Məhkəmə qərarları › İş №2(001)-1837/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-1837/2024

03.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1837/2024 03.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı 06 aprel 2023-cü il tarixdə Cavabdeh ilə əməkdaşlıq haqqında müqavilə bağlamışdır. Müqavilə şərtlərinə görə Cavabdeh onun qoyduğu 20000 manat məbləğində sərmayənin müqabilində 8 ədəd avtomobilin taksi fəaliyyəti göstərməsi müqabilində 28 ay müddətində aylıq 1500 manat olmaqla, ümumilikdə 42000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini 2023-cü ilin aprel ayından 2023-cü ilin oktyabr ayına qədər, yəni 7 ay ərzində yerinə yetirmişdir. 2023-cü ilin oktyabr ayından sonra isə müqavilə üzrə nəzərdə tutulan ödəniş yerinə yetirilməmişdir. O, mübahisənin danışıqlar yolu ilə məhkəməyə qədər həllinə çalışsa da, qarşı tərəf telefon zənglərinə cavab verməkdən imtina etmişdir. Habelə Cavabdeh 2023-cü ilin oktyabr ayında ondan əlavə olaraq 3000 manat borc götürmüşdür. Onunla Cavabdeh arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, aylıq 1500 manat manat pul vaxtında ödənilməzsə Cavabdeh onun qoyduğu 20000 manat sərmayəni ona geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı göstərilənləri nəzərə alaraq, müqavilə üzrə verilmiş 20000 manat və əlavə olaraq verilmiş 3000 manat olmaqla, ümumilikdə 23000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə təqdim edərək, 3000 manat pulun cavabdehdən alınmasına dair iddiasından cavabdeh tərəfindən 650 manat ödəniş edildiyini bildirərək, 3000 manat pul vəsaitindən 650 manatın çıxılaraq 2350 manat pul vəsaitinin qarşı tərəfdən alınaraq, ona verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə iddia tələbinin qəbul etdiyini, taksilərin bir qisminin qəzaya uğraması səbəbindən müflis olduğunu, 3000 manat pul vəsaitindən təxminən 600-650 manatının tərəfindən iddiaçıya geri qaytardığını bildirmiş, həqiqətən iddiaçıya borclu olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Dada-zadə Fərhad Cavanşir oğlu ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli “birgə əməkdaşlıq haqqında” müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında həmin tarixdə müqavilə bağlanmış və müqavilənin predmeti tərəflərin taksi xidməti ilə bağlı birgə fəaliyyətə başlaması üçün İddiaçı 20000 (iyirmi min) manat məbləğində sərmayənin Cavabdeh notariusun depozit hesabı vasitəsi ilə ödənilməsi olmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, 3000 manat olan iddia tələbindən 650 manat vəsaitin qaytarıldığını, həmin tələbdən 650 manatın çıxılaraq qalan 2350 manat pul vəsaitinin qarşı tərəfdən alınaraq, ona verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.(maddə 386.1) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (maddə 404.1) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək, işin faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə ilkin olaraq birgə fəaliyyətlə bağlı sərmayənin qoyulmasını ehtiva etsə də, bu fəaliyyət uğursuz olduğundan tərəflər həmin müqavilənin icrasından qarşılıqlı imtina edərək, aralarında hüquqi təbiətinə görə borc müqaviləsinin əlamətlərini ehtiva edən borc müqaviləsi bağladıqlarından hazırki iddianın həlli üçün mülki qanunvericiliyin borcla bağlı normaları tətbiq edilməlidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Bununla yanaşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.(maddə 21) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki işin materialları və iddiaçının izahatı ilə təsdiq edilir ki, tərəflər arasında 06 aprel 2023-cü il tarixdə müqavilə bağlanmış və müqaviləyə əsasən tərəflər taksi xidməti ilə bağlı birgə fəaliyyətə başlamaq qərarına gəlmişlər və bu səbəbdən İddiaçı tərəfindən 20000 (iyirmi min) manat məbləğində sərmayə Cavabdeh notariusun depozit hesabı vasitəsi ilə verilmişdir. Qeyd edilən fəaliyyət uğursuz olduğundan tərəflər həmin müqavilənin icrasından qarşılıqlı imtina edərək, aralarında hüquqi təbiətinə görə borc müqaviləsinin əlamətlərini ehtiva edən borc müqaviləsi bağlamış, həmin müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilsə də, cavabdeh tərəfindən icra edilməmiş, cavabdehin iddiaçıya 20000 manat borcu qaytarılmamışdır. Bununla yanaşı Cavabdeh taksi fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı əlavə 3000 manat məbləğində borc pul almış, həmin borcdan 650 manat məbləğində pul vəsaitini geri qaytarmış, geri qalan 2350 manat məbləğində pul vəsaitini isə hazırki günədək qaytarmamışdır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən ümumilikdə 22350 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 22350 manat məbləğində borc və 160 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qətnaməni rəsmi qaydada qəbul etdiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar