Məhkəmə qərarları › İş №2(001)-1782/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1782/2024

08.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1782/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə qarşı əmlakın üzərindən həbsin götürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə qarşı əmlakın üzərindən həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsinin və İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsinin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi - İddiaçı2, eyni ünvanda yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsi qardaşı İddiaçı1 xüsusi mülkiyyətində olan əmlaklar kimi ƏMDK yanında DƏDRX tərəfindən dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq olaraq RX ******* və RX ******* saylı çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun sabiq birinci müavini Rüstəm Usubovun keçmiş Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində (hazırkı İstintaq İdarəsi) fakt üzrə CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq, 28 iyun 2019-cu il tarixli qərarla vəsatət və təqdimat təmin edilmiş, xüsusi mülkiyyətlərində olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69C və 69D saylı sahələrdə yerləşən, hər biri 0.05 ha torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. İş üzrə istintaq aparmış sabiq müstəntiq Vüqar Nəsibovun vəsatəti və Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun təqdimatının əsaslandırıldığı cinayət işinin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ilin iyun ayında onlara məlum olmayan səbəbdən Baş Prokurorluğa dəvət edilərək müstəntiq Elçin Hüseynsoy tərəfindən şahid qismində dindirilmişlər. Dindirmə zamanı məlum olmuşdur ki, istintaq üçün maraq doğuran əsas məsələ dayıları, Rusiya Federasiyasında yaşayan iş adamı X6 ilə Baş prokurorun sabiq köməkçisi X13 arasında şərik iş birliyi zəminində yaranmış münaqişə ilə bağlıdır. İstintaqa verdikləri ifadədə dayılarının tapşırığı ilə 23 sentyabr 2016-cı il tarixdə birlikdə Ucar rayonunun Qazıqumlaq kəndinə Namiq Məmmədovun ata evinə getməkləri, orada Namiq Məmmədovdan 500.000 ABŞ dollarını alıb, Bakı şəhərinə qayıdaraq «Azadlıq» metrostansiyasının yaxınlığında N.Ocaqverdiyev tərəfindən göndərilmiş tanımadıqları şəxsə həmin pulu çatdırmaqları barədə ətraflı məlumat vermişlər. İstintaqda birinci və axırıncı dəfə verdikləri ifadənin mahiyyəti bundan ibarət olmuş, sonradan bu günə kimi bir daha istintaqa dəvət edilməmişlər, barələrində hər hansı prosessual məcburiyyət tədbirləri tətbiq olunmamışdır, hazırda da iş üzrə şahid statusunda qalırlar, iş üzrə icraatın gedişatı və nəticəsi barədə heç bir məlumata malik deyillər. Nəsimi Rayon Məhkəməsinin əmlak üzərinə həbs qoyulmasına dair xx.xx.2019-cu il tarixli qərarının təsviri hissəsində CPM-nin 248.1.1-ci maddəsinə istinad edilərək göstərilir ki, əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir. Mülki iddianın təmin edilməsi məqsədilə əmlak üzərinə həbs o halda qoyula bilər ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmiş olsun, iddia vermiş şəxs mülki iddiaçı kimi tanınsın. Lakin, məhkəmənin qərarında belə bir iddiaçının adı və verilmiş mülki iddia barədə heç bir qeyd əks olunmamış, yəni iş üzrə mülki iddia verilməmiş, heç kim mülki iddiaçı kimi tanınmaşıdır. Onlar iş üzrə təqsirləndirilən şəxs deyillər, yuxarıda qeyd etdikləri kimi hazırda da şahid statusunda qalırlar. Hakimin qeyd edilən qərarı ilə də təsdiq olunur ki, iş üzrə nəinki onlar, hətta 500.000 ABŞ dollarını alması israr edilən Nəsrəddin Ocaqverdiyev özü belə təqsirləndirilən şəxs qismində cəlb edilməyib. Qərarın məzmununa istinadən görünür ki, Nəsrəddin Ocaqverdiyev 500.000 ABŞ dollarını 22 sentyabr 2016-cı il tarixdə əldə etmişdir. Üzərinə həbs qoyulmuş əmlakların hansı tarixlərdə əldə edilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyi və qərarda bu barədə qeyd olunmadığı halda həmin əmlakların cinayət yolu ilə əldə olunmuş vəsait hesabına alınmasına dair qeydlərin əsasının nədən ibarət olması başa düşülən deyildir. Digər tərəfdən cinayət təqibi orqanı və məhkəmə həmin vəsaitin, yəni 500.000 ABŞ dolların hər hansı hissəsinin onlar tərəfindən ələ keçirilməsini təsdiq edən hər hansı sübuta malikdirmi, həbs qoyulmuş əmlakların həmin vəsait hesabına alınmasında israrlıdır? Qərarda iş üzrə əldə olunmuş sübutların əmlak üzərinə həbs qoyulmasına kifayət qədər əsas verdiyi qeyd olunur. Hakimin qərarında qeyd olunur ki, vəsatət verən müstəntiq və təqdimatla müraciət edən prokuror məhkəmə iclasında iştirak etməyiblər. Belə olan halda müstəntiq və prokuror məhkəməyə gəlməyiblərsə, cinayət işinin materialları məhkəməyə təqdim edilməyibsə, məhkəmə hansı toplanmış materiala və sübutlara istinad edə bilərdi, üzünü görmədiyi cinayət işinin materiallarına necə istinad edə bilərdi? Əmlaklarının üzərinə əsassız və qanunsuz olaraq qoyulmuş həbsin götürülməsinə dair Baş Prokurorluğa yazdıqları müraciətlərə formal olaraq rəsmi cavablar verilməklə bu günə kimi xahişləri nəticəsiz qalmış, əmlakların üzərindən həbsin götürülməsi təmin edilməmişdir. Sonuncu müraciətlərinə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun imzası ilə 01 iyun 2022-ci il tarixli, 03/192006029/1879 saylı məktubla cavab verilərək əmlaklarının üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 5(006)-269/2019 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokuroluğunun vəsatəti təmin edilmiş, ********* saylı cinayət işi üzrə X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi, 20 saylı ev, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi, 22 saylı ev, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən bağ evi, İddiaçı2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 99 saylı qeyri-yaşayış binası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69C saylı sahədə yerləşən 0,0500 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları), İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69D saylı sahədə yerləşən 0,0500 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları), X1, X2, X3 və X7 adına ümumi birgə mülkiyyətdə olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Baş Prokuroluğunun xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunun surətindən görünür ki, İddiaçı2 müraciətinə Baş Prokurorluğun İstintaq İdarəsində baxılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikasından çıxışına qoyulmuş məhdudiyyət xx.xx.2022-ci il tarixdə götürülmüş, həmçinin ona və qardaşı İddiaçı1 məxsus əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69C saylı sahə xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69D saylı sahə xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X14 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə 0.05 ha hissəsini İddiaçı2, 0.05 ha sahəsini isə İddiaçı1 ümumlikdə 75000 manata satmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69C saylı sahədə yerləşən 0.05 ha torpaq sahəsi 3 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X.R.Əliyeva tərəfindən təsdiq edilmiş 4Ə-2082 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69D saylı sahədə yerləşən 0.05 ha torpaq sahəsi 3 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X.R.Əliyeva tərəfindən təsdiq edilmiş 4Ə-2082 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, X5 miqdarda əmlakının dələduzluqla ələ keçirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinə ********* nömrəsi verilməklə icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli şahidi dindirmə protokolunun surətindən görünür ki, ********* saylı cinayət işi üzrə İddiaçı2 şahid qismində dindirilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2019-cu il tarixli şahidi dindirmə protokolunun surətindən görünür ki, ********* saylı cinayət işi üzrə İddiaçı1 şahid qismində dindirilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Venditellinin İtaliyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etdi ki, həbs qoyma iki qanuni məqsəd güdürdü: 1) ittiham üçün əsas olan hüquq pozuntusu haqqında sübutları qorumaq məqsədi; 2) həmin pozuntunun dərinləşməsinini qarşısını almaq məqsədi. Bununla yanaşı, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu barədə qərar qəbul edərkən məhkəmə belə bir fikir ifadə etdi ki, dövlətdaxili məhkəmə işə xitam verilən kimi əmlakın həbsi dərhal ləğv edilməsi haqqında əmr verməyə borclu idi, çünki həmin anda həbsin davam etməsi üçün qanuni əsasların qüvvəsi bitmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 248.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2-ci əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Azərbaycan Respublikası Mülki-Posessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sözügedən daşınmaz əmlaklar alqı-satqı yolu ilə iddiaçıların mülkiyyətlərinə ayrıldığına görə, həmin daşınmaz əmlaklara dair hüquqlara da malikdir. Lakin məhkəmə qərarı ilə onların daşınmaz əmlaklarının üzərinə həbs qoyulmuş və onların hüquqları məhdudlaşdırılmışdır. Həmçinin mülki iş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə iddiaçılar şahid qismində dindirilmişdirlər və qanunvericlikdə şahidin əmlakının üzərinə həbs qoyulması nəzərdə tutulmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Buna görə də iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar və həmin əmlakların üzərində həbsin saxlanılması iddiaçıların əmlak üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, iddia təmin edilərək, İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsinin və İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməsi və həmin torpaq sahələri həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsinin və İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin və həmin torpaq sahələri həbsdən azad edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar