Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1845/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 manat əsas borc, 100 manat məbləğində cərimənin və ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 159 №-li kredit müqaviləsinə əsasən kreditor borcalana kredit yolu ilə 8056 manat məbləğində məişət avadanlığı verir. Borcalan isə 1000 manat ilkin ödəniş etməklə qalan məbləği 24 ay müddətində aylıq 294 manat olmaqla, kreditora verməyi öz öhdəsinə götürür. Borclu tərəfindən ödənişləri sözügedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödəyir kimi öhdəlik götürmüşdür. Müqavilənin digər bəndinə əsasən borcalan tərəfindən borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan kreditora 100 manat məbləğində cərimə ödəyir kimi öhdəlik götürmüşdür. Bundan başqa xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə 159 №-li zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə kreditora olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və kredit alanın öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borclu həcmində məsuliyyət daşıyır kimi öhdəlik götürmüşdür. Borcalan xx.xx.2024cü il tarixə qədər 3376 manat pul və 1180 manat məhsul formasında olmaqla, ümumilikdə 4556 manat vəsaiti tələbkara ödəmişdir. Cavabdehlərin ona olan borcunun qaytarılmasını tələb etsə də, borcu qaytarmaqdan bu günə kimi boyun qaçırırlar. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 159 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor, borcalan Cavabdeh1 1000 manat ilkin ödəniş etməklə, 24 (iyirmi dörd) ay müddətinə, hər ay 294 manat ödəmək şərti ilə, dəyəri 8056 manat olan məişət avadanlığı satmışdır. -xx.xx.2022-ci il tarixdə bağlanmış 159 nömrəli kredit müqaviləsinə məhkəmə aidiyyatının seçilməsinə dair əlavədən görünür ki, tərəflər öhdəliklərin icrası ilə bağlı müəyyən mübahisələr yaranarsa həmin mübahisələrin həlli üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunacağı ilə bağlı razılığa gəlmişlər. -xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən olan mikser, samovar, aspirator, qaz peçi, mikro-valnovka, dəst çayniklər, pitminutka, tok peçi, şirəçəkən, blendir, toster, qazan dəsti, ütü stolu, tavalar və paltaryuyan maşın Cavabdeh1 təhvil verilmişdir. İddiaçı (VÖEN **********) ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 159 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 159 № li kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün üzərinə zamin olaraq məsuliyyət götürmüşdür. -Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zamin borclunun kreditor qarşısında xx.xx.2022-ci il tarixdə bağlanmış 159 saylı kredit müqaviləsi üzrə kreditora olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və kredit alanın öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borclu həcmində məsuliyyət daşıyır. -xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə ona qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış olsa da, müqavilənin məzmunu ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə-alqı satqı müqaviləsidir və ona görə də hal-hazırki mübahisəyə Mülki Məcəllənin nisyə-alqı satqısına dair normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə ilə, Cavabdeh2 xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və bununla da, müqavilə ilə müəyyən edilmiş müddət ərzində satılmış əşyaların dəyərini qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutlara məcmuu halında qiymət verərək, hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, digər Cavabdeh2 onun öhdəliklərinin icrası üçün üzərinə məsuliyyət götürdüyündən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3500 manat əsas borcun tutulması hissəsində təmin edilməli və həmin pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi 100 manat cərimə borcunun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə 100 manat məbləğində cərimənin ödənilməsi barədə razılaşma olmamışdır. Müqavilədə cərimənin ödənilməli olması qeyd edilmiş olsa da, həmin cərimənin miqdarı və ya hansı formada tutulmalı olması göstərilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 57 manat dövlət rüsumunun 55 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 (üç min beş yüz) manat məbləğində əsas borc və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1845/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1845/2025
13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver