Məhkəmə qərarları › İş №2(001)-1806/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1806/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1806/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh Cavabdeh2 Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil Cavabdeh «İstanbul NS» Klinikasının nümayəndəsi X5, Tərcüməçi X3, Ekspert X1 iştirakı ilə, İddiaçı cavabdehlər «İstanbul NS» Klinikası və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «İstanbul NS» Klinikası və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, «İstanbul NS» Klinikası-nin üzərinə düşən öhdəliyin lazımı qaydada icra olunmaması və bunun nəticəsində ona dəymiş maddi və mənəzi ziyanın, yəni 3000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il iyun ayının 5-də «İstanbul NS» Klinikası-da boğaz nahiyyəsində plastik əməliyyatın aparılması üçün həmin klinikaya müraciət etmiş və ona həkim Cavabdeh2 məsləhət görmüşlər. Bu əməliyyata görə ona 5000 manat pul ödəyəcəyini bildirmişlər. O, həmin pulu klinikanın hesabına ödəmiş və əməliyyat keçirilmişdir. Əməliyyatdan sonra onlar danışdığı kimi və ona vəd verildiyi kimi əməliyyat alınmamışdır. Dəfələrlə klinikaya müraciət etməsinə baxmayaraq ya pulunu və ya əməliyyat nəticəsində törədilmiş səhvin aradan qaldırılmasını xahiş etsə də, cavabsız qalmışdır. Bunun nəticəsində ona öhdəliyin axıra qədər icra edilməməsinə görə maddi ziyan dəymişdir. Hal-hazırda onun əldə etdiyi məlumata görə Rusiya həkimləri tərəfindən əməliyyatı ilə bağlı ona köməklik göstərilə bilər. Bunun qiyməti 2000 manat təşkil edir. Hesab edir ki, «İstanbul NS» Klinikası-nin üzərinə götürdüyü öhdəliyi icra etməməsinə görə və ona dəymiş maddi ziyana görə, habelə həkim səhlənkarlığı nəticəsində o mənəvi sarsıntı keçirdiyinə görə ona mənəvi ziyan dəymişdir. Bunlara əsaslanaraq ümumilikdə klinika tərəfindən ona 3000 manat ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi-vəkili M.Süleymanov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh «İstanbul NS» Klinikasının nümayəndəsi N.Quliyev iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ekspert A.Şıxməmmədov İddiaçı əməliyyatının qənaətbaxış olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - “İstanbul NS” klinikası tərəfindən məhkəməyə təqdim edilmiş xəstəlik tarixindən, epikrizdən və digər tibbi sənədlərdən görünür ki, 05.06.2018-ci il tarixdə İddiaçı klinikaya müraciət edərək, üzün estetik deformasiyası, buxaq nahiyyəsinin ptozundan şikayət etmiş, 05.06.2018-ci il tarixdə xəstədə “buxaq gərmə, alt faceliftinq” əməliyyatı icra olunmuşdur. - “İstanbul NS” klinikası tərəfindən təqdim edilmiş epikrizdən görünür ki, İddiaçı “buxaq gərmə, alt faceliftinq” əməliyyatından sonrakı vəziyyətlə əlaqədar müraciət etmiş, əməliyyatdan sonra xəstənin vəziyəti kafi olmuş, sonrakı dövr fəsadsız keçmişdir. - İddiaçı 01.08.2019-cu il tarixli ərizəsindən görünür ki, o, “İstanbul NS” klinikasının baş həkimindən və tibbi personalından razıdır, göstərilən xidmətdən və əməliyyatının nəticəsinə görə klinikadan heç bir şikayət və tələbi yoxdur, əməliyyatına görə klinikada qalan pulunu geri almışdır. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 tərəfindən verilmiş 15.04.2021ci il tarixli, 993 nömrəli rəydən müəyyən edilir ki, İddiaçı 05.06.2018-ci il tarixdə “İstanbul NS” klinikasına müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Üzün estetik deformasiyası, buxaq nahiyyənin ptozu” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq “Buxaq gərmə, ait facelifting” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatında sonra onda əməliyyatla bağlı hər hansı bir patologiya müəyyən edilməmişdir. Lakin estetik baxımından əməliyyat nəticə İddiaçı qane etməmiş, bu səbəbdən də, təkrar əməliyyat şəxsin istəyi bağlı aparıla bilər. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 tərəfindən verilmiş 26.07.2021ci il tarixli, 2150 nömrəli rəydən müəyyən edilir ki, İddiaçı sağlamlıq baxımından əməliyyata ehtiyac yoxdur. Lakin estetik baxımından təkrar əməliyyat şəxsin istəyi ilə aparıla bilər. İddiaçı üzərində aparılmış estetik əməliyyatdan sonra hər hansı qüsur patologiya müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər(Mülki Məcəllənin 1097.1. maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçı iddia ərizəsində ona maddi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»Azərbaycan Respublikasinin Qanununun 13-cü maddəsinə əsasən Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti və s., əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 05.06.2018-ci il tarixdə iddiaçının və yaxın qohumlarının razılığı alınmaqla iddiaçının üzərində “Buxaq gərmə, alt faceliftinq” cərrahi əməliyyat həyata keçirilmişdir. Xəstəlik tarixçəsindən və epikrizdən aydın olur ki, İddiaçı əməliyyat haqqında, həmçinin onun həyat və sağlamlığına təhlükə yarada bilən hallar barədə məlumatlandırılmışdır. Bununla bağlı həkim Cavabdeh2 tərəfindən xəstəliyin müasir metod və profilaktikası, perspektivi və tibbi müdaxilənin nəticələri, əməliyyat sonrası ehtimal edilən fəsadlar və s. barədə məlumatlar İddiaçı bildirilməklə, onun əməliyyatın həyata keçirilməsi üçün razılığı alınmışdır. 05.06.2018-ci il tarixdə ümumi anestizayanın tətbiqi ilə “Buxaq gərmə, alt faceliftinq”əməliyyatı icra olunmuşdur. Əməliyyat vaxtı və sonrakı dövr fəsadsız keçmişdir. Lazimi məsləhətlər verilməklə, xəstə kafi vəziyyətdə ambulator nəzarət üçün evə yazılmışdır. İkinci epikrizdən məlum olur ki, həkim Cavabdeh2 tərəfindən 19.12.2018-ci ildə ikinci dəfə İddiaçı üzərində ümumi anestizayanın tətbiqi ilə “Buxaq gərmə, alt faceliftinq”əməliyyatı icra olunmuşdur. Əməliyyat vaxtı və sonrakı dövr fəsadsız keçmişdir. Lazimi məsləhətlər verilməklə, xəstə kafi vəziyyətdə ambulator nəzarət üçün evə yazılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra onda əməliyyatla bağlı hər hansı bir patologiya müəyyən edilməmişdir. Belə ki, iddiaçı cərrahi əməliyyatından sonra nəticəsinin qeyri qənaətbəxş olması barədə hər hansı müraciətlə klinikaya(həkimə) müraciət etməmişdir. Yalnız 11.01.2021-ci il tarixdə “İstanbul NS” klinikasında icra edilmiş əməliyyat nəticəsində dəymiş zərərlə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ekspert rəylərinə və Cavabdeh2 tibbi mülahizələrinə əsaslanaraq qeyd edir ki, qocalma prosesi-baş verən yaş dəyişiklikləridir. Bu prosses zamanı orqanizm səviyyəsində baş verən dəyişikliklər, əvvəlcə xarici əlamətlərdə özünü göstərir: üz forması başqa şəkil alır, dəri elastikliyini itirir və s. Əgər yaşlanmanın mexanizminə nəzər salsaq, orqanizimdə üz yaşlanmasının iki səbəbi var: birinci səbəb üzdə olan toxumalar arasında olan əzələlərin dərinin altındakı yağ paketlərinin azalmasıdır. Bu yağ paketlərinin miqdarı zaman keçdikcə azalır. Nəticədə isə üzün struktur görünüşü dəyişir. Çökmələr və boşluqlar əmələ gəlir. İkinci səbəb – dərinin, vətərlərin və əzələlərin kollagen liflərin sintezinin azalması ilə bağlıdır. Nəticədə toxumalar öz elastikliyini itirir. Boşluq yaranır və yerin cazibə qüvvəsinin təsiri nəticəsində üz sallanmağa başlayır. Hər nə qədər əməliyyat pasientə yeni, sağlam və diri bir görünüş təmin etsə də, dəri zaman içərisində yenə sallanmağa başlayacaqdır. Məhkəmə qeyd edir ki, 1-ci və 2-ci əməliyyatlardan sonra xeyli müddət keçdiyindən, həmin müddət ərzində iddiaçının üzünün deformasiyaya uğraması ehtimalı olmuşdur. Həmçinin sonuncu əməliyyatdan sonra iddiaçının məmnun halda klinikadan ayrılması, pulunun geri alması barədə özü tərəfindən tərtib edilmiş və imzalanmış ərizə özü-üzlüyündə iddia tələbinin əsassız olmağına dəlalət edir. Odur ki, iddiaçının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə İddiaçı sonradan yaranan fəsadlar arasında səbəbli əlaqənin mövcudluğu aşkar olunmur. Göstərilənlərə əsasən iddiaçının bir istehlakçı kimi cavabdehlər tərəfindən heç bir hüquları pozulmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı isə öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan İddiaçı cavabdehlər «İstanbul NS» Klinikası və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar