Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-18/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “zəbt edilmiş ərazidən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X1rşı “zəbt edilmiş ərazidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X2 xx.xx.2007-ci il tarixli, 1999 saylı sərəncamı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti üçün alqı-satqı yolu ilə 4000 kv.m torpaq sahəsi ayrılmışdır. MMCnin rəhbəri qeyd edilən torpaq sahəsinə baş çəkən zaman orada əvvəllər heç kimin yaşamadığı, mühafizə üçün nəzərdə tutulmuş tikilidə müvəqqəti yaşamasına icazə verdiyi Cavabdeh yaşadığı tikili boyunca müəyyən hissəsini hasara alaraq zəbt etdiyini aşkar etmişdir. Bundan sonra Cavabdeh öz iradını bildirərək, gördüyü işlərin qanunsuz olduğunu, tikdirdiyi hasarı sökərək, gözətçi üçün nəzərdə tutulmuş tikilini tərk etməsini istəmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh qanunsuz hasara sökməmiş və ərazidən çıxmamışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu, onun orada Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəsəbə bələdiyyəsinin Qərarı əsasında ayrılmış torpaq sahəsində yaşadığını bildirərək, tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli, 1999 saylı Sərəncamına əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 4000 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti tikintisi üçün "xxxx" MMC-nin mülkiyyətinə ayrılmışdır. - Bakı şəhəri X3 bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müfəttişi X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktına əsasən, Cavabdeh Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M-1, K-8 ünvanına (mübahisəli ünvan) qeydiyyatsız yaşadığı müəyyən edilmişdir. - Su təchizatı və tullantı suların axıdılmasına dair müqaviləyə və akta əsasən, “Azərsu” ilə Cavabdeh arasında ünvan 2 ünvanına dair xidməti müqavilə bağlanmışdır. - "xxxx" ASC-nin 261753 saylı protokoluna əsasən, vətəndaşı Cavabdeh işığın verilməsinə dair müqavilə mövcuddur. - “Azəriqaz” İB ilə Cavabdeh arasında bağlanmış müqaviləyə, akta və layihəyə əsasən, ünvan 3 ünvanına qaz sayğacı quraşdırılmışdır. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, vətəndaş X6 Cavabdeh barəsində müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. - Şəxsi hesab vərəqəsinə əsasən, Cavabdeh bələdiyyəyə torpaq və əmlak vergisinə dair ödənişlər etmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2005-ci il tarixli, 2077 saylı Sərəncamına əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh mülkiyyətinə ayrılmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4165 saylı ekspert rəyinə əsasən, iddiaçının və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu X7 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X2 1999 saylı, 30 dekabr 2007-ci il tarixli sərəncamına əsasən, sahibkarlıq fəaliyyəti məqsədi ilə "xxxx" MMC-yə 4000 kv.m torpaq sahəsi ayrılmışdır. MMC-yə aid sahəni mişar daşı ilə hasara alarkən orada gecə növbətçisi kimi işləyən işçiyə növbətçi otağı inşa etmiş və orada Yasəmən adlı bir qadının qaldığı, sonrada isə Cavabdeh yaşadığını müəyyən etmişdir. Qonşuların təsdiq etdiyinə görə Cavabdeh yaşadığı gecə növbətçisi otağını böyüdərək, özünə fərdi yaşayış evi tikmiş, həmçinin evinin ətrafını hasara alaraq özünə həyətyanı sahə yaratmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. - 164-cü maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. - 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. - 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması. Hazırkı iş üzrə isə cavabdehin torpaq sahəsində qanunsuz yerləşdiyi iddia edilsə də, iş materiallarında olan sənədlərdən X7 tərəfindən ona 300 kv.m torpaq sahəsinin ayrıldığı, həmçinin həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair komunnal xidmətlərə dair müqavilələrin olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Məhkəmə qeyd edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə müəyyən etmişdir ki, iddianın faktiki əsası kimi istina edilən halın – Cavabdeh tərəfindən "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsini zəbt etməsi halı mövcud deyil. Belə ki, bələdiyyə tərəfindən verilmiş Qərarlardan müəyyən edilmişdir ki, mübahisəli ərazidə üzrə sərəncam Cavabdeh xx.xx.2005-ci il tarixdə (300 kv.m), "xxxx" MMC-yə isə xx.xx.2007-ci il tarixdə (4000 kv.m) verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin adına olan Qərar iddiaçının adına olan Qərardan daha əvvəl verildiyindən və hazırda qüvvədə olduğundan iddia tələbi təmin edilməməlidir. Həmçinin işin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Belə ki, Mülki Məcəllənin: - maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. - maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - maddə163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. - maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. - maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. - maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. - 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Beləliklə, müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin iş üzrə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir (istinad edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-14/2024 Qərarına). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertiza tədqiqatlarının dəyərini təşkil 50 (əlli) manat ekspertiza xərci iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-18/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-18/2024
13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver