Məhkəmə qərarları › İş №2(001)-1789/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1789/2021

14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1789/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun qızı X3 ilə kəbin əsasında faktiki münasibətlərdə olmuş, dəfələrlə onun və onun digər qohumlarının evində qonaq olmuşdur. Cavabdeh ondan 2020-ci ilin fevral ayında 210 manat, 11.06.2020-ci il tarixdə isə 790 manat məbləğində pulu borc almışdır. Sonradan cavabdehin onun qızı ilə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdeh ondan aldığı borcu qaytarmaqdan yayınmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, iddiaçının qızı X3 ilə iddiaçının bildirdiyi səviyyədə yaxın münasibətlərdə olmamış və aralarında kəbin bağlanmamışdır. O, iddiaçının qızı ilə ailə qurmaq niyyətində olmuş və bu məqsədlə onunla ünsiyyətdə olmuş, iddiaçını da bu münasibətlər nəticəsində tanımışdır. Lakin sonradan ailəsinin razılığı olmadığından, onunla ailə qura bilməmiş və nəticədə münasibətləri pozulmuşdur. İddiaçıdan heç vaxt hər hansı məbləğdə borc almamış, ümumiyyətlə 2020-ci ilin iyun ayının 11-də o, əmək qabiliyyətinin müvəqqəti itirilməsi əsası ilə nəinki iş yerində, ümumiyyətlə iddiaçının yaşadığı Hacıqabul rayonunda olmamış, həmin vaxt Bakı şəhərində olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. Bir müddət içtimai əsaslarla Hacıqabul Rayon Məhkəməsində işləmiş, cavabdeh isə Şirvan Apellyasiya Məhkəməsinin əməkdaşı olmuşdur. Onunla Cavabdeh rəsmi olaraq nikaha daxil olmaq və ailə qurmaq niyyətində olmuşlar. Bu məqsədlə aralarında kəbin də bağlanmış və 1 il 8 ay ərzində belə münasibətlərdə olmuşdular. Bu səbəbdən cavabdeh onun ailə üzvü kimi qəbul olunmuş və dəfələrlə onların və onların qohumlarının evində qonaq olmuşdur. Bir yerdə olan dövrdə, cavabdehin müraciətinə əsasən anası, yəni iddiaçı cavabdehə 2020-ci ilin fevral ayında 210 manat, 11.06.2020-ci il tarixdə isə 790 manat məbləğində pulu borc vermişdir. 210 manat məbləğində pulu anasının evində anasından alaraq, cavabdehə şəxsən o vermiş, 790 manat pulu isə yenə də anasının evində, lakin bu dəfə anası şəxsən vermişdir. Sonradan münasibətləri pozulmuş və əlaqələri kəsilmiş, bu səbəbdən əsəbindən kəbini cırmışdır. Anası tərəfindən cavabdehə borc qismində verilmiş pulu anası ilə yanaşı o da cavabdehdən tələb etmiş, onun istifadəsində olan telefon nömrəsinə bununla bağlı yazılı ismarıclar da (sms) göndərmişdir. Lakin onların müraciətləri cavabsız qalmış və cavabdeh bu günədək onun anasına olan borcu qaytarmamışdır. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşının həyat yoldaşıdır. Cavabdehi iddiaçının qızının nişanlısı kimi tanıyır. Cavabdeh onların da evində iddiaçı və onun qızı ilə birlikdə qonaq olmuşdur. İddiaçının qızı ilə cavabdeh 2020-ci ilin yay ayında onlara gəlmiş və iddiaçının qızı onlara 500 manat məbləğində borc lazım olduğunu bildirmişdir. Lakin onda pul olmadığından o, borc verə bilməmiş və onları faizlə borc verən şəxsin yanına aparmışdır. Lakin həmin şəxs də onlara borc verməmişdir. Həmin pulu ondan cavabdeh istəməmiş, borcla bağlı söhbətləri onunla iddiaçının qızı aparmışdır. Sonradan cavabdehlə iddiaçının qızının ayrıldığını bilmişdir. Cavabdeh tərəfindən iddiaçıya borc verilməsini görməmiş, bu barədə ona iddiaçının qızı danışmışdır. Məhkəmə tərəflərin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Talıbova X2 rayonunda yaşayır. İddiaçı Cavabdeh doğma qızı X3 vasitəsi ilə tanımışdır. Belə ki, iddiaçının qızı ilə cavabdeh ailə qurmaq məqsədi ilə ünsiyyətdə olmuşdular. Hazırda iddiaçı cavabdehin onun qızı X3 ilə kəbin əsasında faktiki münasibətlərdə olduğunu, dəfələrlə onun və onun digər qohumlarının evində qonaq olduğunu, cavabdehin ondan 2020-ci ilin fevral ayında 210 manat, 11.06.2020-ci il tarixdə isə 790 manat məbləğində pulu borc aldığını, sonradan cavabdehin onun qızı ilə münasibətlərinin pozulduğunu və onların ayrıldığını, cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdeh ondan aldığı borcu qaytarmaqdan yayındığını bildirir və cavabdehdən ümumilikdə 1.000 manat borcun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının qızı X3 ilə iddiaçının bildirdiyi səviyyədə yaxın münasibətlərdə olmadığını, aralarında kəbin bağlanmadığını, iddiaçının qızı ilə ailə qurmaq niyyətində olduğunu və bu məqsədlə onunla ünsiyyətdə olduğunu, iddiaçını da bu münasibətlər nəticəsində tanıdığını, lakin sonradan ailəsinin razılığı olmadığından, onunla ailə qura bilmədiyini, nəticədə münasibətlərinin pozulduğunu, iddiaçıdan heç vaxt hər hansı məbləğdə borc almadığını, ümumiyyətlə 2020-ci ilin iyun ayının 11-də əmək qabiliyyətinin müvəqqəti itirilməsi əsası ilə nəinki iş yerində, ümumiyyətlə iddiaçının yaşadığı Hacıqabul rayonunda olmadığını, həmin vaxt Bakı şəhərində olduğunu bildirir və göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının qızı olan X3 şahid qismində verdiyi ifadəsində onunla Cavabdeh rəsmi olaraq nikaha daxil olmaq və ailə qurmaq niyyətinin olduğunu, bu məqsədlə aralarında kəbinin də bağlandığını və 1 il 8 ay ərzində belə münasibətlərdə olduqlarını, bu səbəbdən cavabdehin onun ailə üzvü kimi qəbul olunduğunu və dəfələrlə onların və onların qohumlarının evində qonaq olduğunu, bir yerdə olan dövrdə, cavabdehin müraciətinə əsasən iddiaçı cavabdehə 2020-ci ilin fevral ayında 210 manat, 11.06.2020-ci il tarixdə isə 790 manat məbləğində pulu borc verdiyini, sonradan münasibətlərinin pozulduğunu və əlaqələrinin kəsildiyini, əsəbindən kəbini cırdığını, anası tərəfindən cavabdehə borc qismində verilmiş pulu anası ilə yanaşı cavabdehdən tələb etdiyini, cavabdehin istifadəsində olan telefon nömrəsinə bununla bağlı yazılı ismarıclar da (sms) göndərdiyini, lakin onların müraciətlərinin cavabsız qaldığını və cavabdehin bu günədək onun anasına olan borcu qaytarmadığını bildirir. Digər şahid X4 məhkəməyə verdiyi ifadəsində iddiaçının qardaşının həyat yoldaşı olduğunu, cavabdehi iddiaçının qızının nişanlısı kimi tanıdığını, cavabdeh onların da evində iddiaçı və onun qızı ilə birlikdə qonaq olduğunu, 2020-ci ilin yay ayında 500 manat borc almaq niyyəti ilə cavabdehin və iddiaçının qızının onlara gəldiyini, lakin onda pul olmadığından borc verə bilmədiyini və onları faizlə borc verən şəxsin yanına apardığını, lakin həmin şəxsin də onlara borc vermədiyini, həmin pulun ondan cavabdeh tərəfindən istənildiyini, borcla bağlı söhbətlərin də iddiaçının qızı tərəfindən aparıldığını, cavabdeh tərəfindən iddiaçıya borcun verilməsini görmədiyini bildirir. Məhkəmənin 16.04.2021-ci il tarixli qərardadının icrası qaydasında "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd diskdə ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə göndərilən sms-lər barədə məlumat əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bu baxımdan İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə Cavabdeh 2020-ci ilin fevral ayında 210 manat və 11.06.2020-ci il tarixdə 790 manat məbləğində pulu borc verməsi halının mövcud olduğunu sübut etməli idi. Lakin iddiaçı bu halı rəsmiləşdirilmədiyini (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) bildirir. Onun tərəfindən cavabdehə 210 manat məbləğində pulun verilməsini yalnız onun cavabdehlə hazırda prinsipial münasibətlərdə olan qızı X3 təsdiq edir. Cavabdeh isə ümumiyyətlə iddiaçıdan hər hansı məbləğdə pulu borc almadığını bildirir. Belə olan halda, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh ilk öncə ümumiyyətlə iddiaçının qızı X3 ilə münasibətlərinin səviyyəsini açıqlamamış, onunla ailə qurmaq niyyəti ilə ünsiyyət saxladığını bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh təfələrlə iddiaçının və ididaçının qohumlarının evində qonaq olmuş, iddiaçının qızı ilə digər müxtəlif tədbirlərdə də iştirak etmişdir. Cavabdeh iddiaçının qızı ilə kəbin bağladığını da etiraf etmir. Halbuki, həm iddiaçı, həm də şahid qismində ifadəsi alınmış onu qızı cavabdehlə kəbinin olduğunu vurğulayırlar. Eyni zamanda, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd diskdə əks olunmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 17.06.2020-ci il tarixdə göndərilən sms-lərdə də “kəbini geri oxutdur gəl. Mən ailə qururam” məzmunlu sms mövcuddur. ***-***-**-** mobil telefon nömrəsi iddiaçının qızının istifadəsindədir. Cavabdeh ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmədiyini bildirir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının qızının hər hansı başqa bir şəxslə 17.06.2020-ci il tarixdə kəbin bağlaması barədə məlumat yoxdur. Cavabdeh də bu barədə hər hansı fikir söyləmir. Hər bir halda, həmin vaxt iddiaçının qızı ilə cavabdehin “ailə qurmaq niyyəti ilə” davam edən münasibətləri yeni pozulmuş və bu tarixdən əvvəlki 1 ildən artıq müddət ərzində onlar həmin münasibətlərdə olmuşdular. Belə olan halda, iddiaçını qızının hər hansı başqa şəxslə kəbini olsa idi, cavabdeh bu barədə məlumatlı olmuş olardı və belə olan halda çətin ki, iddiaçının qızı kəbini olan şəxslə deyil, cavabdehlə münasibət saxlamış olardı. Kəbinin olmadığı bir halda da, iddiaçının qızının ***-***-**-** mobil telefon nömrəsinə “kəbini geri oxutdur gəl. Mən ailə qururam” məzmunlu sms göndərməsi də məntiqsiz və mənasızdır. Bu səbəbədn məhkəmə hesab edir ki, iddiaçının qızının məhz cavabdehlə kəbini olmuş və ***-***-**-** mobil telefon nömrəsi cavabdehin istifadəsində olmuşdur. İddiaçının qızının istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***- ***-**-** mobil telefon nömrəsinə 17.06.2020-ci və 24.06.2020-ci il tarixlərdə həmçinin, “gətir pullarımı ver”, “gönder yoxsa məndən incimə”, get o sübut eləcəyin bacındı her kimdi ondan alırsan ya atandan alırsan al pulumu”, “faizi də bağla” məzmunlu smslər göndərilmişdir. Bu da öz növbəsində cavabdehin pul öhdəliklərinin olmasına dəlalət edir. Belə ki, borc olmadığı halda, iddiaçının qızı tərəfindən belə məzmunlu smslər göndərilməzdi. Məhkəmə o halı da qeyd edir ki, 16.04.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia etdiyi məbləğin cavabdehdən həm şifahi qaydada, həm də onun qızı tərəfindən telefon vasitəsi ilə göndərilmiş yazılı ismarıclarla dəfələrlə tələb etdiyini, lakin həmin ismarıcların telefonda saxlanılmadığını bildirmiş və məhkəməyə şifahi vəsatətlə müraciət edərək, 2020-ci ilin iyun ayının 1-dən sonra onun qızının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Cavabdeh istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə və həmin nömrələrdən qızının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə göndərilmiş SMS mətnlərin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Yuxarıda qeyd edilən məlumatlar da məhz vəsatətə uyğun olaraq məhkəmənin 16.04.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC-dən götürülmüşdür. Cavabdeh bu nömrənin onun adına qeydə alınmadığını, bu nömrədən istifadə etmədiyini və nömrəni tanımadığını bildirir. Məhkəmə də öz növbəsində qeyd edir ki, bu nömrə həqiqətə də cavabdehin adına qeydə alınmamışdır. Belə ki, elektron məhkəmə portalından əldə edilmiş məlumata əsasən ***-***-**-** mobil telefon nömrəsi cavabdehin atası X5 adına qeydə alınmışdır. Hər bir halda, bu nömrənin cavabdehlə bağlılığı mövcuddur. Bununla belə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatı və şahid ifadələri arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında şifahi borc müqavilələri bağlanmışdır. Həmin borc müqavilələrinə əsasən iddiaçı cavabdehə 2020-ci ilin fevral ayında 210 manat və 11.06.2020-ci il tarixdə 790 manat məbləğində pulu borc vermiş və bununla da həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğlərdə pulu iddiaçıdan almış, lakin bu məbləğlərin qaytarılması barədə vəd versə də bugünədək qaytarmamış və bununla da həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hüquqi nəticə etibarı ilə müqavilələrin şərtlərini pozmuşdur. İddiaçının pulu ondan tələb etməsi də bir nəticə veməmişdir. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.000 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.000 (bir min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar