Məhkəmə qərarları › İş №2(001)-1840/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1840/2024

26.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1840/2024 26.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin və dividentin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə Cəmiyyətin 2005-2023-cü illərə dair xalis mənfəəti haqqında məlumatların, vergi orqanına təqdim edilmiş bəyannamələrin surətlərini, illik hesabatlar barədə protokolların surətini, mühasibat balansını, auditor rəylərinin surətlərini, bağlanmış müqavilələrin surətinin ona verilməsi, həmçinin 2005-2023-cü illər üçün ona çatacaq dividentin ödənilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri yoxlayaraq hesab edirəm ki, irəli sürülən tələb kommersiya mübahisəsindən irəli gəldiyindən iddia ərizəsinə ümumi məhkəmədə baxıla bilməz və iddia ərizəsi aşağıda sadalananlara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələri baxır. Odur ki, tələb səhmdarla kommersiya hüquqi şəxsi arasında korporativ mübahisə ilə bağlı olduğundan iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldım: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin və dividentin verilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər, o cümlədən ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar