Məhkəmə qərarları › İş №2(001)-18/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-18/2025

12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-18/2025 12.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti, "xxxx" ASC, “Azəriqaz” İB, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Binəqədi Rayon Binəqədi Qəsəbə Bələdiyyəsi) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təhlükəsizlik qaydalarına əməl etmədən çəkilmiş qaz kəmərinin, elektrik xəttinin, darvazanın, eləcə də pəncərənin yanında tikilmiş tikilinin həmin hissəsinə sərbəst daxil olmağına və hava axınının qarşısını alan hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 816 saylı sərəncamına əsasən ona (iddiaçıya) fərdi yaşayış evinin tikintisi üçün 100 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdeh qonşusudur və ona məxsus fərdi yaşayış evinin tininə darvaza bağlamışdır. Həmçinin, evin 2 yataq otağının pəncərələrinin önündə 40 sm məsafədə hasar çəkmiş və pəncərələrin qabağını bağlamışdır. Daha sonra cavabdeh evin divarına qaz kəməri birləşdirmiş və elektrik xəttinin sistemini onun evinin hasarından çöl tərəfdən çəkib öz evinə aparmışdır. Sözügedən qaz kəməri və elektrik xətti təhlükəsizlik qaydalarına riayət edilmədən çəkildiyindən birbaşa insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Cavabdeh onu təbii işıqdan məhrum etməklə bərabər yanğın təhlükəsizliyi qaydalarını da pozmuşdur. Bununla bağlı, ona etirazını bildirdikdə isə cavabdeh oğlu ilə birgə ona məxsus evdə yaşayan anasına qarşı fiziki güc tətbiq edərək ona bədən xəsarətləri yetirmişdir. İş araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Bununla bağlı Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə olan müraciətinə əsasən yerində baxış keçirilmiş və ona məxsus torpaq sahəsinin hasarına cavabdehə məxsus darvazanın birləşdirilməsi öz təsdiqini tapmışdır. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (Binəqədi Rayon İcra Hakimiyyəti, "xxxx" ASC, “Azəriqaz” İB, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Binəqədi Rayon Binəqədi Qəsəbə Bələdiyyəsi) məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin surəti iş materiallarına əlavə edilmiş “vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 816 saylı xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Binəqədi qəsəbə bələdiyyəsinin 16 iyun 2006-cı il tarixli 09 saylı ümumi iclasının qərarı əsas tutularaq Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir. İş materiallarından aydın olur ki, Binəqədi qəsəbə bələdiyyəsinin 816 saylı xx.xx.2006-cı il tarixli sərəncamına İddiaçı ayrılmış torpaq sahəsinin situasiya planı da əlavə edilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin AİT seriyalı 676526 saylı kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpağın dəyəri olaraq 176 (bir yüz yetmiş altı) manat ödəniş etmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “vətəndaş Cavabdeh torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 1500 saylı xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Binəqədi qəsəbə bələdiyyəsinin 18 sentyabr 2006-cı il tarixli 15 saylı ümumi iclasının qərarı əsas tutularaq Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir. İş materiallarından aydın olur ki, Binəqədi qəsəbə bələdiyyəsinin 1500 saylı xx.xx.2006-cı il tarixli sərəncamına Cavabdeh ayrılmış torpaq sahəsinin cizgi planı da əlavə edilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı istifadəsinə 816 saylı, 27 iyun 2006-cı il tarixli sərəncamla ayrılmış 100 kv.m torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin torpaq sahəsinin hasarına həqiqətən də qonşunun darvaza birləşdirməsi məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1981 saylı 25 iyun 2023-cü il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, “Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan 126 kv.m torpaq sahəsinin və cavabdeh X1 faktiki istifadəsində olan 150 kv.m torpaq sahəsinin bələdiyyənin qərarları ilə onların mülkiyyətlərinə verilmiş 100 kv.m torpaq sahəsindən müvafiq olaraq 26 kv.m və 50 kv.m artıq olduğu müəyyən olundu. Həmin artmanın səbəbinin tərəflərin mülkiyyətinə ayrılmış sahədən əlavə olaraq, mülkiyyətçisi məlum olmayan şəxslərin torpaq sahələrini istifadə etmələridir. Qərardadın ikinci sualı üzrə: Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin divarına bitişik hasarın inşa olunduğu və darvazanın quraşdırıldığı müəyyən olundu. Müvafiq mütəxəssis rəyi daxil olmadığına görə, həmin hasarın və darvazanın tərəflərdən hansının mülkiyyətində olan torpaq sahəsində olduğunu müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar, darvaza və fərdi yaşayış evinin mövcudluğu, iddiaçının fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi istiqamətində olan 2 ədəd pəncərəsindən havanın və təbii işığın daxil olmasına məhdudiyyət yaratdığı müəyyən olunur. Qərardadın üçüncü sualı üzrə: Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin divarı boyu qaz xəttinin, elektrik və telefon xətlərinin mövcud olduğu müəyyən olundu. Lakin həmin xətlərin İddiaçı hansı maneələrin yaratmasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığına görə, qərardadın sualının bu hissəsi cavablandırılmadı”. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Orxan Səmədzadənin mütəxəssis rəyində göstərilmişdir ki, Cavab 1: ...göstərilən 121.0 kv.m torpaq sahəsi (iddiaçıya aid olan) dörd tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Digər 153.0 kv.m torpaq sahəsi (cavabdehə aid olan) mişar daş, iddiaçıya aid olan tikilinin çöl divarı və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Bir tərəfdən isə 0.2 m hündürlükdə mişar daş hasarla sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən mübahisəli torpaq sahələrinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən ilkin cizgidə heç bir dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və sahələr dövlət qeydiyyatından keçmədiyindən sahələrin mövqeyini təyin etmək, hər hansı üst-üstə düşmə halını müəyyənləşdirmək mümkün olmamışdır. Cavab 2: Qeyd olunan suala 1-ci sualın cavab bəndində aydınlıq gətirilmişdir. Cavab 3: Qeyd olunan suala 1-ci sualın cavab bəndində aydınlıq gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9037 saylı 29 noyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinin məlumatlarına əsasən aşağıdakılar müəyyən olunur: Göstərilən 121.0 kv.m torpaq sahəsi (iddiaçıya aid olan) dörd tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Digər 153.0 kv.m torpaq sahəsi (cavabdehə aid olan) mişar daş, iddiaçıya aid olan tikilinin çöl divarı və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Bir tərəfdən isə 0.2 metr hündürlükdə mişar daş hasarla sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən mübahisəli torpaq sahələrinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən ilkin cizgidə heç bir dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və sahələr dövlət qeydiyyatından keçmədiyindən sahələrin mövqeyini təyin etmək, hər hansı üst-üstə düşmə halını müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə, işin mübahisəsiz hallarına görə, iddiaçı və cavabdeh qonşudurlar, Binəqədi qəsəbə bələdiyyəsinin müvafiq sərəncamlarına əsasən onların hər ikisinə eyni ölçüdə torpaq sahələri ayrılmış və həmin sahələrdə fərdi yaşayış evləri inşa olunmuşdur. Həmçinin cavabdeh iddiaçının fərdi yaşayış evinin divarına bitişik hasar inşa etdirmiş və darvaza qoydurmuşdur. Sözügedən hasarın iddiaçıya aid fərdi yaşayış evinin 2 ədəd pəncərəsinin önündə yerləşdiyi, o cümlədən cavabdehə aid fərdi yaşayış evinin divarı boyu qaz kəmərinin, elektrik və telefon xətlərinin çəkildiyi də mübahisə mövzusu deyildir. İddiaçı sözügedən qaz kəməri və elektrik xətti təhlükəsizlik qaydalarına riayət edilmədən çəkildiyini, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğunu, hasarın isə onu təbii işıqdan məhrum etməklə yanaşı, yanğın təhlükəsizliyi qaydalarına da uyğun olmadığını iddia edərək, hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 169.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 172.3-cü maddəsinə görə, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 172.4-cü maddəsinə əsasən qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. 173.1-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2-ci maddəsinə görə üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. 173.3-cü maddəsinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 173.4-cü maddəsinə əsasən əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər qonşuluq hüququ ilə bağlıdır və bu mənada işin obyektiv həlli üçün cavabdehə aid darvaza və hasarın, o cümlədən ona aid fərdi yaşayış evinin divarı boyu çəkilmiş qaz kəmərinin, elektrik və telefon xətlərinin iddiaçıya təsirinin həddi, habelə bu müstəvidə maneələrin nədən ibarət olması araşdırılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı ona aid fərdi yaşayış evinə bitişik quraşdırılan darvazanın ona təsiri barədə ümumiyyətlə hər hansı əsaslandırma aparmamışdır. Bu mənada məhkəmə vurğulayır ki, bu hal (qeyd olunan hissədə iddianın əsaslandırmaması) həmin hissədə (darvazanın sökülməsi hissəsində) iddianın əsasız olduğunu göstərir. Odur ki, bu hissədə ümumiyyətlə əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Sökülməsini tələb olunan digər tikili və əlavələrə münasibətdə isə iddia, iddiaçıya aid 2 ədəd pəncərədən 40 sm məsafədə hörülmüş hasarın təbii işıq və havanın qarşısını alması, habelə yanğın təhlükəsizliyi qaydalarını pozması, təhlükəsizlik qaydalarına riayət edilmədən çəkildiyini bildirdiyi qaz kəmərinin, elektrik və telefon xətlərinin isə birbaşa insan həyatı və sağlamlığı üçün təhlükəli olması arqumentləri ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə qeyd edir ki, qaz kəməri, elektrik və telefon xətlərinə aid hissədə iddiasının əsası kimi istinad etdiyi halları (onların təhlükəsizlik qaydalarına riayət edilmədən çəkilməsini, xüsusilə də insan həyatı və sağlamlığı üçün təhlükəli olmasını) sübutetmə yükü bilavasitə üzərinə düşən iddiaçı, istinad etdiyi həmin halları biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçının sökülməsini tələb etdiyi hasara gəldikdə isə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1981 saylı 25 iyun 2023-cü il tarixli ekspertiza rəyində həmin hasarın iddiaçının fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi istiqamətində olan 2 ədəd pəncərəsindən havanın və təbii işığın daxil olmasına məhdudiyyət yaratdığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də həmin hasarın iddiaçıya aid pəncərələrin önündə yerləşdiyi görünür. Göründüyü kimi, sözügedən hasarın iddiaçıya təsiri müəyyən olunur. Lakin məhkəmənin qənaətinə görə, bu halın mövcudluğu özü-özlüyündə sözügedən hasarın cavabdeh tərəfindən sökülməli olduğu nəticəsinə gəlməyə əsas vermir. Bu hissədə iddianın əsaslı olduğu qənaətinə o halda gəlmək olar ki, təsirin hədsiz və ya dözülməz olması sübuta yetirilsin. Bununla belə, iddiaçı sözügedən hasarın ona dözülməz təsirin mövcud olmasını sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə sözügedən hissədə də iddianın əsassız olduğu qənaətinə gəlir. Məhkəmənin qənaətinə görə, əksinə nəticəyə gəlmək mütənasiblik prinsipi ilə uzlaşmamaqla yanaşı, ədalətli də olmazdı. Xüsusilə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməli, habelə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin (indiki halda işıq və havanın qismən məhdudlaşması) öz sahəsinə təsirini qadağan edə bilməz. Bu mənada məhkəmə hesab edir ki, cavabdehə aid hasar iddiaçının öz sahəsindən (fərdi yaşayış evindən) istifadə etməsinə hədsiz (dözülməz) təsir (maneçilik) yaratmadığı üçün iddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər əsaslı sayıla bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbinin faktiki əsası (faktiki halları) kimi irəli sürdüyü hallar onun həmin tələbinin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Odur ki, onun həmin iddiası əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti, "xxxx" ASC, “Azəriqaz” İB, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Binəqədi Rayon Binəqədi Qəsəbə Bələdiyyəsi) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar