Məhkəmə qərarları › İş №2(001)-1803/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1803/2021

13.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1803/2021 13.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (Kontakt Home) qarşı “öhdəliyi icra etmədiklərinə görə vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 8-ci mikrorayon, “Ayna Sultanova” parkı ərazisində yerləşən cavabdeh “xxxx” MMC-dən (Kontakt Home) kredit müqaviləsi üzrə öhdəliklərini qəsdən pozduqlarına görə ona vurduqları 1000 manat, ümumi ödənilən maddi ziyana dair və mənəvi zərərlə bağlı isə 2000 manat olmaqla, cəmi 3000 manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını və cavabdehin hərəkələrində ciddi qanun pozuntusu olduğunu nəzərə alaraq, onun vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası MPM-in 265-ci maddəsinə əsasən xüsusi qarardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, 8-ci mikrorayon, “Ayna Sultanova” parkı ərazisində yerləşən “xxxx” MMC (Kontakt Home) dan xx xxxx 2020-ci il tarixində bir il müddəinə ödənilməklə 518,4 manat dəyərində olan Samsung Galaxy A20 DS(SM-A207) markalı mobil telefon aparatını 2 il yeni qızıl zəmanətlə (Rəqəmsal) əldə etmişdir. Qeyd olunan mobil telefon aparatını bir müddət, təxminən bir aya yaxın işlətdikdən sonra, bəzi qüsurlar ortaya çıxmağa başlamışdır. Belə ki, telefon aparatı enerji yığmamış, video çəkən zaman və danışıq zamanı xışıltı-exo səsləri olmuşdur. Həmçinin sensorda barmaq izində cızıqlar, qapaqda-karkasda ekan kartında cızıqlar-sürtünmələr, ucb-konda simsiot deliyində yeyilmə-sürtünmə və cihazda əyrilik olmuşdur. Həmin qüsurların aradan qaldırılmasından ötrü satıcı təşkilatın müvafiq fəaliyyəti həyata keçirən əməkdaşlarına zəng edərək onlara bu barədə məlumat vermişdir. Cavabında isə ona bildirmişlər ki, “onun qızıl zəmanəti va və mağazanın ünvan 1 saylı ünvanda yerləşən servisləri var. Ora müraciət etməli, daha sonra qüsur aradan qaldırılaraq telefon ona təhvil veriləcək. Odur ki, göstərilən ünvana getmiş, telefonu ora təhvil vermişdir. Bir neçə gündən sonra onu telefonla bağlı servisə dəvət etmişlər. Bildirilmişdir ki, ona kreditlə verilən telefon başqasının adına qeydiyyatdan keçmişdir. Telefonun plombu açılaraq onun bir neçə detalı dəyişdirilmişdir. İMEİ kodu isə müqavilədə qeyd edilən kod deyildir. Əldə etdiyi telefon üçün ilkin ödəniş və aylıq ödənişlərlə birlikdə 500 manatdan çox xərci çıxmışdır. Beləliklə telefon aldığı gündən satıcı tərəf ona qüsurlu və zay telefon aparatını dələduzluq yolu ilə satmaqla, vəzifələrindən sui-istifadə etməklə və sənədləri saxtalaşdırmaqla, onu aldadaraq və vicdansızcasına ona cəhənnəm həyatı yaşatmışlar.Bildirir ki, o bir Azərbaycan xanımı və ana olaraq maddi sıxıntılarını kənara qoymaqla, pul toplayaraq telefon aparatı almışdır ki, həm bəzi informasiyaları əldə edə bilsin. Həmçinin lənətlənmiş düşmənlə müharibənin getdiyi bölgələrdə yerləşən qohumları ilə əlaqə saxlaya bilsin. Çox təəssüflər olsun ki, bu imkanı xəyal olaraq qalmışdır. Bu insanların ofisinə gedibgəlməkdən yorulmuşdur. Satıcı tərəf onu dilə tutub müqaviləni dəyişmək, İMEİ kodunu ona satdıqları ay və başqasına məxsus telefon aparatına uyğunlaşdırmaq məqsədilə yeni müqavilə imzalatmaqla məhsulu ona zorla vermək istəsələr də, onların bu dələduzluqlarını və onu aldatmalarını başa düşmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, “xxxx” MMC-nin hüquqi ünvanı 1141, ünvan 2 məhəllə 1023-dür Cavabdehin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşməsinə baxmayaraq, iddiaçı iddia ərizəsində hüquqi şəxsin Binəqədi rayonu ərazisində yerləşən filialına qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddiaçı Mülki Məcəllənin yuxarıda qeyd edilən normasını nəzərə almayaraq hüquqi şəxs hesab edilməyən onun filialının yerləşdiyi ərazi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin hüquqi ünvanının olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (Kontakt Home) qarşı “Öhdəliyi icra etmədiklərinə görə vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar