vardır. Onun tərəfindən inşa olunan hamam həyətdə yerləşir. O, 2006-2007-ci illərdə həmin evin həyətində mağaza tikmişdir. Gördüyü işlərin pulunu ona Ramazan və onun arvadı vermişdir. Məhkəmə iclasında şahid X22 ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən Ramazanla qonşudur. Həmin sahədən o, da 2001-ci ildə torpaq sahəsi almışdır. O, qonşu kimi Ramazanın evinə 2010-2015-ci illərdə iki-üç dəfə getmidir. Əksər vaxtlarda o, Ramazanı küçədə görmüş, qonşu kimi bir-biriləri ilə danışıb, bir-biriləri haqqında məlumat almışlar. Ona görə də bilir ki, Ramazan 2003-cü ildə həmin ünvanda ev tikmişdir. Çingizin də həmin yerdə özünə məxsus evi vardır. Ramazanın evini tikən ustaları, evin tikilməsi üçün pulun kim tərəfindən verilməsi ona məlum deyildir. Tikinti zamanı o, Çingizin həmin evə bir-iki dəfə gedib-gəlməsini görmüşdür. Minayə evində xəstə yatanda o, öz arvadı ilə birlikdə Minayənin evinə getmiş, həmin vaxt Ramazan evdə olmadığından, salamlaşdıqdan sonra həyətdə gözləmişdir. Ramazan arvadının yasında iştirak etməmişdir. O, hal-hazırda Ramazanın harada yaşamasını bilmir. Məhkəmə iclasında şahid X24 ifadəsində göstərmişdir ki, o, təxminən 2001-ci ilin əvvəllərində Çingizin dəvəti ilə Çingizin Xırdalan şəhəri Quşçuluq yaşayış massivində tikdirdiyi evdə 1 ay fəhlə kimi işləmişdir. Evi Çingizin dəvət etdiyi İbrahim və Eynulla adlı ustalar tikmişdir. Ustaların və onun pulunu Çingiz vermiş, tələb olunan bütün tikinti materiallarını Çingiz almışdır. Xatırlayır ki, hələ beton tökülərkən ev çökmüşdür. Çingizin baldızının və onun əri olan Ramazanın həmin ünvanda nəsə tikdirməsini o, görməmiş, Ramazan tikinti işlərinə görə ona pul verməmişdir. Məhkəmə iclasında şahid X21 ifadəsində göstərmişdir ki, o, qonşusu Çingizin Xırdalan şəhəri Quşçuluq yaşayış massivində tikdirdiyi evin prorabı olmuşdur. Təxminən 2001-ci ildə Çingiz özünə məxsus torpaq sahəsində ona ev tikməyi sifariş vermiş, ev təxminən 7-9 aya tikilib başa çatmışdır. Xatırlayı ki, hələ betonu ustalar düz tökmədiklərindən ev çökmüş, lakin sonradan onlar bu problemi aradan qaldırmışlar. Onun özünün də həmin ərazidə evi olmuş, lakin sonradan həmin evi satmışdır. O, təxminən 2006-cı ildə Ramazanı həmin ərazidə görmüş, Ramazan ona hər hansı bir tikinti işlərinin aparılmasını tapşırmamış, ona tikintinin aparılması ilə bağlı pul verməmişdir. Evin tikintisi ilə bağlı tələb olunan tikinti materiallarını Çingiz almış, onun gördüyü işin pulunu Çingiz vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq Y/M, küçə 18, 104 saylı fərdi yaşayış evinin tikintisinə və avadanlıqlarına 25000 manat vəsait sərf etməsini iddia etsə də, iddia tələbində istinad etdiyi halları təsdiq edəcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sübut növü olaraq məhkəməyə təqdim etdiyi şahid ifadələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu ifadələr iddiaçının cavabdehin mülkiyyətində olan evi tikməsi, həmin evdə olan avadanlıqların iddiaçıya məxsus olması qənatinə gəlmək üçün əsas ola bilməz. Belə ki, şahidlərin ifadələrində göstərdikləri hallar məhkəmədə tədqiq olunmuş cavabdehin etirazında istinad etdikləri halları təsdiq edən sübutlarla təkzib olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq Y/M, küçə 18, 104 saylı fərdi yaşayış evi cavabdehin dəvət etdiyi ustalar tərəfindən inşa edilmiş, evin inşasına sərf olunmuş vəsait cavabdeh tərəfindən ödənilmiş, həmin ünvanda yerləşən evə dair ilkin olaraq mülkiyyət hüquqları cavabdehin arvadının adına qeydiyyata alınmış, daha sonra cavabdeh mirası qəbul etmişdir. Qanuni qüvəsini alan məhkəmə aktına əsasən isə həmin evə hüququnun olmaması müəyyən olunduğu üçün iddiaçı 2018-ci ildə evdən şıxarılmış, sonuncu bu məhkəmə aktını mübahisləndirmədən icra etmişdir. Ona görə də məhkəmə, iddiaçının iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməməsi əsası ilə, iddia ərizəsini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X13 qarşı Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq Y/M, küçə 18, 104 saylı fərdi yaşayış evinin tikintisinə və avadanlıqlarına çəkilmiş 25000 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar