Məhkəmə qərarları › İş №2(001)-1829/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1829/2023

10.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1829/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon DYP şöbəsinə qarşı avtomobilə dəyən ziyanın müəyyən edilərək cavabdehdən alınmasına və ya avtomobilin təmir edilməsinə, maddi və mənəvi ziyana görə 10000 manat tələbinə dair ərizəsini və ərizəyə əlavə olunan sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon DYP şöbəsinə qarşı avtomobilə dəyən ziyanın müəyyən edilərək cavabdehdən alınmasına və ya avtomobilin təmir edilməsinə, maddi və mənəvi ziyana görə 10000 manat tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdırıb hesab edirəm ki, iddia ərizəsi aşağıdakılara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1.-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 150.1.-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1.-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizədən müəyyən olunur ki, cavabdehinə qarşı alternativ tələblər irəli sürən ərizəçi nəqliyyat vasitəsinin mülkiyyətində olmasına, həmin nəqliyyat vasitəsinə dəyən ziyanın məbləğinin müəyyən edilməsinə dair öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlarını, iddia ərizəsinin cavabdehə təqdim edilməsi üçün surətini ərizəsinə əlavə etməmişdir. Hesab edirəm ki, hazırkı formada tərtib olunan iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149, 151-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon DYP şöbəsinə qarşı avtomobilə dəyən ziyanın müəyyən edilərək cavabdehdən alınmasına və ya avtomobilin təmir edilməsinə, maddi və mənəvi ziyana görə 10000 manat tələbinə dair ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar